Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6324/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1789/2024 nömrəli 29 may 2024-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış ünvan 1 ünvanında 2 otaqlı evə və əlavə tikililərə dair onların adına vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1789/2024 nömrəli 29 may 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı1 şikayət vermiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçılar tərəfindən mərhum X2 miras qalmış ünvan 1 ünvanında 2 otaqlı evə və əlavə tikililərə dair İddiaçı1 və İddiaçı2 adına vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil. İddiaçılar ilk növbədə qohumluq faktının, həmçinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etməlidirlər. Həmin məsələyə dair işə ilk növbədə xüsusi icraat qaydasında baxılmalıdır. Bakı şəhəri 25 saylı notariat ofisinin 21 fevral 2024-cü il tarixli, x186/24 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətə baxılmışdır. Təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktıını təsdiq edən, həmçinin miras qoyanla qohumluq münasibətlərini təsdiq esən sənəd təqdim olunmamışdır. Hazırda iddiaçılar notariat ofisinin hərəkətlərini mübahisələndirərək, vərəsəlik şəhadətnaməsinin verilməsini tələb etmişlər. Kollegiya qeyd edir ki, məhkəmənin istinad etdiyi – qohumluq faktının, mirasın qəbul edilməsi faktının müəyyən edilib-edilməməsi kimi hallar iddia tələbinə mahiyyəti üzrə baxılaraq nəticəyə gəlmək üçün, yəni iddianın təmin və ya rədd edilməsi barədə qənaətə gəlmək üçün əsas verən hallardır. Həmin hallara istinadən mülki iş üzrə icraata xitam verilməsi əsassız olmuşdur. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1789/2024 nömrəli 29 may 2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6324/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6324/2024
04.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver