Məhkəmə qərarları › İş №2(103)-6297/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6297/2022

13.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6297/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(001)-78/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(001)- 78/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh təşkilat həmin qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası haqqında ərizə vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(001)-78/2022 saylı qərardadı ilə müddətin bərpası barədə Cavabdeh MMC-nin direktoru X1 ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə belə hesab etmişdir ki, qətnamə Cavabdeh MMC-nin elektron kabinetinə 04 aprel 2022-ci il tarixdə yerləşdirilmiş, qətnamədən şikayət bundan 3 ay 15 gün sonra, yəni 19 iyul 2022-ci il tarixdə verilmişdir. Müddətin üzrlü səbəbdən buraxılması qənaətinə gəlmək üçün əsas yoxdur, müddət hər hansı üzrlü səbəb olmadan buraxılmışdır və müddətin bərpasına əsas yoxdur. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, qərardadın ləğv olunaraq müddətin bərpa olunmasını və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qətnamə alınandan sonra şirkətdə hüquqşünas olmadığına, şirkətin rəhbəri Minayə Həmidova xəstələndiyinə və elektron sistemdən anlayışı olmadığına görə müddət üzrlü səbəbdən buraxılmışdır. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 izahatında həmin şirkətin direktoru olduğunu, qətnaməni aldıqdan sonra bir müddət xəstəlikdən əziyyət çəkdiyini, elektron sistemdən başı çıxmadığına və həmin dövrdə şirkətdə hüquqşünas fəaliyyət göstərmədiyinə görə qanunla müəyyən olunmuş 1 ay müddətində qətnamədən apellyasiya şikayəti verə bilmədiklərini, rəhbərlik etdiyi və şəhid ailələrinin üzvlərindən ibarət şirkətin işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Şükürbəyli kəndlərində 2021-ci il sentyabr ayından etibarən “Böyük qayıdış” devizi altında layihənin həyata keçirilməsinə başladığını, sair işlərə vaxt ayıra bilmədiklərini bildirərək qeyd olunanları nəzərə alıb buraxılmış müddətin bərpa olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(001)-78/2022 saylı qərardadı ləğv edilməli, qətnamədən şikayət vermə müddəti bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın direktoru M.Həmidovanın səhhətini, habelə qətnamədən apellyasiya şikayətinin elektron məhkəmə sistemi vasitəsilə verilməsi barədə mülki prosessual qanunvericilkdə nəzərdə tutulmuş yeni qaydaların 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minməsini, qaydaların yeni olmaqla vətəndaşların və təşkilatların öz hüquqlarını müstəqil şəkildə həyata keçirmək sahəsində çətinlikləri, habelə məhkəmə müdafiəsi hüququnu təmin etmək məqsədilə qətnamədən apellyasiya şikayəti vermə müddəti bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(001)-78/2022 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(001)- 78/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən buraxılmış apellyasiya şikayəti vermə müddəti bərpa olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar