Məhkəmə qərarları › İş №2(103)-6306/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6306/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6306/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı vəkili X3, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə qarşı “mənzillə təmin olunma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmişapellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, onun birinci növbədə mənzillə təmin olunması vəzifəsinin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İddiaçı, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin işçisi olmuşdur. Xidməti vəzifə üzrə evlə təmin olunması barədə əmr verilmişdir. Belə ki, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavininin qərarına əsasən Dövlət Komitəsinin və Administrasiya rəhbərliyinin birgə iclasının protokoluna əsasən ona xidməti mənzil verilmiş və mənzil növbəsindən çıxarılmaması qeyd olunmuşdur. Eyni zamanda, Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş arxiv çıxarışına əsasən, mənzil şəraitinin yaxşılaşdırılması zərurəti olan şəxslərin siyahısının təsdiq edilməsi barədə Nəsimi rayon XDS-in xx.xx.1990-cı il tarixli 133 saylı qərarına əsasən o da siyahıya əlavə edilmişdir. 2018-ci ildə ev verilməsi ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə çağırılmışdır. Daha sonra isə, müəmmalı şəkildə siyahıdan çıxarılması barədə məlumat verilmişdir. Bununla bağlı rəsmi cavab almağa çalışsa da, cavabdeh rəsmi cavab verməkdən yayınmışdır. Bu isə öz növbəsində qeyd etdiyi müvafiq qərarlara zidd olmaqla, onun hüquqlarını kobud şəkildə pozur. Belə ki, həmin qərarda və qərardan çıxarışda ev nöbəsindən çıxarılmaması barədə xüsusi qeyd mövcuddur. Ona daha öncə verilmiş mənzilin arvadı Fəzilə Məmmədovanın adına rəsmiləşdirilməsi isə, o demək deyildir ki, hazırkı vəziyyətdə xidməti ev verilərkən xüsusi olaraq mənzil uçotundan çıxarılmama barədə qeyd olmasına baxmayaraq, iddiaçı siyahıdan heç bir hüquqi əsas olmadan çıxarıla bilər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv, iddia qismən təmin edilərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin üzərinə İddiaçı mənzil uçotunun saxlanılması və növbəlilik qaydasında mənzillə təmin olunması vəzifəsi qoyulmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC, həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarına əsasən, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin 4 nömrəli Bakı Yol Sahəsinin rəhbərliyi ilə HİK-in xx.xx.1990-cı il tarixli birgə iclasının 04 nömrəli protokolu ilə sahənin keçmiş işçisi, təqaüdçü İddiaçı, mənzil şəraitinin yaxşılaşdırılması qismində iş yerində 4 nəfər ailə üzvləri ilə uçota götürülmüşdür. Həmin birgə qərar Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1990-cı il tarixli qərarla təsdiq edilmişdir. İddiaçı ailə vəziyyəti və tutduğu vəzifə nəzərə alınaraq xx.xx.1992-ci il tarixli xüsusi orderlə keçmiş Zaqulba qəsəbəsi (indiki Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 28 mənzil 48) ünvan 1 mənzil 48 ünvanda ümumi sahəsi 63,48 kv.metr, yaşayış sahəsi 46 kv.metr olan 3 otaqlı xidməti mənzil ayrılmışdır. İddiaçı təqaüdə çıxmasına baxmayaraq, iş yerində mənzil uçotunda saxlanılmışdır. 2016-cı ildə həmin mənzil iddiaçının arvadı Fəzilə Məmmədovanın adına özəlləşdirmiş və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli mülkiyyət hüququna dair çıxarış verilmişdir. İddiaçı verilmiş xidməti mənzil F.Məmmədova tərəfindən özəlləşdirildiyi üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin 4 nömrəli Bakı Yol Sahəsinin rəhbərliyi ilə sahə HİK-in xx.xx.2018-ci il tarixli 9A nömrəli protokoluna əsasən onun iş yerində mənzil uçotundan çıxarılması qərara alınmışdır. Hazırda, iddiaçı, mənzil uçotundan qanunsuz çıxarıldığını bildirərək, cavabdeh tərəfindən birinci növbədə mənzillə təmin olunması tələb edir. Cavabdeh isə bildirir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 5-ci bəndində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların siyahısı müəyyən edilmişdir. İddiaçı tərəfindən ona verilmiş xidməti mənzil artıq özəlləşdirildiyi üçün o, mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan sayılmır. Ona görə də, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin 4 nömrəli Bakı Yol Sahəsinin rəhbərliyi ilə sahə HİK-in xx.xx.2018-ci il tarixli protokoluna əsasən İddiaçı iş yerində mənzil uçotundan çıxarılması qərara alınmışdır. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, tərəflər arasında mənzillə bağlı hüquq münasibəti 1990-cı ildə yarandığından, mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin: 28-ci maddəsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar qanunda nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsini almaq hüququna malikdirlər. 29-cu maddədə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların dairəsi müəyyən olunmuşdur. 30-cu və 31-ci maddələrinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar uçota götürülür. İdarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Göründüyü kimi, vətəndaşların mənziluçotuna götürülməsinin əsas məqsədi onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Baxılan işdə eyni məqsədlə İddiaçı mənzilə ehtiyacının olması nəzərə alınaraq xidməti mənzil verilmiş, o cümlədən xidməti mənzil, mənzil şəraitinin müvəqqəti yaxşılaşdırılmasını nəzərdə tutduğundan daimi mənzillə təmin olunması üçün mənzil uçotunda saxlanılmışdır. Lakin xx.xx.2016-cı il tarixdə həmin mənzil iddiaçının arvadı Fəzilə Məmmədovanın adına özəlləşdirilməklə sonuncunun xüsusi mülkiyyətinə keçmişdir. Bu hal isə ona dəlalət edir ki, iddiaçı ailə üzvləri ilə birlikdə artıq müvəqqəti deyil, daimi əsaslarla mənzillə təmin edilmişdir. Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən isə mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda vətəndaşlar uçotdan çıxarılırlar. Belə olan halda, Kollegiya, qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddiaçının mənzil şəraitinin yaxşılaşması və uçotda qalması üçün əsaslar aradan qalxmışdır. Odur ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3830/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar