Məhkəmə qərarları › İş №2(103)-6303/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6303/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6303/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı QSC bank olmayan kredit təşkilatının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə İddiaçı QSC bank olmayan kredit təşkilatının Cavabdeh1 qarşı “borc” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2472/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı QSC bank olmayan kredit təşkilatı Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 əsas borc üzrə 2870.15 (iki min səkkiz yüz yetmiş ABŞ dolları, 15 sent) ABŞ dolları, faiz borcu üzrə 12.395.90 (on iki min üç yüz doxsan beş ABŞ dolları, 90 sent) ABŞ dolları, cəmi 15.266.05 (on beş min iki yüz altmış altı ABŞ dolları, 05 sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “Aqrarkredit’ QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan **-GA-*** dövlət qeydiyyat nömrəli “HYUNDAİ ELANTRA” minik markalı (buraxılış ili 2009, ban -KMHDU41BP9U786372, rəngi - ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “Aqrarkredit’ QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh1 tutulub “Aqrarkredif’ QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2472/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətdə birinci instansiya məhkəməsinin əsassız olaraq iddia müddətinin ötürülmüş olması nəticəsinə gəlməsi irəli sürülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən kredit tam həcmdə ödənilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiq edilməsi düzgün olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilmədən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan 22 iyul 2009-cu il tarixli kredit müqaviləsinə əsasən müəyyən edilir ki, Cavabdeh1 ilə (borcalan) Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC (borcverən) arasında kredit müqaviləsi bağlanılmış və borcverən avtomobil alınması məqsədilə borcalana 16705 (on altı min yeddi yüz beş) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş, borcalan isə krediti qəbul edərək, qeyd edilən müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq borc faizlərini borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən müəyyən edilir ki, kredit vəsaitindən istifadə müddəti 36 aydır və müqavilə üzrə son ödəmə müddəti 22 iyul 2012-ci il tarixdə bitir. İş materiallarında olan məxaric oderinə əsasən müəyyən edilir ki, Cavabdeh1 16705 (on altı min yeddi yüz beş) ABŞ dolları məbləğində pulu götürmüşdür. İş materiallarında olan 22 iyul 2009-cu il tarixli A/980 saylı kredit müqaviləsinə əlavəyə əsasən müəyyən edilir ki, Cavabdeh1 tərəfindən 01 avqust 2009-cu il tarixdən başlayaraq 36 ay müddətinə, birinci ay 425,93 ABŞ dolları, qalan aylar 620,82 ABŞ dollar, sonuncu ay isə 620,80 ABŞ dolları olmaqla cəmi 22.154.54 ABŞ dolları ödənilməlidir. İş materiallarında olan 22 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, Cavabdeh1 (ipotekaqoyan) ilə Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC (ipotekasaxlayan) arasında bağlanmış müqavilənin predmeti Cavabdeh1 mülkiyyətində olan Hyundai Elantra markalı minik avtomobilidir. İpoteka ilə yüklü edilmiş avtomobilin qiyməti 20881 (iyirmi min səkkiz yüz səksən bir) ABŞ dolları dəyərində qiymətləndirilmişdir. İpoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti ipotekaqoyanla ipotkasaxlayan arasında 22 iyul 2009-cu il tarixdə bağlanılmış A/980№-li kredit müqaviləsinə əsasən ipotekasaxlayan tərəfindən ipotekaqoyana minik avtomobilinin alınması məqsədilə 36 ay müddətinə, illik 20%-lə verilmiş 16705 (on altı min yeddi yüz beş) ABŞ dolları məbləğində pul vəsaitidir. İş materiallarında olan 28 oktyabr 2013-cü il tarixli A/13-117 nömrəli zaminlik müqaviləsinə əsasən müəyyən edilir ki, Cavabdeh2 Qaçaybəy oğlu qeyd edilən müqavilə üzrə zaminlik öhdəliyini üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1 göndərilmiş bildirişə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan 11 avqust 2015-ci il tarixli "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqaviləyə əsasən müəyyən edilir ki, Azərbaycan Beynəlxalq Bankı təhvil-təslim aktları əsasında özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı (əsas borc və faizlər), akkreditivlər (əsas borc və faizlər), qarantiyalar, borcların təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını qeyd edilən müqaviləyə əsasən İddiaçı QSC-yə güzəşt etmişdir. İş materiallarında olan 05.01.2018-ci il tarixli FAVK-1851 saylı təhvil-təslim aktından görünür ki, Cavabdeh1 ilə bağlanılmış 22.07.2009-cu il tarixli, A/980 saylı kredit müqaviləsinə dair tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir. İş materiallarında olan X4 Edilməsi Agntliyi MMC-nin Cavabdeh1 və Cavabdeh2 Qaçaybəy oğluna ünvanladığı bildirişə əsasən müəyyən edilir ki, Cavabdeh1 və Cavabdeh2 Qaçaybəy oğlu borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bununla belə, işin müəyyən olunmuş hallarına əsasən, bankla Cavabdeh1 arasında bağlanmış 22 iyul 2009-cu il tarixli kredit müqaviləsində kreditin 36 ay müddətinə verildiyi razılaşdırılmışdır. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, cavabdehlə bank arasında 22 iyul 2009-cu il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 22.07.2012-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, 22 iyul 2009-cu il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 22.07.2012-ci il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti 22.07.2012-ci il tarixdə bitmişdir, sonuncu ödəniş 30 oktyabr 2015-ci il tarixdə həyata keçirilmiş, iddiaçı isə ərizə ilə məhkəməyə 12.03.2021-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əsas öhdəliyə dair iddia rədd edildiyindən, ipoteka və zaminliyə dair tələbin də rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2472/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar