Məhkəmə qərarları › İş №2(103)-6354/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6354/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6354/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2n, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3807/2024 nömrəli 19 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən Bakı şəhəri 6 saylı Notariat ofisində notarial qaydada verilmiş **********765 nömrəli (reyestrdə 8İ-1976 nömrə ilə qeyd edilmiş) ərizəyə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ipotekaya(girova) qoyulmasına etiraz etmədiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, “həmin ipotekaya (girova) qoyulmuş əmlaka ödəniş yönəldiyi halda və ya o satıldıqda öhdəmə götürürəm ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyəm”.

2. xx.xx.2019-cu il tarixli BKMG-00014-06/19A saylı Sonrakı İpoteka müqaviləsinə əsasən ipoteka saxlayan Bank BTB Açıq Səhmdar Cəmiyyəti, İpoteka qoyan- Cavabdeh1dur. Borc alan- "xxxx" Yanacaq Firmasıdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011ci il tarixli 1397 nömrəli reyestr kitabında, 127843 nömrəli vərəqində, **********44- 05301-093026 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, MA seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil (sonrakı ipoteka predmeti) "xxxx" ASC Gəncə filialı ilə "xxxx" Yanacaq Firması arasında Gəncə şəhərində bağlanmış 26 dekabr 2018-ci il tarixli GL2967 saylı kredit limiti müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün "xxxx" ASC ilə Cavabdeh1 arasında Bakı şəhərində bağlanmış 17 yanvar 2019-cu il tarixli İ2701 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmuşdur. 1.2-ci maddəyə əsasən borcalanla İpoteka saxlayan arasında Gəncə şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli BKN-00014-06/19A nömrəli Əsas Kredit müqaviləsinə əsasən İpoteka saxlayan borc alana Əlavə müqavilələr bağlamaqla maksimal faiz dərəcəsi 35% olmaqla 310.000 manat məbləğinədək, xx.xx.2024-cü il tarixinədək kreditlər verir, Borc alan isə əlavə müqavilələrin şərtlərinə əsasən kreditlərin, onlara hesablanmış faizlərin ödənilməsilə birlikdə İpoteka saxlayana qaytarılmasını öz öhdəsinə götürmüşdür. Borc alan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdə, 4-cü gündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,5%-i məbləğində cərimə hesablanır.

3. xx.xx.2019-cu il tarixli BKN-00014-06/19A saylı Əsas kredit müqaviləsinə əsasən borcverən borcalana bu müqavilə çərçivəsində 60 ay müddətinə, maksimal faiz dərəcəsi 35% olmaqla xx.xx.2024-cü il tarixinədək Əlavə müqavilələr bağlamaqla 310.000 manat məbləğinədək kreditlər verə bilər.

4. xx.xx.2019-cu il tarixli BKN-A0014-06/19A saylı Əlavə kredit müqaviləsinə əsasən borcverən 260.000 manat məbləğində krediti illik 17 faizlə 48 ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu xx.xx.2023-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öz öhdəsinə götürür.

5. xx.xx.2019-cu il tarixli BKX-00014-06/19A saylı Əlavə kredit müqaviləsinə əsasən borcverən borcalan üçün 50.000 manat ümumi məbləğində illik 17% olmaqla 36 ay müddətinə xx.xx.2022-ci il tarixədək bərpa olunan kredit xətti açır və kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə krediti Borcalanın mülkiyyətinə verir, Borcalan isə həmin kreditdən Biznes məqsədi ilə istifadə etməyi və onu xx.xx.2022-ci il tarixədək faizi ilə birlikdə Borcverənə qaytarmağı öz öhdəsinə götürür.

6. xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən yüklü edilən əmlak- ünvan 3, xeyrinə hüquq yüklü edilən şəxs- "xxxx" ASC, hüququ yüklü edilən şəxs Cavabdeh1dur. Yüklülüyün müddəti-xx.xx.2024-cü il tarixidir. Hüququn əvvəlki yüklülüyü- Paşa Bank ASC olmuşdur.

7. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-300/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, "xxxx" Yanacaq Firmasına və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli BKN- 00014-06/19A saylı əsas kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli BKN-A0014- 06/19A saylı əlavə kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli BKX-00014- 06/19A saylı əlavə kredit xətti müqaviləsi və xx.xx.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsi ləğv edilmişdir. xx.xx.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit müqaviləsi üzrə 257430 manat əsas borc, 19207 manat 12 qəpik faiz borcu, cəmi 276637 manat 12 qəpik məbləğində borc və xx.xx.2019-cu il tarixli BKX- 00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi ürə 49500 manat əsas borc, 6848 manat 99 qəpik faiz borcu, cəmi 56348 manat 99 qəöik məbləğində borc olmaqla, ümumilikdə 332986 manat 11 qəpik məbləğində borc, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı, həmçinin, 50 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdeh "xxxx" Firmasından iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ev 40, 90 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 680.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı "xxxx" ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh "xxxx" Firmasından tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra mənzilin boşaldılması, Cavabdeh1 300 manat məbləğində qiymətləndirmə haqqının tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən – “yaşayış sahəsinin açıq hərrac keçirildikdən 1 ay sonra boşaldılması” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmiş, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

10. Gəncə Kommersiya Məhkəməsi tərəfindən göndərilmiş 02 aprel 2024-cü il tarixli Reyestrə əsasən İddiaçı- ünvan 3 ünvanına baxış bildirişi sifarişli zərflə göndərilmişdir.

11. Poçt qəbzi (xəbərnaməyə) əsasən İddiaçı ünvan 3 ünvanına xx.xx.2021-ci il tarixdə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə imza edilərək qətnamə rəsmi qaydada təhvil alınmışdır.

12. "xxxx" MMC tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli Hərrac bildirişinə əsasən xx.xx.2024-cü il tarixdə daxil olan Nəsimi rayon İcra şöbəsinin 1242- 178814/23-5-33 saylı xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən, borclu Cavabdeh1 məxsus əmlak "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır: hərraca çıxarılan əmlakünvan 3, ilkin satış qiyməti 680.000 manat, hərracın tarixi və vaxtı 19 mart 2024-cü il, saat 11:00 (növbəlilik əsasında). İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC arasında qanunsuz olaraq bağlanmış 2019-cu il 18 noyabr tarixli BKN-0014- 06/19A saylı əsas, 2019-cu il 20 noyabr tarixli BKN-A0014-06/19A saylı əlavə, 2019cu il 22 noyabr tarixli BKX-00014-06/19A saylı əlavə, 2020-ci il 24 iyun tarixli RPZ- B0014-06/19A saylı əlavə kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq bağlanmış 18 noyabr 2019-cu il tarixli BKMG00014-06/19A saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və onunla Cavabdeh1 birgə nikah dövründə əldə edilən ipoteka ilə yüklü edilmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan mənzilin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə Cavabdeh1 15 oktyabr 1993-cü il tarixdə rəsmi olaraq nikaha daxil olmuşdur. Cavabdeh1 ilə birgə nikah dövründə ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 273.3 kv.m olan mənzilə mülkiyyət hüququ əldə etmişlər və bu barədə xx.xx.2011-ci il tarixli MA seriyalı 02247837 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli e-2(115)- 300/2021 saylı qətnaməsi ilə (hakim: R.Məmmədov) iddianın qismən təmin edilməsi, "xxxx" ASC ilə cavabdeh "xxxx" Firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli VK N00014- 06/19A saylı əsas kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli BKN-A0014- 06/19A saylı əlavə kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli VKX00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi və xx.xx.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli RPZ-B0014-06/19A saylı əlavə kredit kredit müqaviləsi üzrə 257430 manat əsas borc, 19207 manat 12 qəpik faiz borcu, cəmi 276637 manat 12 qəpik məbləğində borc və xx.xx.2019-cu il tarixli VKX00014-06/19A saylı əlavə kredit xətti müqaviləsi üzrə 49500 manat əsas borc, 6848 manat 99 qəpik faiz borcu, cəmi 56348 manat 99 qəpik məbləğində borc olmaqla, ümumilikdə 332986 manat 11 qəpik məbləğində borc, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin, 50 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" Firmasından iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 680.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı "xxxx" ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh "xxxx" Firmasından tutularaq "xxxx" ASC-yə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra mənzilin boşaldılması, Cavabdeh1 300 manat məbləğində qiymətləndirmə haqqının tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ərizəyə əlavə edilmiş 2019-cu il 18 noyabr tarixli BKN-0014-06/19A saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Fırmasına 60 ay müddətinə, 2024-cü ilin 18 noyabr tarixinədək əlavə müqavilələr bağlamaqla 310.000 manat məbləğinədək kredit xətti açılmışdır. 2019-cu il 18 noyabr tarixli BKMG-00014- 06/19A saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" Firmasının kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətlərində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 273.3 kv.m olan mənzili banka ipotekaya qoymuşdur. 2019-cu il 20 noyabr tarixli BKN-A0014-06/19A əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 48 ay müddətinə, illik 17% olmaqla 260.000 manat məbləğində kredit verilmişdir. 2019-cu il 22 noyabr tarixli BKX00014- 06/19A saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 48 ay müddətinə, illik 17% olmaqla 50.000 manat məbləğində kredit verilmişdir. 2020-ci il 24 iyun tarixli RPZ- B0014-06/19A saylı əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Firmasına 52 ay müddətinə, illik 17% olmaqla 257.430 manat məbləğində kredit verilmişdir. İpoteka müqaviləsi bağlandıqdan bir müddət sonra müxtəlif səbəblərdən həyat yoldaşı Cavabdeh1 faktiki olaraq ayrılmış və Gəncə şəhərindən Bakı şəhərinə hazırki mübahisəli mənzilə köçmüş və həmin mənzilə köçərək qeydiyyata düşmüşdür. Bundan sonra baş verənlərdən və Cavabdeh1 müqavilə öhdəliklərinin yerinə yetirib yetirmədiyi barədə onun heç bir məlumatı olmamışdır. Baş vermiş proseslərlə bağlı məhkəmə tərəfindən və yaxud bank və cavabdeh tərəfindən ona heç bir məlumat verilməmişdir. Bankdan kredit götürülərkən ona yalnız 50.000 manat kredit götürüldüyü barədə məlumat verilmişdir. 24 iyun 2020-ci il tarixli RPZ- B0014-06/19A saylı əlavə kredit müqaviləsindən ümumiyyətlə onun məlumatı olmamışdır. Hazırda yeganə yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən mənzildə yaşayır və cavabdehlərin qanunsuz razılaşmalarının nəticəsi olaraq yeganə yaşayış yerindən və mülkiyyətindən mərhum olmaq üzərədir. "xxxx" MMC tərəfindən ünvanına daxil olmuş xx.xx.2024-cü il tarixli 039/24 saylı məktubdan göründüyü kimi Nəsimi rayon İcra şöbəsinin 1242-178814/23-5-33 saylı xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən borclu Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən əmlak "xxxx" MMC tərəfindən 19 mart 2024-cü il tarixdə açıq hərraca çıxarılmışdır. Lakin onun ipoteka müqaviləsindən məlumatı olmamış, o, cavabdeh və bankın əməkdaşları tərəfindən aldadılmışdır.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 avqust 2024-cü il tarixli 2(011)-3807/2024 nömrəli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia təmin edilməmişdir.

16. Məhkəmə göstərmişdir ki, İddiaçı ipoteka müqaviləsi ilə bağlı aldadıldığını, əslində kreditin nə üçün götürüldüyü bilmədiyini, məbləğinin yalnız 50.000 manat olduğunu qeyd etmiş, sadalananlara əsasən ipoteka müqaviləsinin etibarsız olduğunu qeyd etmişdir. Məhkəmə iclasında izah verən Cavabdeh1 krediti biznes məqsədilə götürdüyü bildirmiş, lakin məbləğlə bağlı iddiaçını aldatmışdır. Məhkəmə cavabdehin məbləğlə bağlı iddiaçını aldatdığını etiraf etməsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mübahisəli mənzil daha əvvəl Paşa Bankdan götürülmüş kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə, daha sonra isə cavabdeh bankla bağlanmış kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə ipoteka qoyulmuşdur. Cavabdeh1 yenidən 50000 manat məbləğində pul lazım olduqda əvvəlki borcu olan 260000 manat məbləğində borcu ödəmək üçün cavabdeh Bank BTB ilə 310000 manat həcmində əsas kredit müqaviləsi bağlamış və (hər iki) borc öhdəliyinin icrasını təmin etmək məqsədilə mübahisəli mənzili ipotekaya qoymuşdur. İddiaçının ipoteka müqaviləsinin hansı məqsədlə bağlanmasından, kreditin məbləğinin yüksək olmasından məlumatsız olması, aldadılması, iradə ifadəsinin zədələnməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin edilməməlidir.

17. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “İpoteka müqaviləsi bağlandıqdan bir müddət sonra müxtəlif səbəblərdən həyat yoldaşı Cavabdeh1 faktiki olaraq ayrılmış və Gəncə şəhərindən Bakı şəhərinə hazırki mübahisəli mənzilə köçmüş və həmin mənzilə köçərək qeydiyyata düşmüşdür. Bundan sonra baş verənlərdən və Cavabdeh1 müqavilə öhdəliklərinin yerinə yetirib yetirmədiyi barədə iddiaçının heç bir məlumatı olmamışdır. Baş vermiş proseslərlə bağlı məhkəmə tərəfindən və yaxud bank və cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir.” Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ipoteka müqaviləsinə razılıq verərkən artıq həmin mənzildə qeydiyyatda olmuşdur, poçt qəbzindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-300/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi həmin ünvana göndərilmişdir.

18. Məhkəmə hesab etmişdir ki, hazırki işə kəsici müddət tətbiq edilməlidir. İddiaçının mübahisəli əmlakın əvvəl və daha sonra kredit müqavilələrinin icrasının təminatı məqsədilə ipoteka qoyulmasından, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 300/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən məlumatlı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığına görə 18 noyabr 2019-cu il tarixli BKMG- 00014-06/19A saylı sonrakı ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı kəsici müddət tətbiq edilməli, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 354.2-ci maddəsi təşkil etməlidir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

19. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin ikinci hissəsi əsas tələb hissəsi ilə sıx bağlıdır. İddia tələbi əsas tələb hissəsində rədd edildiyindən törəmə tələb hissəsində də rədd edilməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyası 13, 29, 60, Mülki Məcəllənin 139.1, 140, 269.1, 269.4, 317.1, 317.2, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 354.2, 372.1, 375.1, 375.2, 404.1, 404.2, “İpoteka haqqında” Qanuna, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, əqdin etibarsızlığı ilə bağlı müddətin keçməsi səbəbi ilə iddianın rədd olunması üçün müddət axımının başlanması anı məhkəmə tərəfindən düzgün hesablanmayaraq nəticə etibarı ilə hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul olunmuşdur. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən müqavilədən məlumatlı olmuş və bunu məhkəmə bildirişlərinin qeydiyyatda olduğu ünvana gəlməsi ilə, həmçinin ipotekanın predmeti olmuş əmlaka dair daha öncə başqa bankla bağlanmış ipoteka müqaviləsinin bağlanmasına razılıq verməsi faktiki olaraq, mübahisələndiriyi müqaviləyə də razılıq kimi dəyərləndirmişdir. Məhkəmə istinad etdiyi dəlilləri formal hesab edərək, üzərinə götürdüyü öhdəlikdən yayınma kimi qiymətləndirmişdir. Lakin iddianın rədd olunması əsası kimi də yalnız ehtimallara istinad olunmuşdur ki, bu da məhkəmə qətnaməsinin qəbul olunması əsaslarına ziddir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

25. Cavabdeh Bankın nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

26. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

28. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi).

30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı və Cavabdeh1 xx.xx.1993-cü il tarixində rəsmi nikaha daxil olmuş, mübahisəli mənzil birgə nikah dövründə cavabdehin adına rəsmiləşdirilərək əldə edilmiş, mübahisəli mənzil "xxxx" ASC ilə Cavabdeh1 arasında Bakı şəhərində bağlanmış 17 yanvar 2019-cu il tarixli İ2701 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipotekaya qoyulmuş, daha sonra xx.xx.2019-cu il tarixli BKN-00014-06/19A nömrəli Əsas Kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixli BKMG-00014-06/19A saylı Sonrakı İpoteka müqaviləsi bağlanaraq mənzil Cavabdeh1 tərəfindən ipotekaya qoyulmuşdur. xx.xx.2019-cu il tarixli BKN-00014-06/19A saylı Əsas kredit müqaviləsinə əsasən borcverən borcalana bu müqavilə çərçivəsində 60 ay müddətinə, maksimal faiz dərəcəsi 35% olmaqla xx.xx.2024-cü il tarixinədək Əlavə müqavilələr bağlamaqla 310.000 manat məbləğinədək kreditlər verə bilər. xx.xx.2019-cu il tarixli Sonrakı ipoteka müqaviləsi bağlanmamışdan bir gün əvvəl, yəni xx.xx.2019-cu il tarixində İddiaçı Bakı şəhəri 6 saylı Notariat ofisində notarial qaydada verilmiş **********765 nömrəli (reyestrdə 8İ-1976 nömrə ilə qeyd edilmiş) ərizəyə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ipotekaya (girova) qoyulmasına etiraz etmədiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, “həmin ipotekaya (girova) qoyulmuş əmlaka ödəniş yönəldiyi halda və ya o satıldıqda öhdəmə götürürəm ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyəm”.

43. İddiaçı hazırda həmin müqavilənin etibarsızlığını tələb edərək, müqavilə bağlanarkən aldıldığını, kreditin nə üçün götürüldüyü bilmədiyini, məbləğinin yalnız 50.000 manat olduğunu bildiyinə istinad etmişdir.

44. Kollegiya qeyd edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.

45. İddiaçının müqavilə bağlanarkən aldadılması halı müəyyən edilməmiş, məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının ipoteka müqaviləsinin hansı məqsədlə bağlanmasından, kreditin məbləğinin yüksək olmasından məlumatsız olması, aldadılması, iradə ifadəsinin zədələnməsi faktı öz təsdiqini tapmamışdır.

46. Göründüyü kimi Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-300/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən, həmçinin mübahisəli əmlakın əvvəl və daha sonra kredit müqavilələrinin icrasının təminatı məqsədilə ipotekaya qoyulmasından iddiaçı məlumatlı olmuş, ona görə də hazırki iddia tələbi ilə bağlı kəsici müddət tətbiq edilməsi barədə məhkəmənin qənaəti əsaslıdır. Bununla bağlı şikayətin dəlilləri əsassızdır.

47. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğru olmuşdur. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3807/2024 nömrəli iş üzrə 19 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar