Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6349/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 avqust 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, bina 64 “A”-da yerləşən 54 saylı mənzildən övladı olan cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir. İddiaçının övladı olan cavabdeh 1987-ci il təvəllüdlüdür. Cavabdeh uşaq olanda onun yaşayış yeri iddiaçının yaşayış yeri sayıldığı üçün mənzilə 2001-ci ildə qeydiyyata düşmüşdür. Cavabdeh 2021-ci ildə ölkə hüdudlarını tərk edərək, xarici ölkəyə köçmüş, orada yaşayır və işləyir. Həmin vaxtdan da cavabdeh mənzilə qayıtmamışdır. Cavabdeh və cavabdehin arvadı X1 nikaha daxil olduqdan sonra bir müddət iddiaçı ilə birgə yaşamışlar. Onların bir övladları var – xx.xx.2014-cü il təvəllüdlü İnarə. Cavabdeh iddiaçıya xəbər vermədən, iddiaçıdan razılıq almadan İnarəni də mənzilə qeydiyyata saldırmışdır. Hazırda cavabdeh ilə Səhyəbanı Qayıbovanın nikahı pozulmuşdur. Səhyəbanı Qayıbova övladı ilə birlikdə başqa ünvanda yaşayır. İddiaçı mənzilini yaxşı şəraitli evlə dəyişmək istəyir, lakin cavabdeh mənzildə qeydiyyatda olduğundan iddiaçı bunu edə bilmir. İddiaçı cavabdehə müraciət etsə də, cavabdeh razılıq verməkdən imtina etmişdir. Cavabdehin bu kimi hərəkəti və mənzildə yaşamadan qeydiyyatında qalması iddiaçının mülkiyyət hüququnu pozur. İddiaçı mülkiyyət hüququnu realizə edə bilmir. b) birinci instansiya məhkəməsində verilmiş izahatlar barədə məlumat
3. İddiaçı işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, mülkiyyətində olan həmin mənzili o öz vəsaiti hesabına almışdır. Mənzil binanın doqquzuncu mərtəbəsində yerləşir. Onun dizlərində problemlər olduğundan o, mənzili sataraq bağ evi almaq və ya mənzili bağ evi ilə dəyişmək istəmişdir. Bunun üçün cavabdehin razılığı tələb olunur. O, bununla bağlı cavabdehə müraciət etdikdə isə, cavabdeh bildirmişdir ki, əgər onun keçmiş arvadına 25.000 manat ödənilsə, o razılaşa bilər. Hazırda onun cavabdehə kompensasiya məbləği təklif etmək üçün maddi imkanı yoxdur, həmçinin cavabdehin belə bir pula ehtiyacı yoxdur. Cavabdeh ölkəyə gələndə mübahisəli mənzilə gəlmir, ümumiyyətlə mənzildən istifadə etmir.
4. Məhkəmə iclasında iştirakı videokonfrans vasitəsilə təmin edilmiş cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, magistr təhsili ilə bağlı o, 2019-cu ildən 2021-ci ilədək mütəmadi olaraq xaricə gedib-gəlmiş, 2021-ci ildən isə daimi olaraq Almaniyada Federasiyasında yaşayır və işləyir. Anası ilə soyuq münasibətdə olmasının səbəbləri ailədə yaranmış narazılıqlardır. Mübahisəli mənzilə 2001-ci ildə qeydiyyata alınmışdır. Övladı İnarə 2014-cü ildən həmin mənzildə qeydiyyatdadır. Anası tərəfindən bacısı vasitəsi ilə evin satılması barədə təklif olunsa da, razılaşmamışdır. Özü yaşadığı ölkədə kirayədə qalır, aylıq gəlirləri var. Azərbaycan Respublikasına qayıdan zaman anası ilə münasibəti yaxı olmadığı üçün qeydiyyatda olduğu ünvana getməmiş, öz istəyi və seçimi ilə öz vəsaiti hesabına otellərdə qalmışdır. Anası tərəfindən mənzilin dəyərinin yarısı ona ödənildiyi halda mənzilin satılmasına razılıq verəcəkdir. Onunla arvadı Səhyəbanı Qayıbova arasındakı nikahı pozulmuşdur. Keçmiş arvadı uşaqla birlikdə öz valideynlərinin evində yaşayır. Onun kompensasiya məbləğinə ehtiyacı yoxdur, yalnız mənzilin dəyərinin yarısını tələb edir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinə ehtiyacının olmamasına (istifadə hüququnu əmələ gətirən əsasın aradan qalxmasına) dəlalət edir. Ona görə də iddia əsaslıdır. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
8. Cavabdehin iddiaya etirazının məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh xarici ölkədə təhsil alır və təhsilini başa vurduqdan sonra ölkə ərazisinə qayıdacaqdır. Azərbaycan Respublikasında cavabdehin yeganə yaşayış yeri mübahisəli mənzildir. Lakin qeyd edilən hal Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozularaq iddianın təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı barədə məlumat
9. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat vermişdir.
10. Cavabdeh tərəf apellyasiya baxışının növbəti iclasında, iddiaçı tərəf isə ümumiyyətlə apellyasiya baxışı iclaslarında iştirak etməmiş, hər iki tərəf Məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər.
11. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir.
13. Belə ki, işdə olan sənədlərdən, iş üzrə tərəflərin məhkəmələrə verdikləri şifahi və yazılı məlumatlardan görünür və tərəflər arasında mübahisə doğurmur ki, mübahisə predmeti olan mənzil 2001-ci ildən iddiaçının mülkiyyətindədir. İddiaçının övladı olan cavabdeh 1987-ci il təvəllüdlüdür. Cavabdeh uşaq olanda onun yaşayış yeri iddiaçının yaşayış yeri sayıldığı üçün mənzilə 2001-ci ildə qeydiyyata düşmüşdür. Mənzilin əldə olunmasında cavabdehin iştirakı olmamışdır. Cavabdeh 2021-ci ildən etibarən Almaniyada Federasiyasında yaşayır və işləyir. Cavabdehin övladı xx.xx.2014-cü il təvəllüdlü İnarə də mənzildə qeydiyyatdadır. Cavabdehin övladı və keçmiş arvadı X1 da mənzildə yaşamırlar. Cavabdeh ilə Səhyəbanı Qayıbovanın nikahı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi (iş № 2(001)-2472/2024) ilə pozulmuşdur.
14. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qapı bir qonşusudur. Uzun illərdir ki, həmin binada eyni mərtəbədə yaşayırlar. İddiaçını və onun övladlarını tanıyır. İddiaçının oğlu – cavabdeh əvvəl həmin mənzildə yaşamışdır. Bir müddət ailə qurduqdan sonra da həmin mənzildə yaşasa da, 2019-cu ildə təhsillə bağlı xaricə getmişdir. 2021-ci ilədək bir ya iki dəfə cavabdehi görsə də, 2021-ci ildən cavabdehin həmin mənzildə heç vaxt görməmişdir. Uzun müddət iddiaçı səhhəti ilə bağlı müalicələr almış, yataq xəstəsi olmuş, lakin tək yaşamışdır.
15. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı onun anası, cavabdeh isə qardaşıdır. Qardaşı 2019-cu ildən magistr təhsili almaq məqsədi ilə xarici ölkəyə getmiş, 2021-ci ildən isə işləməyə başlayaraq həmin ölkədə yaşamışdır. Cavabdehin arvadı Səhyəbanı Qayıbova və uşağı əvvəl mübahisəli mənzildə qısa müddət yaşasa da, cavabdeh getdikdən sonra Səhyəbanı Qayıbova mənzili tərk etmiş və özünün valideynlərinin evinə köçmüş, həmin vaxtdan da uşaqla birlikdə arada yaşayır. Mənzil binanın doqquzuncu mərtəbəsində yerləşir. Anasının dizlərində problemlər var. Bununla əlaqədar olaraq anası mənzili sataraq ev və ya aşağı mərtəbədə yerləşən mənzil almaq istəyir. Bunun üçün anası cavabdehə müraciət etmiş, lakin cavabdeh övladına və arvadına vermək üçün mənzilin yarı qiymətini tələb etmişdir. Cavabdeh haçan Azərbaycana gəlir, haçan xaricə qayıdır, gələndə harada qalır onlara məlum deyil.
16. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli mənzil 2001-ci ildən iddiaçının mülkiyyətindədir. İddiaçının övladı olan cavabdeh 14 yaşından mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh təhsili ilə bağlı o, 2019-cu ildən 2021-ci ilədək mütəmadi olaraq xaricə gedib-gəlmiş, 2021-ci ildən isə Almaniyada Federasiyasında yaşayır və işləyir. İddiaçı ilə cavabdehin münasibəti hazırda gərgindir.
17. İddiaçı bildirir ki, cavabdeh daimi əsaslarla mənzili tərk etdiyindən və mənzildən istifadəyə ehtiyacı aradan qalxdığı üçün mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.
18. Cavabdeh isə xarici ölkədə müvəqqəti yaşadığını, Azərbaycan Respublikasına qayıdacağını və qayıtdığı zaman mübahisəli mənzildən başqa yaşayış sahəsi olmadığı üçün mənzildən istifadəyə ehtiyacını itirmədiyini bildirir.
19. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13.; hissə İ.). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 29.). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz (maddə 43.; hissə İ.).
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, xx.xx.2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.”
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (maddə 157.4.). Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (maddə 27.1.). Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (maddə 228.1.). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır (maddə 228.5.).
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır.
24. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının ailə üzvü – övladı olmaqla mübahisəli mənzildən istifadə hüququ mövcuddur və bu hal işin mübahisəsiz halıdır.
26. İddiaçı hesab edir ki, cavabdeh daimi əsaslarla mənzili 2021-ci ildə tərk edərək, xaricə köçmüş və bununla da cavabdehin mənzildən istifadəyə ehtiyacı aradan qalxmışdır. Bu səbəbdən də cavabdehin mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.
27. İşə baxmış Rayon Məhkəməsi iddiaçının bu mövqeyi ilə razılaşaraq iddianı təmin etmişdir.
28. Lakin iddianın əsaslı olması barədə qənaətə gəlmiş Rayon Məhkəməsi cavabdehin ona verdiyi və yuxarıda qeyd edilən mövqeyi təkzib edən izahatına, habelə iddianın əsaslı hesab edilməsi üçün etibarlı sübutların olmamasına əhəmiyyət verməmişdir. Belə ki, cavabdehin özündən başqa cavabdehin anası olan iddiaçı və cavabdehin bacısı olan Şahid2 da bildirirlər ki, cavabdeh 2021-ci ildən etibarən xaricdə yaşayıb işləsə də, mütəmadi olaraq Azərbaycana qayıdır, lakin onların münasibətləri yaxşı olmadığı üçün Azərbaycana qayıdanda cavabdeh mübahisəli mənzildə yaşamır.
29. Bundan başqa iş materiallarından və “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlardan müəyyən edilir ki, iş üzrə cavabdeh hazırda da Azərbaycan Respublikasının vətəndaşıdır, mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyytdadır və o, mütəmadi olaraq Azərbaycan Respublikasından çıxır və Azərbaycan Respublikasına qayıdır.
30. Belə olan halda müəyyən edilir ki, cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxması öz təsdiqini tapmadığından mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün əsas yoxdur. g) apellyasiya baxışının nəticəsi
31. Beləliklə də, apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır.
32. Məhkəmə bildirir ki, MPM-nin 385-ci maddəsinin tələbinə görə, yuxarıda qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
33. Buna görə də, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir.
34. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd, apellyasiya şikayəti isə təmin edildiyindən məhkəmə xərcləri, yəni iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçıya aid edilməlidir.
35. Məhkəmə bildirir ki, iddia tələbi rədd edildiyindən cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
36. İddiaçının isə tələbi rədd edildiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
37. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 avqust 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə” iddiası rədd edilsin. İddia rədd, apellyasiya şikayəti isə təmin edildiyindən məhkəmə xərcləri, yəni iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.