Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6325/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “hərracın nəticəsinə dair yekun protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 BOKT ASC-yə, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticəsinə dair yekun protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2283/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qaradağ rayon Məhkəməsinin 2(002)-384/2017 saylı 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cəmi 24556,96 ABŞ dolları borcun və 23.70 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq Cavabdeh3 BOKT ASC-yə ödənilməsi, tutmanın həmin borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 25 saylı evin, 3 saylı mənzilinə yşnəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, satışdan götürülmüş məbləğ “Finoko" BOKT ASC-nin tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğ X2, “Finoko" BOKT ASC-nin tələbindən artıq olarsa, artıq məbləğin İddiaçı qaytarılması qət edilmişdir.
2. Qaradağ Rayon Məhkəməsinin 2(002)-36/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X3 cavabdehlər Qaradağ rayon İcra və Probasiya şöbəsinə və “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-yə qarşı «əmlakın qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi təmin edilmiş, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin xx.xx.2018-ci il tarixli hesabatı ləğv edilmiş və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 25 saylı evin, 3 saylı mənzilinin ilkin satış qiyməti 92.000 (doxsan iki min) manat məbləğində müəyyən edilmişdir.
3. "xxxx" MMC-nin hərracın keçirilməsi barədə xx.xx.2021-ci il tarixli, 01/2390 saylı və xx.xx.2021-ci il tarixli, 01/2681 saylı bildirişlərlə İddiaçı əmlakın 92000 manat ilkin satış qiymətilə xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə hərraca çıxarılacağı barədə məlumat verilmişdir.
4. Qaradağ Rayon İcra Şöbəsinin xx/xx-45087 1 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 25 saylı evin, 3 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə "Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 58.650 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.
5. Hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 69/02 nömrəli protokolla İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 25 saylı evin 3 saylı mənzili ilkin satış qiyməti 92.000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 78.200 manat, 25% aşağı olan dəyəri 58.650 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, ipoteka saxlayan Cavabdeh3 BOKT ASC tərəfindən 58.650 manata əldə edilmişdir.
6. “Birja yenilikləri” qəzetinin 262 saylı xx.xx.2021-ci il tarixli buraxılışında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən 25 saylı evin 3 saylı mənzilinin hərraca çıxarılması yeri və vaxtına dair elan verilmişdir.
7. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 25, mənzil 3, giriş 1 mənzili xx.xx.2022-ci il tarixdən Cavabdeh3 BOKT ASC-nin mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Qaradağ rayon İcra şöbəsi tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin məcburi qaydada satışı ilə əlaqədar keçirilmiş hərracın nəticəsinə dair 30 sentyabr 2021-ci il tarixli, 69/02 saylı hərracın yekun protokolunun və həmin protolun hüquqi nəticəsi olaraq Cavabdeh3 BOKT ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli alqı satqı müqaviləsinin, habelə həmin müqavilə əsasında cavabdehə Cavabdeh3 BOKT ASCyə verilmiş **********47-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış etibarsız hesab etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 384/2017 saylı 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 BOKT ASC-nin iddiası qismən təmin edilmiş, cavabdeh X2 ümumilikdə 24.556,96 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın ona məxsus ünvan 1 ünvanında yerləşən əmlaka yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satışa çıxarılması və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5414/2017 saylı 24 may 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-8493/17 saylı 11 dekabr 2017-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra Qaradağ Rayon Məhkəməsinin 2(002)- 384/20l7 saylı 14 fevral 2017-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, ipoteka predmeti iki dəfə açıq hərracda satışa çıxarılmışdır. Lakin, ilkin, daha sonra təkrar hərracda əmlakın satışı baş tutmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, 30 sentyabr 2021-ci il tarixli, 69/02 saylı hərracın yekunları barədə protokola və həmin tarixli alqı satqı müqaviləsinə əsasən, Cavabdeh3 BOKT ASC tərəfindən 58650 manata əldə edilmişdir. Sözügedən sənədlər əsasında Cavabdeh3 BOKT ASC ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus 3 saylı mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış (reyestr nömrəsi: **********47- 05101-093002, qeydiyyat nömrəsi:**********, tarixi: xx.xx.2022-ci il) almışdır. 30 sentyabr 2021-ci il tarixli, 69/02 saylı hərracın yekununa dair protokol və həmin protokolun hüquqi nəticəsi olaraq alqı-satqı müqaviləsi, habelə həmin müqavilə əsasında cavabdehə verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış etibarsız hesab edilməlidir. Belə ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-36/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ona mülkiyyət hüququ əsasında məxsus ünvan 3 ünvanında yerləşən mənzil 92.000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh3 BOKT ASC digər cavabdeh "xxxx" MMC ilə cinayət əlaqəsinə girərək Qaradağ Rayon Məhkəməsinin 2(002)-36/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qəsdən ört-basdır edilərək (gizlədilərək) ona məxsus mənzil köhnə qiymət ilə, yəni 75.000 manat dəyərində hərraca çıxarılmış və nəticə etibarı ilə onun mənzili aşağı dəyərdə hərrac yolu ilə maddi maraqlar qarşılığında cavabdeh bankın xeyrinə özgəninkiləşdirilmişdir. Digər cavabdeh Qaradağ rayon İcra şöbəsi cavabdeh "xxxx" BOKT ASC və cavabdeh "xxxx" MMC ilə qabaqcadan qarşılıqlı razılığa gələrək yuxarıda qeyd etdiyi qeyd olunan qanunsuzluqlar qəsdən göz yummaqla qanunsuz olaraq iddiaçının mənzili cavabdeh bankın balansına götürülməsində yardımçı olmuşdur. Eyni zamanda hərrac keçirilməsi haqqında iddiaçı cavabdeh hərrac mərkəzi tərəfindən qanuna müvafiq qaydada xəbərdar edilməmişdir. Hazırda mübahisələndirdiyi hərrac, hərracın yekununa dair protokol, həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış haqqında cari ilin mart ayının 28-də iddiaçının məlumatı olmuşdur. Qeyd etdiyi kimi ona məxsus mənzil ikinci dəfə qiymətləndirildikdən sonra icra məmuru tərəfindən ona tələbin könüllü icrası haqqında bildiriş verilmədən ona məxsus mənzilin yeni qiymət, yəni 92.000 manatla deyil, köhnə qiymət ilə 75.000 manatla hərrac yolu ilə satışı üçün sifariş verilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə görə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində elan dərc etdirilməli və bununla bərabər ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir. İddiaçıya hərracın keçirilməsi barədə bildiriş göndərilməsi barədə hər hansı sübut yoxdur. Deməli, hərrac ‘‘İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir.
10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2283/2022 saylı qətnaməsi ilə (hakim A.Novruzova) iddia təmin edilməmişdir.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı hərracın keçirilməsi barədə lazımı qaydada məlumatlandırılmışdır. Həmçinin, məhkəmə baxışı zamanı ipoteka predmeti olmuş əmlakın qimətləndirmə xidmətinin qoyduğu qiymət əsasında, yəni 92.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarıldığı və əmlakın bank olmayan kredit təşkilatının mülkiyyətinə verildiyi müəyyən olunmuşdur.
12. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” AR Qanununun 34.1, 39.2, 41.1, 41.3, 41.1, 41.5, 42.1, 44, 53.1, 53.2, 53.3-cü maddələrinə, AR Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 415.1, 415.2-ci maddələrinə, F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2283/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tam şəkildə ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
17. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetinin qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
“İpoteka haqqında” AR Qanunu:
22. Qanunun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
23. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.
24. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
AR Mülki Məcəlləsinin:
25. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
26. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
27. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
AR Mülki Prosessual Məcəlləsi
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
32. Belə ki, iddiaçı öz iddia ərizəsində "xxxx" MMC tərəfindən keçirilmiş hərracın qanunvericiliyin tələblərinin pozulmaqla keçirilməsini iddia edir və bildirir ki, hərrac təşkilatı onları hərracın keçirilmə yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmamış, hərracın təşkili ilə bağlı bildirişlər yanlış ünvana göndərilmişdir.
33. Lakin hərrac təşkilatı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş bildirişlərin surətindən görünür ki, borclu şəxs hər iki hərracın keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış, 213144 saylı və 213543 saylı poçt qəbzinin surətindən də göründüyü kimi İddiaçı sözügedən bildirişləri şəxsən qəbul etmişdir.
34. Göründüyü kimi, iddia tələbinin bu dəlili əsassız olmuşdur və birinci instansiya məhkəməsi haqlı olaraq həmin dəlilə qiymət verərək onu əsassız hesab etmişdir.
35. Bundan başqa, iddiaçı ipoteka predmeti olan əmlak hərraca çıxarılarkən, onun ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə, bununla bağlı qəbul edilmiş qətnamədə göstərilən ilkin satış qiymətinin nəzərə alınmadığına istinad edir.
36. İş materiallarında olan Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsindən görünür ki, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus 3 saylı mənzilin ilkin satış qiyməti 92.000 manat müəyyən edilmişdir.
37. Həmçinin iş materiallarında olan hərrac sənədlərindən müəyyən edilir ki, ipoteka predmeti olan əmlak 92.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır. Lakin hərrac, habelə təkrar hərrac baş tutmadığından əmlak 25% aşağı qiymətlə ipoteka saxlayana təklif edilmiş və onun tərəfindən əldə edilmişdir.
38. Qeyd edilmiş hərrac hərəkətlərinin həyata keçirilməsi zamanı qanunvericiliyin hər hansı tələbinin pozuntusuna yol verildiyi müəyyən edilmir.
39. Beləliklə müəyyən edilir ki, iddiaçının ipoteka predmetinin ilkin satış qiymətinə dair dəlilləri də əsassız olmuşdur və birinci instansiya məhkəməsi həmin dəlilləri qəbul etməməklə düzgün nəticəyə gəlmişdir.
40. Kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
41. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2283/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.