Məhkəmə qərarları › İş №2(103)-6323/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6323/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6323/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6323/2024 (Açar sözlər: kredit müqaviləsi üzrə borcu tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-817/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 04 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 09/507-2022 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə qaytarmaq şərti ilə illik 28% dərəcəsi ilə 100000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli 09/507-2022 nömrəli ipoteka müqaviləsi, digər Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə 09/507-2022 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən əsas borc üzrə 100.000 manat, faiz borcu üzrə 28.644,44 manat, cərimə borcu üzrə 35.580,4 manat, borcun cəmi məbləği 164.224,84 manatın və dövlət rüsumu kimi ödənilmiş 455 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan 220.000 manat qiymətləndirilən Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 18 A ünvanında yerləşən 33 saylı mənzilinə yönəldilərək hərraca çıxarılması, əmlakların açıq hərrac yolu ilə satılaraq, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin ona yaranmış borcunun ödənilməsinə yönəldilməsi, borc məbləği tam ödənilmədiyi təqdirdə qalıq məbləğin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 09/507-2022 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə qaytarmaq şərti ilə illik 28% dərəcəsi ilə 100.000 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə 09/507-2022 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə “zamin” borclu Cavabdeh1 təşkilata olan öhdəliklərini tam yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Həmçinin borcalanın öhdəliklərinin icrasının təminatı kimi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 09/507-2022 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2.1-ci maddəsinə əsasən ipoteka saxlayanla Borcalan arasında Bakı şəhərində bağlanmış xx.xx.2022-ci il tarixli 09/507- 2022 nömrəli kredit müqaviləsinə əsasən borcalanın yaranacaq öhdəliyinin təminatı kimi, ipoteka qoyan Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ((Reyestr № **********20- 05301-093009, Qeydiyyat № ********** Qeydiyyat tarixi xx.xx.2022-ci il ) Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 33 saylı mənzili xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi əsasında İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İpoteka müqaviləsi notarial təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və (və ya) faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 1) uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə № 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə 2 (iki) iş günündən sonra hər gecikdirilmiş gün üçün aylıq ödəniləcək əsas məbləğinin 1%-i həcmində dəbbə (cərimə) ödəyir. Borclunun xx.xx.2023-ci il tarixə BOKT "xxxx" MMC-yə kredit müqaviləsi üzrə borcunun məbləği əsas borc 100000 manat , faiz borcu üzrə 28644.44 manat ,cərimə borcu üzrə 35580.4 manat, borcun cəmi məbləği 164224.84 manat məbləğində təşkil edir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-817/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 09/507- 2022 saylı kredit müqaviləsi üzrə 98.898,1 manat məbləğində əsas borc, 10.229,91 manat məbləğində faiz borcu, 9000 manat məbləğində cərimə, ümumilikdə 118.128,01 manat məbləğində borcun, ödənilmiş dövlət rüsumunun 327 manatının iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18a, 33 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına ümumi borcun və dövlət rüsumunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18a, 33 saylı mənzilin ilkin satış qiymətinin 284.420 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 150 manat məbləğində vəsaitin 108 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 42 manatının isə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 317.1, 319.1, 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 463.1, 465.2, 467, 472.1, 472.2 və 739-cu maddələri, “İpoteka haqqında” Qanunun 1.0.9, 34, 36.1, 36.3, 39.3, 41.1, 47.4, 47.5, 59.3, 59.3.1, 56.3.2 və 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, bildirmişdir ki, o, kredit müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etmişdir. Daha sonra tam icra etməməsinin səbəbi dünyada və ölkəmizdə olan pamdemiya ilə bağlıdır. Digər tərəfdən isə kredit müqaviləsi üzrə müddət bitməmişdir. İkincisi, iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixli Fərmanı nəzərə almamışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış kredit müqaviləsində isə, faizlərin əsas borcla birlikdə, aylar üzrə ödənilməsi nəzərdə tutulub. Hər iki tərəfdən qanunun tələblərinə riayət edilməmişdir. Bu da iddiaçının ödəmə imkanlarını çətinləşdirən amillərdən biridir. Cavabdeh tərəfindən edilmiş ödənişlər iddiaçı tərəfindən faizləri, cəriməyə və məbləğin az hissəsi yalnız əsas borcun silinməsinə yönəlmişdir. Məhkəmə cavabdehlərin məhkəmə iclasında iştirak etməmələrinin səbəblərini araşdırmadan, iştirakını təmin etmədən məhkəmə qətnaməsi qəbul etmişdir. Bununla da məhkəmə sübutların araşdırılmasından və sübutların təqdim olunmasından cavabdehləri məhrum edərək ədalət mühakiməsinin müqəddəs olan tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərini pozaraq ədalətli məhkəmə araşdırılması hüququmuzun pozulmasına səbəb olmuşdur. Hazrkı iş üzrə hesab edir ki, iddiaçı tələbinin əsasında duran halları mötəbər dəlillərlə tam sübuta yetirə bilməmişdir. Cavabdehlərə iddiaya etirazını məhkəmə təqdim etməsinə şərait yaradılmamışdır. Qeyd edlənlərə əsasən qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir, etirazda apellyasiya şikayətinin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

b) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh1 nümayəndə-vəkili məhkəməyə ərizə ünvanlayaraq eyni günə təyin olunmuş başqa bir məhkəmə iclasında iştirakı ilə əlaqədar hazırki məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, qeyd edilən üzrlü səbəbə dair sübutları (digər məhkəmə işi ilə nə kimi bağlılığının olduğunu təsdiq edən sənədləri (order və s.)) əlavə etməmişdir. Kollegiya cavabdehin nümayəndə-vəkilinin məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü səbəblərinə dair məlumatların olmadığını, eləcə də işin hallarını, şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyünü nəzərə alaraq Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

13. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.

15. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

18. Maddə 449.1. Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

19. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

20. Maddə 462.1. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

21. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır;

22. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər;

23. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

24. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

25. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. ( müqavilə bağlandığı an qüvvədə olan redaksiya )

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

26. Maddə 34. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və qanunda nəzərdə tutulmuş digər hallardır;

27. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

28. Maddə 36.3.İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır;

29. Maddə 39.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

30. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33 Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Hazırda qətnaməni yalnız Cavabdeh1 mübahisələndirdiyindən, qətnamənin qanuniliyi və əsaslılığı həmin cavabdehə aid hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apelyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmadan, qətnamə isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Belə ki, iş materialarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 33 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçirilmişdir;

42. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsinin surətindən görünür ki, MMC Cavabdeh1 36 ay müddətinə illik 28 % dərəcəsi ilə 100.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən borcalan kredit və (ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə 2 gündən sonra hər gecikdirilmiş gün üçün aylıq ödəniləcək əsas məbləğin 1%-i həcmində dəbbə pulu (cərimə) ödəyir.

43. Müqaviləyə 1 saylı Əlavədən - ödəniş qrafikin surətindən görünür ki, xx.xx.2022ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən başlamaqla xx.xx.2025-ci il tarixə qədər borcalan tərəfindən hər ay 4137 manat, sonuncu ay isə 4098 manat məbləğində ödəniş edilməlidir.

44. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Bu müqavilə 09/507-2022 saylı kredit müqaviləsinin müddəti bitdiyi tarixdən əlavə 3 il müddətinə qüvvədədir.

45. xx.xx.2022-ci il tarixli ipoteka ilə yüklü ediləcək daşınmaz əmlakın qiymətləndirilməsi üzrə aktın surətindən görünür ki, Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 18 A, ünvanında yerləşən 33 saylı mənzilin bazar dəyəri 240.000 manat, likvid qiyməti isə 220.000 manat məbləğində qiymətləndirilmişdir.

46. İpoteka saxlayan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli İpoteka müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 18 A, ünvanında yerləşən 33 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmeti tərəflərin razılığı ilə 240.000 manat məbləğində bazar dəyəri, 220.000 manat məbləğində likvid dəyər ilə qiymətləndirilir.

47. xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 100.000 manat məbləğində əsas borc, 28.644,44 manat məbləğində faiz borcu və 35.580,4 manat məbləğində cərimə olmaqla, cəmi 164.224,84 manat məbləğində borcu vardır.

48. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2022-ci il tarixli xəbardarlığın surətindən görünür ki, sonunculara xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsi üzrə gecikmədən çıxmaq üçün tələb edilən borcun məbləğinin 8.900 manat təşkil etdiyi bildirilərək həmin borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Əks təqdirdə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün MMC tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

49. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 18 A, ünvanında yerləşən 33 saylı mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

50. Birinci instansiya məhkəməsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9971 №-li rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 011R********** saylı kredit razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 iddiaçı "xxxx" BOKT MMC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: Maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 98.898,10 manat; faiz borcu üzrə 10.307,74 manat. Son ödənişin tarixinə yəni xx.xx.2024cü il tarixə: əsas borc üzrə 98.898,10 manat; faiz borcu üzrə 10.229,91 manat. Həmçinin rəydə Qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış 19 sentyabr 2019- cu il tarixli, 011R********** №-li kredit razılaşmasın üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9861-9/9958 №-li rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tədqiq olunan mənzilin ümumi sahəsinin 152.30 kv.metr təşkil etdiyini nəzərə alaraq, Binəqədi rayonu Əcəmi ünvan 4 ünvanda yerləşən, 33 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 316022,00 manat (2075,00 x 152.30), məbləğində müəyyən olunur. Göstərilənləri nəzərə alaraq, 10% azalma əmsalı tətbiq edilməklə həmin yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən (316022,00 -10%) 284420,00 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

52. Beləliklə, sadalanan sübutlar əsasında müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 09/507-2022 saylı kredit müqaviləsinə əsasən kreditverən sonuncuya illik faiz dərəcəsi 28% olmaqla 36 ay müddətinə 100.000 manat məbləğində kredit vermiş, sonuncu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə uyğun kreditora ödəməklə bağlı öhdəlik qəbul etmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədilə tərəflər arasında zaminlik və Cavabdeh1lə ipoteka müqaviləsi bağlanmışdır. Lakin cavabdeh(lər) kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

53. Cavabdeh(lər)dən tutulmalı olan borcun məbləğinə gəlincə isə kollegiya bildirir ki, borcun məbləği ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş üzrə verilən ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər borcalan tərəfindən ödənişlər edilmişdir. Ekspert rəy verərkən borcalanın etdiyi bütün ödənişləri nəzərə almış və sonda nəticəyə gəlmişdir ki, son ödəniş tarixinə yəni xx.xx.2024-cü il tarixə cavabdehlərin əsas borcu 98.898,10 manat, faiz borcu isə 10.229,91 manat təşkil edir. Kollegiya iddia tələbinin cərimə borcu hissəsində də məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehdən 9000 manat cərimə məbləğinin tutulması yuxarıda istinad olunmuş maddi hüquq normalarının tələblərinə və işin hallarına uyğun olmuşdur.

54. Məhkəmə hazırki işə borc məbləğinin müəyyən edilməsi baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqe nəzərə alınmaqla da qiymət verilməsini zəruri hesab edir. Belə ki, həmin qərarda əks etdirilən hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

55. Bununla bağlı, kollegiya qeyd edir ki, cavabdehə göndərilmiş xəbərdarlıq məktublarında müqavilənin ləğvi ilə bağlı iradə ifadəsi əks olunmayıb, digər tərəfdən işdən göründüyü kimi, cavabdehlər tərəfindən xəbərdarlıqlardan sonra ödənişlər edilmişdir.

56. Kollegiya cavabdehin borc məbləği ilə razılaşmaması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Qeyd edilən normaların tələblərindən də göründüyü kimi istər iddianı irəli sürən şəxs, istərsə də həmin iddia tələbi ilə razılaşmayaraq buna etiraz edən müvafiq olaraq öz mülahizələrini əsaslandırmalı və məhkəmə həmin əsaslandırmaların kökündə duran sübutlara qiymət verməli, yalnız həmin dəlillər kifayət etmədikdə məhkəmə tərəfindən bunun üçün əlavə tədbirlərin görülə biləcəyi nəzərdə saxlanılmalıdır. Hazırki iş üzrə Cavabdeh1 onun iddiaçıya olan borcunun məbləğini əks etdirən və məhkəmənin mötəbər sübut olaraq qəbul etdiyi ekspert rəyini təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iş materiallarındakı sənədlərin mübahisəyə qiymət vermək üçün kifayət olmadığını təsdiq edəcək hər hansı tutarlı dəlil irəli sürməmişdir.

58. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş borc öhdəliyinin olması iş materialları ilə sübut olunduğundan borcun ödənilməsi üçün tələbin ipotekaya qoyan Cavabdeh1 tərəfindən ipotekaya qoyulmuş onun mülkiyyətində olan Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 18 A, ünvanında yerləşən 33 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc məbləğinin ödənilməsi hissəsində də məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kollegiya həmçinin qanunvericiliyin tələbinə görə qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında göstərilməli olduğunu və iş üzrə verilmiş eskpert rəyi ilə ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyərinin 284.420 manat qeyd olunduğunu nəzərə alaraq əmlakın ilkin satış qiymətinin 284.420 manat məbləğində müəyyən olunması qənaətinə gəlir.

59. Cavabdehin digər apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya bildirir ki, tərəflər arasında kredit münasibətləri 2022-ci il tarixində yarandığından “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın müddəaları ona şamil oluna bilməz. Bundan əlavə iş materiallarından cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsi üçün bütün mümkün vasitələrdən istifadə edildiyi məlum olmuşdur. Nəzərə çatdırılır ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır ( MPM 185.5-ci maddə).

60. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

61. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

63. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-817/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar