Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-635/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, onun azyaşlı övladı xx.xx.2017-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 yerləşən gəlin kimi yaşamış olduğu özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı xx.xx.2015-ci il tarixdə cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü Səbinə Misirzadə adlı qızları doğulmuşdur. Cavabdehlə aralarındakı münasibət pozulmuş, ailə qurarkən 2016-cı ilin aprel ayında sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, burada cavabdehlə birgə təsərrüfat aparmış, cehiz əşyaları həmin ünvanda olmuş, 2018-ci ilin noyabr ayında istəməyərək uşağı ilə birlikdə həmin evi tərk etməli olmuşdur. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir, evə dair ev kitabı vardır, eyni zamanda orada bir deyil iki fərdi yaşayış evi vardır. Yaşayış evlərindən biri yaşayışa tam yararlı olduğu halda, digərinin əlavə təmir işlərinə ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evindən 2018-ci ilin noyabr ayında məcbur olub çıxmışdır. Bəzi çehiz əşyalarını götürsə də, çox hissəsi həmin evdə qalmışdır. Tərəflər arasında yalnız qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı mübahisəsi olmuş, cehiz əşyalarının qaytarılması ilə bağlı isə heç bir məhkəmə mübahisəsi olmamışdır. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə cavabdehin Cavabdehla rəsmi nikaha daxil olmuş və 2016-cı ilin aprel ayında cavabdehlə birlikdə onun ailəsinə məxsus ünvan 1 üvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Fərdi yaşayş evinə dair ev kitabına əsasən, Bəşir Misirov (cavabdehin atası) xx.xx.1971-ci il tarixdən, Cavabdeh isə xx.xx.1991-ci il tarixdən həmin evdə qeydiyyatdadırlar. Tərəflərin birgə nikahından xx.xx.2017-ci ildə Səbinə Misirzadə adlı uşaqları doğulmuşdur. İddiaçı, 2018-ci ilin noyabr ayında cavabdeh və onun ailə üzrvləri ilə ailədaxili münaqişə nəticəsində uşağı ilə birlikdə mübahisəli evdən çıxaraq bacısıgilə getmiş və yaşamağa başlamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Səbinə Misirzadənin iddiaçının himayəsində saxlanılması və cavabdehdən onun xeyrinə xx.xx.2019-cu il tarixdən hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qeyd edilənlər iddia ərizəsi, tərəflərin izahatları, nikah və doğum haqqında şəhadətnamələr, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3876/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surəti və işdə olan digər sənədlərlə təsdiqlənir. Birinci instansiya məhkəməsi, iddia tələbini rədd edərkən, Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etməklə mövqeyini belə əsaslandırmışdır ki, mülkiyyətçi ilə ailə münasibətlərə xitam verilirsə, keçmiş ailə üzvünün istifadə hüquqları saxlanılmır. İddiaçının başqa yerdə yaşayış yerinin olmaması dəlilinə isə MM-nin 30.4-cü maddəsinin ikinci hissəsi baxımından qiymət verərək bildirmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin xx.xx.2019-cu il tarixdə nikahları pozulduqdan sonra anası tərəfindən cehiz əşyaları götürülmüş, iddiaçı həm bacısı, həm də anasının evində yaşamış, iddianı isə yalnız xx.xx.2020-ci il tarixdə vermişdir. Kollegiya, rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçı, aşağıdakılara əsasən azyşalı övladı ilə birlikdə mübahisəli evə köçürülməsini tələb etməkdə haqlıdır. Belə ki, mübahisə predmeti olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Mülki Məcəllənin 180.1-ci və 180.2-ci maddələrinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Sadalananlara əsasən, hüquqi vəziyyətinə görə özbaşına tikili sayılan ünvan 1 üvanında yerləşən fərdi yaşayış evində yaşamış, sonradan, ailədaxili münaqişə nəticəsində iradəsi əlehinə çıxmaq məcburiyyətində qalmış və hazırda başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçının həmin evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ, eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə, başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, Kollegiya, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq, hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda - hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Hazırkı mübahisəyə də yuxarıda göstərilən aspektdən yanaşılmalı və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün nəzərdə tutulmuş vasitələrdən istifadə edilməlidir. Kollegiya vurğulayır ki, özbaşına tikilidən bir iqtisadi dəyər kimi yararlanmanı tənzimləyən norma(lar)ın mövcud olmadığına istinad etməklə, iddiaçının sözügedən evə köçürülməsi tələbinin təmin edilməməsi mübahisə predmeti olan evdə yaşamış, orada birgə təsərrüfat aparmış və tikiliyə münasibətdə artıq iqtisadi marağı formalaşmış İddiaçı münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu heçə endirə bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də, məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır və yolverilməzdir. Odur ki, Kollegiya, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin özbaşına tikili olduğunu, dolayısı ilə həmin fərdi yaşayış evinin cavabdehin mülkiyyətində deyil, məhz faktiki sahibliyində olduğunu, eləcə də, ədalət mühakiməsinin səmərəliliyini təmin etmə vasitələrindən biri kimi analogiya institutunun çıxış etdiyini nəzərə alaraq hesab edir ki, hazırkı işdə bu və ya digər şəxsin istifadəsində olan yaşayış sahəsinə köçürülməni təmin edən qanunvericilik aktına istinad edilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. İddiaçının gəlin köçməsi ilə əlaqədar ailə münasibətləri çərçivəsində orada yaşamasına görə həmin evə iqtisadi marağı yaranmışdır. Belə olan halda, tərəflərin yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Həmin evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. Cavabdeh mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdeh və onun ailəsi ilə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Odur ki, iddiaçının yaşaması üçün mübahisəli fərdi yaşayış evinə köçürülməsi əsaslıdır. Kollegiya, İddiaçı evə köçürmə tələbinin haqlı sayıldığını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçının himayəsində saxlanılmış uşağı xx.xx.2017-ci il təvəllüdlü Səbinə Misirzadənin də onunla birlikdə həmin evə köçürülməsi tələbi də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Göstərilənlərə əsasən, Kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına və qanunvericiliyə uyğun deyil. Ona görə də qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1375/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin olunsun. İddiaçı azyaşlı övladı xx.xx.2017-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-635/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-635/2021
27.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver