Məhkəmə qərarları › İş №2(103)-6308/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6308/2022

21.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6308/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və “X12” cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçının nümayəndəsi X6, digər nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh, müstəqil tələb irəli sürməyən 3-cü şəxslərdən X3 nümayəndəsi X4, “X12”nin nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X3 19 dekabr 2006-cı il tarixli, 2032 nömrəli sərəncamı ilə bələdiyyənin ərazi hüdudlarında ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 200 kvm torpaq sahəsinin sahiblik və istifadə hüquqları İddiaçı adına keçirilmişdir. X3 29 dekabr 2005-ci il tarixli, 1871 nömrəli qərarı ilə bələdiyyənin ərazi hüdudları daxilində 250 kvm torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır.

2. X3 20 may 2021-ci il tarixli, 01-13/Ş-238 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh müraciətinə baxılmış və ona bildirilmişdir ki, onun istifadəsinə X3 29 dekabr 2005-ci il tarixli, 1871 nömrəli sərəncamına əsasən 250 kvm torpaq sahəsi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Yerində baxış keçirilərkən göstərilən torpaq sahəsi ilə eskizsxemin uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur.

3. X7 tərəfindən Cavabdeh istifadəsinə ayrılmış torpaq sahəsinin qərarı bələdiyyənin arxivində qorunub saxlanılır.

4. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli arayışına əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi əraziyə baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Lakin iş üzrə hüquqmüəyyənedici və texniki sənədlərin (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim olunmaması səbəbindən əlavə münasibət bildirilməsi mümkün olmamışdır. Həmin Cəmiyyət tərəfindən verilmiş 21 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi əraziyə baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. X7 tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə sxemində koordinat, hər hansı dəqiq istinad nöqtələrindən məsafənin və cavabdehə ayrılmış torpaq sahəsinin yerləşmə sxemində koordinat, hər hansı dəqiq istinad nöqtələrindən məsafənin göstərilməməsi və eyni zamanda sözügedən sxemlərdə ümumi ərazinin eynilik təşkil etməsinə baxmayaraq, bölgü aparılmış digər qonşu torpaq sahələri sözügedən sxemlərdə fərqli ölçülərdə göstərilməsi səbəbindən, X3 19 dekabr 2006-cı il tarixli, 2032 nömrəli və 29 dekabr 2005-ci il tarixli, 1871 nömrəli qərarları ilə ayrılmış torpaq sahələrinin coğrafi yerləşmə yerlərinin müəyyənləşdirilə bilməməsini nəzərə alaraq, mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır.

5. Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli, 10/1221 nömrəli rəyi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 02 fevral 2022-ci il tarixli, **********33 nömrəli mütəxəssis arayışında qeyd olunanlara əsasən, X3 19 dekabr 2006-cı il tarixli, 2032 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsi və X3 29 dekabr 2005-ci il tarixli, 1871 nömrəli qərarı ilə X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 250 kv.m torpaq sahələrinin coğrafi yerləşmə yerlərinin müəyyənləşdirilə bilməməsi səbəbindən həmin torpaq sahələrinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qanuni sahiblik və istifadəsində olan fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 200 kv.m torpaq sahəsinə sahiblik və istifadə hüququna cavabdeh tərəfindən yaradılan maneələrin törədilməsinin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 19 dekabr 2006-cı il tarixli, 2032 saylı sərəncamı ilə ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 200 kvm torpaq sahəsinin sahiblik və istifadə hüquqları onun adına keçirilmişdir. Bu müddətdən sonra həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını həyata keçirir. Torpaq vergilərini vaxtı-vaxtında bələdiyyəyə ödəyir. Hazırda torpaq sahəsində fərdi ev tikmək istəyir, lakin cavabdeh buna maneçilik törədir, tikintinin getməsinin qarşısını alır və iddia edir ki, onun da əlində sərəncam var, həmin torpaq sahəsi ona da verilib. Bundan sonra bələdiyyəyə dəfələrlə müraciət etmiş və ona cavab verilmişdir ki, ona verilmiş sərəncam ilə ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları ona verilib və bu sənədlər bələdiyyənin arxivində qorunub saxlanılır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-371/22 saylı iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) iddia rədd edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iş materiallarından mübahisəli torpaq sahəsinin məhz iddiaçının qanuni sahibliyində olan torpaq sahəsi olduğu müəyyən edilmədiyindən iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3, 241.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh tərəfindən sahiblik hüququna edilən manelerin aradan qaldırılması üçün məhkəmədə iddia qaldırmışdır və sözü gedən torpaq sahəsinin sahibi olduğuna dair əsaslı sübutlar təqdim etmişdir. Torpaq sahəsinin ona verildiyinə dair Sərəncamı, torpağın planını, torpaq sahəsinin ona ayrılmağı qarşılığında dövlət büdcəsinə ödədiyi ödənişin sənədini, illərdir ödədiyi torpaq vergilərinin qəbzlərini, Bələdiyə tərəfindən torpağın ona ayrıldığına dair digər sənədləri və s. Lakin, Məhkəmə öz qərarında bu sübutlara heç bir hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

15. Cavabdeh apellyasiya şikayətinin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Üçüncü şəxs X3 nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu bildirərək təmin olunmasını xahiş etdi.

17. Üçüncü şəxs “X12”nin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi və göstərdi ki, mübahisəli torpaq sahəsi “X12”nin sahibliyində və istifadəsində olan sahədir, həmin sahə ilə bağlı bələdiyyə sərəncamları əhəmiyyətsizdir. Bələdiyyə həmin torpaq sahəsi üzərində sərəncam verərkən səlahiyyətli olmayıb.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər;

19. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 5.1. hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

27. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi.

28. Lakin iş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsinin kimin mülkiyyətində olması barədə tərəflər arasında mübahisə vardır. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsinin iddiaçıdan öncə bələdiyyə tərəfindən ona ayrıldığını bildirmiş və bu barədə X7 tərəfindən cavabdehə verilmiş məktubu təqdim etmişdir. Sözügedən məktubda torpaq sahəsinin cavabdehə məxsus olduğu bildirilmişdir.

29. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarında iştrak edən X3 nümayəndəsi mübahisəli torpaq sahəsinin sahəsinin iddiaçının sahibliyinə ayrılan torpaq sahəsi olduğunu bildirmişdir.

31. İş üzrə keçirilmiş ekspertiza ilə tərəflərə ayrılmış torpaq sahələrinin mübahisəli torpaq sahəsi ilə üstə-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

32. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı bu baxımdan mübahisəli torpaq sahəsinə dair hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbini irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz.

33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

34. Apellyasiya baxışı zamanı X12 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edildi və araşdırma zamanı mübahisəli torpaq sahəsinin “X12”nin qanuni sahibliyində və istifadəsində olduğu müəyyən edildi.

35. Məhkəmə kollegiyası qeyd edir ki, “X12” Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qeyd olunana Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş Qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. Sazişin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan və qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün Şirkətin sərəncamına verir. X14 Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2 saylı Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində olan sahə başa düşülür. Şirkətin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində istifadə hüququ Şirkətə məxsusdur.

36. Məhkəmə kollegiyası qeyd edir ki, Saziş xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Qanun statusu aldığından və Qanunun 4-cü bəndinə əsasən Saziş qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstün olduğundan Sazişin qüvvəyə minməsindən sonra bələdiyyə mübahisəli torpaq sahəsi üzərində sərəncam verməkdə səlahiyyətli olmamışdır. Ona görə də X3 Sazişin qüvvəyə minməsindən sonra mübahisəli torpaq sahəsi ilə bağlı tərəflərə verdiyi qərar və sərəncam öz-özlüyündə əhəmiyyətsizdir.

37. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı iş üzrə İddiaçı iddiasının rədd olunması mübahisəli torpaq sahəsi üzərində Cavabdeh hər hansı hüququnun yaranması, yaxud mövcud olması anlamına gəlmir.

38. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflərin, yəni nə İddiaçı, nə də Cavabdeh mübahisəli torpaq sahəsinə dair hər hansı hüququları yoxdur və X7 tərəfindən onlara verilmiş xx.xx.2005-ci il tarixli qərar və xx.xx.2006-cı il tarixli sərəncam əhəmiyyətsizdir.

39. Məhkəmə kollegiyası göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar