Məhkəmə qərarları › İş №2(103)-6337/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6337/2022

06.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6337/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə və Ağdam Rayon Təhsil Şöbəsinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, cavabdeh – Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə və Ağdam Rayon Təhsil Şöbəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Ağdam rayonundan məcburi köçkün olan İddiaçı müəllim kimi əmək fəaliyyətinə xx.xx.1995-ci il tarixdə Ağcabədi rayonunda müvəqqəti yerləşən Ağdam rayon 91 nömrəli tam orta məktəbində başlamış, xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək Bərdə şəhərində yerləşən Ağdam rayon 12 saylı köçkün orta məktəbində müəllim işləmiş, xx.xx.1999-cu il tarixdən əmək fəaliyyətini Mingəçevir şəhərində müvəqqəti yerləşən Ağdam rayon 74 saylı orta məktəbində davam etdirmiş, xx.xx.2001-ci il tarixdə Mingəçevir şəhərində müvəqqəti yerləşən Ağdam rayon 24 nömrəli tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşdur.

2. İntizam tənbehinin tətbiqi barədə Cavabdeh K-1552 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin icrası haqqında” Azərbaycan Respublikasının təhsil nazirinin xx.xx.2022-ci il tarixli K-112 nömrəli əmri ilə Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyinə görə 03 fevral 2022-ci il tarixdən ləğv edilmişdir.

3. Həmin əmrin verilməsinə əsas kimi Cavabdeh K-1552 nömrəli xx.xx.2021-ci il tarixli əmri, Nazir müavini Muxtar Məmmədovun xx.xx.2021-ci il tarixli xidməti məlumatı, Ağdam Rayon Təhsil Şöbəsinin ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokolundan çıxarış, izahat və xx.xx.2021-ci il tarixli akt göstərilmişdir.

4. Cavabdeh K-1552 nömrəli xx.xx.2021-ci il tarixli əmrində göstərilmişdir ki, həmin əmr Azərbaycan Respublikasının təhsil nazirinin xx.xx.2021-ci il tarixli K-1290/2 nömrəli əmrinə əsasən Mingəçevir şəhərində yerləşən Ağdam rayon 24 nömrəli tam orta məktəbdə və digər iki orta təhsil müəssisələrində aparılmış yoxlamaların nəticələrinə dair verilmişdir. Əmrin 5.1-ci bəndində, Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktoru İddiaçı xəstə olması ilə əlaqədar işə çıxmadığı nəzərə alınaraq, o, işə çıxdıqdan sonra fəaliyyətində yol verdiyi nöqsanlara görə barəsində intizam tənbehi tədbirinin tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi İnsan resursları şöbəsinə tapşırılmışdır.

5. xx.xx.2021-ci il tarixli akta görə həmin akt, Cavabdeh İnsan resursları şöbəsinin məsləhətçiləri Rəşad Musayev, Tükəzban Quliyeva və İddiaçı tərəfindən tərtib edilmişdir ondan ötrü ki, məktəbdə araşdırma zamanı saat 09:45 radələrində məktəbin texniki işçilərindən katibənin, laborantın, xadimələrin, kitabxanaçının və uşaq birliyi təşkilatının rəhbərinin işdə olmadıqları aşkar olunmuş, direktor İddiaçı tərəfindən əmr kitabı təqdim edilsə də, əmr kitabının evdə olduğu, dərs cədvəlinin ümumiyyətlə olmadığı, pedaqoji prosesi izləmək üçün məktəbdə hər hansı təsdiqedici sənədin olmaması, məktəbin coğrafiya müəllimi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmədiyi və əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı elektron bildirişin sistemdən çıxarılmadığı müəyyən edilmişdir.

6. Ağdam Rayon Təhsil Şöbəsinin “İntizam tənbehinin tətbiqi barədə” xx.xx.2022-ci il tarixli 12 nömrəli əmrinə əsasən, İddiaçıla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı Cavabdehnə və Ağdam Rayon Təhsil Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İntizam tənbehinin tətbiqi barədə Cavabdeh K-1552 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin icrası haqqında” Azərbaycan Respublikasının təhsil nazirinin xx.xx.2022-ci il tarixli K-112 nömrəli əmrinin və Ağdam Rayon Təhsil Şöbəsinin “İntizam tənbehinin tətbiqi barədə” xx.xx.2022-ci il tarixli 12 nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixindən məhkəmə qərarı qüvvəsini alana qədər olan dövrdə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Ağdam rayon 24 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, əmək fəaliyyətinə başladığı vaxtdan əmək müqaviləsinin ləğv edildiyi xx.xx.2022-ci il tarixə kimi barəsində heç bir intizam tənbehi tətbiq edilməmiş, işlədiyi kollektivdə və tabeçiliyində olduğu təşkilatlarda böyük nüfuz və hörmətə malik olmuş, peşəsinə, yüksək müəllim adına şərəflə xidmət etmişdir. 2001-ci ildə direktor vəzifəsinə təyin edildiyi Ağdam rayon 24 nömrəli tam orta məktəbi həmin vaxt Mingəçevir şəhəri 11 nömrəli tam orta məktəbinin binasının bir hissəsində fəaliyyət göstərmiş, rəhbərlik etdiyi icma onun təşəbbüsü və müəllifliyi ilə 2001ci ildə ABŞ-ın “Uşaqların xilası təşkilatı” tərəfindən keçirilmiş qrant layihəsində iştirak edərək layihəsi qalib olmuş, Mingəçevir şəhərində yerləşən tikintisi tam başa çatmamış mədəniyyət evinin bir korpusu ayrılmış 7000 ABŞ dolları məbləğində qrant hesabına tam təmir edilmiş və Ağdam rayon 24 nömrəli tam orta məktəbi ora köçmüşdür. 2004-cü ildə Ağdam rayon 24 nömrəli tam orta məktəbinin yerləşdiyi ərazidə yaşayan məcburi köçkünlər Mingəçevir şəhərinin digər ərazisində salınmış köçkün qəsəbəsinə yerləşdirildiklərinə görə məktəbin də həmin qəsəbəyə köçməsi tələb edilmiş, lakin yeni salınmış qəsəbədə məktəb binası inşa edilmədiyinə görə bu mümkün olmamışdır. Həmin qəsəbədə məktəb binasının inşası üçün rəhbərlik etdiyi icmanın adından yeni qrant layihəsi hazırlamış, layihə uğur qazanaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan (maliyyəçi Dünya Bankı olmuşdur) 200 000 (iki yüz min) manat qrant (əvəzi ödənilməyən maliyyə yardımı) udmuş, udulmuş vəsaitin 3 faizi, yəni 6000 (altı min) manat məbləğində vəsaiti qrant layihəsinin şərtlərinə uyğun qaydada məcburi icma payı olaraq tərəfindən öz vəsaiti hesabına ödənilmişdir. 2008-ci ildə məktəbin hazırda fəaliyyət göstərdiyi binanın tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, məktəb binası inşa edildiyi dövrdə isə yenə özünün təşəbbüsü ilə ayrı-ayrı mənbələrdən xeyriyyə məqsədi ilə verilmiş maddi yardım vəsaitinin hesabına mobil tipli müvəqqəti məktəb inşa edilmiş və məktəbin fəaliyyəti davam etdirilmişdir. Sadalanan təşəbbüslər və görülən işlər dövlətin mənəvi dəstəyi ilə tərəfindən həyata keçirilmişdir. Direktor vəzifəsində işlədiyi dövrdə dəfələrlə məktəbdə tədris və təlim-tərbiyə işinin təşkili, maliyyə-təsərrüfat fəaliyyəti yoxlanmış və heç bir pozuntu aşkar edilməmişdir. Son olaraq 2021-ci ilin fevral ayında Təhsli Nazirliyinin Audit və daxili nəzarət şöbəsinin əməkdaşları tərəfindən məktəbin maliyyə-təsərrüfat fəaliyyətinə dair sənədlər təftiş edilmiş və hər hansı bir pozuntu aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixli aktda göstərilən nöqsanlarla bağlı bildirir ki, istənilən müəssisədə, o cümlədən təhsil müəssisələrində də işçilərin işə gecikməsi və digər əmək intizamının pozulması halları baş verə bilər və bu hallar müntəzəm xarakter daşımadığı təqdirdə müəssisədə əmək və icra intizamına nəzarət edilməməsi kimi qəbul oluna bilməz. Digər tərəfdən akt tərtib olunan gün Nazirliyin əməkdaşları tərəfindən aparılan qəfil yoxlama zamanı məktəbin pedaqoji kollektivinin pandemiya şəraitinə baxmayaraq bütün heyətlə məktəbdə olmaları, dərslərin vaxtında və şagirdlərin yüksək davamiyyəti ilə aparıldığı müşahidə edilmişdir. Dərs cədvəlinin tərtib edilməməsi bağlı bildirir ki, dərs cədvəlinin qaralama forması hazır olsa da, həmin cədvəlin tərtib edilməsinə cavabdeh olan direktor müavininin səhhətində olan problemlərlə əlaqədar müalicə alması və buna görə də dərs cədvəlinin səliqəli formada tərtib edilməsinin yubadılması halı baş vermişdir. Tədris-metodiki sənədlərin hazırlanması, dərs cədvəllərinin tərtib edilməsi kimi fəaliyyət direktorun deyil, tədris və təlim-tərbiyə üzrə direktor müavininin normativ sənədlərlə müəyyən edilmiş əsas vəzifələrinə daxildir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil Sahəsi işçilərinin X2 X1” nın XVİİ bölməsinin 1, 3 və 7-ci bəndlərində təlim-tərbiyə və metodiki işlərinin təşkil edilməsi, zəruri tədris-metodiki sənədlərin işlənib hazırlanması, onların keyfiyyətinə məsuliyyət daşıması və tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarətin həyata keçirilməsi direktor müavininin əmək funksiyasına aid edilmişdir. Məktəbin coğrafiya müəllimi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməməsi və əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı elektron bildirişin sistemdən çıxarılmaması ilə bağlı bildirir ki, məktəbin coğrafiya müəllimi öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ərizə ilə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, müvafiq əmrin hazırlanıb Ağdam rayon Təhsil şöbəsinə təqdim olunması ərizə verilən günün ertəsi günündə onun dərslərinin olması və Ağdam rayon Təhsil şöbəsinin təxminən 100 km. məsafədə yerləşməsinə görə 1 gün yubanmışdır. Digər tərəfdən qüvvədə olan əmək qanunvericiliyində əmək müqaviləsinə xitam verilməsinə dair əmrin bu barədə işçi tərəfindən ərizə verildiyi gün tərtib edilməsinin zəruri olması ilə bağlı tələb yoxdur. Əmək Məcəlləsinin 69-cu maddəsində 1-ci bəndində göstərilir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin normanın 3-cü bəndində isə qeyd olunur ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi işçi ilə bağlanmış əmək müqaviləsi yalnız 69-cu maddənin 3-cü bəndində sadalanan hallarda ərizədə göstərdiyi gün ləğv edilə bilər, digər hallarda isə 1 aylıq xəbərdarlıq müddətinə əməl edilməlidir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi isə imperativ norma olmayıb, işəgötürənin üzərinə məcburi vəzifə qoymur. Buna görə də, xx.xx.2021-ci il tarixində verilmiş ərizə üzrə əmrin, yoxlamanın başladığı xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrinə kimi verilməməsi pozuntu kimi qiymətləndirilə bilməz. Bu baxımdan, 27 il kimi uzun müddət qüsursuz pedaqoji fəaliyyət göstərmiş, direktor olduğu dövrdə rəhbərlik etdiyi məktəbin bina ilə təhciz edilməsində, məktəbin normal fəaliyyət göstərməsində əməyi olmuş şəxsin əmək müqaviləsinə əmək qanunvericiliyinin ən sərt maddələrinin biri ilə xitam verilməsi həm ədalətsiz, həm də qanunsuz olmuşdur.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə) 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur.

10. Məhkəmə mövqeyini aşağıdakı kimi əsaslandırmışdır:

10.1. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71 -72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. 10.2. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. 10.3. Bundan əlavə məhkəmə hesab edir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Bu baxımdan məhkəmə qeyd edir ki, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi o halda mümkündür ki, mübahisələndirilən əmrdə sadalanan hallar əmək və icra intizamının normal ahəngini pozulmuş olsun və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin hazırki mübahisəli məsələ ilə bağlı qeyd olunan hallar müəyyən olunmur. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. 10.4. Məhkəmə mübahisələndirilən əmrlə bağlı digər pozuntuya hüquqi qiymət verərək bildirir ki, işəgötürən ƏM-nin 187-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş normaya əməl etməyərək, işçiyə intizam tənbeh tədbirini pozuntunun aşkar edildiyi vaxtdan təxminən 3 ay sonra tətbiq etmişdir. Nəticə etibarilə işəgötürənin həmin normanı pozaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsinin, ƏM-nin 70-ci maddəsinin “ç” bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilə bilməz. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 10.6. Məhkəmə hesab edir ki, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Cavabdeh ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-112 saylı və Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 12 saylı əmrləri qanuni hesab edilə bilməz. 10.7. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-112 saylı və Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 12 saylı əmrlərinin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir.

11. Gəldiyi nəticənin hüquqi əsaslandrması üçün məhkəmə, “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə, Əmək Məcəlləsinin 10-cu, 70-ci, 71-ci, 72-ci, 76-cı, 83-cü, 186-cı, 187-ci, 189-cu, 300-cü maddələrinə istinad etmişdir.

12. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, qənaətini ehtimallar üzərində əsaslandırdığı, tamamilə formal yanaşma ilə iddianı təmin etdiyi, qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

13. Azərbaycan Respublikası Təhsil Nazirliyinin məhkəmə iclasında iştirak edən nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, məhkəmə qətnamədə yalnız Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə kifayətlənmiş, lakin işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin hansı maddəsinin tələblərinin pozulmasına dair münasibət bildirməmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş yoxlama aktında sadalanan nöqsanların əsaslı olubolmaması, aşkar olunan faktlarda iddiaçının hansı dərəcədə təqsirli olub-olmaması, yoxlayıcılar tərəfindən akt yazılarkən hüquq normalarına riayət olunub-olunmaması, mübahisələdirilən əmrin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olubolmaması və s. kimi hallar araşdırılmamış, qətnamədə bu məsələlərə hüquqi münasibət bildirilməmişdir. Belə ki, Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən 22 okyabr 2021-ci il tarixdə Ağdam rayonu 24 nömrəli tam orta məktəbində nazirliyin əməkdaşları tərəfindən yoxlama aparılmış, yoxlama zamanı məktəbin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilmiş və bu səbəblə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Akta əsasən yoxlama zamanı əmr kitabı yoxlayıcılara təqdim olunmamış, illik dərs cədvəlinin yazılmadığı aşkar edilmiş, pedaqoji prosesi izləmək üçün məktəbdə heç bir təsdiqedici sənəd olmamış, habelə bir neçə işçi işdə olmamış, məktəbin coğrafiya müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq əmr verilməmiş və electron sistemə yerləşdirilməmiş, boş dərs saatları vakansiyaya çıxarılmamış, diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərə əlavə dərs saatları verilmişdir. Məktəbdə aşkar edilən faktlar aktlaşdırılmış və məktəbin direktoru da həmin aktı imzalamışdır. Eyni zamanda direktor xx.xx.2021-ci il tarixli izahatında aktda qeyd edilən faktları etiraf etmişdir. Yoxlamanın nəticəsi olaraq təhsil nazirinin xx.xx.2021-ci il tarixli K-1552 saylı əmri imzalanmış, lakin həmin dövrdə iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün onun barəsində işə çıxana qədər intizam tənbehinin tətbiqi təxirə salınmışdır. Təhsil nazirinin xx.xx.2022-ci il tarixli K-122 saylı əmrilə onunla bağlanmış əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. İşə baxan məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində kobud pozuntuya yol vermişdir. Belə ki, məhkəmə işəgötürən tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin hansı əsasla ləğv edilməsini əsaslandırmamış, yalnız ƏM-nin 187-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq, müddəti tətbiq etmişdir. Bununla da məhkəmə prosessual pozuntuya yol vermişdir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş və qətnamədə yoxlama aktında aşkar olunan faktlara və cavabdehin izahatına və təqdim olunan sənədlərə münasibət bildirməmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

15. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

16. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

17. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

18. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

19. Maddə 80 (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

20. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

21. Maddə 186. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir.

22. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

23. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

32. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir.

33. Kollegiyanın qənaətinə görə, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir.

34. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçıya istinad edilən pozuntular, saat 09:45 radələrində məktəbin texniki işçilərindən bəzilərinin işdə olmadıqları, əmr kitabı təqdim edilsə də, əmr kitabının evdə olduğu, dərs cədvəlinin ümumiyyətlə olmadığı, pedaqoji prosesi izləmək üçün məktəbdə hər hansı təsdiqedici sənədin olmaması, məktəbin coğrafiya müəllimi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmədiyi və əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı elektron bildirişin sistemdən çıxarılmaması olmuşdur.

35. Həmin pozuntuların əks edildiyi və iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas təşkil edən aktın məzmunundan belə nəticəyə gəlmək olur ki, akt tərtib olunan gün Nazirliyin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı məktəbin pedaqoji kollektivi bütün heyətlə işdə olmuş, dərslərin vaxtında keçirilmədiyi və şagirdlərin davamiyyətsizliyi müşahidə edilməmişdir.

36. Kollegiyanın qənaətinə görə göstərilən hal (§ 35), iddiaçının, “dərs cədvəlinin qaralama forması hazır olsa da, həmin cədvəlin tərtib edilməsinə cavabdeh olan direktor müavininin səhhətində olan problemlərlə əlaqədar müalicə alması və buna görə də dərs cədvəlinin səliqəli formada tərtib edilməsinin yubadıldığı” arqumentinin ağlabatan və inandırıcı olduğu qənaətinə gəlməyə imkan verir. Çünkü əgər dərs cədvəli hazır olmasa idi (qaralama formasında), o zaman dərslərin keçirilməsi və şagirdlərin dərsdə olmaları mümkün olmazdı.

37. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil Sahəsi işçilərinin X2 X1”nın XVİİ bölməsinin 1, 3 və 7-ci bəndlərinə görə, təlim-tərbiyə və metodiki işlərinin təşkil edilməsi, zəruri tədris-metodiki sənədlərin işlənib hazırlanması, onların keyfiyyətinə məsuliyyət daşıması və tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarətin həyata keçirilməsi direktor müavininin əmək funksiyasına aid edilmişdir.

38. Yoxlama aparılan vaxt bəzi texniki işçilərin işdə olmamaları ilə bağlı isə kollegiya qeyd edir ki, istənilən iş yerində işçilərin işə gecikməsi baş verə bilər və bu hallar müntəzəm xarakter daşımadığı təqdirdə müəssisədə əmək və icra intizamına nəzarət edilməməsi kimi qəbul oluna bilməz.

39. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçının direktoru olduğu məktəbin coğrafiya müəllimi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ərizə ilə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, müvafiq əmrin hazırlanıb Ağdam rayon Təhsil şöbəsinə təqdim edilməsi iddiaçının özünün dərslərinin olması və Ağdam rayon Təhsil şöbəsinin təxminən 100 km. məsafədə yerləşməsinə görə 1 gün yubanmışdır.

40. Beləliklə, məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə 1995-ci ildən müəllim kimi fəaliyyət göstərən, ötən müddət ərzində hər hansı intizam tənbehi almayan iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır.

41. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, ölkədə elan olunmuş karantin rejimi ilə əlaqədar 2021-ci ildə orta təhsil müəssisələrində tədris xx.xx.2021-ci il tarixindən başlamışdır və məktəbdə müəyyən çatışmazlıqların həmin rejimin yaratdığı obyektiv səbəblərdən ortaya çıxdığı ehtimalı vardır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2279/2022 saylı iş üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar