Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6343/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəmənin 2(002)-2412/2022 saylı, 11 avqust 2022-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi və Maraqlı şəxs2 MMC-yə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 26 iyun 2011-ci il tarixdən Maraqlı şəxs2 MMC-in direktoru vəzifəsindən azad edilməsinə dair hüquqi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəmənin 2(002)-2412/2022 saylı, 11 avqust 2022-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Ərizəçi şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəmənin 2(002)-2412/2022 saylı, 18 avqust 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə iddia predmetini işçinin işdən azad olunması faktının müəyyən edilməsi tələbindən ibarətdir. Məhkəmə qeyd edir ki, işçinin işdən çıxarılması əsası, günü, ayı, ili əmək kitabçasında qeyd edilir. İş materiallarından görünür ki, hazırki mülki iş üzrə ərizəçinin əmək stajını təsdiq edən əmək kitabçası mövcuddur. Bu halda, məhkəmə hesab edir ki, işçi qismində çıxış edən ərizəçinin əmək kitabçası mövcud olduğundan, iddia tələbində qeyd edilən hal isə əmək kitabçası əsasında müəyyən edildiyindən, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini zəruri edən şərtlər istisna edildiyindən, iddia ərizəsi məhkəmə icraatına qəbul edilə bilməz və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” qərarının 13-cü bəndində qeyd edilmişdir ki,məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Həmin Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Hazırki iş üzrə ərizəçinin müəyyən edilməsini istədiyi faktın ona nə məqsədlə lazım olduğu işdən tam aydın olmur. Belə ki, ərizənin məzmununda 26 iyun 2011-ci il tarixdən Maraqlı şəxs2 MMC-in direktoru vəzifəsindən azad edilməsinə dair hüquqi faktı müəyyən edilməsi göstərsə də ərizəçi bu barədə, yəni adının icra orqanının rəhbəri kimi reyestrdən çıxarılması barədə İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə hansısa formada müraciət etməsinə dair ərizəsinə sübut əlavə etməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, ərizəçinin istəyi Maraqlı şəxs2 MMC-in icra orqanının rəhbəri kimi İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin müvafiq qurumunda adının Cəmiyyətin icra orqanının rəhbəri kimi reyestrdən çıxarılmasına nail olmaq olduğundan ərizənin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi düzgün olmuşdur. Çünki, ərizədə qeyd olunan qurumların maraqlı şəxs kimi göstərilməsi hələ bu işlərə xüsusi icraat qaydasında baxılması üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, ərizəçi istər hazırkı, istərsə də yenidən müraciət edəcəyi ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barədə qanunla nəzərdə tutulmuş qaydaya riayət etməlidir. Bu qaydalara riayət edilməməsi ərizənin geri qaytarılması, ərizə icraata qəbul edilmişdirsə, müvafiq olaraq həmin qaydanın tətbiq etmək imkanının itirilib-itirilməməsindən asılı olaraq ya baxılmamış saxlanılması, yada icraata xitam verilməsi üçün, eləcə də hazırkı iş üzrə ərizəni icraata qəbul etməkdən imtina üçün əsasdır. Belə ki, ərizəçinin niyyəti İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin müvafiq qurumunda adının hüquqi şəxsin icra orqanının rəhbəri kimi reyestrdən çıxarılması ilə bağlıdırsa ilk növbədə qanunvericiliyin yuxarıda qeyd olunan imperativ tələbinə əsasən həmin orqana rəsmi müraciət etməli idi. Həmin orqanın onun müraciətini təmin etmədyi(imtina etdiyi) halda, aidiyyəti üzrə konkret tələblə müvafiq məhkəməyə müraciət etmək hüququ yarana bilərdi. Lakin ərizəçi bu qaydaya da riayət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bu cür vəziyyətdə ərizəçi qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olsa da, bu hüququndan hansı formada istifadə etmək qaydasına əməl etməlidir. Yəni, ərizənin məzmununda göstərilən hallar məhkəmə araşdırmasının predmeti ola bilər. Lakin hansı məhkəmə icraatının predmeti olması ərizəçinin istəyi ilə olsa da qanunvericiliyin tələblərinə də riayət edilməsi mütləqdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəmənin 2(002)-2412/2022 saylı, 11 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəmənin 2(002)-2412/2022 saylı, 11 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6343/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6343/2022
12.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver