Məhkəmə qərarları › İş №2(103)-6308/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6308/2023

19.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6308/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: bağışlama müqaviləsi, müqavilənin etibarsız sayılması, əqdin aldatma yolu ilə bağlanması, kəsici müddət, preyudisiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsində yerləşən 10 saylı evin 89,4 kv metr yaşayış sahəsindən ibarət 7,8,9 nömrəli mənzili Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 133485 nömrəli, xx.xx.2002-ci il tarixli Qeydiyyat vəsiqəsi əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

2. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin 89,4 kv metr yaşayış sahəsindən ibarət 7,8,9 nömrəli mənzilini Cavabdeh ilə bağladığı və Bakı şəhər 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli müqavilə əsasında Cavabdeh bağışlamışdır.

3. Həmin bağışlama müqaviləsi rəsmiləşdirilərkən Cavabdeh etibarnamə əsasında atası X6 təmsil etmişdir.

4. Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin 89,4 kv. metr yaşayış sahəsindən ibarət 7,8,9 saylı mənzili xx.xx.2012-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır.

5. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X15 prospekti ev 39 ünvanında yerləşən 27 saylı mənzilini X9 ilə bağladığı və Bakı şəhər 3 saylı “Asan xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli müqavilə əsasında Ülkər İbrahimovaya bağışlamışdır.

6. Həmin bağışlama müqaviləsi rəsmiləşdirilərkən İddiaçı etibarnamə əsasında Vasif Səlimov təmsil etmişdir.

7. İddiaçı ilə Vasif Səlimov 2014-cü ildə rəsmi nikaha daxil olmuş, 2019-cu ildə nikahları pozulmuşdur.

8. Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, əmlakının X6 və qeyriləri tərəfindən ələ keçirilməsi barədə ərizəsi Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə istintaqı aparılan cinayət işinə əlavə edilmişdir. xx.xx.2014-cü il tarixdə Vasif Səlimov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ölkə hüdudlarını tərk etdiyindən axtarışı elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

9. İddiaçı Cavabdeh və X3 qarşı “Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin 7,8,9 nömrəli mənzilinin Cavabdeh bağışlanmasına dair xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab olunması” barədə iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.

10. Həmin qətnamədən İddiaçı nümayəndəsinin (vəkilinin) verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qismən təmin olunmuş, qətnamə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia ərizəsinin formasına və məzmununa, eləcə də pretenziya qaydasına əməl etməmişdir.

11. İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunda göstərmişdir ki, “atası X6 tərəfindən aldadılması nəticəsində Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 10-da yerləşən 7,8,9 saylı mənzillər xx.xx.2012-ci il tarixdə Cavabdeh bağışlanılmışdır. Atası tərəfindən aldadılması artıq ona məlum olduğu üçün bağışlama müqaviləsindən imtina edərək onun ləğv edilməsi barədə 7 gün ərzində müvafiq tədbir görülməsi üçün məlumat verir. xx.xx.2022-ci il tarixədək müqavilənin ləğv edilməsinə dair müvafiq tədbir görülməyəcəyi halda, tərəfindən məhkəməyə müraciət ediləcəkdir”.

12. İddiaçı Cavabdeh və Bakı şəhəri 1 saylı Notariat kontoruna qarşı “Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin 7,8,9 nömrəli mənzilinin Cavabdeh bağışlanmasına dair xx.xx.2012-ci il tarixli müqavilənin ləğv olunması və Cavabdeh həmin mənzildən çıxarılması” barədə iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

14. Səbail RPİ-nin 39-cu PB-nin xx.xx.2021-ci il tarixli qərarı ilə X2 əməlində cinayət tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, İddiaçı ərizə ilə müraciət edərək X7 tərəfindən aldatma yolu ilə ünvan 3 ünvanında yerləşən 7,8,9 saylı mənzillərinin ələ keçirilməsini göstərmişdir. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı 2017- 2018-ci illərdə Norveç Krallığında olarkən görmüşdür. Bundan əvvəl onu Bakıda olarkən cəmi bir dəfə görmüşdür. Yasamal rayonu, İ.Səfərli küçəsində yerəşən 10 saylı evdəki 7,8,9 saylı mənzilləri onun adına bağışlanmazdan əvvəl görməmişdir. Eləcə də, həmin mənzillərin əvvəlcədən ona bağışlanacağı barədə İddiaçı ona heç bir vəd və yaxud bu barədə ondan xahiş etməmişdir. İddiaçı həmin mənzilləri ona bağışlamasından bir müddət sonra xəbəri olmuşdur. İddiaçı həmin mənzilləri ona bağışladıqdan sonra da mənzilləri görməmiş, onları təhvil almamışdır. Bildiyinə görə İddiaçı xaricdə yaşayırmış, ona həmin mənzilləri bağışlayarkən bağışlama müqaviləsini onun adından etibarnamə əsasında atası imzalamış və mənzilləri qəbul etmişdir. Müqavilə bağlanan gün onun müqavilədən xəbəri olmamışdır. İddiaçı sözügedən mənzillərdə əşyaları qalsa da, sonradan onları evdə görməmişdir. Hesab edir ki, İddiaçı həmin əşyaları aparmışdır. İddiaçı onun atası ilə 2014cü ildən 2019-cu ilədək rəsmi nikahda olmuşdur. Bundan savayı İddiaçı ilə qohumluq əlaqəsi olmamışdır. Hazırda atası ilə olan nikahı pozulduğu üçün İddiaçı həmin mənzillərin qaytarılmasını tələb edir.

15. 42 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, İ.Səfərli küçəsi, 10 saylı evin mənzili aldığı gündən xx.xx.2002-ci ildən xx.xx.2022-ci il tarixə qədər mənzil-kirayə haqqı ödənişlərini vaxtlıvaxtında ödəmişdir, heç bir borcu yoxdur.

16. 02.12.1959-cu il təvəllüdlü Vasif Səlimov X5 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Norveç CM-nin 79-cu maddəsinə uyğun olaraq Norveç CM-nin 282-ci maddəsi ilə nəzərdə tutulan bir cinayəti törətməkdə, Norveç CM-nin 168-ci maddəsi ilə nəzərdə tutulan dörd cinayəti törətməkdə təqsirli bilinmiş və 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Norveç CM-nin 83-cü maddəsinə uyğun olaraq müttəhimin İstintaq Təcridxanasında keçirdiyi beş gün cəza müddətinə daxil edilmiş, Norveç CM-nin 57-ci maddəsinə əsasən hökm elan olunduğu andan etibarən 5 il müddətinə Trine Nurlanna (əvvəllər İddiaçı) baş çəkmək, təqib etmək və onunla digər ünsiyyətə qadağa qoyulmuş, üzərinə hökm elan olunduğu tarixdən etibarən ən geci 2 həftə ərzində Trine Nurlanna 80 000 Norveç kronu məbləğdə mənəvi ziyanın, 25 042 Norveç kronu məbləğində maddi ziyanın ödənilməsi öhdəliyi qoyulmuşdur. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

17. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 10 saylı evin 7,8,9 saylı mənzilinin cavabdehə “bağışlanmasına” dair cavabdehlə arasında xx.xx.2012-ci il tarixdə 1 saylı Notariat kontorunda rəsmiləşdirilmiş müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv olunması və mənzilin üzərində mülkiyyət hüququnun bərpa edilməsi, mənzilin onun mülkiyyətinə, faktiki sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsindəki 10 saylı evin 89,4 kv.m yaşayış sahəsindən ibarət 7,8,9 nömrəli mənzili Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 133485 nömrəli xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ ilə onun adına qeydə alınmış, bundan başqa, 1997-ci ildə satın aldığı “İçərişəhər”də yerləşən qismən dağılmış vəziyyətdə olan 3 ev də mülkiyyətində olmuşdur. 2007-ci ildə Norveçə köçüb getmişdir. 2010-cu ildə Bakıdakı qohumlarından xəbər almışdır ki, güclü yağış nəticəsində “İçərişəhər”də olan evi su basmış və ev yararsız vəziyyətə düşmüşdür. Bu hadisələrlə bağlı dövlət orqanlarının tədbirlər gördüyünü deyən qohumları Bakıya qayıdaraq mülkiyyətçisi olduğu evlərlə yaranmış problemlərlə məşğul olmasını tövsiyə etmişlər. 2011-ci ildə azyaşlı uşaqlarını götürüb Norveçdən Bakıya gəlmiş, məlum olmuşdur ki, “İçərişəhər”də baş vermiş subasma ilə əlaqədar dövlət orqanları tərəfindən tədbirlər görülmüş, ona qarşı məhkəmə iddiası açılmış və mülkiyyətində olan əmlakların – “İçərişəhər”dəki evlərin, Yasamal rayonu, İ.Səfərli küçəsində yerləşən mənzilin və Bakı şəhəri, Atatürk prospekti 39 ünvanında yerləşən anasının ona bağışladığı mənzilin üzərinə həbs qoyulmuşdur. Həmin vaxt məhkəmə işləri ilə məşğul olan vəkilin işin öhdəsindən lazımınca gəlmədiyini görüb başqa vəkil axtarmağa başlamışdır. Bu məqsədlə ona özünü hüquqşünas-vəkil kimi təqdim edən Vasif Səlimov adlı şəxsi tövsiyə etmişlər. İlk tanışlıqdan Vasif Səlimov özünü böyük təcrübəsi olan vəkil kimi təqdim etmişdir. O, Vasif Səlimovun hüquqi yardımına etimad göstərmişdir. Məhkəmənin nəticəsində mənzillərinin üzərindən həbslər götürülmüş, Vasif Səlimov bu proseslərdə daim onun yanında olmuş, “İçərişəhər”də yaranmış problemin həllində, subasmanın və Qülləli məscidə dəymiş ziyanın aradan qaldırılması prosesində ona mənəvi dəstək olmuşdur. Ona qarşı “İçərişəhər” idarəsi tərəfindən qaldırılmış iddia rədd olunması və mənzillərin həbsdən çıxarılmasından sonra Vasif Səlimova inamın daha da artmışdır. Hüquqi prosedurlardan məlumatsız olduğuna görə bu məsələlərdə ona tam etibar etmişdir. Bu ərəfədə Vasif Səlimov onu inandırmışdır ki, indilik mənzillərin üzərindən həbs götürülsə də, məhkəmə qərarının icrasınadək, gələcəkdə ona qarşı oxşar iddia yenə də qaldırıla bilər və əmlakların üzərinə həbs qoyula bilər. Ona görə də mənzillərin başqa şəxslərin adına formal sənədləşdirilməsini tövsiyə etmişdir. Beləliklə, Vasif Səlimov onu inandırmışdır ki, mənzili bağışlama yolu ilə onun oğlunun adına formal rəsmiləşdirsələr, məhkəmə qərarlarının icrasından sonra mənzilini yenidən onun adına qaytaracaq. Vasif Səlimovun onu buna inandırması nəticəsində 2012-ci ildə mülkiyyətində olan İ.Səfərli küçəsi 10 saylı evin 7,8,9 saylı mənzilini X8 Səlimovun adına bağışlama müqaviləsi ilə rəsmiləşdirmişdir. Bağışlama müqaviləsinin rəsmiləşdirilməsində məqsəd qətiyyən mənzili Cavabdeh hədiyyə etmək deyil, yalnız Vasif Səlimovun təkidli tövsiyəsinə etimad edərək, mənzilə dair gözlənilən məhkəmə iddiasından qorunmaq olmuşdur. Mənzilə dair müqavilə rəsmiləşdirildikdən sonrakı dövrdə də mənzilin açarları, içərisindəki bütün əşyalarla birlikdə onun sərəncamında olmuşdur. Mənzilin kommunal ödənişləri ilə bağlı hər hansı sual çıxdıqda MKİS işçiləri onunla və ya Bakıdakı qohumları ilə əlaqə saxlamışlar. Cavabdehi müqavilə rəsmiləşdiriləndən əvvəl, müqavilə rəsmiləşdirilərkən görməmişdir, müqaviləni cavabdehin adından notariusda atası Vasif Səlimov imzalamışdır. Həmin ərəfədə o, Norveç qanunlarına əsasən 6 aydan artıq ölkədən kənarda yaşaya bilməzdi, uşaqları məktəbə getməli idilər, ona görə də Norveçə qayıtmışdır. Vasif Səlimov yenə onu inandırmışdır ki, ona etibarnamə verərək getsin, onun adından lazımi prosedurları həyata keçirəcək. Buna görə ona əmlakına sərəncam verilməsi üçün etibarnamə vermişdir. Sonradan məlum olmuşdur ki, Vasif Səlimov, anasının ona əvvəllər bağışladığı, mülkiyyətində olan ünvan 5 ünvanındakı mənzilini onun məlumatı olmadan öz qızı X4 adına xx.xx.2014-cü ildə notarial qaydada bağışlama müqaviləsi əsasında rəsmiləşdirmişdir. Tərəfindən görülmüş tədbirlər nəticəsində həmin mənzilə dair bağışlama müqaviləsinə xitam verilərək mənzili öz mülkiyyətinə qaytarmağa nail olmuşdur. X8 Səlimovun adına “Bağışlama müqaviləsi” əsasında formal rəsmiləşdirilmiş mənzilə gəldikdə isə - həmin mənzil faktiki olaraq Cavabdeh təhvil verilmədiyindən, müəyyən müddət keçdikdən sonra ona dair mübahisənin açılmasına şərait yaranmışdır. Belə ki, 2014-cü ilə qədər Vasif Səlimov Bakıda yaşasa da bir neçə dəfə Norveçə onlara qonaq gəlmiş, 4-cü dəfə, 2014-cü ildə Norveçə gəldikdə bildirmişdir ki, Azərbaycanda hökumət orqanları ilə problemləri olduğuna görə daha Bakıya qayıda bilməyəcək. O vaxta qədər aralarında yaranmış etimad münasibətinə görə Vasifin ona qarşı dələduzluq əməllərindən heç şübhələnməmişdir. Hətta, ona etimadı elə səviyyəyə çatmışdır ki, 2014cü ildə onunla Norveçdə rəsmi nikaha girmişdir. Bundan sonra Vasif Səlimov nikah münasibətindən istifadə edərək Norveç hökumətindən oturum almağa müraciət etmiş, 2017-ci ildə ona müsbət cavab verilmiş və o, Norveçdə rəsmi yaşayış icazəsi almışdır. Həmin ərəfədə, Vasif Səlimov uşaqları ilə kirayə mənzilində onunla birgə yaşamışdır. Onun Azərbaycanda cinayət əməllərinə görə axtarışda olduğunu sonradan biləcəkdi, o vaxtlar isə hələ ona etimad edirdi və onlar ailə kimi yaşayırdılar. 2017-ci ildən sonra Vasif uşaqlarına və ona qarşı çox aqressiv davranmağa başlamış və münaqişə yaratmışdır. Nəhayət, bir gün Vasif Səlimov onu amansızcasına döymüş, o xəstəxanaya düşmüş, Vasif isə həbs olunmuşdur. 2019-cu ildə nikahları məhkəmə tərəfindən rəsmi qaydada pozulmuşdur. Onu döydüyünə görə X5 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Vasif Səlimov 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 5 il müddətinə ona, uşaqlarına və mənzilinə yaxınlaşmaq Vasif Səlimova qadağan olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, Vasif Səlimovun 2017-ci ilədək ona qarşı davranışları, etimadını qazanması əmlakını ələ keçirmək və onunla nikaha girməkdə məqsədi Azərbaycanda törətdiyi cinayət əməllərinə görə axtarışda olduğu halda, məsuliyyətdən yayınmaq üçün Norveç hökumətindən sığınacaq almaq, yəni, bütünlükdə onun etimadından sui-istifadə etmək olmuşdur. Bunları bildikdən sonra Bakıdakı qohumlarının köməyilə hüquq-mühafizə orqanlarına müraciət edərək, Vasif Səlimovun etimadından sui-istifadə edərək əmlakını ələ keçirməsinə dair cinayət əməllərindən şikayət etmişdir. Ondan sonra məlum olmuşdur ki, adına formal rəsmiləşdirmə aparılmış Cavabdeh mənzilə sahiblənmək istəyir. Vasif Səlimovun ona qarşı dələduzluq edərək əmlakını ələ keçirməsilə bağlı Bakıda hüquqi prosedurlara başlamaq imkan yarandıqda hüquq-mühafizə orqanlarına müraciətindən sonra, hüquqi xidmətlər göstərilməsi üçün müraciət etdiyi vəkil vasitəsilə Səbail Rayon Məhkəməsində qaldırılan “xx.xx.20212-ci il tarixli müqavilənin ləğv (etibarsız hesab) hesab edilməsi”nə dair iddiası məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədən vəkili tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia tələbi üzrə iş baxılmamış saxlanılmışdır. İşin baxılmamış saxlanılmasına əsas kimi kollegiya göstərmişdir ki, müqavilənin ləğv edilməsinə dair tələbi məhkəməyə verməzdən əvvəl iddiaçı Mülki Məcəllənin 423-cü maddəsinə əsasən pretenziya qaydasına riayət etməmişdir. Bundan sonra vəkili tərəfindən hüquqi prosedurlar davam etdirilmiş, Cavabdeh bağışlama müqaviləsindən imtina edildiyini, onun ləğv edilməsi barədə 7 gün ərzində tədbirlər görülməsinə dair təklif (pretenziya) verilmiş, lakin cavabdeh tərəf bu təklifə müsbət münasibət bildirmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sözügedən rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə rayon və apellyasiya məhkəməsinin iddianın rədd edilməsinə dair mövqeyi ondan ibarətdir ki, İddiaçı iddia tələbində göstərilən əsaslar “Bağışlama müqaviləsi”nin ləğvi üçün deyil, etibarsızlığı üçün əsas ola bilər, lakin iddiaçı müqavilənin ləğv tələbini irəli sürdüyünə görə, iddiaçının dəlilləri müqavilənin ləğvi üçün əsaslı deyildir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən vəkili tərəfindən verilən kassasiya şikayəti təmin olunmamışdır. Hesab edir ki, yuxarıda göstərilən qaydada Vasif Səlimov tərəfindən etimadından sui-istifadə edilərək, əsl niyyətini gizlətməklə aldadılmasına nail olması ilə mülkiyyətində olan mənzilə dair “Bağışlama müqaviləsi” rəsmiləşdirilməsi, onun iradəsinə zidd olmuşdur, belə rəsmiləşdirmə qanunvericiliyin tələbinə zidd olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Ona görə də həmin müqavilənin etibarszılığına dair məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməkdə haqlıdır. 2012-ci ilədək, mənzilin Cavabdeh adına formal “Bağışlama müqaviləsi” əsasında rəsmiləşdirilməsinədək və müqavilə rəsmiləşdirildiyi vaxt (gün) o, Cavabdeh tanımamışdır, onu görməmişdir. Formal “müqaviləni” Cavabdeh atası Vasif Səlimov imzalamışdır. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi tərəfindən onun adına ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, əmlakının X6 və qeyriləri tərəfindən ələ keçirilməsi barədə Bakı Şəhər BPİ-ə daxil olmuş ərizəsi Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 (külli miqdarda ziyanvurmaqla dələduzluq) maddəsi ilə istintaqı aparılan cinayət işinə əlavə edilmişdir. xx.xx.2014-cü il tarixdə V.Səlimovun CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilərək ölkə hüdudlarını tərk etdiyindən barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Mənzilin adına formal olaraq rəsmiləşdirilməsini Cavabdeh özü də təhqiqat orqanına verdiyi ifadəsində etiraf etmişdir. Belə ki, Səbail RPİ-nin 39-cu PB-nin cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarından görünür ki, izahatı alınmış Cavabdeh göstərmişdir ki, “İddiaçı 2017-2018-ci illərdə Norveçdə olarkən görmüşdür. Bundan əvvəl onu Bakıda olarkən cəmi bir dəfə görmüşdür. Yasamal rayonu, İ.Səfərli küçəsində yerləşən 10 saylı evdəki 7,8,9 saylı mənzilləri onun adına bağışlanmazdan əvvəl görməmişdir. Eləcə də həmin mənzillərin əvvəlcədən ona bağışlanacağı barədə Təranə ona heç bir vəd verməmiş və yaxud bu barədə Təranədən xahiş etməmişdir. Təranənin həmin mənzilləri ona bağışlamasından bir müddət sonra xəbəri olmuşdur. Təranəni həmin mənzilləri ona bağışladıqdan sonra da mənzildə görməmişdir. Bildiyinə görə Təranə xaricdə yaşayırmış. Bağışlama müqaviləsini onun adından atası Vasif imzalamışdır. Həmin vaxt Bakı şəhərində yaşasa da, atasına etibarnamə verdiyi üçün atası müqaviləni imzalamışdır. Müqavilə bağlanan gün onun müqavilədən xəbəri olmamışdır. Təranə xanımın sözügedən mənzildə əşyaları qalsa da, sonradan onları evdə görməmişdir. Hesab edir ki, Təranə həmin əşyaları aparmışdır. Təranə atası ilə 2014-cü ildən 2019-cu ilədək rəsmi nikahda olmuşdur. Bundan savayı Təranə ilə qohumluq əlaqəsi olmamışdır...”. Cavabdeh ifadəsi bir daha təsdiq edir ki, o, Məmmədi, Məmməd də onu tanımamışdır və “bağışlama müqaviləsi” formaldır. 42 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, İ.Səfərli küçəsi 10 saylı evin xx.xx.2002-ci ildən xx.xx.2022-ci il tarixə qədər mənzil-kirayə haqqı ödənişlərini vaxtlı-vaxtında ödəyib, heç bir borcu yoxdur. Bu arayış da onu təsdiq edir ki, hazırki vaxtadək mənzilin bütün kommunal ödənişləri tərəfindən ödənilir, MKİS və digər kommunal xidmət işçiləri mənzilin mülkiyyətçisi kimi onu tanıyırlar. Bütün bunlar Vasif Səlimovun yuxarıda göstərilən qaydada 2011-ci ildən başlayaraq, özünü hüquqşünas-vəkil kimi təqdim etməsilə hüquqi yardım göstərilməsi adı altında onda özünə qarşı etimad qazandırması və sonradan etibarından sui-istifadə edərək, hüquqi zərurət gərəyi adı altında onu aldadaraq xx.xx.2012-ci il tarixli notarial qaydada rəsmiləşdirilmiş "bağışlama müqaviləsi” ilə xüsusi mülkiyyətində olan mənzilini oğlu - hazırki iş üzrə Cavabdeh adına rəsmiləşdirməklə qanunsuz olaraq əmlakını ələ keçirməsini təsdiq edən mübahisəsiz xüsusatlardır. Onun Cavabdeh tanımadığı, ona hər hansı əmlakı bağışlamaq niyyətinin olmadığı və yalnız atası Vasif Səlimovun etimadından sui-istifadə etməklə hazırda mübahisələndirdiyi əmlakın qanunsuz rəsmiləşdirilməsilə ələ keçirilməsi işin mübahisəsiz halıdır. Mülkiyyətində olan mənzilin Cavabdeh adına bağışlama müqaviləsi ilə rəsmiləşdirilməsində iradəsi olmamış, cavabdehin atası Vasif Səlimovun yuxarıda göstərilən qaydada etimadından sui-istifadə edərək onu aldatması nəticəsində belə rəsmiləşdirmə aparılmışdır. Bununla əqdin etibarsızlığı hallarından birini təşkil edən əqdin bağlanmasına iradə və əqddə iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə əməl olunmamış, hüquqi nəticəsi olmayan əqd əsasında mülkiyyət hüququndan məhrum olunmuşdur. Subyektlərin əqdi bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranmadıqda əqd etibarlı hesab edilə bilməz.

19. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, iddia tələbinə iddia müddəti tətbiq edilə bilməz, çünkü iddia müddətinin tətbiq etmək üçün ilk növbədə müddətin axımının hansı vaxtdan başlanılması müəyyən edilməlidir. Əqd etibarsız hesab ediləcəyi təqdirdə bağlandığı vaxtdan etibarsız olacaq, həmin tarixdən şəxsin əmlak üzərində mülkiyyət hüquqları bərpa olunacaq, mülkiyyətlə bağlı tələblər üzrə də qanunvericilikdə iddia müddətinin tətbiq edilməli olmaması göstərilmişdir.

20. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı iddia müddətini ötürərək iddia qaldırdığından iddia tələbəri əsassızdır və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Bağışlama müqaviləsi bağlanarkən qanun pozuntusuna yol verilməmiş, müqavilə iradə ifadəsinə uyğun bağlanmışdır.

21. Birinci instansiya məhkəməsinin 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd edilməsi qət olunmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

22.1. Tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə hər hansı qeyri-şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. 22.2. İddiaçı bağışlama müqaviləsinin etibarsızlığın əsası kimi onun aldatma yolu ilə bağlanmasını qeyd etmişdir. 22.3. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. 22.4. O da nəzərə alınmalıdır ki, bu halları sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. 22.5. İddiaçı xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin bağlanması zamanı aldatmanın olması ilə əlaqədar ümumi məlumatlar bildirsə də, konkret olaraq həmin halları təsdiqləyən mötəbər sübutlar təqdim edə bilməmişdir. Əksinə, məhkəmə iclasında bağışlama müqaviləsinin qanunda nəzərdə tutulmuş qaydalara riayət edilərək bağlanılması, əmlakını bağışlayan şəxsin buna iradə ifadəsinin olması müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı 2014-cü ildə “onu aldadan şəxslə” nikaha girmiş və onunla bir neçə il birgə yaşamışdır. 22.6. İddiaçı həmçinin həmin əqdin etibarsızlığı ilə bağlı tələbi müqavilə bağladığı vaxtdan 11 ildən sonra irəli sürmüşdür. 22.7. Mübahisələndirilən əqdin etibarsızlığına dair iddia qaldırmaq üçün nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. 22.8. Beləliklə məhkəmə, bağışlama müqaviləsinin aldatma yolu ilə bağlanmasının məhkəmə iclasında təsdiqini tapmadığını, bununla da müqavilə bağlanarkən iddiaçının iradəsinin zədələnməsinin müəyyən edilməməsini, müqavilə bağlandıqdan təxminən on bir il sonra hazırki tələbin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş müddət keçməklə iddia qaldırılmasını və həmin müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair hər hansı bir sübutun təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız edilməsi hissəsində əsassız olması və müddətinin keçməsi ilə əlaqədar təmin edilməməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü, 389.1-ci, 339.2-ci, 354.1-ci, 354.2-ci, 666.1-ci, 670.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

24. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi (vəkili) onun ləğv edilməsinı və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, tətbiq edilməli olan normaları tətbiq etmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

25. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahat

26. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə etmiş, cavabdeh (nümayəndəsi) isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

27. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

29. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

30. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

31. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

34. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

35. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.

36. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

37. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

38. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

39. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

40. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

41. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

42. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

43. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

47. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

50. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

53. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

54. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

56. Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.

57. Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3təhdid edilmə (hədələnmə).

58. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, o, cavabdehin atası tərəfindən aldadılmış və bunun nəticəsində iradəsinin ziddinə mənzilini cavabdehə bağışlamışdır.

59. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

60. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.

61. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).

62. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

63. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.

64. İşin müəyyən olunan hallarını əsas götürən kollegiya hesab edir ki, iddiaçının mübahisələndirdiyi müqavilənin onun aldadılması nəticəsində bağlandığı qənaətinə gəlmək mümkün deyildir.

65. Kollegiya, iddia tələbinə kəsici müddətin tətbiq edilməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşır və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.

66. Kollegiya onu da qeyd edir ki, əslində, iddiaçının iddia tələbini əsaslandırdığı hala, yəni müqaviləni aldatma nəticəsində bağladığı arqumentinə onun Cavabdeh və Bakı şəhəri 1 saylı Notariat kontoruna qarşı “Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 10 saylı evin 7,8,9 nömrəli mənzilinin Cavabdeh bağışlanmasına dair xx.xx.2012-ci il tarixli müqavilənin ləğv olunması və Cavabdeh həmin mənzildən çıxarılması” barədə iddia tələbinə baxılarkən qiymət verilmiş, məhkəmələr, “bağışlama müqaviləsi bağlanan zaman iddiaçının aldadılmasının müəyyən olunmadığını, aldadılma sübuta yetirilmədiyinə görə iddia müddətinin axımının müqavilənin bağlandığı vaxtdan başlandığını” vurğulamaqla müvafiq nəticəyə gəlmişlər.

67. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəası (§ 47) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

68. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 13 may 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

69. Bu kontekstdə o da qeyd edilməlidir ki, Səbail Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qətnaməsinin aid olduğu iş üzrə iddiaçının irəli sürdüyü əsaslar hazırkı iddianı irəli sürərkən istinad etdiyi əsaslarla eyni olsa da, hazırkı işə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tətbiqi qanunun mənasına uyğun deyil.

70. Həmin prosessual hüquq normasının tətbiqi onu ehtiva edir ki, İddiaçı hazırkı iddia tələbi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.

71. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.

72. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

73. İşdən görünür ki, İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin aid olduğu iddia tələbini eyni əsaslarla irəli sürsə də, iddia tələbini “müqavilənin ləğv olunması” kimi ifadə etmiş, məhkəmələr də iddiaya məhz müqavilənin ləğvi ilə bağlı qanunvercilik müddəaları çərçivəsində qiymət vermişlər. Buna görə də kollegiya hesab edir ki, İddiaçı hazırkı iddia tələbi üzrə tərəflər, irəli sürülmüş iddianın predmeti və əsasları, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin aid olduğu işin predmeti və əsasları ilə tam eynilik təşkil etmir.

74. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin göstərilən maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1222/2023 saylı iş üzrə 17 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar