Məhkəmə qərarları › İş №2(103)-630/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-630/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-630/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı “X8 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-578/2017 saylı, 07 fevral 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X8 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 398033,38 ABŞ dolları əsas, 17389,36 ABŞ dolları faiz, 1414,96 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 419837,70 ABŞ dolları borcun, cavabdehlərə pretenziya və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin göndərilməsi üçün çəkilmiş 11 manat poçt xərcinin, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə elektron müraciətə görə çəkilmiş 30 manatın və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0,36 ha torpaq sahəsində, ümumi sahəsi 2595,1 m2, əsas sahəsi 1753,9 m2, köməkçi sahəsi 841,2 m2 olan, Göygöl rayonu, Gəncə-Qaxaz yolunun 5-ci km-də yerləşən qeyri-yaşayış (mebel mağazası) binasına və Cavabdeh1 məxsus olan 0,42 ha torpaq sahəsində, ümumi sahəsi 3187,8 kvadrat metr olan, Göygöl rayonu, Qırıqlı kəndində yerləşən əmlak kompleksinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış Cavabdeh2 məxsus əmlaka görə 600000 manat və Cavabdeh1 məxsus əmlaka görə 650000 manat müəyyən edilməklə açıq hərracdan satılmaları hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə qalan hissəsinin cavabdehlərdən tutulması, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahələrindən istifadə hüquqlarına xitam verilməklə həmin sahələrin 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-578/2017 saylı, 07 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakim Abbas Əliyev) cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 398033,38 ABŞ dolları əsas, 17389,36 ABŞ dolları faiz və 300 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 415722,74 ABŞ dolları borcun (ödəniş günü manata məzənnə ilə manatla), 11 manat cavabdehlərə bildiriş (pretenziya) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, 30 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə elektron müraciətə çəkilmiş xərcin və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus 0,36 ha torpaq sahəsində, ümumi sahəsi 2595,1 m2, əsas sahəsi 1753,9 m2, köməkçi sahəsi 841,2 m2 olan, Göygöl rayonu, Gəncə-Qazax yolunun 8-ci km-də yerləşən qeyri-yaşayış (mebel mağazası) binasına və Cavabdeh1 məxsus 0,42 ha torpaq sahəsində, ümumi sahəsi 3187,8 m2 olan, Göygöl rayonu, Qırıqlı kəndində yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin daşınmaz əşyaların açıq hərraca çıxarılması, Cavabdeh2 məxsus qeyri-yaşayış (mebel mağazası) binasının açıq hərracda ilkin satış qiymətinin 600000 manat, Cavabdeh1 məxsus əmlak kompleksinin açıq hərracda ilkin satış qiymətinin 650000 manat müəyyən edilməsi, qeyri-yaşayış (mebel mağazası) binası və əmlak kompleksinin satılması və ondan əldə ediləcək vəsaitin borcun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin müvafiq olaraq cavabdehlərə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə tələbin cavabdehlərdən ümumi qaydada tutulması, qeyri-yaşayış (mebel mağazası) binası və əmlak kompleksi hərracda satıldıqdan bir ay sonra cavabdehlərin oranı tərk etmələri, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. İddiaçı və cavabdehlər ayrı-ayrılıqda qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişlər. Cavabdeh1 apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, kreditin hansı valyuta ilə verilməsinin müqavilənin mühüm şərti olmasına baxmayaraq, bank tərəfindən kredit xətti manatla açıldığı halda kreditin sonradan dollarla verilməsi, bu barədə sonrakı kredit sazişlərindən xəbərdar olmaması, kredit sazişlərinin bağlanması zamanı razılığının alınması və s. kimi əsaslandırmışdır. Bundan başqa, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və “X8 Azərbaycan” QSC-yə qarşı “zaminlik və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2 (006)-5198/017 saylı 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12008/2017 saylı, 23 noyabr 2017-ci il tarixli qərardadına əsasən qeyd olunan işlər bir icraatda birləşdirilmiş və Məhkəmənin (103)-12008/2017 saylı, 23 noyabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan iddiaçı “X8 Azərbaycan” QSC və Cavabdeh1 ayrıayrılıqda ondan kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4225/2020 saylı, 27 iyul 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti rədd, cavabdehin kasasiya şikayəti isə qismən təmin edilərək, apellyasiya məhkəməsinin qətnaməsi iddia tələbinin Cavabdeh1 münasibətdə təmin olunması və onun mülkiyyətində olan Göygöl rayonu, Qırıqlı kəndində 0,42 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 3187,8 m2 olan 1 mərtəbəli ticarət kompleksi olan ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 27 iyul 2020-ci il tarixli qərarına əsasən, məhkəmə kollegiyası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2017-ci il tarixli qətnaməsini iddia tələbinin Cavabdeh1 münasibətdə təmin olunması və ona məxsus ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində yoxlayır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Baxılan hissədə işin məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallarına görə, 27.02.2015-ci il tarixli, 20604/01 saylı kredit xətti müqaviləsinə əsasən, iddiaçı «X8» QSC tərəfindən Cavabdeh2 48 ay müddətinə 600.000 manat (borcalanın tələbi ilə Mərkəz Bankının rəsmi məzənnəsi ilə ABŞ dolları şəklində) məbləğində kredit xətti açılmışdır. Digər Cavabdeh1 həmin tarixli zaminlik və sonrakı ipoteka müqavilələrinə əsasən, zamin kimi, eyni zamanda mülkiyyətində olan Göygöl rayonu, Qırıqlı kəndində 0.42 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3187,8 m2 olan 1 mərtəbəli ticarət kompleksini ipoteka ilə yüklü edərək, kredit xətti müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan kredit sazişləri üzrə bankın tələb hüququna təminat vermiş, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin dəyəri isə 13.02.2015-ci l tarixli qiymətləndirmə rəyinə əsasən 650000 manat qiymətləndirilmişdir. 27.02.2015-ci il tarixli, 20604/01 saylı kredit xətti müqaviləsinə dair 05.03.2015-ci il tarixli 01 saylı kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh2 illik 13,5% dərəcəsilə, 36 ay müddətinə qaytarmaq şərtilə 300000 ABŞ dolları məbləğində kredit verilmiş və onlar arsında ödəniş qrafiki razılaşdırılmış və qrafik həm də Cavabdeh1 (zamin və ipoteka qoyan) tərəfindən imzalanmışdır. Bank, borcalan, zamin (eyni zamanda, ipoteka qoyan) arasında 10.03.2016-ci il tarixdə imzalanmış 01 saylı kredit sazişi üzrə 01 saylı razılaşmaya əsasən kreditdən istifadəyə görə illik faiz dərəcəsi aşağı salınaraq 8,25 faiz müəyyən edilmiş, digər şərtlər isə dəyişməmişdir. Həmin razılaşma əsasında tərtib edilmiş və borcalan, zamin və ipoteka qoyala razılaşdırılmış ödəniş qrafikindən görünür ki, 01 saylı kredit sazişi üzrə borcalanın 05.04.2016-ci il tarixə 218358,45 ABŞ dolları əsas, 23303,68 ABŞ dolları faiz borcu qalmış və həmin məbləğin 05.03.2018-ci il tarixədək qaytarılması nəzərdə tutulmuşdur. 27.02.2015-ci il tarixli, 20604/01 saylı kredit xətti müqaviləsinə dair 09.04.2015-ci il tarixli 02 saylı kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh2 illik 11,01% dərəcəsilə, 36 ay müddətinə qaytarmaq şərtilə 270000 ABŞ dolları məbləğində kredit verilmiş və tərəflər arsında ödəniş qrafiki razılaşdırılmışdır. Bank, borcalan, zamin (eyni zamanda, ipoteka qoyan) arasında 10.03.2016-ci il tarixdə imzalanmış 02 saylı kredit sazişi üzrə 01 saylı razılaşmaya əsasən, kreditdən istifadəyə görə illik faiz dərəcəsi aşağı salınaraq 8,25 faiz müəyyən edilmiş, digər şərtlər isə dəyişməmişdir. Həmin razılaşma əsasında tərtib edilmiş ödəniş qrafikindən görünür ki, 02 saylı kredit sazişi üzrə borcalanın 08.04.2016-ci il tarixə 204735,10 ABŞ dolları əsas, 22735,60 ABŞ dolları faiz borcu qalmış və həmin məbləğin 09.04.2018-ci il tarixədək qaytarılması nəzərdə tutulmuşdur. Ali Məhkəmə, bu hissədə Nərimanov Rayon Məhkəməsinin gəldiyi qənaətlə razılaşan əvvəlki apellyasiya icraatında qəbul edilmiş qətnaməni ləğv edərkən, 27.07.2020-ci il tarixli qərarında aşağıdakı iki xüsusatı vurğulamışdır: 1) Məhkəmə əmlakın ilkin satış qiymətini müəyyən edərkən tərəflər arasında 2015ci ildə bağlanmış ipoteka müqaviləsində müəyyən edilmiş qiyməti ilkin satış qiyməti müəyyən etmiş, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən isə Cavabdeh1 nümayəndəsi vasitəsi ilə məhkəməyə yazılı vəsatət təqdim etmiş və ipoteka predmetinin ilkin satış qiymətinin müstəqil mütəxəssis vasitəsilə müəyyən edilməsini xahiş etmişdir. Lakin apelyasiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olmasına baxmayraraq, müstəqil qiymətləndirici cəlb etməmiş, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiymətini müəyyən etməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. 2) Bank ilə Cavabdeh2 arasında 27.02.2015-ci il tarixdə kredit müqaviləsi, 05.03.2015-ci il və 09.04.2015-ci il tarixli kredit sazişləri bağlanılarkən digər Cavabdeh1 iştirakı olmamış, həmin müqavilələrdə kreditin veriliməsi üçün kredit xətti müqaviləsindəki şərtlərdən fərqli şərtlərdən (kreditin faizi) məlumatı olmamış, bu vəziyyət 10.03.2016-ci il tarixdə bağlanmış kreditr razılaşmalarına kimi davam etmişdir. İddiaçı bankın iddia tələbini təmin edən birinci instansiya məhkəməsi və onun gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi bu hallara əhəmiyyət verməmiş, 05.03.2015-ci il və 09.04.2015-ci il tarixlərdən 10.03.2016-cı il tarixə kimi Cavabdeh1 həm zamin, həm də ipoteka qoyan kimi məsuliyyəti müəyyən edilməmiş, 10.03.2016-cı il tarixli razılaşmalarda onun iştirakının 05.03.2015-ci il və 09.04.2015-ci il tarixli müqavilələrdə iştrakı, yaxud həmin müqavilələrin bəyənilməsi olub-olmamasına hüquqi qiymət verilməmişdir. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası, birinci xüsusat üzrə bildirir ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti - qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı ilə Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiymətinin ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. O da qeyd edilməlidir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. ...Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Qeyd olunanlar, o cümlədən, kassasiya məhkəməsinin göstərişləri nəzərə nəzərə alınmaqla məhkəmə kollegiyası tərəfindən 02.02.2021-ci il tarixli qərardadla Cavabdeh1 məxsus Göygöl rayonu, Qırıqlı kəndində 0.42 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3187,8 m2 olan əmlak kompleksinin ayrı-ayrılıqda bazar və likvid dəyərinin müəyyən edilməsi məqsədilə müstəqil qiymətləndirici dəvət olunmuş və "xxxx" MMC-nin daxil olmuş 20.07.2021-ci il tarixli, UNİ/İ74-289/21 saylı rəyinə əsasən, qeyri-yaşayış sahəsinin orta bazar qiyməti 910000 manat, likvid dəyəri isə 819000 manat müəyyən edilmişdir. Kollegiya vurğulayır ki, ekspert (mütəxəssis) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda tərəflər də bu istiqamətdə (ilkin satış qiyməti) digər hər hansı mötəbər sübut təqdim edə bilməmiş, rəyə etiraz etməmişlər. Belə olan hada, birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə dəyişdirilməli və ipoteka predmeti olan sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış (likvid) qiyməti 819000 manat müəyyən edilməlidir. Bununla belə, Kollegiya kassasiya məhkəməsinin qərarında qeyd olunmuş ikinci xüsusat üzrə - iddia tələbinin Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetinə münasibətdə digər Cavabdeh2la eyni həcmdə təmin edilməsi barədə rayon məhkəməsinin gəldiyi qənaəti qanuni və əsaslı sayır. İlkin olaraq qeyd edilməlidir ki, kassasiya instansiyasının qərarındakı digər hüquqi mövqeyinə görə - iddiaçı Cavabdeh1 27 fevral 2015-cı il tarixli zaminlik və ipoteka müqaviləsinin MM-nin 347-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdlər kimi etibarsız hesab edilməsi barədə tələb irəli sürmüşdür. Tələbin əsası kimi ona istinad edilmişdir ki, bank ilə bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir. İmzaladığı zaminlik və ipoteka müqaviləsinin məzmunu barəsindəki səhvləri kredit xətti müqaviləsi üzrə sonradan bağlanmış kredit sazişlərinin məzmunu ilə (kredit xətti manatla açıldığı halda sazişlərə əsasən kreditin borcalana ABŞ dolları valyutası ilə verilməsi ilə) əlaqədardır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının bu mülahizələrini əsassız hesab edərək qeyd etmişdir ki, «X8» QSC və Cavabdeh2 arasında bağlanmış 27 fevral 2015-ci il tarixli kredit müqaviləsində kredit xətti üzrə verilən kreditlərin borcalanın tələbi ilə Mərkəz Bankının rəsmi məzənnəsi ilə ABŞ dolları şəklində verilməsi ehtimalı nəzərdə tutulduğundan 27 fevral 2015-ci il tarixli zaminlik və ipoteka müqaviləsini imzalayarkən Cavabdeh1 borcalan Cavabdeh2 kreditin ABŞ dolları valyutası ilə verilməsi ehtimalı olduğunu əvvəlcədən bildiyindən əqdin məzmunu barədə yanılmanın baş verdiyi müəyyən olunmur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, hazırkı halda mübahisələndirilən zaminlik və ipoteka müqaviləsində kredit öhdəliyi üzrə bütün zəruri şərtlər qeyd edilməsə də, kredit sazişlərində həmin şərtlər qeyd edilmiş və 10.03.2016-ci il tarixdə 01 saylı kredit sazişi üzrə 1 saylı razılaşma və 02 saylı kredit sazişi üzrə 1 saylı razılaşma zamin və ipoteka qoyan olaraq Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmin razılaşmalar imzalanarkən kredit müqaviləsi üzrə faiz dərəcəsi artmamış, əksinə 13,5 faizdən 8,25 faizə endirilmişdir. Belə olan halda zamin və ipoteka qoyan Cavabdeh1 məsuliyyətinin artmadığı, əslində azaldığı müəyyən olunur. Buna baxmayaraq həmin razılaşmalar barədə Cavabdeh1 xəbərdar edilmiş, razılaşmaları imzalamaqla Cavabdeh1 kredit sazişləri üzrə öhdəliyin məzmunu barədə məlumatlı olduğunu, hər iki saziş üzrə öhdəliyin icrasına təminat verdiyinə dair iradə ifadəsi olduğunu 10,03.2016-cı il tarixdə təsdiq etmişdir. Belə olan halda zaminlik və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, zaminliyə xitam verilməsi və ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməsi üçün qanuni əsasların mövcudluğu müəyyən edilmir. Göründüyü kimi kassasiya instansiyası digər hallarla (kreditin şərtlərinin dəyişdirilməsi və s.) yanaşı, eyni zamanda kreditin xarici valyuta ilə verilməsi halına da qiymət vermiş, Cavabdeh1 tələbinin əsassızlığını qəbul etmişdir. Məhkəmə kollegiyası, kassasiya instansiyasının da hüquqi mövqeyini nəzərə alaraq yoxlanılan hissədə həmçinin qeyd edir ki, əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik Mülki Məcəllənin (bundan sonra, MM) 470-477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilməlidir ki, Cavabdeh1 05.03.2015-ci il tarixli 01 saylı kredit sazişini imzalamasa da, həmin saziş əsasında tərtib edilməklə özündə verilmiş kreditin məbləğini, qaytarılma müddətini, faiz dərəcəsini əks etdirən ödəniş qrafikini imzalamaqla əsas borclu Davud Hüseynova qeyd olunan şərtlərlə kredit verilməsinə bilavasitə razılıq vermişdir. Eyni zamanda, həmin sazişə və 09.04.2015-ci il tarixli 02 saylı kredit sazişinə 10.03.2016-cı il tarixdə edilmiş razılaşmaları və onlar əsasında tərtib olunmuş ödəniş qrafiklərini imzası ilə təsdiqləmiş, bununla da kreditin mühüm şərtləri (məbləğ, faiz, müddət və s.) ona məlum olmuşdur. Göründüyü kimi, Cavabdeh1, əsas borclu Cavabdeh2la bank arasında 05.03.2015ci il tarixli və 09.04.2015-ci il tarixli kredit sazişləri bağlanarkən onun razılığının alınmadığını bildirərək, ipoteka qoyan kimi həmin müqavilələr üzrə yaranmış öhdəliklərin icrasına görə məsuliyyət daşımadığını bildirsə də, sonrakı hərəkətləri ilə həmin sazişləri bəyənmişdir. MM-in 357-ci maddəsinə əsasən isə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Belə olan halda, qeyd olunan kredit sazişləri üzrə borc öhdəliyi vaxtında icra edilmədiyi üçün Cavabdeh1 zamin və ipoteka qoyan kimi mülki məsuliyyət daşıyır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-578/2017 saylı, 07 fevral 2017-ci il tarixli qətnaməsi həmin cavabdehə məxsus ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, sözügedən ipoteka predmetinin ilkin satış qiyməti 819000 manat müəyyən edilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, hazırki apellyasiya icraatı zamanı 200 manat məbləğində aparılmış qiymətləndirmə tədqiqatının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərci Cavabdeh1 aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “X8 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-578/2017 saylı, 07 fevral 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-578/2017 saylı, 07 fevral 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin, ona məxsus Göygöl rayonu, Qırıqlı kəndində 0,42 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3187,8 m2 olan əmlak kompleksinin ilkin satış (likvid) qiyməti 819000 (səkkiz yüz on doqquz min) manat müəyyən edilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 200 (iki yüz) manat tutularaq, "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab: N AZN: AZ15GUNA**********6000000000, Bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, Kod: 505594, SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar