Məhkəmə qərarları › İş №2(103)-6300/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6300/2023

07.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6300/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “işə bərpa və sair tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsi, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 avqust 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı, cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla bağlanmış "xxxx" xitam verilməsi barədə cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 480/22 saylı əmrin ləğv edilməsi, onun cavabdeh MMC-yə maliyyə meneceri vəzifəsinə bərpa olunması, MMC-dən onun xeyrinə qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmağa görə əmək haqqı hesablanaraq tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 1 il müddətinə bağlanmış 480/22 saylı xx.xx.2022-ci il tarixli "xxxx" əsasən iddiaçı maliyyə meneceri vəzifəsinə MMC tərəfindən işə qəbul edilmişdir. MMC-nin xx.xx.2023-cü il tarixdə 177/23 saylı əmri ilə "xxxx" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndi ilə xitam verilmişdir. İddiaçı, cavabdeh MMC-də əsas iş yeri üzrə maliyyə meneceri vəzifəsində çalışmışdır. Həmin iş yeri və vəzifə daimi xarakterlidir. Əmək Məcəlləsinin 47-ci maddəsinin təsir dairəsinə düşmür. “Əmək müqaviləsinin” 11.5-ci bəndində tərəflər əmək müqaviləsinə xitam verilməsi hallarını müəyyən etmişlər. Müqavilədə qeyd olunan hallar sırasında əmək müqaviləsinin müddətinin bitməsi qeyd edilməmişdir. Halbuki, tərəflər Əmək Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllədə nəzərdə tutulan hallardan fərqli olan əlavə halları öz aralarında müəyyən etmişdir ki, bu da müqavilədə öz əksini tapmışdır. Qanunvericiliyin tələbinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. b) cavabdeh tərəfin iddiaya münasibəti barədə məlumat

3. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir və Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq bir həftə ərzində, yəni xx.xx.2023-cü il tarixdə müqavilənin bitməsi ilə əlaqədar iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddia əsassızdır və bu səbəbdən də iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MMC-nin İR 777/23 saylı, xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi üçün əsas yoxdur. İş materiallarından da göründüyü kimi tərəflər arasında əmək müqaviləsi müddətsiz deyil müddətli əmək müqaviləsidir. Odur ki, həmin əmr iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” müddəti başa çatdığından verildiyindən məhkəmə hesab edir ki, həmin əmr qanunsuz hesab oluna bilməz. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə və mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməlidir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. İş üzrə iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Əmək müqaviləsindən” görünür ki, 3 ayı sınaq müddəti hesab edilməklə, 3.060 manat əmək haqqı ödənilməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 12 ay müddətinə bağlanmış və iddiaçı maliyyə meneceri vəzifəsinə təyin edilmişdir.

12. İddiaçıya məxsus "xxxx" görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh MMC-yə maliyyə meneceri vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2023-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir.

13. Bakı 16 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli ilkin mediasiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, əmək hüquqlarının pozulması tələbinə dair mübahisə üzrə xx.xx.2023-cü il tarixdə saat 15:00- 15:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iddiaçı iştirak etmiş, lakin cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. Halbuki, onlar mediasiya sessiyasının vaxtı və yeri barədə öncədən məlumatlandırılmışlar. İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xidmətinin göstərilməsi ilə bağlı xərc ödənilmişdir.

14. Cavabdeh MMC üzrə xx.xx.2023-cü il tarixdə verilmiş “əmək müqaviləsinə xitam verilməsi barədə” İR 777/23 saylı əmrdən görünür ki, əmrə əsasən, MMC-nin maliyyə meneceri olan iddiaçı xx.xx.2023-cü il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış “Əmək müqaviləsi” ləğv edilmişdir.

15. İş materiallarına əsasən Məhkəmə tərəfindən müəyyən olunur ki, tərəflər arasında müddətli, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 12 ay müddətinə “Əmək müqaviləsi” bağlanmış və müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitdikdən sonra bir həftə ərzində müddət ötürülmədən, yəni xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmrdə Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən "xxxx" onun müddətinin qurtarması ilə əlaqədar xitam verildiyi göstərilmişdir.

16. İşin müəyyən edilmiş halları ilə bağlı Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73.1-ci maddəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

17. Məhkəmə hesab edir ki, MMC-nin xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin” ləğv edilməsi üçün əsas yoxdur. Tərəflər arasında müddətsiz deyil müddətli “Əmək müqaviləsi” bağlanmış və həmin müqavilənin müddəti bitmişdir. Odur ki, həmin əmr iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından verildiyindən Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi

18. Apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

19. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

20. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 avqust 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar