Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6355/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X3 və X1 ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1195/20 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 4, mənzil 3 A ünvanından çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, iş № 2(009)-1195/20) iddia təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 4, mənzil 3A ünvanında yaşayır. Həmin evi 2006-cı ilin oktyabr ayından etibarən göstərilən ünvanda əmisi uşaqları Ələsgər və Musa, həmçinin qardaşları Aydın və Aqifin maddi dəstəyi ilə inşa etmişdir. Təxminən 2019-cu ilin noyabr ayından etibarən qaynanası Cavabdeh onlara qonaq gəlib və həmin vaxtdan da hal-hazıradək evdən çıxmır. Cavabdeh evdən çıxmamaqla bərabər əsassız söhbətlər etməklə uşaqlarından onu ayrı salmağa çalışır. Cavabdeh onun ailə üzvü olmadığı üçün həmin ünvandan çıxarılmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq cavabdehin Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 4, mənzil 3 A ünvanından çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin olunmaması və nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulmuş olması ilə əsaslandırılmışdır. Apelyasiya şikayətində həmçinin göstərilir ki, İddiaçı Bakı şəhəri, Səbail ray, Gülbala Əliyev küçəsi 4, mənzil 3A ünvanında qeydiyyatsız yaşayır və həmin mənzil üzərində mülkiyyət hüququ yoxdur. Buna görə də iddia tələbi qanuni deyildir və bu tələblərin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Cavabdehin nümayəndəsi və vəkili A.Nurməmməsov məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Səbail rayon Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 359 saylı Qərarı ilə Gülbala Əliyev küçəsində tikib yaşadığı evə məxsus 200 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alğı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Cavabdeh Həsənəli qızı iddiaçının qaynanasıdır və başqa yerdə - ünvan 3 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərkən mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, cavabdehin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslar olmadan yaşadığı və bununla da istifadə hüququ əmələ gəlmədiyi üçün Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi ev 4, mənzil 3A ünvanı onun yaşayış yeri sayıla bilməz və ona görə də o, həmin evdən və torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, cavabdeh iddiaçının ailə üzvü olmamaqla mənzildən istfadə hüququna malik deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulamışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Hazırkı işdə isə cavabdeh iddiaçının ailə üzvü olmadığı üçün Ailə Məcəlləsinə əsasən özünün saxlanılmasını iddiaçıdan tələb etmək hüququ yoxdur. Çünki, həmin Məcəllənin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” başlıqlı 15-ci fəslində hansı qohumların və hansı şərtlər çərçivəsində birinin digərini saxlamaq vəzifəsi konkret şəkildə öz əksini tapmışdır. Lakin, tərəflər arasında mövcud olmuş qohumluq münasibəti həmin normaların təsir dairəsinə düşmədiyindən cavabdehin fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin iddiaçının mülkiyyətçi olmadığından hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmaması ilə bağlı dəlilini də əsassız sayır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı mübahisəli torpaq sahəsini Səbail rayon Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 359 saylı Qərarı və həmin qərarın əsasında bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Adı çəkilən bələdiyyə qərarında hələ torpaq sahəsi ayrılanadək iddiaçının həmin torpaq sahəsində ev tikib yaşadığı qeyd olunmuşdur. Məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, cavabdehin qızı və nəvələrinin iddiaçı tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı dəlilləri də əsassız sayır və qeyd edir ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün qiymət verilmişdir. Ona görə də qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər imzalar Əsli ilə düzdür. Hakim Akif İsgəndərov
Məhkəmə qərarları › İş №2(103)-6355/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6355/2020
12.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver