Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6300/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondudnun Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(011)-6916/2025 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Bakı Tikinti Nəqliyyatı X3 Kombinatında (ATSC) fasiləsiz əmək fəaliyyətində olduğu faktının, sığorta stajının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il tarixində Balakən rayonunun Katex kəndində anadan olmuş, xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək əyani təhsil aldığı illər, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1979-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək əmək fəaliyyəti nəzərə alınmaqla cəmi sığorta stajı 26 il 11 ay 10 gün təşkil edir.Yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Opetrativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə etdiyi müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialında aidiyyəti üzrə baxılmış və qeyd edilmişdir ki, təqdim etdiyi əmək kitabçasının surətində olan məlumatlara əsasən sığorta stajı 19 il 5 ay 2 gün təşkl edir. Mərkəzi Filial bildirmişdir ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan son dövrün doldurulma qaydası pozulduğu üçün, yəni işdən azad olunma barədə əmrin tarixi qeyd olunmadığından, sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir, əlavə olaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir və tövsiyyə olunur ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Bu səbəbdən ona xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(011)- 6916/2025 saylı qətnaməsi ilə ərizə qismən təmin edilmişdir. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(011)-6916/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 153.2.1-cimaddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsin qəbul etməkdən imtina edilməlidir. Yəni hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnu mövcudluğunu yoxlanılmalıdır. İş materiallarından da göründüyü kimi ərizəçinin ərizədə qeyd etdiyi kimi ona məxsus əmək kitabçası mövcuddur və müvafiq əmək kitabçasında xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövr ərzində işləməsi ilə bağlı müvafiq qeydlər əks edilmişdir. Hazırki halda ərizəçiyə məxsus əmək kitabçasının mövcudluğu əsasında işə mülki məhkəmə icraatı qaydasında deyil inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına dəlalət verən hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi iş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edın maraqlı şəxsin nümayəndəsi V.Əsmətov iş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Mülki Prosessual Məcəllənin: - 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. - 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. - 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi əmək kitabçasının surətindən görünür ki, xx.xx.1992-ci il tarixli 61 saylı əmrə əsasən o, “Bakı Baş Tikinti X1” 1 saylı Avtobazasında sürücü kimi işə qəbul edilmişdir. xx.xx.1999-cu il tarixdə 1 nömrəli Avtobaza “Bakı-Tikinti Nəqliyyat” ATSC-yə çevrilmişdir, xx.xx.1999-cu il tarixdə 25 saylı əmrlə Ərizəçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında ərizəçinin Bakı Baş Tikinti X1 1 saylı Avtobazasında xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixinədək işlədiyi ardıcıl və aydın şəkildə öz əksini tapdığından, habelə həmin məlumatların düzgünlüyünü şübhə altına alan hər hansı ziddiyyət və ya mübahisə mövcud olmadığından, bu halların ayrıca hüquqi fakt kimi məhkəmə qaydasında təsdiqlənməsinə ehtiyac yaranmır. Çünki rəsmi sənəd olan əmək kitabçası öz mahiyyətinə görə şəxsin əmək fəaliyyətini təsdiq edən kifayət qədər etibarlı sübutdur və mövcud vəziyyətdə hüquqi qeyri-müəyyənlik olmadığından, əlavə hüquqi qiymətləndirmə və ya faktın müəyyən edilməsi zərurəti istisna edilir. Belə ki, mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.” Göründüyü kimi, ərizəçi məhkəməyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan məsələ ilə bağlı iddia ərizəsi vermişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 16.3-cü il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının : -13.2- ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. -13.3- ci bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Ona görə də, ərizəçiyə izah olunmalıdır ki, ərizəsində göstərdiyi məsələ üzrə ilk növbədə qanunvericiliyin tələblərinə əsasən müvafiq orqana rəsmi müraciət etsin. Həmin orqanın onun müraciətini təmin etmədiyi (imtina etdiyi) halda, həmin orqana qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Lakin ərizəçi bu qaydaya riayət etmədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(011)-6916/2025 saylı qətnaməsi ləğv edilməli, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq, xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(011)- 6916/2025 saylı qətnaməsi ləğv edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-6300/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6300/2025
24.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver