Məhkəmə qərarları › İş №2(103)-6354/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6354/2022

06.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6354/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: icbari istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 2060/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi 67a saylı ev iddiaçıya anası X1 tərəfindən 25 dekabr 2009-cu il tarixdə bağışlanmışdır.

2. Cavabdeh iddiaçının qızıdır, mübahisəli evdə qeydiyyatdadır, 2014-cü ildə ölkədən getmiş, 2015 və 2017-ci illərdə qısa müddətli (25 və 23 gün) ölkəyə səfər etmiş, 2017-ci ilin mart ayının 10-dan sonra ölkəyə qayıtmamışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi 67a saylı evə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi 67a saylı evin mülkiyyətçisidir, Cavabdeh onun qızıdır, həmin mənzildə qeydiyyatda olsa da, orada yaşamır, hər hansı əşyası yoxdur, cavabdeh 2014-cü ildə ailə həyatı qurduqdan sonra xarici ölkəyə getmiş, daha sonra iki dəfə dəfə qısa müddətli ölkəyə gəlsə də, 2017-ci ildən əlaqə tamamilə kəsilmişdir, artıq üç ilə yaxındır ki, qızından xəbəri yoxdur, onun telefon zənglərinə cavab verilmir, cavabdeh bir neçə ildir ki, xarici ölkədə yaşayır, hansı ölkədə olmasına dair məlumat vermir və Azərbaycana gəlmir, bütün bunlara baxmayaraq, cavabdeh hələ də onun mənzilində qeydiyyatdadır və bununla onun mülkiyyət hüquqları pozulur, hesab edir ki, cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməlidir.

5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 2060/2020 saylı qətnaməsi ilə (hakim Z.Hacıyev) iddia təmin edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozduğundan, İddiaçı mənzil üzərindəki pozulmuş hüquqlarının bərpası üçün Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, 67a saylı evə istifadə hüququ itirilməlidir.

7. Məhkəmə AR Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və AR Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailə qurduqdan sonra müvəqqəti olaraq AR-dən kənarda olsa da, hər dəfə Azərbaycana gəldikdə qeydiyyatda olduğu və uşaqlıqdan yaşadığı anası İddiaçı mülkiyyətində olan evdə yaşamışdır. Lakin bu il Azərbaycana gələndə müəyyən etmişdir ki, həmin ünvandan qeydiyyatdan çıxarılmışdır, onun Azərbaycanda yaşaya biləcəyi başqa bir evi yoxdur, yaxın dostundan xahiş edib onun evinə qeydiyyata düşmüşdür ki, şəxsiyyət vəsiqəsini aktivləşdirə bilsin. Müvəqqəti olaraq başqa ölkədə yaşasa da, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi 67a saylı evin təmirində maddi köməklik etmişdir. Belə ki, anasına bank hesabında olan 7600 ABŞ dolları pul vermişdir ki, evi təmir etdirsin. Məhkəmə qanunvericiliyin tələbini pozaraq ona heç bir kompensasiya verilmədən onun istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul etmişdir. Onun istifadə hüququna ən pis halda ona müəyyən məbləğdə kompensasiya verilməklə xitam verilə bilərdi. Məhkəmə iddianı təmin etməklə sübutlara düzgün hüquqi qiymət verməmiş, AR Mülki Məcəlləsinin 228.2-ci maddəsinin, Kostitusiya Məhkəməsinin Plenumunun qərarlarının tələblərini nəzərə almamışdır. Plenum qərarına əsasən istifadə hüququnun həyata keçirilməməsi həmin hüququn xitamı üçün əsas deyildir. Məhkəmə onun Azərbaycana gəldikdə harada yaşaması, Azərbaycanda başqa yaşayış yerinin olub-olmamasını araşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinə etiraz iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər.

13. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetinin qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

18. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

21. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

22. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarı:

25. Mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarı:

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

30. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə uyğun olaraq, onlar arasında mənzildən istifadə edilməsi ilə əlaqədar yaranan mübahisə 01 oktyabr 2009-cu ildən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar... Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

33. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsi, 67a saylı mübahisəli ev xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsi əsasında İddiaçı anası tərəfindən ona hədiyyə edilmiş, həmin evə dair onun mülkiyyət hüquqları xx.xx.2010-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və bu barədə Seriya MA ******* nömrəli çıxarış verilmişdir. İddiaçının qızı Cavabdeh 2009-cu ildən həmin ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Lakin cavabdeh ailə qurması ilə əlaqədar 2014-cü ildə mübahisəli mənzili könüllü olaraq tərk etmişdir. Hazırda həm iddiaçının verdiyi izahatdan, həm də cavabdehin apellyasiya şikayətinin dəlillərindən məlum olur ki, cavabdeh ailə qurduqdan sonra Azərbaycan Respublikasından kənarda yaşayır. Cavabdehin mübahisəli ünvanda iddiaçı ilə birlikdə yaşamaqla istifadə hüququ əldə etməsini tərəflər mübahisələndirmirlər.

34. İddiaçı cavabdehin mübahisəli ünvanı daimi yaşamaq üçün, birdəfəlik tərk edib getməsini bildirir, cavabdeh isə ailə qurması ilə əlaqədar müvəqqəti olaraq xarici ölkədə yaşamasını, yəni onun mübahisəli ünvanı daimi yaşamaq üçün tərk etmədiyini, həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxmadığını bildirir.

35. Lakin cavabdeh onun uzun illər ərzində Azərbaycan Respublikasından kənarda yaşamasının müvəqqəti xarakter daşıması və mübahisəli yaşayış sahəsindən istifadə etməsinə ehtiyacın aradan qalxmaması ilə bağlı hər hansı dəlil gətirməmişdir.

36. Əksinə, iş materiallarından cavabdehin Azərbaycan Respublikasını 2014-cü ildə tərk edib getməsi və həmin vaxtdan etibarən hal-hazıradək Azərbaycana cəmi üç dəfə qısa müddətə qayıtması müəyyən edilir.

37. Cavabdehin uzun illər ərzində mübahisəli ünvanda yaşamamasını, onun ailə quraraq Azərbaycan Respublikasının ərazisini tərk etməsini nəzərə alaraq bu qənaətə gəlmək olur ki, cavabdeh mübahisəli ünvanı müvəqqəti deyil, başqa ünvanda daimi yaşamaq məqsədi ilə tərk etmişdir və onun mübahisəli yaşayış sahəsindən istifadə etməsinə olan ehtiyac aradan qalxmışdır. Cavabdehin qeyd olunan mübahisəli mənzildən həqiqətən də istifadə etmək ehtiyacının olduğuna, lakin iddiaçı yaxud digər şəxslər tərəfindən buna maneçilik yaradılmasına dair hər hansı bir hal aşkar edilməmişdir.

38. Belə olduqda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq iddianı təmin etmiş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan mənzildə istifadə hüququnun saxlanmasının bir mülkiyyətçi kimi onun hüquqlarını pozduğu, bu səbəbdən də İddiaçı mübahisəli yaşayış sahəsi üzərindəki pozulmuş hüquqlarının bərpası üçün Cavabdeh həmin evdən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməli olması qənaətinə gəlmişdir.

39. Cavabdehin evin təmiri ilə bağlı iddiaçıya 7600 ABŞ dolları məbləğində pul vəsaiti verməsi isə məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Cavabdehin bununla bağlı təqdim etdiyi bank əməliyyatlarına dair çıxarışdan orada göstərilmiş məbləğin iddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilmir.

40. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

41. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2060/2020 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar