Məhkəmə qərarları › İş №2(103)-6315/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6315/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6315/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-934/2021 nömrəli saylı işi üzrə 07.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7650 icarə haqqının, 11596 manat dəbbə pulunun, 510 manat hüquqi müdafiə xərcinin, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-934/2021 nömrəli saylı işi üzrə 07.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1; Azərbaycan Respublikası Mülki Məcəlləsi 425.1, 700.1, 700.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09.08.2019-cu il tarixli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 522-ci məhəllə, ev "D”, 13 saylı mənzili onun təyinatına zidd olmayan gündüz vaxtı dil tədrisi kurslarının təşkili məqsədi ilə istifadə etmək üçün icarə haqqı qarşılığında 5 il müddətinə icarəçi Cavabdeh istifadəsinə vermişdir. İcarə haqqı 15.08.2019-cu ildən 14.09.2019-cu ilədək olan dövr üçün, əvvəlcədən 600 manat, 15.09.2020-ci ildən sonrakı hər aya görə əvvəlcədən 500 ABŞ dolları müəyyən edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7650 icarə haqqının, 11596 manat dəbbə pulunun, 510 manat hüquqi müdafiə xərcinin, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nazirlər Kabinetinin qərarlarından göründüyü kimi, 02.03.2020-ci il tarixdən Azərbaycan Respublikasında koronavirus (COVİD 19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə tədris prosesi dayandırılmışdır. İddiaçı iddia ərizəsi və məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, cavabdeh 2020-ci ilin mart ayından icarə haqqını ödəmir. İddiaçı tədris kurslarının keçirilməsi qadağan edildiyi dövr üçün cavabdehdən icarə haqqı tələb etməkdə haqlı deyil. Belə ki, bu fors major hal sayılır, bu hal cavabdehdən asılı olmayaraq uzanmışdır və bununla bağlı İcarə müqaviləsinin 6-cı bəndində uyğun olaraq Fors major halın təsiri qüvvədə olduğu zaman öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır.Həmçinin iş materialları və tərəflərin izahatlarından müəyyən edilir ki, icarə obyekti 26.09.2020-ci il tarixdə icarəyə verənə icarəçi Cavabdeh tərəfindən təhvil verilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin mart ayından ödənişlər etmədiyini bildirirək ona qarşı iddia qaldırmışdır. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal Rayon məhkəməsinin 2(004)- 934/2021 saylı işi üzrə 07.04.2021-ci il tarixli, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404, 422,443; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 384.0.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticəni əsaslandırmamış, birtərəfli mövqe nümayiş etdirməklə tərəflər arasında bağlanmış müqavilənin tələblərini nəzərə almadan qərəzli və qeyri-obyektiv qətnamə çıxarmışdır. Cavabdeh 2020-ci ilin mart ayından etibarən icarə haqqını ödəməmiş, habelə icarə obyektini təhvil verməməklə onu başqa şəxslərə icarəyə verərək faydalanmağımızın qarşısını almışdır. Cavabdeh icarə haqqını ödəməkdə çətinlik çəkdiyini iddia etsə də, hansı səbəbdən obyekti icarəyə verənə təhvil vermədiyini və bununla lüzumsuz vaxt itkisinə və əhəmiyyətli ziyana səbəb olduğunu əsaslandırmamış, məhkəmə tərəfindən də bu fakt nəzərə alınmamışdır. Halbuki, cavabdehin pandemiya səbəbindən maddi cəhətdən çətinlik çəkdiyini söylədiyi dövr icarəyə verən üçün xeyli çətin keçmiş və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sahə cavabdeh tərəfindən faktiki sahibliyində saxlandığından əmlakdan faydalanaraq maddi ehtiyacları ödəmək mümkün olmamışdır. Halbuki, əmlakın istifadəsini məhdudlaşdıran və qadağan edən hər hansı hal mövcud olmamışdır. Məhkəmə cavabdeh tərəfindən icarə haqqının ödənilməməsini fors-major halla əlaqələndirərək heç bir məsuliyyət daşımadığı qənaətinə gəlməklə absurd, heç bir hüquqi əsası olmayan, uydurma mülahizələrə yol verərək səhv nəticə çıxarmışdır. Tərəflə arasında bağlanmış 09 avqust 2019-cu il tarixli İcarə müqaviləsinin 6.1-ci maddəsində qeyd olunmuşdur ki, müqavilənin məqsədləri üçün istifadə olunan Qarşısıalınmaz qüvvə - Fors-major elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağılabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir.Göründüyü kimi, müqavilədə tərəflərin qarşılıqlı razılığına əsasən, fors-major hesab olunan və tərəfləri öhdəliyin icrasından azad edən halların dairəsi dəqiqliklə sadalanmışdır və bu hallara isə təbii fəlakət, yanğın və müharibə vəziyyəti aid edilmişdir. Məhkəmənin hansı əsasla Covid-19 pandemiyasının yayılmasını fors-major hal kimi qiymətləndirdiyi, guya icarəçinin öhdəliyinin icrasını qeyri-mümkün etdiyi müəmmalıdır.Cavabdehin öz öhdəliklərini yerinə yetirmək üçün risklərini tənzimləməsinə, zərəri azaltmağa çalışmasına dəlalət edən hər hansı hərəkəti olmamışdır, əksinə, o, iddiaçıya münasibətdə zərərin artmasına qəsdən yol vermişdir. Covid-19 pandemiyasının yayılması nəticəsində karantin rejiminin elan olunması və ənənəvi tədris fəaliyyətinin dayandırılması fors-major hal kimi qəbul edilə bilməz və bunun heç bir qanuni və ya müqavilə əsası yoxdur. İcarə haqqının mütləq olaraq konkret fəaliyyətdən əldə ediləcək pul vəsaitləri hesabına ödəniləcəyi müəyyən edilməmişdir.Cavabdeh icarə haqqını ödəyə bilmədiyi üçün ona sahəni təhvil verilməsi təklif edilsə də, o hər dəfə dövlətdən kompensasiya alacağını, sonralar isə kredit götürərək icarə haqqı borcunu ödəyəcəyinə dair vədlər vermişdir. Belə çoxsaylı xəbərdarlıqlardan sonra, cavabdehin 29 sentyabr 2020-ci ildə təqdim etdiyi müraciətdə 03.03.2020-ci il tarixli Operativ Qərargahın qərarına əsasən tədris mərkəzinin fəaliyyətinin qadağan edildiyi, həmin məhdudiyyətin 08.09.2020-ci il tarixdə aradan qaldırıldığı, lakin cavabdeh dövlət tərəfindən yardım ala bilmədiyindən maliyyə çətinliyi ilə üzləşdiyi göstərilmişdir. Göründüyü kimi, cavabdeh tədris fəaliyyətinə icazə verilmədiyi dövrdə nəinki sahəni təhvil verməmiş, eləcə də tədris fəaliyyətinin bərpa olunmasından sonra da öhdəliyini icra etməkdən boyun qaçırmaq yolu tutmuşdur.Cavabdehin istinad etdiyi qərarla tədris fəaliyyətinə deyil, dinləyicilərin bir yerə toplaşaraq ənənəvi tədris fəaliyyətinə məhdudiyyət qoyulmuşdur. Fərdi, kiçik qruplar, məsafədən tədris fəaliyyətinə isə heç vaxt hər hansı məhdudiyyətlər və qadağalar tətbiq edilməmişdir. Cavabdehin sahibkarlıq fəaliyyəti, yəni qanunla qadağan olunmayan, o cümlədən icarə sahəsindən istifadə etməklə istənilən növ iqtisadi sahə istiqamətləri üzrə fəaliyyət göstərməyinə qadağa olmamışdır.Məhkəmə habelə, nəzərə almamışdır ki, təqdim etdiyimiz 09 avqust 2019-cu il tarixli notarial təsdiq olunmuş İcarə müqaviləsinə əsasən, həmin icarə sahəsi daha əlverişli şərtlərlə başqa şəxlərə icarəyə verilmişdir. Yəni, cavabdeh öz ziyanlı hərəkətlərinə haqq qazandırmaq üçün bəhanələrdən əsassız yararlanmağa çalışmışdır. Məhkəmə iddia tələbinin hüquqi müdafiə xərcinin cavabdehdən tutulmasına dair hissəsinə də münasibət bildirməmiş, hansı səbəbdən qəbul etmədiyini əsaslandırmamışdır. Nəzərə alınmamışdır ki, cavabdehin qanunsuz davranışları səbəbindən hüquqi xidmətdən istifadə etməyə və əlavə xərc çəkməyə məcbur olmuşuq. Hazırki mübahisə ilə bağlı hüquqi xidmət göstərilmiş, iddia ərizəsi və əlavələri hazırlanaraq məhkəməyə müraciət edilmişdir. Qətnamə bu baxımdan da əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, cavanbdehin 2020-ci ilin sentyabr ayında müqaviləyə xitam verilməsi üçün müraciət etdiyini, lakin borcu olduğunu bildirdiklərini, halhazırda həmin obyektin başqa şəxsə 2020-ci ilin oktyabr ayından icarəyə verildiyini, cavabdehlə əlaqə saxladıqda gah on adövlət tərəfindən kompensasiya ödəniləcəyi, gah da kredit götürəcəyini bildirdiyini, belə ifadələrlə vaxtı uzatdığını, tərəfin xəbərdar edildiyini bildirmişdir . Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, 2020-ci ilin mart ayından etibarən müqavilənin şərtlərinin yerinə yetirilmədiyini, buna səbəb kimi karantin rejiminin olduğunu bildirdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, borclu olmadığını, mart ayının 15-nə qədər ödəniş etdiyini, pandemiya ilə əlaqədar fors major halının olduğunu, dörd ay ərzində iki dəfə Covid-19 xəstəliyinə tutulduğunu və yol bağlı olduğundan Bakıya gələ bilmədiyini, mart ayında çıxmaq istədiyini bildirdiyini, ona heç bir xəbərdarlıq məktubunun gəlmədiyini, iddiaçının nümayəndəsi ilə telefon vasitəsi ilə əlaqə saxladığını, aralarında problem olmadığından rəsmi müraciət etmək üçün əsas görmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-388, 425, 427.3, 442, 460-467, 700-705; Mülki Prosesual Məcəllənin 77, 81, 82, 88, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Diqqətə çatdırılmalıdır ki, icarə müqaviləsində məqsədli təyinatın müəyyən edilməməsi baxımından cavabdehin öz öhdəlikləri üzrə riskləri özünə aid olmuş, fors major vəziyyət kimi qiymətləndirdiyi əsaslarla öhdəliklərinin yerinə yetirilməsi mümkünsüzlüyünü sübuta yetirməmiş və bunun üçün zərəri azaltmağa çalışmasına dəlalət edən hər hansı hərəkəti müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Kollegiya hesab edir ki, fors major halları müəyyən edilmədiyindən və cavabdehin icarə müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyə imkan olmadığı halda vaxtında ona xitam verilməsi üçün tədbirlər görmədiyi müddətə mülki məsuliyyət daşımalı, mart ayından sentyabr ayına qədər (7x850=5950) icarə haqqı ondan tutularaq iddiaçıya ödənilməlidir. Bununla belə, iddiaçının da müqavilə münasibətləri üzrə vaxında tələb hüquqlarına rəğmən zamanın keçmə hissəsində mülki məsuliyyət həddinin onun özünə mənsub olmasını, habelə karantinlə əlaqədar üzrlü səbəblər nəzərə alınaraq tələbin 11596 manat dəbbə pulu, 510 manat hüquqi müdafiə xərci hissədə təmin edilməsini tərəflərin qarşılıqlı münasibətlərindən irəli gələn münasibətlərə uyğun hesab edilməməlidir. Kollegiya hesab edir ki, şikayət qismən əsaslı olduğundan məhkəmələrə müraciətlərlə bağlı dövlət rüsumları qismində ödənilən məhkəmə xərcləri ödəyən şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-934/2021 nömrəli saylı işi üzrə 07.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin.İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddiası qismən təmin edilsin 5950 (beş min doqquz yüz əlli) manat məbləğində icarə haqqı Cavabdeh tutularaq İddiaçı ödənilməsi təmin edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar