Məhkəmə qərarları › İş №2(103)-6307/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6307/2021

15.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6307/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbai rayon Məhkəməsinin 2(009)-764/21 saylı 29.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC 25.01.2021-ci il tarixli 019/2021 nömrəli əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh MMC şirkətində materiallara nəzarət üzrə menecer vəzifəsinə bərpa edilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC qarşı “25 yanvar 2021-ci il tarixli əmrin qanunsuz olduğu üçün ləğv edilməsi, əvvəlki vəzifəyə işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və ona dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 manat” ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2019-cu il 03 sentyabr tarixli əmək müqaviləsi ilə Cavabdeh MMC şirkətində “X3 Manager’’ vəzifəsində işləməyə başlamışdır. 25 yanvar 2021-ci il tarixliO 19/2021 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin müddəalarına əsaslanaraq xitam verilmişdir. Həmin əmrin verilməsinə əsas kimi göstərilmiş hallar tamamilə uydurma və təxəyyül məhsuludur. Çünki onunla əmək müqaviləsinə onun təşəbbüsü ilə xitam verilməsi barədə işəgötürən tərəfindən dəfələrlə ona təzyiq və təsirlər edilmiş, ona işdən çıxma barədə ərizənin yazılması, ödənişsiz məzuniyyət barədə ərizənin yazlması təklifləri edilmişdir. Lakin o bu cür halların birtərəfli iradə ifadəsi olduğundan olaraq qanunsuz hesab edilməsinə görə imtina etmiş, hətta əmrdən bir müddət öncə qeyd edilən qanunsuzluq (mobbinq) barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Ona görə də onunla bağlanmış əmək müqaviləsinə bəhanə olaraq “əsas” tapılaraq işəgötürənin təşəbbüsü ilə xitam verilmişdir. Lakin qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin ümumi təbiətinə və ruhuna ziddir. Çünki uydurma bəhanələrlə bəzədilmiş əmrdən də görünür ki, əmrin verilməsi işçilərinin sayının azaldılması və işəgötürənin xərclərinin minimallaşdırılması məqsədi daşıyır. Digər tərəfdən, cavabdehlə bağlanan ƏNF - 12/19 nömrəli əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən, işçinin vəzifə və funksiyalarınməmək müqaviləsinə Əlavə İ-də əks olunduğu göstərilsə də, ona həmin şərtlər təqdim olunmamış və tərəfindən təsdiq edilməmişdir. Xüsusi olaraq qeyd edir ki, həmin əmrdə qeyd edilən əsaslar tamamilə absurd (cəfəngiyyat) və birtərəflidir. Çünki ona həmin məsələlərlə bağlı ümumiyyətlə izahat vermək imkanı yaradılmamış, onun elektron sistemlərə girişi bloklanmış, məqsədli olaraq işdən azad edilməyi üçün zəmin yaradılmışdır. Bununla yanaşı, onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə qeyd edilən sifariş edilən məhsullar barədə məlumatların rəhbərliyə təqdim edilməsi məsələsinin onun vəzifə və səlahiyyətlərinə daxil olunması barədə ona əvvəlcədən yazılı və ya şifahi məlumat verilməmişdir. .Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Səbai rayon Məhkəməsinin 2(009)-764/21 saylı 29.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC şirkətin direktoru Vüqar Dəmirov tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsivəkilini, apellyasiya şikayətini qəbul etməyərək, rədd olunmasını xahiş edən iddiaçını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 izahat verərək bildirmişdir ki, Cavabdeh MMC satış kordinatoru vəzifəsində işləyirdi. Ştat ixtisarına görə işdən azad edilmişdir. Nicat bəy ilə eyni departamentdə işləyirdilər. Nicat bəy menecer vəzifəsində işləyirdi. Nicat bəy işdən azad olunduqdan sonra onun vəzifəsini də icra edirdi. Əsas vəzifəsi müştərilərlə intensiv əlaqə saxlamaqla satışları təsdiq etmək, satışları sifariş edib müştəriyə təhvil verməkdən və s. ibarət idi. Nicat bəyin kollektivdə işləmək qabiliyyəti çox yaxşı olub. Onun rəhbərliklə münasibətləri çox yaxşı olduğundan ona qarşı daha fərqli münasibət göstərilib. İşdən azad olması isə onlar üçün gözlənilməz olub. Dəqiq vaxtı xatırlamasa da emaildə nasazlıq baş verməsi dəqiq yadındadır. Nicat bəy emailindəki nasazlığın aradan qaldırılması üçün ondan İT kompaniyanın nömrəsini istəmişdir. Sonradan Nicat bəylə əlaqə saxladıqda onun emailinin bağlandığını bildirmişdir. İşə əlavə olunmuş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 10/2019 saylı 01.09.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı həmin MMC-nin X1 Satış Meneceri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 194/2019 saylı, 03.09.2019-cu il tarixli Əmr görünür ki, İddiaçı 03.09.2019-cu il tarixdən Əmək müqaviləsi bağlanmaqla əlavə iş yeri Cavabdeh MMC-yə Materiallara nəzarət üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru V.Dəmirov tərəfindən imzalanmış 25.01.2021-ci il tarixli 019/2021 saylı “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrdən görünür ki, İddiaçı özünün əmək vəzifələrini kobud şəkildə pozduğuna, sifariş olunmuş avadanlığın dəyərinin ödənilməsi üçün rəhbərliyi vaxtında məlumatlandırmadığına və bununla şirkətin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə materiallara nəzarət üzrə menecer vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 03 sentyabr 2019-cu il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən özünün əmək vəzifələrini kobud şəkildə pozduğuna görə ləğv edilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddənin 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qayda sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68- ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin İİİ bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh MMC 25.01.2021-ci il tarixli 019/2021 saylı “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrində iddiaçının özünün əmək vəzifələrini kobud şəkildə pozduğu qeyd edilsədə iş materiallarında bu hallar tam sübuta yetirilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, işçinin əsas işinin komputerdə aparıldığını nəzərə alsaq rəhbərlik tərəfindən (işçinin işdən kənarlaşdırılması barədə hər hansı əmr olmadan) email bağlatdırıb və işçidən hər hansı bir işin görülməsinin tələb edilməsi, həmçinin əmək funksiyasından kənar işlərin görülməməsinə görə onunla bağlanan əmək müqaviləsini ƏMnin 70-ci maddəsinin “ç bəndinə əsasən ləğv edilməsi tam əsassızdır. Belə ki, işçinin əmək funksiyası onun vəzifə təlimatında qeyd edilir və bu vəzifə təlimatı ilə işçi tanış edilir. Tanış olduqdan sonra işçi öz imzası ilə təsdiq edir. İş materiallarına isə bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, işəgötürən İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğu, sifariş olunmuş avadanlığın dəyərinin ödənilməsi üçün rəhbərliyi vaxtında məlumatlandırmadığına və bununla şirkətin qanuni mənafeyinə ciddi xələl gətirdiyi sübuta yetirilsə belə Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri pozulmuşdur. 25.01.2021-ci il tarixli 019/2021 saylı əmrdən görünür ki, işəgötürənə 24 noyabr 2020-ci il tarixdə işçi tərəfindən əmək vəzifələrinin pozulması məlum olmuş, lakin əmr 25 yanvar 2021-ci il tarixdə verilmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinə əsasən isə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Əmək Məcəlləsının 186-cı maddəsındə əmək və icra intizamının pozulmasına görə dörd növdə intizam tənbehi müəyyən olunmuşdur və həmin maddənin 3-cü hissəsinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İntizam xətasına yol verildiyi halda işəgötürən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, törətdiyi xətanın xarakterini; törədildiyi şəraiti, ağırlıq dərəcəsini, habelə işçinin təqsirlilik dərəcəsini nəzərə almaqla qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehlərindən yalnız birini verə bilər. Bu qayda bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehinin verilməsini qadağan edir. Əgər intizam tənbehinin verilməsinə baxmayaraq, işçi əmək vəzifələrini icra etməməkdə və ya lazımi səviyyədə icra etməməkdə davam edərsə, ona yeni intizam tənbehi verilə bilər. Bu halda hətta onunla bağlanmış əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilə bilər. Əmək Məcəlləsinin 70-72-ci maddələrində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi, əmək müqaviləsinin ləğv olunması əsasları, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi halları konkret olaraq təsbit olunmuşdur. Göründüyü kimi mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar