Məhkəmə qərarları › İş №2(103)-6303/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6303/2023

03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6303/2023 03.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, hüquqi xidmətin haqqı kimi 2.874 avro, habelə həmin pulun ödənilməsinin gecikdirilməsinə görə 259 manat cavabehdən iddiaçının xeyrinə tutulsun. Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 2.874 avro pul ödəniş günü valyuta məzənnəsinə uyğun olaraq manatla, habelə dövlət rüsumunun əvəzi kimi 55 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Üçüncü şəxs Sadiq Bağırov məhkəmə iclasında iştirak etməmişdir. O, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddiaçı cavabdehi bütün milli məhkəmələrdə nümayəndə qismində təmsil etmiş, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin tərtib olunmasında isə yaxından iştirak etmişdir. Şikayət üzrə cavabdehi Avropa Məhkəməsində özü (Sadiq Bağırov) təmsil etsə də, hüquqi dəstək hissəsində iddiaçının köməyi olub. İddiaçı ilə cavabdehin razılaşmasına görə, işləri müvəffəqiyyətlə yekunlaşacağı halda cavabdehə ödəniləcək kompensasiya məbləğinin 30 faizi iddiaçıya mükafat kimi verilməli idi. Qətnamənin iddianın təmin edilməsinə aid hissəsi apellyasiya qaydasında yoxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunsa da şikayətin ümumi məzmunundan görünür ki, cavabdeh qətnamənin yalnız iddianın təmin edilməsinə aid hissəsindən narazıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Tərəflərin arasında xx.xx.2015-ci il tarixdə “Hüquqi xidmət haqqında” yazılı müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən iddiaçı öhdəlik götürüb ki, cavabdehin tapşırığına əsasən ona məhkəmə mübahisəsi üzrə hüquqi xidmət göstərəcək, cavabdeh isə üzərinə öhdəlik götürüb ki, bu xidmətin müqabilində iddiaçıya sonuncu qanuni qüvvəyə minmiş məhkəmə qərarında qət edilən ümumi məbləğin 30 faizi miqdarında pulu xidmət haqqı kimi ödəyəcək. İddiaçı cavabdehə məhkəmə mübahisəsi üzrə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində hüquqi xidmət göstərmiş, lakin onlar bu məhkəmə instansiyalarında mübahisəni uduzmuşlar. Daha sonra həmin məhkəmə mübahisəsi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilmiş, bu məhkəmə xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin şikayətini təmin edərək ona maddi zərərin əvəzi kimi 6.580 avro, mənəvi zərərin əvəzi kimi 3.000 avro, cəmi 9.580 avro kompensasiya ödənilməsini qərara almışdır. Bu məbləğin 30 faizi 2.874 avro təşkil edir. İddiaçı hazırkı iddiada həmin məbləğin ona ödənilməsini cavabdehdən tələb edir. “Hüquqi xidmət haqqında” müqavilənin 1.1-ci bəndində hüquqi xidmətin həcmi müəyyən edilərkən Avropa İnsan Hüquqları Məhkəməsində xidmət göstərilməsi (həmin məhkəməyə şikayətin hazırlanması, sənədlərin toplanması və tərcümə edilməsi, göndərilməsi və s.) yazılmayıb. Lakin bu hal iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. O cümlədən Mülki Məcəllənin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin maddələrin tələbləri baxımından müqavilədəki iradə ifadəsi və müqavilə şərtləri təfsir edildikdə müəyyən olunur ki, qeyd edilən müqavilə Avropa İnsan Hüquqları Məhkəməsində xidmət göstərilməsini də nəzərdə tutur. O cümlədən Avropa İnsan Hüquqları Məhkəməsində cavabdehi vəkil Sadiq Bağırovun (hazırkı iş üzrə üçüncü şəxsin) təmsil etməsi iddianın rədd edilməsinə əsas ola bilməz. Üçüncü şəxs Sadiq Bağırov hazırkı iş üzrə mövqeyini ifadə edib, onun mövqeyi iddiaçının mövqeyi ilə üst-üstə düşür. Avropa Məhkəməsindəki icraat birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icaatın davamıdır, yəni məhkəmə mübahisəsi üzrə ölkədaxili müdafiə vasitələri tükəndikdən sonra həmin məhkəməyə müraciət olunub. Ölkədaxili müdafiə vasitələrindən istifadə olunarkən cavabdehə hüquqi xidməti iddiaçı göstərib. O cümlədən iddiaçı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin və zəruri sənədlərin hazırlanmasında iştirak edib, vəkil Sadiq Bağırov həmin işə məhz iddiaçının təşəbbüsü ilə cəlb olunub. Hüquqi xidmət haqqında müqaviləyə görə, iddiaçı cavabdehə hüquqi xidmət göstərməyə borclu olub. Borclu isə öz öhdəliklərinin icrası üçün digər şəxslərin xidmətlərindən istifadə edə bilər. Təsadüfi deyil ki, Mülki Məcəllənin 443.9-cu maddəsində qeyd olunub ki, borclu öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Beləliklə, iddiaçı “Hüquqi xidmət haqqında” müqavilə üzrə öhdəliyini icra edib. Lakin cavabdeh öz öhdəliyini icra etməyib, yəni xidmət haqqını iddiaçıya ödəməyib. Mülki Məcəllənin 398.1-ci maddəsinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Tərəflər müqavilənin məzmununda xidmət haqqının məbləğinə dair şərti azad surətdə müəyyənləşdiriblər. Odur ki, iddiaçı həmin məbləğdə xidmət haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə Mülki Məcəllənin 390, 398 və 425-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar