Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6318/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 aprel 2021-ci il tarixli qətnamədən cavabdeh Bankın verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün, cavabdeh Bankın nümayəndələri Nümayəndə2 və X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Bank arasında 29.01.2013-cü il tarixdə bağlanmış “Kredit xətti müqaviləsi” çərçivəsində bağlanmış 28.11.2013-cü il tarixli “Kredit razılaşmasına” əsasən mövcud olmuş ipoteka kreditinin ödənilməsinə dair hesablanmış ödəniş planının etibarsız hesab edilməsi, Bank tərəfindən onun adında saxlanılmış 3.093,85 manat məbləğində borcun silinməsi və etdiyi ödənişlərin, eləcə də kredit faizlərinin ekspertin iştirakı ilə dəqiq və düzgün hesablanması yolu ilə 4.000 manat məbləğində artıq ödədiyi məbləğin Bankdan alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh Bank arasında 29.01.2013-cü il tarixdə bağlanmış “Kredit xətti müqaviləsi” çərçivəsində bağlanmış 28.11.2013-cü il tarixli “Kredit razılaşmasına” əsasən Bankdan, aylıq dərəcəsi 1,3333 faiz olmaqla 60.000 manat məbləğində pulu, 84 ay müddətində qaytarmaq şərti ilə borc götürmüşdür. İddiaçı 09.10.2017-ci il tarixdə əsas kredit borcundan 20.000 manat, 2018-ci ildə isə əsas borcdan 5.000 manat məbləğində birdəfəlik ödəniş etmişdir. Borcun 40%-dən çox hissəsini iddiaçı vaxtından əvvəl ödəsə də, cavabdeh Bankın bildirdiyinə görə ödənişlərdə 40% azalma yoxdur. Ödədiyi 25.000 manatın faizlərini Bank ondan öncədən tutub, ödəniş cədvəlinə daxil edib. Bu da onu sübut edir ki, ödəniş cədvəli düzgün tərtib edilməyib. Nəticədə Bank iddiaçıdan 4.000 manat məbləğində artıq ödəniş almışdır. İddiaçı, sonuncu ödənişi 25.09.2020-ci il tarixdə etməklə Banka olan borcunu tam ödəmişdir. Buna baxmayaraq Bank tərəfindən ödəniş planı düzgün hesablanmamış, iddiaçının üzərində 3.093,85 manat məbləğində əsassız borc saxlamışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 08.04.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə cavabdeh Bank arasında bağlanmış 28.11.2013-cü il tarixli “Kredit razılaşması” üzrə iddiaçının 25.09.2020-ci il tarixə kimi cavabdeh Banka artıq ödədiyi 1.230,90 manat vəsait və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.260,90 manat pulun cavabdeh Bankdan tutularaq iddiaçıya qaytarılmasını, iddia tələbi qalan hissədə rədd edilməsini qət etmişdir. Cavabdeh Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Bank arasında 29.01.2013-cü il tarixdə bağlanmış “Kredit xətti müqaviləsi” çərçivəsində bağlanmış 28.11.2013-cü il tarixli “Kredit razılaşmasının” 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin “Kredit Razılaşmasının” 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Lakin ekspert iddiaçının faiz borcunu onun tərəfindən ödəniş edilən günədək hesablamaqla iddiaçının Banka olan faiz borcunu tamamilə səhv hesablamış və bununla da “Kredit razılaşmasının” 2.3-cü bəndinin tələblərini pozmuşdur. Həmin bəndə əsasən iddiaçının mübahisəli ödənişləri vaxtından əvvəl ödənişlər kimi qiymətləndirilə bilməz və iddiaçı həmin ay üçün hesablanmış faiz borcunu tam ödəməli idi. “Ödəniş cədvəlinə” əsasən iddiaçı 1-ci ödənişi 30.12.2013-cü il tarixdə həyata keçirilməli idi, lakin iddiaçı ödənişi 28.12.2013-cü il tarixdə ödəmişdir. Ekspert rəyində iddiaçının həmin aya olan faiz borcu 28.12.2013-cü il tarixədək hesablanmış və 773.31 manat müəyyən edilmiş, lakin qalan 2 günün faizi ekspert tərəfindən nəzərə alınmamışdır. “Kredit razılaşmasına” görə həmin ayın faiz borcu 826,65 manat olmalı və faizlər 29.11.2013-cü il tarixdən 30.12.2013-cü il tarixə kimi hesablanmalı idi. Ekspert rəyində faiz borcunun səhv hesablanması 1 ayda deyil, ümumi kredit tarixçəsində kredit ödənişi ödəniş qrafiki ilə müəyyən edilmiş tarixdən əvvəl ödənilən aylarda aydın görünür. Ekspert rəyində ödəniş günləri arasındakı gün fərqi düzgün hesablanmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Cavabdeh Bankın nümayəndələri apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, şikayətin məzmununa uyğun izahat verdilər. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə bildirir ki, iddia qismən təmin edilsə də, iş üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş və iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Cavabdeh Bankın qətnamədən verdiyi apellyasiya şikayətində isə qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan bəlli olur ki, Bank, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə, qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh Bank arasında 29.01.2013-cü il tarixdə bağlanmış “Kredit xətti müqaviləsi” çərçivəsində bağlanmış 28.11.2013-cü il tarixli “Kredit razılaşmasından” və işdə olan digər sənədlərdən görünür ki, iddiaçı, 60.000 manat məbləğində pulu, 84 ay müddətində qaytarmaq şərti ilə Bankdan borc götürmüşdür. İddiaçı ilə cavabdeh Bank arasında bağlanmış 17.03.2016-cı il tarixli “Sazişdən” görünür ki, kreditin qalıq məbləğinə 17.03.2016-cı il tarixdən aylıq 1,3333 faiz dərəcəsi tətbiq edilir. Onların arasında bağlanmış 29.09.2016-cı il tarixli “Sazişdən” görünür ki, kreditin qalıq məbləğinə 29.09.2016-cı il tarixdən aylıq 1,3333 % dərəcəsi tətbiq edilir. 09.10.2017-ci il tarixli “Sazişdən” görünür ki, kreditin qalıq məbləğinə 09.10.2017-ci il tarixdən aylıq 1,3333 % dərəcəsi tətbiq edilir. 01.03.2018-ci il tarixli “Sazişdən” görünür ki, kreditin qalıq məbləğinə 01.03.2018-ci il tarixdən aylıq 1,3333 % dərəcəsi tətbiq edilir. İş üzrə tərəflər arasında mübahisə doğurmur ki, kredit borcunun ödənilməsi məqsədi ilə iddiaçı tərəfindən Banka müəyyən ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məcəllənin 741-ci maddəsinə görə, müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçı bildirir ki, o, Banka olan borcunu ödəsə də, cavabdeh Bank ödənişləri düzgün hesablamamış, ondan 4.000 manat məbləğində artıq ödəniş almışdır. Bundan başqa Bank tərəfindən ödəniş planı düzgün hesablanmamış, onun üzərində 3.093,85 manat məbləğində əsassız borc saxlamışdır. İşə baxmış Rayon Məhkəməsi iddiaçının artıq ödəniş etməsi barədə dəlilinin həqiqəti əks etdirib-etdirməməsini araşdırmaq məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18.01.2021-ci il tarixli, 9/5028 nömrəli rəyini almışdır. Həmin rəydə qeyd edilir ki, iddiaçı tərəfindən cavabdeh Banka 28.11.2013-cü il tarixli “Kredit razılaşması” üzrə ümumilikdə 25.09.2020-ci il tarixədək (son ödəniş tarixədək) 95.910,92 manat ödəniş aparılmışdır. Ödənilmiş 95.910,92 manat puldan 34.680,02 manat faiz borcuna, 60.000 manat isə əsas borca silinib. “Kredit razılaşması”, həmin “Razılaşma” üzrə tərəflər arasında bağlanmış 17.03.2016-cı il, 29.09.2016-cı il, 01.03.2018-ci il tarixli “Sazişlərin” şərtlərinə müvafiq olaraq iddiaçının 25.09.2020-ci il tarixə (son ödəniş tarixinə) Banka 1.230,90 manat artıq ödənişi müəyyən edilir. Həmçinin silinmənin hansı ardıcıllıqla aparılması və vaxtından əvvəl ödənilmiş 25.000 (20.000+5.000) manat cədvəl məlumatlarında öz əksini tapmışdır. İşin hallarını və ekspertizanın rəyini nəzərə almış Rayon Məhkəməsi Bankdan iddiaçının xeyrinə tutulmalı olan məbləğləri məhz ekspert rəyinə əsasən müəyyən edərək iddianı qismən, yuxarıda qeyd edilən qaydada, təmin etmişdir. Cavabdeh Bank ekspertiza tədqiqatının onunla iddiaçı arasında bağlanmış “Razılaşmanın” və “Sazişlərin” şərtlərinə uyğun aparılmadığını bildirir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili yoxlamaq və borc məbləğlərinin düzgün və ya səhv hesablanmasını araşdırmaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın rəyini almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01.11.2021-ci il tarixli, 9/6156 saylı rəyindən görünür ki, iddiaçı tərəfindən cavabdeh Banka 28.11.2013-cü il tarixli “Kredit razılaşması” üzrə ümumilikdə 25.09.2020-ci il tarixədək (son ödəniş tarixədək) 95.910,92 manat ödəniş etmişdir. Ödənilmiş 95.910,92 manat puldan 34.680,02 manat faiz borcuna, 60.000 manat isə əsas borca silinmişdir. İş üzrə tərəflər arasında bağlanmış “Kredit razılaşması” və 17.03.2016, 29.09.2016, 09.10.2017, 01.03.2018-ci il tarixli “Sazişlərin” şərtlərinə müvafiq olaraq iddiaçının 25.09.2020-ci il tarixə (son ödəniş tarixinə) Banka 1.230,90 manat artıq ödənişi müəyyən edilir. Həmçinin silinmənin hansı ardıcıllıqla aparılması və vaxtından əvvəl ödənilmiş 25.000 (20.000+5.000) manat cədvəl məlumatlarında öz əksini tapmışdır. Göründüyü kimi bu rəy ilə Rayon Məhkəməsinə təqdim edilmiş rəyin əsaslı olması təsdiqlənir. Cavabdeh Bank rəyin əsassız olmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları (məsələn: hər hansı mütəxəssis tərəfindən aparılmış hesablamanı) Məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, Məhkəmə, hesab edir ki, Bankın dəlili əsaslı hesab edilə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Bank tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Bank tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcini təşkil edən 100 (yüz) manat Cavabdeh QSC-dən tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6318/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6318/2021
10.12.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver