Məhkəmə qərarları › İş №2(103)-6342/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6342/2020

31.08.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6342/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, LPO “xxxxxxxxxxxxx” KB QSC-nin nümayəndəsi Məmmədov Azər Möhübbət oğlunun iştirakı ilə İddiaçı cavabdehlər LPO “xxxxxxxxxxxxx” KB QSC-yə və X1rşı “əmanət məbləğinin sığortalı hesab edilməsi və ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1933/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər LPO «xxxxxxxxxxxxx» KB QSC-yə və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli LD********** saylı «Standard» depozit müqaviləsinə əsasən qoyduğu əmanətin sığortalanmış hesab edilməsi və 21.752 ABŞ dolları 06 sent əmanət məbləğinin geri ödənilməsi öhdəliyinin cavabdeh X2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh «xxxxxxxxxxxxx» KB QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD********** saylı «Standard» depozit müqaviləsinə əsasən 9,50 % dərəcəsi ilə 22.000 ABŞ dolları və eyni tarixli, LD********** saylı depozit müqaviləsinə əsasən 9,50 % dərəcəsi ilə 18.000 ABŞ dolları məbləğində pul vəsaiti depozit qoyulmuşdur. Bilindiyi üzərə, X5 Palatasının xx xxxxxxxx 2016-cı il tarixli qərarına əsasən «xxxxxxxxxxxxx» KB QSC-nin lisenziyası xx xxxxxxx 2016-cı il tarixdən etibarən ləğv edilir və ləğvedici X4 müəyyən edilmişdir. Depozit müqaviləsinin 2.2-ci bəndinə əsasən vəsaitin əmanət hesabından vaxtından əvvəl götürülməsi əmanətçinin ərizəsinə əsasən həyata keçirilir. Bank əmanətinin geri tələb edilməsi ilə bağlı əmanətçinin ərizəsi daxil olandan sonra əmanətin məbləğinin ən azı 1/4 hissəsini dərhal, qalan hissəsini isə ən geci 5 bank günü müddətində ödəyir. 2016-cı ilin iyul ayında sözügedən banka şifahi müraciət edərək, depozit müqaviləsində razılaşdırılan 9,50 faizin 3 faizə salınması və bununla da, qoyulan əmanətin tam sığortalanmış olmasına dair istəyini bildirmişdir. Lakin bank əməkdaşı sanki onu düşünərək daha çox xeyir götürəcəyini bildirərək onunla razılaşmamışdır. Razılıq əldə oluna bilinmədiyi üçün xx.xx.2016-cı il tarixdə banka qoyduğu 40.000 ABŞ dolları əmanətin ona nağd şəkildə verilməsi üçün ərizə ilə müraciət etmişdir. Ərizə təqdim etdikdən sonra bir neçə dəfə «xxxxxxxxxxxxx» KB QSC-yə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə əmanətin geri qaytarılmasından yayınmışlar. Halbuki, müqavilənin 2.2-ci bəndində bu hal tənzimlənmişdir. Aradan iki aya yaxın vaxt keçdikdən sonra isə bankın lisenziyası ləğv edilmişdir. Fond tərəfindən «Əmanətlərin Sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən xx.xx.2016-cı il tarixdə 18.944 ABŞ dolları (30.000 manat ekvivalentində) kompensasiya hesablanaraq geri ödənilmiş, 21.752 ABŞ dolları 06 sent isə kompensasiya olunmayan məbləğ olaraq müəyyən edilmişdir. Bu hal «xxxxxxxxxxxxx» KB QSC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışda öz əksini tapır. Əmanətin 21.752 ABŞ dolları 06 sent hissəsində 0799 saylı qəbzlə tələb qeydə alınmışdır. Göründüyü kimi, tərəflər arasında əmanət müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanmış, əmanət üçün illik 9,50 faiz dərəcəsi müəyyən edilmişdir. Həm qanunvericiliyin tələbləri baxımından, həm də X2 Himayəçilik Şurasının müvafiq qərarına əsasən, yəni xx.xx.2015ci il ilə xx.xx.2016-cı il aralığında qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 % olduğundan əmanət məbləği qanunvericiliklə nəzərdə tutulmuş qorunan əmanətlərə aid edilməlidir. Yuxarıda qeyd olunan hal, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2018-ci il tarixli «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair Qərarında da öz əksini tapmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1933/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh bankın nümayəndəsi apellaysiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan bank «xxxxxxxxxxxxx» KB QSC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD********** nömrəli «Qarant» depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 18.000 ABŞ dolları məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 24 ay müddətinə bağlanmışdır. Müqavilənin 8.2-ci bəndinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. İş materiallarında olan bank «xxxxxxxxxxxxx» KB QSC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD********** nömrəli «Standard» depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 22.000 ABŞ dolları məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 9,50 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 8.2-ci bəndinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, İddiaçı «xxxxxxxxxxxxx» KB QSC-yə müraciət edərək, banka əmanət qoyduğu 40.000 ABŞ dolları məbləğində pulun ona nağd şəkildə qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 0799 saylı qəbzdən görünür ki, İddiaçı LPO «xxxxxxxxxxxxx» KB QSC qarşısında 21.752 ABŞ dolları 06 sent məbləğində olan kreditor tələbi qeydə alınmışdır. İş materiallarında olan LPO «xxxxxxxxxxxxx» KB QSC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışdan görünür ki, iddiaçıya 18.944 ABŞ dolları məbləğində kompensasiya verilmişdir, kompensasiya olunmayan məbləğ 21.752 ABŞ dolları 06 sent təşkil edir. İddiaçı, əmanətlərinin tam qorunan əmanətlər statusunda olduğunu bildirməklə əmanət məbləğlərinin ona qaytarılmasını istəmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini ən geci beş bank günü müddətində verməlidir; 950-ci maddəsinə görə isə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci və 2.1.2.6-cı maddələrinə əsasən, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə X4 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qanunun 8.1.20-ci maddəsinə görə, X6 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini X5 orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsinə görə, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri X2 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır; 4.2-ci maddəsinə görə isə, müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. X2 Himayəçilik Şurası xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx xxxxxx 2015-ci il tarixdən 12 faiz müəyyən edilmişdir. X2 Himayəçilik Şurasının iclasının xx xxxx 2016-cı il tarixli qərarına əsasən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz saxlanılmaqla, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edilmişdir. İş materiallarından aydın olur ki, İddiaçı ilə «xxxxxxxxxxxxx» KB QSC arasında xx.xx.2016-cı il tarixli LD********** nömrəli «Qarant» depozit müqaviləsi və xx.xx.2016-cı il tarixli LD********** nömrəli «Standard» depozit müqaviləsi bağlanmış, bank əmanətçidən əmanət məbləğlərini (18.000 ABŞ dolları və 22.000 ABŞ dolları) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik müvafiq olaraq 12 faiz və 9,50 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra «xxxxxxxxxxxxx» KB QSC-nin lisenziyası ləğv edilmiş, Ləğv prosesində olan «xxxxxxxxxxxxx» KB QSC-nin ləğvedicisi X4 təyin edilmişdir. Göründüyü kimi iddiaçı ilə bank arasında müqavilə bağlanan dövürdə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx xxxxxx 2015- ci il tarixdən 12 faiz müəyyən edilmiş və iddiaçının əmanəti həmin dövr üçün sığortalanmış hesab edilmişdir. Lakin müqavilə bağlanandan təxmini 1 ay sonra X2 Himayəçilik Şurasının iclasının xx xxxx 2016-cı il tarixli qərarına əsasən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz saxlanılmaqla, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edilmiş, lakin iddiaçı faiz dərəcəsinin aşağı salınması üçün banka müraciət etməmişdir. Göründüyü kimi, iddiaçının tələb etdiyi məbləğ – 21.752 ABŞ dolları 06 sent kompensasiya olunmayan əmanət məbləğidir, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq növbəlililk əsasında ödənilməlidir. Qeyd olunan əmanət məbləği isə növbəlilik əsasında ödənilməsi üçün kreditor tələbi kimi qeydə alınmışdır. İddiaçının banka əmanətin geri qaytarılması barədə müraciət etməsinə dair birinci isntansiya məhkəməsinə təqdim etdiyi ərizə ilə bağlı qeyd etmək lazımdır ki, banka əmanətin geri qaytarılması barədə ərizənin (verilmiş lisenziya qüvvədə olan dövrdə fəaliyyət göstərən dövrdə) təqdim edilməsi banka qoyulmuş əmanətin bütün məbləğinin sığorta edilmiş məbləğ hesab edilməsi üçün əsas deyil. Çünki, yuxarıda qeyd edildiyi kimi, qoyulmuş əmanət məbləğinin sığorta olunan həddi qanunvericiliklə tənzimlənir. Qeyd olunmalıdır ki, iddiaçının əmanətləri kompensasiya olunmayan (sığortalanmayan) əmanətlər olduğundan, məhz bu səbəblə “Banklar haqqında” Qanunun 77-ci maddəsi çərçivəsində bankın ləğv edicisi tərəfindən qeydə alınmışdır. Belə olan halda isə həmin əmanətlər bankın aktivləri formalaşdıqca, Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında ödənilməlidir və onların sığortalı əmanət kimi Fonddan tutulması qanunvericiliyin mənasına uyğun deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, “xxxxxxxxxxxxxx” QSC-nin yüzlərlə təminatsız kreditoru, o cümlədən əmanətçisi mövcuddur və onlar məhz bankın aktivləri (həmçinin geri qaytarılmalı olan kreditlər) hesabına tələblərinin ödəniləcəyinə ümid etməkdədirlər. Bu isə o deməkdir ki, iddiaçının əmanət məbləğlərinin sığortalı əmanət kimi qiymətləndirilməsi, onu digər kreditorlara münasibətdə üstün vəziyyətə gətirməklə normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinə, həmçinin ədalət, insaf və mənəviyyat tələblərinə də uyğun deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin onu mübahisələndirən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1933/2020 saylı, xx xxxx 2020-ciil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar