Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6320/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı və Cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: paylı mülkiyyətdə payların naturada bölünməsi və istifadə qaydalarının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dаir ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən naturada istifadə qaydasının müəyyən edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 235/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Mülki iş üzrə tərəflər qardaşdır.
2. ünvan 1 ünvanda yerləşən, 108.5 m2 sahəsi olan fərdi yaşayış evi 7/8 hissədə Cavabdeh, 1/8 hissədə İddiaçı paylı mülkiyyətindədir.
3. Bu fərdi yaşayış evi 0.05 ha torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsi dövlət mülkiyyətindədir və bu sahəyə dair torpaqayırma sənədi mövcud deyil.
4. Tərəflərin mülkiyyətində olan fərdi yaşayış evi onlar tərəfindən faktiki olaraq birbirindən təcrid olunmuş şəkildə onların payına uyğun olaraq naturada bölünmüşdür (hazırda bununla bağlı tərəflərin arasında arasında mübahisə yoxdur).
5. Evin yerləşdiyi 0,05 ha torpaq sahəsi də mübahisə tərəfləri arasında faktiki olaraq bir-birindən təcrid şəkildə naturada bölünməklə istifadə edilməkdədir. Hər iki tərəfin öz istifadəsində olan torpaq sahəsinə ayrıca giriş-çıxış darvazası vardır.
6. Hazırda tərəflər arasında olan mübahisə paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin naturada bölünməsi və ümumi istifadələrində olan torpaq sahəsi üzərində istifadə qaydalarının müəyyən edilməsi, yəni hər bir tərəfin istifadəsində olan sahənin konkret müəyyən edilməsi ilə bağlıdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiаçı İddiaçı Cavabdeh qarşı “paylara uyğun naturada bölgü aparılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, 50 saylı evin yaşayış sahəsindən ona 1/8 payda və cavabdehə 7/8 payda olmaqla, real bölgünün aparılmasına dair məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir.
8. Daha sonra, İddiaçı iddia tələbini dəqiqləşdirərək, məhkəmədən hissədə paylara uyğun real bölgünün aparılmasını və çıxarışa əsasən Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, 50 saylı evin yaşayış sahəsində 1/8 payına mütənasib olaraq 0.014160 ha dövlət mülkiyyətində olan torpaq sahəsinə istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi ev 50-yə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən çıxarışa əsasən yaşayış sahəsi 108.5 m2-dən ibarət olmaqla 1/8 hissədə ona, 7/8 hissədə isə cavabdehə məxsusdur. Yaşadığı evin torpaq sahəsi uzun müddətdir ki, onların arasında bölünmüş və hasar çəkilmişdir. Buna baxmayaraq, cavabdeh qardaşı Cavabdeh iki dəfə məhkəməyə, habelə Suraxanı rayon İcra Hakimiyyətinə müraciətlər edərək evin və torpaq sahəsinin ona məxsus olmasını bildirir, öz ərizələrində ona və ailəsinə qarşı böhtan xarakterli məlumatlar yazır və onların şərəf və ləyaqətini alçaltmağa çalışır. Cavabdeh iki dəfə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək onun tərəfindən aparılmış tikilinin sökülməsi və maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi vermişdir. Hər iki ərizəsində göstərir ki, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi 50 saylı ünvanda yerləşən ev onun mülkiyyətindədir və onun öz həyətinə aid olan hissədə hər hansı bir tikilinin aparılmasını qanunsuz hesab edərək sökülməsini tələb edir və ona mənəvi əzab verməyə çalışır. Artıq o, cavabdehin bu hərəkətlərinə son qoymaq istəyir. Onun ailəsi ilə yaşadığı hissə atadan miras qalmış yaşayış sahəsinə aid deyil. O, miras qalmış mülkün texniki pasportuna əsasən qeyriyaşayış sahəsi sayılan hamam hissəsində yaşayır. Onun payına aid olan yaşayış sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir və mütəmadi olaraq ona qarşı qeyri-qanuni tələblər irəli sürülməkdədir. Cavabdehin ona qarşı qeyri-qanuni tələbləri nəticəsində uzun müddətdir ki, onun səhhətində problemlər yaranmış və müalicəyə külli miqdarda pul sərf etməkdədir. Xəstəliyi səbəbindən iş qabiliyyəti də müəyyən qədər pozulmuşdur. Bunun nəticəsində ona həm mənəvi, həm də maddi ziyan dəyməkdədir. Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi ev 50 ünvanında yerləşən yaşayış sahəsində payların real bölgüsünün aparılmasına zərurət yaranmışdır. Çünki cavabdeh onu ümumi istifadədə olan torpaq sahəsinə buraxmır.
10. İddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən naturada istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsində yerləşən torpaq sahəsinin paylara uyğun olaraq naturada istifadə qaydasının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadıqları evin torpaq sahəsi uzun müddətdir ki, onların arasında bölünmüş və hasar çəkilmişdir. Evin və torpaq sahəsinin ona məxsus olması ilə bağlı Suraxanı Rayon Məhkəməsinə və Suraxanı rayon İcra Hakimiyyətinə bir neçə dəfə müvafiq olaraq müraciət etmişdir. O, Suraxanı Rayon Məhkəməsinə iki dəfə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı tərəfindən aparılmış tikilinin sökülməsi və maneələrin aradan qaldırılması tələbi ilə çıxış etmişdir. Həmin tələbində göstərmişdir ki, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, 50 saylı ünvanda yerləşən ev onun mülkiyyətindədir və orada hər hansı bir tikintinin aparılması qanunsuzdur. Buna görə də göstərilən şəxs tərəfindən istifadə olunan tikinti sökülməlidir. İddiaçı əsassız olaraq qeyd edir ki, onun ailəsi ilə yaşadığı hissə atasından miras qalmış yaşayış sahəsinə aid deyildir və miras qalmış mülkün texniki pasportuna əsasən qeyri-yaşayış sahəsi sayılan hamam hissəsində yaşayır. Adıçəkilən şəxs 108.5 m2 yaşayış sahəsinin 1/8 hissəsi olan 13.5 m2 hissəsinə hüququ çatsa da, 19.0 m2 hissədə yaşayır. Belə ki, İddiaçı hətta ona çatacaq olan paydan artıq istifadə edir.
12. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-235/2022 saylı qətnaməsi ilə (hakim S.Miriyeva) ilkin iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində ilk İddiaçı məxsus 1/8 hissədə payın qarşılıqlı iddiaçı Cavabdeh məxsus 7/8 hissədə paydan naturada ayrılması və payların ayrılması fərdi yaşayış evinin faktiki olaraq təcrid olunmuş formada bölündüyü şəkildə həyata keçirilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində ilk İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh istifadə qaydalarının onların bu torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindəki payları üzrə, torpaq sahəsinin faktiki olaraq təcrid formasında bölündüyü şəkildə həyata keçirilməsi, qarşılıqlı iddia üzrə ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertiza xərcinin 25 (iyirmi beş) manatı ilk İddiaçı, 25 (iyirmi beş) manatı qarşılıqlı iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
13. Məhkəmə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin paylı mülkiyyətlərində olan fərdi yaşayış evi faktiki olaraq təcrid formasında bölünmüş vəziyyətdədir. Fərdi yaşayış evinin bu cür faktiki bölgüsü ekspert tərəfindən həm tikinti-texniki və inşaat qaydalarına uyğun, həm də tərəflərin bu fərdi yaşayış evi üzərindəki paylarına əsasən (qismən (5.34 m2) kənara çıxmaqla) uyğun hesab edilmişdir. Məhkəmə torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair hissədə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində istifadə qaydaları tərəflərin bu torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindəki payları üzrə, torpaq sahəsinin faktiki olaraq təcrid formasında bölündüyü şəkildə həyata keçirilməlidir.
14. Məhkəmə öz mövqeyini AR Konstitusiyasının 13, 29-cu maddələrinə, AR Kİ Məcəlləsinin 152, 157, 213, 215, 220, 243-cü maddələrinə, AR Torpaq Məcəlləsinin 52-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
15. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 iyun 2022-ci il 2(010)-235/2022 saylı qətnaməsinin dəyişdirilərək qarşılıqlı iddianın torpaq sahəsinə münasibətdə faktiki bölgüyə əsasən deyil, iş üzrə verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7289 saylı ekspert rəyinə uyğun (yəni, bölgü həyata keçirilərkən ekspert rəyində göstərilmiş 80 m2-ı nəzərə almaqla) təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən qarşılıqlı iddianın təmin edilməsinə baxmayaraq, aşağıdakı qeyd edilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri gözlənilməyərək düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə əsassız olaraq qeyd etmişdir ki, tərəflərin ümumi istifadəsində olan torpaq sahəsinə gəldikdə isə torpaq sahəsinin də fərdi yaşayış evi kimi, faktiki olaraq bir-birindən təcrid şəkildə bölünməklə tərəflərin istifadəsində olduğu, bu faktiki bölgünün həm tikinti-texniki ekspertizasının həlli metodlarına uyğun olduğu, həm də tərəflərin fərdi yaşayış evindəki paylarına mütənasib (bu paydan qismən (5.4 m2) kənara çıxmaqla) olduğu müəyyən edilmişdir və belə olan halda, məhkəmə əsassız olaraq torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair hissədə ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində istifadə qaydalarının tərəflərin bu torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindəki payları üzrə, torpaq sahəsinin faktiki olaraq təcrid formasında bölündüyü şəkildə həyata keçirilməli olduğunu göstərmişdir. Göründüyü kimi, burada məhkəmə qətnamə qəbul edərkən 0.05 ha torpaq sahəsinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7289 saylı rəyinə deyil, əsassız olaraq faktiki bölgüyə əsaslanmışdır. Belə ki, onlar iş üzrə verilmiş ekspert rəyi ilə də tikiliyə münasibətdə razılaşıblar, lakin torpaq sahəsi ilə bağlı qeyd ediblər ki, torpaq sahəsi 5 sotdur və buna uyğun olaraq həmin torpaq sahəsinin 1/8 hissəsi 62 m2 etsə də, rəydə 80 m2 kimi göstərilmişdir, hansı ki, tərəflərindən birinci instansiya məhkəməsində də göstərilmişdir ki, İddiaçı hətta ona çatacaq olan paydan artıq istifadə edir, amma bununla belə tərəflərindən mübahisə uzanmasın deyə rəydəki rəqəmlərlə razılaşılmışdır. Lakin, məhkəmə torpaq sahəsinə münasibətdə yekun qərar qəbul edərkən bölgünü ekspert rəyində göstərilən 80 m2-ə münasibətdə deyil, faktiki sahəyə, yəni 108.5 m2-ə əsaslanaraq həyata keçirmişdir. Göründüyü kimi, məhkəmənin bu mövqeyi əsassızdır, çünki məhkəmə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/7289 saylı rəyindəki 80 m2-i nəzərə almadan qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin yalnız qarşılıqlı iddiaya dair hissədə dəyişdirilməsinə yönəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin həmin hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
24. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
28. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
29. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
31. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
32. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
33. 213.4.-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.
34. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
35. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
36. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
37. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
38. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
39. 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
40. 52.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır.
41. 52.2-ci maddəsinə əsasən iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir.
AR Mülki Prosessual Məcəlləsi
42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
45. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Kollegiya ilk növbədə qeyd edir ki, qarşılıqlı iddiaçı hazırkı apellyasiya şikayəti ilə qarşılıqlı iddianın təmin edilmiş hissəsini mübahisələndirsə də, onun ləğv edilməsini deyil, dəyişdirilməsini xahiş etmişdir.
47. Qarşılıqlı iddia tələbində tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin onların həmin əmlakdakı paylarına uyğun şəkildə, yəni ilk iddiaçının 1/8 hissə və qarşılıqlı iddiaçının 7/8 hissə paylarına uyğun olaraq naturada istifadə qaydasının müəyyən edilməsi xahiş edilmişdir.
48. Göründüyü kimi, qarşılıqlı iddia torpaq sahəsinin naturada bölünməsinə deyil, həmin torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsinə yönəlmişdir.
49. İş materialları ilə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin paylı mülkiyyəti kimi (ilk iddiaçının payı 1/8 hissə, qarşılıqlı iddiaçının payı isə 7/8 hissə olmaqla) dövlət reyestrində qeydiyyatdan keçmişdir, həmin evin yerləşdiyi torpaq sahəsinin ölçüsü (Çıxarış üzrə) 0,014160 m2, faktiki torpaq sahəsinin ölçüsü (texniki pasport məlumatlarına əsasən) 0,504 m2-dir (bundan tikinti altı sahə 0,0195 ha, digər sahələr 0,0309 ha). Qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətindədir, tərəflərin həmin torpaq sahəsindən istifadə hüquqları vardır.
50. Həmçinin müəyyən edilmişdir ki, həm mübahisəli fərdi yaşayış evi, həm də onun yerləşdiyi torpaq sahəsi artıq uzun illərdir ki, tərəflərin özlərinin təşəbbüsü ilə faktiki olaraq onların arasında sərhəd hasarı çəkilməklə, bir-birindən təcrid olunmuş şəkildə bölünmüşdür və hər birinə aid olan sahədən küçəyə ayrıca giriş-çıxış yolu vardır.
51. Birinci instansiya məhkəməsi ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən ilk İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh istifadə qaydalarının bu torpaq sahəsinin faktiki olaraq təcrid formasında bölündüyü şəkildə həyata keçirilməsini qət edərkən ekspert rəyinə istinad etmişdir.
52. Qeyd edilən rəydən görünür ki, ekspertiza qarşısında 0,01460 kv.m torpaq sahəsindən tərəflərin istifadə qaydasının müəyyən edilməsi sualı qoyulmuşdur. Lakin ekspert mübahisəli əraziyə baxış keçirərkən faktiki torpaq sahəsinin 0,05 ha olduğunu, həmin sahənin tərəflərin fərdi yaşayış evindəki paylarına mütənasib olaraq 0,044 ha hissəsinin Cavabdeh və 0,006 ha hissəsinin İddiaçı aid olmaqla istifadə qaydasının müəyyən edilməsinin mümkün olduğunu müəyyən etmişdir. Ekspert rəyində həmçinin qeyd edilir ki, bu şəkildə, yəni faktiki bölgüyə uyğun olaraq istifadə qaydası müəyyən edilərkən qarşılıqlı iddiaçının istifadəsində olan torpaq sahəsi onun payına müvafiq olaraq ona çatacaq torpaq sahəsindən 5,4 m2 az olur. Bu səbəbdən həmin torpaq sahəsindən istifadənin tərəflərin fərdi yaşayış evindəki payları üzrə, bu paylardan qismən kənara çıxmaqla mümkün olduğu nəticəsinə gəlmişdir. Ekspert rəyi ilə torpaq sahəsinin faktiki bölgüsünün məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarına və İnşaat Norma və Qaydalarının tələblərinə uyğun olduğu da müəyyən edilmişdir.
53. Kollegiya işin hallarını və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəli evin yerləşdiyi torpaq sahəsindən tərəflərin istifadə qaydasını həmin torpaq sahəsinin faktiki bölündüyü vəziyyətə uyğun olaraq müəyyən etməsi düzgün olmuşdur.
54. Bu nəticəyə gələrkən kollegiya nəzərə alır ki, hazırkı iddianın mahiyyəti torpaq üzərində payların müəyyən edilməsi deyil, ondan istifadə qaydasının müəyyən edilməsi ilə bağlıdır.
55. Mülki qanunvericiliyin tələbinə görə, paylı mülkiyyətdə olan əmlakdan istifadə onun bütün mülkiyyətçilərinin razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qərarı əsasında həyata keçirilir.
56. Qeyd edilən torpaq sahəsi tərəflərin istifadəsində olsa da, onların mülkiyyətində deyil və həmin torpaq üzərində onların payları müəyyən edilməmişdir. Bu səbəbdən də həmin torpaq sahəsindən istifadə qaydası müəyyən edilərkən orada yerləşən fərdi yaşayış evində tərəflərin 1/8 və 7/8 paylarına istinad edilməsi üçün hüquqi əsas mövcud deyildir.
57. Əksinə, yuxarıda da qeyd edildiyi kimi mübahisəli torpaq sahəsi uzun illərdir ki, tərəflərin öz razılığı ilə faktiki olaraq təcrid şəkildə bölünməklə aralarında sərhəd hasar inşa edilmişdir və bu şəkildə istifadə edilməkdədir. İlk iddiaçı tərəfindən torpağın onun istifadəsində olan hissəsində sərhəd hasarı boyunca evin üst qatına qalxmaq üçün pilləkan inşa edilmiş, küçəyə giriş-çıxış darvazası qoyulmuşdur, qarşılıqlı iddiaçı isə öz istifadəsində olan hissədə həmin sərhəd hasara bitişik qaraj inşa etmişdir. Belə vəziyyətdə mövcud hasarın sökülməsi ilə tərəflərin özlərinin müəyyən etdikləri istifadə qaydasının dəyişdirilməsi onların hasar boyunca inşa etmiş olduğu tikililərin də sökülməsinə səbəb olacaqdır. Bu isə hər iki tərəfi hədsiz yükə məruz qoymaqla, onları iqtisadi cəhətdən çətin vəziyyətə salmış olardı.
58. Kollegiya onu da nəzərə alır ki, tərəflərin mübahisəli torpaq sahəsindən mövcud qaydada istifadə etməsi həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onların paylarına düşən hissəsindən rahat şəkildə istifadə etmələrinə tam imkan verir.
59. Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, birinci instansiya məhkəməsinin ünvan 2 ünvanda yerləşən torpaq sahəsi üzərində istifadə qaydalarının bu torpaq sahəsinin faktiki olaraq təcrid formasında bölündüyü şəkildə həyata keçirilməli olması barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur.
60. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-235/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində qarşılıqlı iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.