Məhkəmə qərarları › İş №2(103)-631/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-631/2024

10.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-631/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2872/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən MH 132677 seriya nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində küçəsindəki 118 saylı evin 27 saylı mənzili X3 adına tam payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bu barədə xx.xx.1998-ci il tarixdə 887 №-li reyestr kitabında 556 №-li qeydiyyat aparılmışdır.

2. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində küçəsindəki 118 saylı evin 27 saylı mənzili Bakı şəhəri, 38 saylı DNK-nın xx.xx.1998-ci il tarixli 3M-91- 95 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 595/2023 saylı qətnaməyə əsasən iddiaçı X7 ilə cavabdeh X12 arasında xx.xx.2012-ci il tarixdə Başkırdıstan Respublikası VVAQ idarəsinin Ufa şəhəri Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən qeydə alınmış və 54 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X5 anaları X1 yanında qalmaları, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh X6 hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir.

4. AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixdə verilmiş ******* №-li arayışa əsasən İddiaçı Əbülfət qızı 01 dekabr 2003-cü il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 saylı mənzili Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1998ci il tarixdə verilmiş 132677 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı Əbülfət qızının tam mülkiyyətindədir. DİN-nin verdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, evdə yalnız İddiaçı qeydiyyatdadır. Cavabdeh Əliyeva Aydan iddiaçının keçmiş gəlinidir. O, 2012-ci ildə iddiaçının oğlu X12 ilə evlənərək, həmin mənzilə köçmüşdür. Həmin tarixdən mənzildə yaşayır. Həmçinin iddiaçının nəvələri xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 cavabdehlə birlikdə həmin mənzildə yaşayırlar. İddiaçının oğlu X12 ilə cavabdeh Avdan Əliyevanın nikahı Nərimanov rayon məhkəməsinin 2(005)-959/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 cavabdeh Əliyeva Aydanın yanında saxlanılmışdır. Beləliklə, cavabdeh Əliyeva Aydan iddiaçının keçmiş ailə üzvüdür. Hazırda özü və azyaşlı uşaqları mənzildən könüllü şəkildə çıxmaq istəmirlər. İddiaçı bu barədə polisə müraciət etmişdir. Ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçının özünü faktiki olaraq evə buraxmır. İddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O hesab edir ki, Nərimanov Rayon Məhkəməsi iddia tələbini tam təmin etməlidir, cavabdeh Əliyeva Aydan uşaqları xx.xx.2012ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə mənzildən çıxarılmasına dair qətnamə qəbul etməlidir.

7. Cavabdeh X7 iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, cavabdeh mənzilin mülkiyyətçisi İddiaçı gəlini olmuşdur. xx.xx.2011-ci il tarixində iddiaçının oğlu X10 ilə evlənərək həmin mənzilə gəlin köçmüşdür. 2012-ci ilin yanvar ayında rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. İddiaçının oğlu X12 ilə nikahları Nərimanov Rayon Məhkəməsinin 2(005)-959/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. X12 hazırda Rusiya Federasiyasında yaşayır. X8 və X9 cavabdehin yanında saxlanılmışdır. Hal-hazırda onlara cavabdeh baxır və indiyədək həmin mənzildə onunla birgə yaşayırlar. 2011-ci ildən indiyədək həmin mənzildə övladları ilə birgə yaşamış Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (gəlinin və ya kürəkənin) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İddiaçının az yaşlı 2 (iki) nəvəsinin həmin mənzildə doğulub, həmin mənzildə bu günədək yaşaması, yaşamaq üçün başqa yerin olmaması, atalarının illərdir Rusiya Federasiyasında olması və 12 ildən artıq müddətdə bu mənzildə yaşamaları, həmin dövr ərzində mülkiyyətçi tərəfindən yaşamalarına və mənzildən istifadəyə heç bir etirazın edilməməsi ilə əlaqədar qeyd etmək olar ki, onlar yaşayış sahəsinə olan ehtiyacını nənələri İddiaçı, yəni mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətindədirlər.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2872/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X1, yetkinlik yaşına çatmamış övladları xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 saylı mənzilindən çıxarılması, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim X11).

9. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, iddiaçının oğlu X12 ilə cavabdeh X7 xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatına daxil olmaqla ailə qurmuşlar. Cavabdeh hazırda İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 118 saylı evin 27 nömrəli mənzilində övladları ilə yaşayır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-595/2023 saylı qətnaməsindən məlum olur ki, X12 ilə cavabdeh X7 arasındakı nikah pozulmuş, iddiaçının oğlu X12 həmin mənzildən çıxmış və ayrı ünvanda yaşayır. Ancaq cavabdeh X7 həmin ünvanda yaşamaqda davam edir. Bundan başqa müəyyən edilmişdir ki, cavabdeh hazırda mübahisələndirilən mənzildə pasport qeydiyyatına alınmamışdır. Göründüyü kimi, X1 istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan təqdirdə, cavabdehin yuxarıda qeyd olunan mənzildə faktiki olaraq yaşaması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, cavabdeh X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 saylı mənzilindən çıxarılmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci, 88-ci, 106-cı, 217.4-cü, 220.5-ci maddələrinə, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsi 27 may 2008-ci il tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinə, “Uşaqların hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh X7 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış edərək, cavabdeh X1 verdiyi izahatı qəbul etməyərək, onun tərəfindən təqdim edilmiş edilmiş etiraza qiymət verməyərək, müdafiə hüququna şərait yaratmadan qanunazidd qətnamə qəbul etmişdir. İddiaçının az yaşlı 2 (iki) nəvəsinin həmin mənzildə doğulub, həmin mənzildə bu günədək yaşaması, yaşamaq üçün başqa yerin olmaması, atalarının illərdir Rusiya Federasiyasında olması və 12 ildən artıq müddətdə bu mənzildə yaşamaları, həmin dövr ərzində mülkiyyətçi tərəfindən yaşamalarına və mənzildən istifadəyə heç bir etirazın edilməməsi ilə əlaqədar qeyd etmək olar ki, onlar yaşayış sahəsinə olan ehtiyacını nənələri İddiaçı, yəni mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətindədirlər. Birinci instansiya məhkəməsi qeyd edilən əhəmiyyətli hallara biganə qalaraq qətnamə qəbul etməklə qanunvericiliyin norma və prinsiplərini kobud şəkildə pozmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və İİİ hissələrinəəsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

e) Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

24. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının oğlu ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, iddiaçının mülkiyyətində olan hazırki mənzildə yaşamağa başlamışdır. Hazırda da, X7 azyaşlı övladları X8 və X9 ilə birlikdə yaşayırlar. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi vaxtdan, yəni 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan mübahisəli hüquq münasibətləri məhz Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin normaları əsasında həll edilməlidir.

25. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.

27. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.

28. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, cavabdehin mübahisəsi gedən mənzilin hazırkı mülkiyyətçisi olan qaynanası İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, sonuncuya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; məsələyə bu kontekstdən yanaşıldıqda da, cavabdehin həmin mənzildən istifadə hüquqlarının mövcud olmadığı qənaətinə gəlinməli və mülkiyyətçinin tələbi təmin edilməlidir. Uşaqlarında yaşayış yerləri qanuni nümayəndələri olaraq analarının yanında müəyyən edildiyindən onun çıxarıldığı halda onunla birlikdə qalmalıdırlar.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməsə də, işin nəticəsi baxımından mülkiyyətçinin hüquqlarının bərpa edilməsi ilə iş üzrə düzgün nəticəyə gəlindiyindən məhkəmə qətnaməsinin ləğv edilməsini zəruri hesab etməmişdir.Belə olan halda da kollegiya göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

X7 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2872/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar