Məhkəmə qərarları › İş №2(103)-6341/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6341/2020

08.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6341/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu Pirşağı Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 1668 saylı icarə müqaviləsi əsasında iddiaçının qanuni sahibliyinə verilmiş Pirşağı qəsəbəsi, 2-ci sovxoz adlanan ərazidə yerləşən 300 kv.m torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçının faktiki sahibliyinə verilməsi, vurulmuş zərərin əvəzi olaraq 9000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 9030 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 1668 saylı icarə müqaviləsinə əsasən Pirşağı qəsəbəsi, 2-ci Sovxoz adlanan ərazidə 300 kv.m torpaq sahəsi iddiaçıya 10 il müddətinə icarəyə verilmişdir. İddiaçı bu müddət ərzində torpaq sahəsinə görə müqavilədə nəzərdə tutulan icarə haqqını, eləcə də müvafiq hesablanmış vergiləri vaxtında vermiş və Bələdiyyəyə həmin torpaq sahəsinə dair borcu qalmamışdır. İcarə müqaviləsinin 3.2-ci bəndinə əsasən, istifadəçi öhdəliklərini göstərilən müddətdə yerinə yetirdikdə müqavilənin müddəti yenidən artırılır. Göründüyü kimi, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz adlanan ərazidə 300 kv.m torpaq sahəsi iddiaçının qanuni sahibliyindədir, hər il icarə haqqını və əmlak vergisini ödəyir. Lakin, 2017-ci ilin aprel ayından cavabdeh öz ailə üzvləri ilə birlikdə torpaq sahəsini zəbt etmiş və qanunsuz olaraq torpaq sahəsini tutmuşdur. İddiaçı cavabdehdən torpaq sahəsini boşaltmasını tələb etdikdə o, torpaq sahəsini Samir Əhmədovdan 10 000 manat müqabilində satın aldığını bildirmiş və torpaq sahəsini boşaltmayacağını demişdir. Cavabdeh Sabunçu RPİ-nin 15-ci PB-nə Samir Əhmədov tərəfindən aldadılması barədə şikayət etmiş, daha sonra isə ödədiyi 10.000 manat pulun Samir Əhmədovdan alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)- 743/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, torpaq sahəsinə görə ödənilmiş 10.000 manat, tikintiyə sərf edilmiş 13.000 manat, cəmi 23.000 manat məbıəğində pulun X5 alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hal-hazırda icra edilməkdədir. Həmin qətnamə ilə cavabdehin məhz iddiaçının qanuni sahibliyinə verilmiş torpaq sahəsini Samir Əhmədovdan aldığı, bununla da özünə məxsus olmayan torpaq sahəsini Cavabdeh satmağı öhdəsinə götürməklə 10.000 manat pul əldə etdiyi, Cavabdeh həmin torpaq sahəsinə görə ödədiyi pulun Samir Əhmədovdan alınaraq ona ödənilməli olduğu müəyyən edilmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 1668 saylı icarə müqaviləsi əsasında iddiaçının qanuni sahibliyinə verilmiş Pirşağı qəsəbəsi 2-ci sovxoz adlanan ərazidə yerləşən 300 kv.m torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçının faktiki sahibliyinə verilməsi, vurulmuş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 12.000 manat, maddi zərərin əvəzi olaraq 20.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 32.030 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə belə əsaslandırılmışdır ki, iddiaçı icarəsinə verilmiş torpaq sahəsində hər il mütəmadi olaraq bostan məhsulları əkib becərmiş, bununla da hər il ən azı 3000 manat gəlir əldə etmişdir. Lakin cavabdeh 2017ci ildən həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etməklə və boşaltmaqdan imtina etməklə, iddiaçını hər il götürməli olduğu 3000 manat gəlirdən məhrum etmişdir. Beləliklə də, cavabdeh iddiaçıya ümumilikdə 12.000 manat ziyan (əldən çıxmış fayda) vurmuşdur. Bundan başqa, cavabdeh iddiaçının mübahisəli torpaq sahəsində əziyyətlə əkdiyi, uzun müddət qulluq edib böyütdüyü ağacları sındıraraq məhv etmişdir. Bu hal iddiaçıya maddi zərər vurmaqdan daha çox, mənəvi iztirab keçirməsinə səbəb olmuşdur. Belə ki, iddiaçı icarəsinə verilmiş mübahisəli torpaq sahəsində hər il mütəmadi olaraq əkib becərdiyi bostan məhsullarını satmaq üçün müəyyən müştəri kontingentinə malik olmuş, həmin şəxslərlə daimi alış-veriş etmişdir. Lakin cavabdehin qanunsuz hərəkətlərindən sonra həmin şəxslərlə aralarında olan şifahi razılaşmanın şərtlərinə əməl edə bilməmiş, onların yanında qeyri-ciddi vəziyyətə düşmüş, bu da ona mənəvi iztirab vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)-476/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 1668 saylı icarə müqaviləsi əsasında iddiaçının qanuni sahibliyinə verilmiş Pirşağı qəsəbəsi 2-ci sovxoz adlanan ərazidə yerləşən 300 kv.m torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin İddiaçı faktiki sahibliyinə verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddianın faktiki əsası kimi göstərilən sübutlar yalnız kserosurətdir. Heç bir istinad olunan sənədin əsli və yaxud təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmiş və yaxud iş materiallarına əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş və Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli 1668 saylı icarə müqaviləsinin “əsli ilə düzdür. Pirşağı bələdiyyəsinin sədri Ş.Quliyev” şəklində təsdiq olunmuş surətindən görünür ki, tərəfər arasında bağlanmış müqavilənin müddəti 10 (on) il (xx xxxxxx 2007 – xx xxxxxx 2017-ci il tarixədək) müəyyən edilmişdir. Lakin müqavilənin 6.2-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə müddəti başa çatdıqda müqaviləyə xitam verilir. Buna görə də iddiaçının iddia ərizəsi ilə müraciət etməyə subyektiv hüququ olmamışdır. Müddəti başa çalmış İcarə müqaviləsinin 1-ci bəndinə görə göstərilən 300 kv.m torpaq sahəsi iddiaçıya məhz bağçılıq məqsədilə icarəyə verilsə də, iddiaçı torpaq sahəsindən təyinatına uyğun istifadə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X7 apelyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Pirşağı Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2007-ci ildə bağlanmış 1668 nömrəli İcarə müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə X1 xx.xx.2007-ci il tarixli 11 saylı ümumi iclasının qərarına əsasən İddiaçı Pirşağı qəsəbəsi, 2 saylı Sovxozda yerləşən ümumi sahəsi 300 kv.m təşkil edən torpaq sahəsini icarəçiyə müddətli icarəyə verilir. İcarə müqaviləsinin müddəti 10 ildir. xx xxxxxx 2007-ci ildən xx xxxxxx 2017-ci ilədək müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə görə, istifadəçi öhdəliklərini göstərilən müddətdə yerinə yetirdikdə, müqavilənin müddəti yenidən artırılır. Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-743/2018 saylı qiyabi qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh – cavabdeh X8 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 ondan aldığı 10.000 manatın və onun ucbatından tikintiyə sərf etdiyi əlavə 13.000 manatın, cəmi 23.000 manat məbləğində pulun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia təmin edilərək torpaq sahəsinə görə ödənilmiş 10.000, tikintiyə sərf edilmiş 13.000 manat, cəmi 23.000 manat məbləğində pul cavabdeh X5 alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, X11 verdiyi izahatında qardaşı İddiaçı istifadəsində olan və içində yarımtikili olan torpaq sahəsini başqa şəxslərə pul borclu olduğu üçün Cavabdeh aldadaraq 10.000 manat nağd pula satdığını, həmin pulu və Cavabdeh həmin torpaq sahəsində əlavə inşa etdiyi tikiliyə çəkdiyi xərci xx.xx.2017-ci il tarixədək ödəyəcəyini bildirmişdir. İddiaçı isə verdiyi izahatında torpaq sahəsinin xx.xx.2007-ci il tarixli Pirşağı Bələdiyyəsinin 1668 saylı icarə müqaviləsinə əsasən onun istifadəsində olduğunu, qardaşı X6 ona demədən torpaq sahəsini Cavabdeh 10.000 manata satdığını və onun bu alqı-satqıdan xəbərinin olmadığını bildirmişdir. Həmçinin, həmin qətnamənin məzmunundan görünür ki, Cavabdeh izahatında 2017-ci ilin may ayında Pirşağı qəsəbəsində torpaq axtaran zaman Pirşağı qəsəbəsində Sovxoz 2 ünvanda ev-torpaq alqı-satqısı ilə məşğul olan, əvvəllər tanımadığı Vüqar adlı şəxsin vasitəsilə Samir Əhmədovla tanış olduğunu, Samir Əhmədov torpaq sahəsinin özünə məxsus olduğunu deyərək Pirşağı qəsəbəsi Sovxoz-2 yeni yaşayış massivində yerləşən və içində yarım tikilisi olan 3 sot torpaq sahəsini ona göstərdiyini, Vüqarın yanında ümumilikdə banka 10.000 manat borclu olduğunu deməklə, təcili torpağı və yarımtikilini 10.000 manata satacağını bildirmişdir. Bundan sonra, Samir Əhmədovla razılaşmışlar və qonşular X9, X2, X3 iştirakı ilə akt tərtib etmişlər ki, o, 10.000 manat məbləğində pulu Samir Əhmədova vermişdir. Samir Əhmədovdan yazılı kağız almışdır. Həmin torpaq sahəsində tikintini davam etdirdiyi ərəfədə avqust ayının əvvəllərində o, torpaq sahəində olan zaman Samir Əhmədovun qardaşı İddiaçı adlı şəxs torpaq sahəsinə gələrək torpaqğın ona məxsus olmasını, qardaşı Samir Əhmədovun ora aidiyyətinin olmadığını bildirmişdir. Həmçinin, İddiaçı Samir Əhmədov tərəfindən aldadıldığını və onu evdən çıxaracağını bildirmişdir. Bundan sonra o, Sabunçu rayon Pİnin 15-ci PB-nə şikayət etmişdir. Pirşağı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 216 nömrəli məktubu ilə İddiaçı bildirilmişdir ki, xx.xx.2008-ci il tarixli Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədi ilə bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun 9-cu hissəsinə əsasən mövcud hallarda icarə müqaviləsinin müddəti yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsi ilə uzadıla bilər. İddiaçı bildirilir ki, müddəti keçmiş müqavilənin şərtləri qüvvədədir. Pirşağı Bələdiyyəinin xx.xx.2020-ci il tarixli 74 nömrəli arayışından görünür ki, İddiaçı adına Pirşağı Bələdiyyəsinin vergi uçotu kitabında 374 nömrəli təsərrüfat qeydiyyatı vardır və onun həqiqətən 374 nömrəli şəxsi hesab üzrə xx.xx.2020-ci il tarixə torpaq və əmlak vergi üzrə borcu yoxdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqdan (o cümlədən icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktiki sahibi sahiblikdən özbaşına məhrumetmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 706.3-cü maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının mübahisəli torpağa dair hüquqları qeydiyyatdan keçməsə də, onun qeyd olunan torpağa dair “qanuni gözlənti” hüququ vardır və bu səbədən onun həmin torpağa hüquqlarını həyata keçirilmə imkanı təmin edilməli və cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” xx.xx.2015-ci il tarixli Qərarından görünür ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, iş materiallarından da göründüyü kimi məhkəmə tərəfindən işin obyektiv araşdırılması üçün Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinə sorğu ünvanlanmış və sorğuya cavab olaraq Pirşağı Bələdiyyəsi tərəfindən arayış və icarə müqaviləsinin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Bundan başqa, Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli məktubundan müəyyən olunur ki, müddəti keçmiş müqavilənin şərtlərinin qüvvədə olması qeyd olunmuşdur. Cavabdeh həmin torpaq sahəsinin bağçılıq məqsədilə icarəyə verilsə də, iddiaçının torpaq sahəsindən təyinatına uyğun istifadə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməməsi barədə dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin halın təsdiq olunub-olunmaması hazırki mübahisə predmeti ilə əlaqəli olmadığı üçün məhkəmə kollegiyası həmin məsələni araşdırmır. Həmçinin müəyyən edilir ki, cavabdeh mübahisəli torpaq sahəsində heç bir hüquqi əsas olmadan məskunlaşmış və bununla da həmin torpaq sahəsinin qanuni istifadəçisi olan və bu sahəyə dair “qanuni gözlənti” hüququ olan iddiaçının qanunla qorunan hüquqlarını məhdudlaşdırmışdır. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 476/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar