Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6340/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli qətnamədən cavabdeh Nazirliyin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdeh Nazirliyin nümayəndəsi Nümayəndə iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Nazirlik arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Nazirlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, K-719 saylı əmrinin ləğv edilməsi və iddiaçının əvvəlki işinə - Kəlbəcər rayon 23 saylı Tam Orta Məktəbin direktoru vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı polis mayoru X2 1990-cı il tarixdə İ Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş və ona “Milli Qəhrəman” adı verilmişdir. İddiaçı, 2005-ci ildən ibtidai sinif müəllimə vəzifəsində işləmişdir. 2016-cı ildə o, Xəzər Universitetinin potensial məktəb direktoru kursunu bitirmiş və Kəlbəcər Rayon Təhsil Şöbəsinin xx.xx.2017-ci il tarixli, 217 saylı əmri ilə Kəlbəcər rayon 23 saylı Tam Orta Məktəbin direktor əvəzi, Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2019-cu il tarixli, F-92 saylı əmri ilə həmin Məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə iddiaçının barəsində hər hansı inzibati və ya intizam xarakterli tədbirlər tətbiq edilməmiş, o, işinə tam məsuliyyətlə yanaşmışdır. İddiaçının direktoru olduğu orta məktəbə 2021-ci ilin fevral və mart aylarında X1 yoxlama gəlmiş, yoxlamanı aparıb, işlərini bitirib getmişlər. Yoxlamanın nəticələri ilə əlaqədar iddiaçıya heç nə deyilməmiş, məlumat verilməmişdir. Aprel ayının 12-13-də də yoxlama aparılmışdır. Bundan sonra iddiaçıya bildirilmişdir ki, o, işdən azad olunub, lakin hansı səbəbə görə işdən azad olunmağı barədə iddiaçıya heç bir məlumat verməmişlər. İddiaçı dəfələrlə Təhsil Nazirliyinə müraciət etsə də, əmrinin surəti və “Əmək kitabçası” iddiaçıya təqdim edilməmişdir. Nəhayət xx.xx.2021-ci il tarixdə həmin sənədlər rəsmi qaydada iddiaçıya təqdim edilmiş və iddiaçıya bəlli olmuşdur ki, Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-719 nömrəli əmrinə əsasən onunla bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə qeyd edilir ki, Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, F-153 nömrəli əmrinə uyğun olaraq Kəlbəcər rayon 23 və 37 nömrəli tam orta məktəblərdə kadr kargüzarlığı və mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişlərinin qanunvericiliyə uyğun daxil edilməsi vəziyyətinin araşdırılması məqsədi ilə 15-xx.xx.2021ci il tarixlərdə yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı kadr kargüzarlığı araşdırılarkən adıçəkilən ümum təhsil müəssisələrində başqa istiqamətlər üzrə də bir sıra qanun pozuntularının olduğu müəyyən edilmişdir. Bununla əlaqədar həmin müəssisələrdə məktəb sənədlərinə baxış keçirilmiş, işçilərin məktəbə davamiyyəti yoxlanılmışdır. Monitorinq aparılmış məktəblərdə kadr kargüzarlığının qənaətbəxş vəziyyətdə olmadığı, elektron bildirişlərin sistemə işlənilməsi zamanı təlimatı göstərişlərinə əməl olunmaması, bir sıra hallarda işçilərin mütəmadi olaraq işə gəlməməsi və digər nöqsanlar aşkar olunmuşdur. İddiaçı bildirir ki, Nazirliyin xx.xx.2021-ci il tarixli əmr qanunsuzdur və ona görə də ləğv edilməlidir. Belə ki, əmrdə iddiaçının hansı kobud qanun pozuntularına yol verməyi barədə dəqiq heç nə göstərilməmiş, ümumi sözlərlə kadr kargüzarlığının qənaətbəxş vəziyyətdə olmaması, elektron bildirişlərin sistemə işlənilməsi zamanı təlimatı göstərişlərinə əməl olunmaması, bir sıra hallarda işçilərin mütəmadi olaraq işə gəlməməsi və digər nöqsanlar aşkar olması qeyd edilmişdir. Lakin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzər yetirdikdə burda hər hansısa bir nöqsana görə deyil, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda tətbiq edilir. Yəni burada işçi hansısa bir təlimatın tələblərini pozması və ya işçinin işə gəlməməsi onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi kimi qiymətləndirilə bilməz. Əmrdə qeyd edildiyi kimi olsa belə bu işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin əsası ola bilməz. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin digər əsası Əmək Məcəllənin 72-ci maddəsində sadalanan hallardır ki, o da mövcud deyil. Barəsində olan əmrdə qeyd edilmişdir ki, əmək funksiyasını yerinə yetirə bilmir. Onda necə ola bilər ki, rəhbərlik etdiyi müddətdə 4 il ərzində ümumi orta buraxılışlarda bir nəfər sıfır və ya iki nəticəsi göstərən şagirdi olmamış, 11-ci sinif tam orta təhsil üzrə buraxılış imtahanlarında 3 il 90 faiz nəticə, sonuncu il isə 100 faiz nəticə ilə şagirdləri yüksək balla ali məktəblərə qəbul olmuşlar. İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə xəstə olmuş və bu səbəbdən işə çıxmamışdır. Lakin Nazirlik bunu nəzərə almamış, yuxarıda qeyd edilən əmri xx.xx.2021-ci il tarixdə qəbul etmiş, bununla da, Əmək Məcəlləsinin tələblərini pozmuşdur. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdeh Nazirliyin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsini və iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmasını qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Cavabdeh Nazirlik iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və sübut təqdim etməmişdir. Bundan başqa, işəgötürən olan cavabdeh Nazirlik Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş imperativ normalara əməl etməyərək, işçiyə əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində intizam tədbiri tətbiq etmişdir. Həmçinin, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən xx.xx.2021-ci il tarixdə Kəlbəcər rayon 23 nömrəli Tam Orta Məktəbdə aparılmış yoxlama nəticəsində müxtəlif qanun pozuntuları aşkar edilmişdir. Əmək qanunvericiliyinin tələbinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi barədə mübahisələndirilən əmr əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən təqribən 2 ay 22 gün sonra verilmişdir. c) Apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Nazirliyin buna səlahiyyətli olan nümayəndəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Təhsil nazirinin xx.xx.2021ci il tarixli, F-153 nömrəli əmrinə əsasən, “Kəlbəcər Rayonunun 23 və 37 nömrəli tam orta məktəblərinin kadr kargüzarlığının, əmək müqaviləsi bildirişləri altsisteminin yoxlanılması məqsədilə Ümumi təhsil müəssisələrində pedoqoji kadrların işə qəbulun mövcud qaydaların tələblərinə uyğun aparılması, əmək münasibətlərinin tənzimlənməsi zamanı əmək qanunvericiliyinin tələblərinin qorunması və kadr kargüzarlığının aparılması işinin yoxlanılması” məqsədilə nazirliyin əməkdaşları həmin məktəblərdə yoxlama aparmışdır. xx.xx.2021-cil tarixli aktdan görünür ki, məktəbin direktoru yoxlamanın keçirilməsinə etiraz edərək, yoxlayıcıların işinə mane olmuşdur. Məktəbdə aparılmış yoxlamanın nəticəsi olaraq, xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş və həmin aktda aşkar edilən pozuntular qeyd edilmişdir. Akta əsasən, işçinin əmək müqaviləsi elektron sistemə yerləşdirilməmiş, işçilərin işə gəlmədiyi, habelə işçilərin işə qəbul barədə əmr mövcud olmamış, boş müəllim yerləri vakansiyaya çıxarılmamış, dərs saatlarının bölgüsü diaqnostik qiymətləndirmənin nəticəsinə uyğun aparılmamış, əmək müqavilələri üzrə elektron bildirişlər sistemə işlənmədiyi və. s. faktlar aşkar edilmişdir. Həmin aktda qeyd edilən pozuntularla iddiaçı razılaşmış və aktı imzalamışdır. Eyni zamanda iddiaçının xx.xx.2021-ci il tarixli izahatında yoxlama zamanı aşkar olunan pozuntuların olduğunu və onların aradan qaldıracağını qeyd etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçı, cinayət təqibi ilə bağlı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına (İş № 4(001)-548/2021) əsasən, Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-613 nömrəli əmri ilə vəzifədən kənarlaşdırılmışdır. Lakin Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı əmək qabiliyyətini itirməsinə baxmayaraq, onunla bağlı intizam məsuliyyəti tətbiq edilmişdir. Rayon Məhkəməsinin bu mövqeyi də, əsaslı hesab edilə bilməz. Belə ki, bu zaman Rayon Məhkəməsi iddiaçının vəzifədən kənarlaşdırılmasını nəzərə almamışdır. Əslində isə Əmək Məcəlləsinin tələbinə görə, işdən kənar edilən işçiyə əmək haqqı verilmir. İşdən kənar etmə dedikdə işçinin əmək müqaviləsinin onun üzərinə qoyduğu funksiyaları yerinə yetirməsinin müvəqqəti surətdə qadağan olunması, eyni zamanda ona əmək haqqı ödənilməsinin dayandırılması başa düşülür. İşdən kənarlaşdırılmış işçinin sağlamlığını müvəqqəti itirməsi onun barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində qeyd edilən intizam məsuliyyətinə cəlb edilməsini istisna etmir. Eyni zamanda, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü (İş № 1(101)-1366/2021) ilə iddiaçı 4 il 6 ay müddətində azadlıqdan məhrum edilməklə, 1 il sınaq müddəti təyin edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-1.2.2-ci maddəsinə əsasən ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. İşə baxmış Rayon Məhkəməsinə iddiaçının ağır cinayətlərə görə məhkum olunması barədə məhkəmə hökmü təqdim edilməsinə baxmayaraq, buna əhəmiyyət verməmiş və qətnamədə təqdim olunmuş hökmə münasibət bildirməmişdir. Rayon Məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən yol verilən pozuntular xx.xx.2021-ci il tarixdə aşkar edilməsinə baxmayaraq, işçi barədə müvafiq inzibati tənbeh xx.xx.2021-ci il tarixdə icra olunmuşdur. Odur ki, işəgötürən tərəfindən qanunvericiliyin imperativ normaları pozulmaqla işçiyə inzibati tənbeh tətbiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iddiaçı tərəfindən ərizə təqdim edilmədiyi halda müddəti tətbiq etməklə ciddi qanun pozuntusuna yol vermişdir. d) Apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
7. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh Nazirliyin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi.
8. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdilər. e) İşdə olan sənədlər barədə məlumat
9. İddiaçının adına rəsmiləşdirilmiş ******* saylı “Əmək kitabçasından” görünür ki, Kəlbəcər rayonu 23 №-li Tam Orta Məktəbin direktoru olan iddiaçı ilə bağlanmış “Əmək müqaviləsi” məktəbin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Təhsil Nazirliyinin K-719 saylı, xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.
10. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, arayış, İddiaçı işə bərpa tələbinə dair mübahisə üzrə nəzərdə tutulmuş mediasiya sessiyasında cavabdeh 2 Təhsil Nazirliyinin nümayəndəsinin iştirak etməməsini təsdiq etmək üçün verilmişdir.
11. Kəlbəcər Rayon Təhsil Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda aşağıdakı qeyd edilmişdir: “Sizin Azərbaycan Respublikasının Təhsil nazirinə ünvanladığınız şikayət ərizəsi Təhsil Şöbəsi tərəfindən araşdırılmışdır. Bildiririk ki, Təhsil Nazirliyi tərəfindən sizin Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbə rəhbərlik etdiyiniz dövrdə aparılmış yoxlamalar zamanı müxtəlif qanun pozuntuları aşkar olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən barənizdə aparılmış araşdırma ilə əlaqədar təqsirləndirilərək, vəzifədən kənarlaşdırılmanız barədə Təhsil Nazirliyinə xx.xx.2021-ci il tarixli ********* nömrəli məktubu və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-548/2021 saylı qərarına əsasən Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-613 nömrəli əmri ilə vəzifədən kənarlaşdırılmışsınız. Bundan başqa, Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli 09-09-719/10 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə ATİAHİ Kəlbəcər Rayon Təhsil Şöbəsinin ilk həmkarlar təşkilatına təqdimat göndərilmişdir. X3 komitəsinin xx.xx.2021-ci il tarixli, 06 nömrəli qərarı və Təhsil Nazirliyi əməkdaşlarının müvafiq xidməti məlumatlarına əsasən, Təhsil nazirinin xx.xx.2021-ci il tarixli K-719 nömrəli əmri ilə sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Sizə aid əmək kitabçanızın Təhsil Nazirliyindən götürülərək özünüzə qaytarılması qısa zaman ərzində təmin olunacaqdır”.
12. Kəlbəcər Rayon Təhsil Şöbəsi tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış cavab məktubundan görünür ki, Rayon Təhsil Şöbəsinin X3 Komitəsinin xx.xx.2021-ci il tarixli, 6 nömrəli protokolundan çıxarışından görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-cı il tarixli, 09-09-719/10 nömrəli təqdimatına əsasən Kəlbəcər rayon 23 nömrəli Tam Orta məktəbin direktoru olan iddiaçı və 37 nömrəli Tam Orta Məktəbin direktoru Nemət Həsənov ilə bağlanmış əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi barədə məsələyə baxılaraq, Təhsil Nazirliyin xx.xx.2021-ci il tarixi 09-09-719/10 nömrəli təqdimatının müzakirəsinin yekunlarının nəzərə alınması, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi, Nemət Həsənovun xəstə olması nəzərə alınaraq onun barəsində təqdimatda göstərilən məsələyə baxılması xəstəlik müddətinin başa çatmasına qədər təxirə salınması qərara alınmışdır.
13. Cavabdeh Nazirlik üzrə verilmiş xx.xx.2021-ci il tarixli, K-719 saylı əmrdən görünür ki, Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, F-153 nömrəli əmrinə uyğun olaraq Kəlbəcər rayonu 23 və 37 nömrəli Tam Orta Məktəblərdə kadr kargüzarlığı və mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişlərinin qanunvericiliyə uyğun daxil edilməsi vəziyyətinin araşdırılması məqsədilə 15-xx.xx.2021-ci il tarixlərdə xidməti yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı kadr kargüzarlığı araşdırılarkən adıçəkilən ümumi ,təhsil müəssisələrində başqa istiqamətlər üzrə də bir sıra qanun pozuntularının olduğu müəyyən edilmişdir. Bununla əlaqədar, həmin müəssisələrdə məktəb sənədlərinə baxış keçirilmiş, işçilərin məktəbə davamiyyəti yoxlanılmışdır. Monitorinq aparılmış məktəblərdə kadr kargüzarlığının qənaətbəxş vəziyyətdə olmadığı, elektron bildirişlərin sistemə işlənilməsi zamanı təlimatı göstərişlərə əməl olunmaması, bir sıra hallarda işçilərin mütəmadi olaraq işə gəlməməsi və digər nöqsanlar aşkar olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2005ci il 1 may tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin” 13.4-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq, Kəlbəcər rayonu 23 nömrəli Tam Orta Məktəbin direktoru olan iddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilməlidir.
14. İş materiallarında olan 135513 nömrəli SN 00007 seriyalı “Əmək qabiliyyətinin olmaması vərəqəsindən” görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad edilmişdir.
15. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, F-153 nömrəli əmrinə əsasən, xx.xx.2021-ci il tarixdə Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbdə aparılmış yoxlama nəticəsində bir sıra qanun pozuntuları aşkar edilmişdir.
16. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-613 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Kəlbəcər rayonu 23 nömrəli tam orta məktəbin direktoru olan iddiaçı xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən kənarlaşdırılmışdır.
17. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-548/2021 saylı, xx.xx.2021ci il tarixli qərarından görünür ki, Kəlbəcər rayonu 23 nömrəli Tam Orta Məktəbin direktoru vəzifəsində işləyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4.3 və 320.1-ci maddələri ilə təqsirləndirilən (hazırki mülki iş üzrə iddiaçı olan) İddiaçı barədə tutduğu vəzifəsindən kənarlaşdırma növündə qətimkan tədbiri seçilmişdir.
18. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1366/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, hazırki iş üzrə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 32.4,312.2-ci və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 75.1.1-ci və Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən İddiaçı Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə cəza təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 4 il 6 ay il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, İddiaçı təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti hesab edilməsi, İddiaçı üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələrinin qoyulması, İddiaçı davranışı üzərində nəzarətin Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilməsi, İddiaçı təyin edilmiş sınaq müddətinin əvvəlinin məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, İddiaçı barəsində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbirinin ləğv edilməsi, İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. f) Mülki mübahisənin həlli və apelyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
19. Yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin prinsiplərindən birini təşkil edir (maddə 2; hissə 3.). Əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur (maddə 3; hissə 9.). Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir (maddə 43; hissə 1.). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər (maddə 68; hissə 1.). Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər (maddə 68: hissə 2; bənd “a”.). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70; bənd “ç”.). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və ya qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddə 71; hissə 2.). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71; hissə 3.). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72; bənd “a”.). İşəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır (maddə 79.). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir (maddə 83; hissə 1.). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (maddə 83; hissə 2.). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər (maddə 186; hissə 1.). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək (maddə 186; hissə 2.). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir (maddə 187; hissə 2.). İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz (maddə 189; hissə 2.).
20. Məhkəmə bildirir ki, cavabdeh Nazirlik tərəfindən iddiaçı ilə bağlanmış “Əmək müqaviləsi” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi hallarının mövcud olmaması barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan cavabdeh Nazirlik apellyasiya şikayətində bildirir ki, məktəbdə aparılmış yoxlamanın nəticəsi olaraq, iddiaçı tərəfindən, iddiaçının nəzarətində olan işçilərin işə gəlmədiyi, habelə işçilərin işə qəbul barədə əmrin mövcud olmaması, boş müəllim yerlərinin vakansiyaya çıxarılmaması, dərs saatlarının bölgüsünün diaqnostik qiymətləndirmənin nəticəsinə uyğun aparılmaması, əmək müqavilələri üzrə elektron bildirişlərin sistemə işlənmədiyi və. s. kimi pozuntuların törədilməsi aşkar edilmişdir.
21. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, F-153 nömrəli əmrinə əsasən, 15 aprel tarixdə Kəlbəcər rayon 23 nömrəli Tam Orta Məktəbdə aparılmış yoxlama nəticəsində cavabdeh Nazirliyin apellyasiya şikayətində göstərdiyi bir sıra qanun pozuntuları aşkar edilmişdir.
22. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən yol verilmiş pozuntular özlüyündə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinin xitam verilməsinə əsas verən hallar kimi qəbul oluna bilməz. Yol verilmiş pozuntular Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilən nəticələrə səbəb olmalıdır. Lakin cavabdeh Nazirlik iddiaçının əməli nəticəsində bu kimi nəticələrin mövcudluğunu göstərməmiş və hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan apellyasiya şikayətinin bu dəlili əsassız hesab edilməlidir.
23. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilən zaman iddiaçı, xx.xx.2021-ci il tarixli əmr ilə vəzifədən kənarlaşdırılmışdır. İşdən kənarlaşdırılmış işçinin sağlamlığını müvəqqəti itirməsi onun barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində qeyd edilən intizam məsuliyyətinə cəlb edilməsini istisna etmir. Rayon Məhkəməsinin iddiaçının əmək qabiliyyətini itirdiyi vaxtda intizam məsuliyyətinin qanunsuz tətbiqi barədə mövqeyi də əsassızdır.
24. Bununla bağlı Məhkəmə bildirir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli əmr ilə vəzifədən kənarlaşdırılmış, xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad edilmişdir.
25. Məhkəmə qeyd edir ki, cavabdeh Nazirliyin istinad etdiyi Əmək Məcəlləsinin 62.4-cü maddəsinə əsasən, işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.
26. Məhkəmə qanunun təfsiri ilə bağlı bildirir ki, işdən kənarlaşdırılmış işçi barəsində intizam tənbehinin tətbiqi onun inzibati və cinayət hüquq pozuntularına görə məsuliyyətə cəlb edilib-edilməməsindən asılı olmayaraq mümkündür. Yəni işəgötürənin hüququ var ki, işçi inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsə belə Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq etsin. Lakin bu zaman 189.2-ci maddəsinin tələbləri gözlənilməli, yəni intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər, məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
27. Cavabdeh Nazirlik bildirir ki, işə baxmış Rayon Məhkəməsi Nazirliyin əmək və icra intizamının xx.xx.2021-ci il tarixdə aşkar edilməsinə baxmayaraq, inzibati tənbehi xx.xx.2021-ci il tarixdə, yəni aşkar edildiyi gündən təqribən 2 ay 22 gün sonra verməklə qanunla müəyyənləşdirilmiş bir aylıq müddəti ötürməsi qənaətinə gəlsə də, nəzərə almamışdır ki, iddia müddətinin tətbiqi barədə iddiaçı tərəfindən ərizə verilməmişdir. Rayon Məhkəməsi öz təşəbbüsü ilə iddia müddətini tətbiq etməklə ciddi qanun pozuntusuna yol vermişdir.
28. Məhkəmə bildirir ki, qeyd olunan müddət iddia müddəti deyil və həmin müddətin tətbiqi iddiaçının iradəsindən asılı deyil.
29. Beləliklə, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğunun aşkar edildiyi gündən bir ay keçənədək verilməli olduğu halda, hazırki halda cavabdeh Nazirlik bu müddəti ötürərək digər bir pozuntuya yol vermişdir.
30. Apellyasiya şikayətinin sonuncu dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsinə iddiaçının ağır cinayətlərə görə məhkum olunması barədə məhkəmə hökmü nəzərə almamışdır. Halbuki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunununn 36- 1.2.2-ci maddəsinə əsasən ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.
31. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi, onun təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə ləğv edilmişdir. Əmək müqaviləsinin xitamı hökmdə müəyyən olunanlar ilə bağlı olmamışdır.
32. Bundan başqa, cavabdeh Nazirliyin istinad etdiyi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-1.2.2-ci maddəsində ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərin pedaqoji fəaliyyətlə məşğul ola bilməməsi nəzərdə tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, iddiaçı, Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 32.4,312.2-ci və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən qeyd olunan əməllər ağır və ya xüsusilə ağır cinayətlərə aid deyil.
33. Bundan başqa Məhkəmə qeyd edir ki, apellyasiya baxışı zamanı Məhkəməyə təqdim edilmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan (İş № 7(008)-478/2022) görünür ki, həmin qərar ilə İddiaçı ərizəsi təmin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti cəza ləğv edilmişdir.
34. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. g) Apellyasiya baxışının nəticəsi
35. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.