Məhkəmə qərarları › İş №2(103)-6328/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6328/2023

25.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6328/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1rşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6328/2023 (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçıların nümayəndə-vəkili Vəkil1, cavabdehin nümayəndə-vəkili Vəkil2 Elmar oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1rşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli 2(011)- 3495/2023 saylı qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 2 nömrəli Zeytun sovxozunun direktoru Abşeron rayonu XDS İcraiyyə Komitəsinin Zeytun sovxozunun ərazisindəki kənd təsərrüfatına yararsız olan 6 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün ayrılması haqqında xx.xx.1989-cu il tarixli 234,4 nömrəli qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 84 nömrəli qərarına əsaslanaraq özünün xx.xx.1991-ci il tarixli, 36 nömrəli əmri ilə sovxozun işçisi X2 fərdi yaşayış tikmək üçün 0,6 ha torpaq sahəsi ayırmış və həmin torpaq sahəsində özbaşına fərdi yaşayış evi inşa edilmişdir.

2. ünvan 1 ünvanında yerləşən sözügedən özbaşına inşa edilmiş fərdi yaşayış evi (Bundan sonra – Fərdi yaşayış evi) qeyri-rəsmi qaydada “Daşınmaz əmlakın satılıb alınması üçün” adlı sənəd əsasında, tərəflərin bildirdiklərinə görə, 2012-ci ildə 42.000 ABŞ dollarına Rövşən Məmmədov adlı şəxs tərəfindən cavabdehə satılmış və hazırda da onun sahibliyindədir.

3. Fərdi yaşayış evinə dair dövlət orqanı tərəfindən verilən yeganə sənəd Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 2012-ci ilin may ayında tərtib edilmiş “Həyətin cizgiləri, şəxsi tikililər, yardımçı otaqlar” adlı sənəddir ki, orada fərdi yaşayış evinə aid torpaq sahəsinin plan-sxemi, mərtəbələrin və otaqların sayı, habelə cavabdehlə birlikdə qeydiyyatda oan şəxlər göstərilmişdir. Fərdi yaşayış evində cavabdehdən başqa iddiaçının və digər qız övladının qeydiyyatda olması göstərilmişdir.

4. İddiaçı1 cavabdehin övladıdır. İddiaçılar xx.xx.2020-ci il tarixində nikaha daxil olmuşlar və onların nikahından bir övladları xx.xx.2021-ci il təvəllüdlü X15 doğulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 azyaşlı övladları X16 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 uzun müddət fərdi yaşayış evində yaşamışdır. Digər İddiaçı2 ilə nikaha daxil olduqdan sonra fərdi yaşayış evində yaşamağa davam etmişlər. Birgə nikahdan David adlı oğlu dünyaya gəlmiş və 2 mərtəbədən ibarət 3 otaqlı fərdi yaşayış evində 1 otaq onun və digər ailə üzvlərinin istifadəsində idi. Lakin bir neçə aydır cavabdeh tərəfindən həm onun, həm də digər ailə üzvlərinin fərdi yaşayış evindən istifadəsinə icazə verilmir. Bu səbəbdən 3 aya yaxın müddətdir ki, həmin fərdi yaşayış evində yaşaya bilmirlər. İddiaçılar və azyaşlı övladlarının hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. AR Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda da fərdi yaşayış evində İddiaçı1 və oğlu David Batkayevin qeydiyyatda olması göstərilmişdir.

7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçıların həmin fərdi yaşayış evindən çıxmalarına səbəb o olmuşdur ki, ailədaxili münaqişələr baş vermiş, polis isə iddiaçılara bildirmişdir ki, müvəqqəti olaraq fərdi yaşayış evindən çıxsınlar, sonra yenə qayıdarlar. İddiaçılar sonradan qayıtmaq istədikdə cavabdeh onları fərdi yaşayış evinı buraxmamışdır. Digər İddiaçı2 gəlin köçəndən fərdi yaşayış evində yaşamış, cehiz əmlakını da ora gətirmişdir.

8. Cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçılar fərdi yaşayış evinə 2021-ci ilin oktyabr ayınadək yaşamışlar. Sonradan aralarında mübahisə olmuş, cavabdeh müvafiq qurumlara müraciət etmiş, polis bölməsində işləri olmuşdur. Lakin iddiaçılar evi tərk etdiyindən cavabdeh də şikayətini geri götürmüşdür. İddiaçılar fərdi yaşayış evindən öz əşyalarını da götürüb getmişlər. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilk öncə Sərəngül Abbasovaya ayrılıb, sonradan torpaq sahəsi onun tərəfindən Rövşən Məmmədova satılıb. Rövşən Məmmədov tərəfindən torpaq sahəsində hazırki fərdi yaşayış evi tikilmiş və fərdi yaşayış evi sonradan cavabdehə satılmışdır. Cavabdeh ailə üzvləri ilə birlikdə əvvəlcə Günəşlidə özlərinə məxsus evdə yaşayıblar, sonradan cavabdehin digər övladının səhhətində problem olduğu üçün həmin evi satmaq məcburiyyətində qalıblar, evin satışından əldə olunan pulun bir hissəsini cavabdehin övladının xəstəliyinə xərclənmiş, qalan hissəsi ilə isə hazırki mənzili alıblar. İddiaçı1 2012-ci ildən fərdi yaşayış evində yaşamış, ancaq İddiaçı2 2020-ci il tarixdən o evə köçmüşdür.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli 2(011)- 3495/2023 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, İddiaçı1 yetkinlik yaşına çatmayan övladı – xx.xx.2021-ci il təvəllüdlü oğlu X16 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, İddiaçı2 isə iddiasının təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, Mənzil Məcəlləsinin 1.1, 12.1, 12.2-ci maddələri, Mülki Məcəllənin 27, 152.2 və 159-cu maddələri, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.1 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin İddiaçı2 aid hissədə ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. Apellyasiya şikayətinin dəlillərinə görə mübahisə predmeti olan əmlak ünvan 1 cavabdeh X5 məxsus olmaqla özbaşına tikili hesab edilir. Belə ki, mübahisəli əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, özəlləşdirilməmişdir. Belə olan halda cavabdeh şəxslə birlikdə iddiaçılar və onların azyaşlı övladlarının da mübahisəli mənzildən istifadə etmək hüquqları vardır. Dövlət reyestrində qeydə alınmamış, şəxsin adına özəlləşdirilməmiş əmlaka dair özbaşına tikilini inşa etmiş şəxsin və onun ailə üzvlərinin, o cümlədən onunla birlikdə nikahda olan və birgə yaşayan həyat yoldaşının da istifadə hüququ mövcuddur. Buna baxmayaraq Xətai Rayon Məhkəməsi mübahisəni tam araşdırmamış, yalnızca İddiaçı1 və azyaşlı övladının xx.xx.2021-ci il təvəllüdlü X8 fərdi yaşayış evinə köçürülməli olması qənaətinə gəlmiş, iddiaçı gəlinin isə ailə üzvü hesab edilməməsi qənaətinə gələrək mübahisəli əmlaka = köçürülməməsini qərara almışdır. Halbuki, gəlin ailə üzvü hesab edilməklə hüquqları təmin edilən İddiaçı1 və azyaşlı övladları xx.xx.2021-ci il təvəllüdlü X16 ilə birgə mübahisəli əmlakda yaşaması qanunidir. Bundan savayı cəmiyyətimiz tərfindən qəbul edilən ailə modelinə uyğun olaraq da iddiaçılar ər-arvad uşaqları ilə birgə birlikdə yaşamalı, ailə münasibətlərini davam etdirməlidirlər. İddiaçı1 həmin mənzilə köçürülməsi, digər İddiaçı2 isə mənzilə köçürülməməsi ailə dəyərlərini təhlükə altına qoymaqla, rəsmi nikahda olan şəxslərin bundan sonra yaşayışına təsir göstərəcəkdir. Belə ki, həm qanun, həm də mövcud adətlər iddiaçıların birlikdə övladları ilə mübahisəli fərdi yaşayış evində yaşamasını tələb edir. Buna baxmayaraq məhkəmə düzgün hüquqi mövqeyə gəlməmiş, yalnızca İddiaçı2 deyil, digər İddiaçı1 və birgə böyütməli olduqları azyaşlı övladlarının da hüquqlarını kobud surətdə pozmuşdur. Cavabdeh özü məhkəmə prosesi zamanı etiraf etmişdir ki, iddiaçılar birlikdə mübahisəli əmlakda yaşamış, İddiaçı2 həmin evə gəlin köçmüşdür. Cavabdeh şəxs İddiaçı2 orada yaşamasına mane olmasını və bundan sonra da yaşamağa icazə vermiyəcəyini məhz özü məhkəmə iclasında bildirmişdir. Belə ki, İddiaçı2 mübahisəli fərdi yaşayış evində yaşamasının təsdiq edilməsi üçün şahid ifadələrinin verilməsi ilə bağlı tərəfimizdən vəsatət qaldırılmışdır. Cavabdeh şəxsin isə İddiaçı2 mübahisəli fərdi yaşayış evinə gəlin köçməsi və ailə ilə birlikdə orada yaşamasını qəbul etdiyi halda həmin şahid ifadələrinə ehtiyac qalmamışdır. Göründüyü kimi, bütün dəlillər iddia tələbinin tam həcmdə təmin edilməsini şərtləndirir. Məhkəmənin gəldiyi hazırki qənaət isə qanunazidd olmaqla İddiaçı2 hüquqlarını kobud surətdə pozur, qanun və cəmiyyət tərəfindən qəbul edilən ailə modeli ilə uyğunlaşmır. Həmçinin, məhkəmənin özünün də qeyd etdiyi kimi İddiaçı2 yaşayacaq başqa yaşayış yeri yoxdur, məhkəmə araşdırılması zamanı da hər hansı bir əmlak onun adına özəlləşdirilməməsi faktı təsdiq olunmuşdrur. Məhz bu səbəbdən İddiaçı2 da digər İddiaçı1 və azyaşlı övladı xx.xx.2021-ci il təvəllüdlü X17 ilə birlikdə mübahisəli ünvan 1 ünvanına köçürülməsi qanunamüvafiqdir. Məhkəmə sözü gedən qanunvericiliyin tələbinə uyğun olaraq tətbiq edilməli hüquq normasını müəyyənləşdirsə də, onun tətbiqinə gəldikdə riayət edilməsindən yan keçmiş, şəxsin İddiaçı2 mübahisəli mənzilə köçürülməsi tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmənin özünün də istinad etdiyi qanunlar iddiaçının (İddiaçı2) sözü gedən mübahisəli fərdi yaşayış evində hüququnun olmasına dəlalət edir. AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində digər qohumlar ifadəsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 15-ci fəslinin müddəasına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri iki qrupa bölünür: 1. Mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri 2. Mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə digər qohumlar. Məhkəmə sözü gedən normaya istinad etsə də, İddiaçı2 həmin kateqoriyaya aid edilməsi hissəsində yanlışlığa yol vermişdir. Belə ki, İddiaçı2 İddiaçı1 ilə hal-hazırda nikahdadırlar və onun ailə üzvü hesab edilir. Buna baxmayaraq, məhkəmə İddiaçı2 ailə üzvü kimi qiymətləndirməmiş və beləliklə İddiaçı2 hüquqlarına toxunan yekun akt qəbul etmişdir. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, mövcud qanunvericilik birbaşa olaraq iddiaçının ailə üzvü olaraq mübahisəli fərdi yaşayış evinə dair hüququnun olmasına dələlət etməklə onun məhkəmə qaydasında təminatını şərtləndirir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bundan başqa, Konstitusiya Məhkəməsi Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına müvafiq olaraq, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Qeyd edilən normaya müvafiq olaraq İddiaçı2 mübahisəli fərdi yaşayış evinə dair hüququnun olması bir daha öz təsdiqini tapır.

13. Qətnamədən, həmçinin, cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın rədd edilməsini xahiş etmişdir.

14. Cavabdehin apellyasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd edilmiş maddənin tələbindən görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehlə iddiaçı arasında ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvü olan iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçı Emil Baktayev digər iddiaçı ilə ailə qurana qədər o, cavabdehin ailə üzvü kimi onunla birgə təsərrüfat aparıb. Ailə qurub arvadını mübahisəli evə gətirdikdən sonra isə öz təsərrüfatını ayırmaqla cavabdehlə olan ailə münasibətlərinə xitam vermişdir. Hətta iddiaçılar bundan sonra cavabdehlə tez-tez dava-dalaş edərək onu narahat etməyə başlamışdırlar. Nəticədə isə cavabdeh hüquq mühafizə orqanlarına şikayətlər etməklə, iddiaçıların özlərinə məxsus bütün əşyalarını aparmaqla evdən çıxmalarına nail olmuşdur. Beləliklə, iddiaçılar 2021-ci ilin son aylarından etibarən mübahisəli evdə yaşamırlar. Odur ki, bir daha qeyd edirəm ki, məhkəmənin iddiaçının cavabdehə məxsus əvvəlki mənzildə yaşadığı səbəbi ilə mübahisəli fərdi yaşayış evinə istifadə hüququ əldə etməsi fikri tamamilə yanlışdır. Cavabdeh evində baş verən saymamazlığa və dava-dalaşa dözə bilməyib onlardan hüququ mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalmışdır. Bunun nəticəsində də iddiaçılar artıq 2021-ci ildən orada yaşamırlar. Birinci instansiya məhkəməsi öz qətnaməsinin 32-ci abzasında qeyd edib ki, qeyd edilən həm milli qanunvericilik, həm də beynəlxal hüquq normaları baxımından məhkəmə hesab edir ki, iddiaçı Emil Baktayevin mübahisələndirdiyi fərdi yaşayış evi onun yaşayış yeri (mənzili) kimi qəbul oluna bilər. Bu zaman məhkəmə əsasən, onu nəzərə alır ki,cavabdehin sahibliyində olan fərdi yaşayış evi cavabdehin və həm də Emil Baktayevin bir ailə olaraq əvvəllər (özlərinin bildirdiklərinə görə Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən) yaşadıqları mənzillərinin satışından əldə olunmuş pul vəsaiti hesabına alınmışdır. Sonralar da Emil Baktayev iddiaçının ailə üzvü olaraq uzun müddət, 2012-ci ildən 2021-ci ilin nayabr ayının əvvəllərinədək fərdi yaşayış evində yaşamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, cavabdehin və həm də Emil Baktayevin bir ailə olaraq əvvəllər yaşadıqları Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən mənzil cavabdehin mülkiyyətində olmuşdur. İddiaçı Emil Baktayev isə həmin mənzildən istifadə hüququ olan şəxs kimi oranın satılmasına öz razılığını hər hansı şərtsiz vermişdir. Bu səbəbdən də onun sonradan əldə edilmiş cavabdehin sahibliyində olan mübahisəli fərdi yaşayış evinə hər hansı hüququ əldə etməsi əsassızdır. Cavabdeh əvvəlki mənzilini onkoloji xəstəlikdən əziyyət çəkən oğlunun müalicəsini təmin etmək üçün satmışdır. O, mübahisəli fardi yaşayış evini almaya da bilərdi və belə olduğu təqdirdə onun iddiaçı qarşısında hər hansı mənzil öhdəliyi yaranmırdı. Hesab edir ki, məhkəmənin iddiaçının cavabdehə məxsus əvvəlki mənzildə yaşadığı səbəbi ilə mübahisəli fərdi yaşayış evinə istifadə hüququ əldə etməsi fikri tamamilə yanlışdır. Bundan başqa, məhkəmə qətnamənin 33-35-ci abzaslarında qeyd edib ki, iddia tələbi azyaşlı David Baktayevin fərdi yaşayış evinə köçürülməsi hissəsində də təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə əlunmuş məlumat əsasında müəyyən edilir ki, iddiaçıların özlərinə məxsus ayrıca yaşayış evləri (mənzilləri) yoxdur. Məhkəmə bu halı nəzərə alaraq qeyd edir ki, Mülki Məcəllənin 27.2-cimaddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iddiaçıların reyestrdə qeydiyyata alınmayan (onların reyestrədə qeydə alınmayan başqa yaşayış yerlərinin olması iş materialları ilə də müəyyən olunmur) yaşayış yerlərinin olmamasını, habelə Emil Baktayevin də köçürülməsi barədə gəldiyi nəticəyə əsaslanaraq belə qənaətə gəlir ki, David Baktayev də mübahisəli Fərdi yaşayış evinə köürülməlidir. Məhkəmə hələ 2 yaşı tamam olmamış körpə uşağın anasız mübahisəli evə köçürməsini hansı zərurətdən təmin etməsini öz qətnaməsində qeyd etməmişdir. İddiaçı körpə uşağa anası yanında olmadan necə qulluq edəcəyini, bunun öhdəsindən gələ bilib-bilməyəcəyini və uşağın səs-küyü cavabdehin xəstə olan canına nə qədər ziyan olacağını tamamilə nəzərə almamışdır. Məhkəmə praktikasında tərəflərin birgə nikahlarında doğulmuş uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacı olması, azyaşlıların ana himayəsində böyüməsinin onların mənafeyinə uyğunluğu nəzərə alınır, uşaqlar ananın yanında saxlanılırlar. Körpə uşağın,anasız, xəstə və yaşlıcavabdehlə bir mənzildə yaşamasının təmin edilməsi həm uşağın mənafeyinə qulluq etmir, həm də cavabdehin sakit yaşayış tərzinin pozulması ilə nəticələnir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndə-vəkili qarşı tərəfin apellyasiya şikayətinə etiraz edib, özlərinin apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndə-vəkili qarşı tərəfin apellyasiya şikayətinə etiraz edib, özlərinin apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

14. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

16. Maddə 152.2. Sahiblik hüququna verilən anlayışda qeyd edilir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

17. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

18. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

19. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ və servitutlar.

20. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

21. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

22. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

23. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

24. Maddə 1.1 Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır.

25. Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir.

26. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.

27. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

28. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 11.1. Mülki hüquq münasibətləri mülkiqanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş faktiki hallara qiymət verərək, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

39. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar azyaşlı övladları ilə birlikdə cavabdehin sahibliyində olan və yaşadığı fərdi yaşayış evinə köçürülmələrini tələb edirlər.

40. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh və İddiaçı1 əvvəllər başqa mənzildə yaşamaları, onun satışından əldə olunan vəsait hesabına fərdi yaşayış evinin cavabdeh tərəfindən alınması, iddaçı İddiaçı1 2012-ci ildən fərdi yaşayış evində yaşaması, 2020-ci ildə digər İddiaçı2yla nikaha daxil oluqdan sonra sonuncunun həmin yaşayış evinə gəlin köçməsi, bir müddət azyaşlı uşaqları ilə birlikdə orada cavabdehlə birlikdə yaşadıqdan sonra 2021-ci ildə baş vermiş ailədaxili mübahizə zəminində iddiaçıların başqa yerdə yaşamağa başlaması işin mübahisəsiz hallarıdır.

41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sahibliyində olan mübahisəli evə iddiaçıların köçürülməsi tələbinin həlli baxımından, onların hər birinin həmin evlə bağlı hər hansı hüququnun (həmin evdə yaşamaq hüququ və s.) olub-olmaması araşdırılmalıdır.

42. Bu məqsədlə mənzil istifadə hüququna dair normalar nəzərdən keçirilməli, özbaşına tikilinin sahibi ilə iddiaçıların əlaqəsi, bu əlaqənin sonuncuların həmin evdə yaşayıb istifadə etmələrinə hansı formada təsir göstərdiyi araşdırılmalıdır.

43. Bu baxımdan iddia tələbinin Emil Baktayev və onun azyaşlı övladına aid hissəsində hüquqi dəyərləndirmə prosesi aparan kollegiya hesab edir ki, həmin hissələrdə iddia tələbi təmin edilməlidir.

44. Yuxarıda qeyd edilən hüquq normalarından da görünür ki, dövlət tərəfindən şəxsin mənzil hüququna, onun toxunulmazlığına təminat verilir və bu həm milli, həm də beynəlxalq hüquqla müəyyən edilən dövlətin pozitiv öhdəliyindən irəli gəlir. Qanun yalnız müəyyən edilmiş müstəsna hallarda şəxsin mənzil hüququna müdaxiləni nəzərdə tutur. Müdaxilənin özü isə beynəlxalq qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməli, bu zaman xüsusilə, şəxsin mənzil hesab edərək seçdiyi yerin (yaşayış yerinin) özünün və ailəsinin yaşaması üçün nə qədər zəruri olması, onun (ailəsinin) həmin yaşayış yeri ilə nə qədər bağlı olması və s. kimi çox mühüm həyati şərtlər nəzərə alınmalıdır.

45. Beynəlxalq hüquq normaları isə şəxsin mənzil hüququnu dövlətdaxili hüquqdan daha geniş mənada qəbul edir, hətta şəxsin müvəqqəti, lakin yaşayış yeri kimi qəbul etdiyi yerləri “ev”, “mənzil” kimi tanıyır, həmin yerlərə şəxsin yaşayış yeri kimi bağlılığı, uzun müddət yaşamasına xüsusi önəm verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X6rşı” işində qeyd etmişdir ki, "Mənzil" anlayışı ənənəvi yaşayış yerləri ilə məhdudlaşmır. Belə ki, o, furqonları və digər qeyri-stasionar məskənləri də özündə ehtiva edir. Məhkəmə həmçinin, “X4rşı” işdə bildirmişdir ki, ərizəçinin və ailəsinin 13 ildən artıq müddət ərzində yaşadığı səyyar furqonun yerli hakimiyyət orqanının furqonlar üçün ayırdığı ərazidən çıxarılması nəticəsində prosessual səbəblərə görə 8-ci maddənin pozuntusu baş verib.

46. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsində hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malik olması təsbit edilmişdir.

47. Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş “mənzil hüququ” ilə bağlı çoxsaylı president qərarlar mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işində qeyd etmişdir ki, 8-ci maddəyə əsasən “şəxsi həyat”, “ailə həyatı” və “ev” məfhumları 1 nömrəli Protokolun 1-ci maddəsindəki “mülkiyyət” məfhumu kimi, müstəqil anlayışlardır; onların qorunması dövlədaxili qanunvericilikdə kvalifikasiyadan deyil, işin faktiki hallarından asılıdır. 1 nömrəli Protokolun 1-ci maddəsi üçün təqdim edilmiş səbəblərlə eyni olan səbəblərə görə, Məhkəmə müəyyən edir ki, ərizəçilərin öz evlərindən istifadə etmək imkanının rədd edilməsi onların şəxsi və ailə həyatına, habelə evlərinə hörmət hüququ ilə əsassız müdaxiləni təşkil edir. “Vinterşteyn və başqaları Fransaya qarşı” işində isə göstərir ki, müvafiq olaraq, bu və ya digər yaşayış məskəninin 8-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş müdafiənin şamil olunduğu "mənzil" təşkil edib-etmədiyi barədə sualın cavabı işin faktiki hallarından, yəni şəxsin konkret məkanla yetərli və davamlı əlaqələrinin mövcudluğundan asılıdır. Həmçinin, Məhkəmə bu tipli qərarlarında bildirir ki, "Mənzil" anlayışı ərizəçinin mülkiyyətçisi və ya kirayəçisi olduğu əmlakla məhdudlaşmır. O həm də şəxsin uzun müddət ərzində, illərlə məskunlaşdığı qohumuna məxsus evi bildirən anlayış ola bilər (Menteş və başqaları Türkiyəyə qarşı iş). "Mənzil" anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X9rşı iş). Mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı iş) və s.

48. Qeyd edilən həm milli qanunvericilik, həm də beynəlxal hüquq normaları baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Emil Baktayevin mübahisələndirdiyi fərdi yaşayış evi onun yaşayış yeri (mənzili) kimi qəbul oluna bilər. Bu zaman kollegiya əsasən, onu nəzərə alır ki, cavabdehin sahibliyində olan fərdi yaşayış evi cavabdehin və həm də Emil Baktayevin bir ailə olaraq əvvəllər (özlərinin bildirdiklərinə görə Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən) yaşadıqları mənzillərinin satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh tərəfindən alınmışdır. Sonralar da Emil Baktayev iddiaçının ailə üzvü olaraq uzun müddət, 2012-ci ildən 2021-ci ilin noyabr ayının əvvəllərinədək fərdi yaşayış evində yaşamışdır. Digər tərəfdən AR Mənzil Məcəlləsinin 30.2-ci maddəsini hazırki mübahisəyə analogiya qaydasında tətbiq etdikdə də İddiaçı1 yaşayış sahəsində yaşamaq hüququna malik olması bir daha öz təsdiqini tapır.

49. Elektron məhkəmə informasiya sistemindən əldə əlunmuş məlumat əsasında müəyyən edilmişdir ki, iddiaçıların özlərinə məxsus ayrıca yaşayış evləri (mənzilləri) yoxdur. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Eləcə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında haqqında” AR Qanunun 2-ci maddəsində qeyd edilir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İddiaçıların reyestrdə qeydiyyata alınmayan (onların reyestrədə qeydə alınmayan başqa yaşayış yerlərinin olması iş materialları ilə də müəyyən olunmur) yaşayış yerlərinin olmamasını, habelə Emil Baktayevin də köçürülməsi barədə gəldiyi nəticəyə əsaslanaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin David Baktayevin də mübahisəli fərdi yaşayış evinə köçürülməsi nəticəsi düzgündür.

50. Digər iddiaçı Səbinə Baktayevanın fərdi yaşayış evinə köçürülməsi ilə bağlı isə məhkəmə kollegiyası hesab edir ki, iddia həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir.

51. Belə ki, işin mübahisəsiz halıdır ki, Səbinə Baktayeva 2020-ci ilin mart ayının əvvəlində digər iddiaçı ilə ailə quraraq fərdi yaşayış evinə gəlin köçmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Emil Baktayevin, qanunla müəyyən edilmiş əsaslarla, həm cavabdehin ailə üzvü, həm də cavabdehin əvvəlki mənzildə yaşaması əsas götürülərək fərdi yaşayış evinə bağlılığı olsa da, Səbinə Baktayevanın köçürülməsi üçün belə əsaslar mövcud deyil.

52. Digər bir tərəfdən, anologiya üzrə mübahisə Mənzil Məcəlləsinin 30.1-ci maddəsi tətbiq olunduqda, Səbinə Baktayevanın köçürülməsi üçün hüquqi əsasın olmaması daha aydın şərh edilmiş olur. Həmin müddəaya əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

53. Aydın olur ki, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvləri olması zəruri şərtdir. Qanunla mülkiyyətçinin ailə üzvləri 2 kateqoriyaya bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.

54. Qanunun müəyyən etdiyi mənada Səbinə Baktayeva birinci kateqoriya üzrə cavabdehin ailə üzvü hesab edilmir.

55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

56. Ailə Məcəlləsinin 15-ci Fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə İddiaçı2 cavabdehin digər qohumu hesab edilmir.

57. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı2 fərdi yaşayış evində hər hansı bir hüququ yaranmadığından, onun sözügedən evə köçürülməsi üçün yuxarıda şərh edilən əsaslar olmadığından, habelə o, cavabdehin nə ailə üzvü, nə də digər qohumu olmadığından onun iddiasının təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi düzgündür.

58. Kollegiya iddiaçıların apellyasiya şikayətinin dəlillərinə münasibətdə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1 onların azyaşlı övladı David Batkayevlə birlikdə mübahisəli evə köçürülməsi barədə qətnamənin qəbul edilməsi onların həmin evdə yaşamaq və istifadə etmək hüquqlarının təsbitindən ibarət olub sözügedən fərdi yaşayış evində köçmək imkanını tanıyır. Ancaq hər bir halda mübahisəli evə azyaşlı övladı ilə birlikdə köçərək yaşamaq iddiaçının öz mülahizəsindən asılı olub, bu hüququ realizə etmək mütləq və vacib deyildir.

59. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

61. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

63. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli 2(011)- 3495/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar