Məhkəmə qərarları › İş №2(103)-6355/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6355/2021

09.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6355/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 – Cavabdeh2 MTK-ya qarşı «zərər» tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh MVVL Verus Praedium” MTK və İddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 - Cavabdeh2 MTK-ya qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha torpaq sahəsi və 186,9 kv.m fərdi yaşayış evi 04 sentyabr 2018-ci il tarixli Çıxarışa əsasən X2 mülkiyyətində olmuşdur. İddiaçı2 mülkiyyətində olan torpaq sahəsini və fərdi yaşayış evini 12 mart 2019-cu il tarixli Bağışlanma müqaviləsinə əsasən İddiaçı1 bağışlamışdır. Cavabdeh göstərilən ünvanda yeni binalar tikməyə başlamış, lakin hazırda iddiaçılara məxsus torpaq sahəsinin ərazisinə daxil olaraq orada da tikinti inşa edilməsi məqsədi ilə qazıntı işləri aparmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur.

3. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha torpaq sahəsində qazıntı işlərinə son qoyaraq, həmin sahənin əvvəlki vəziyyətə gətirilməsi və mülkiyyətlərində olan ümumi sahəsi 186,9 kv.m 3 mərtəbədən ibarət fərdi yaşayış evini sökdüyünə görə 600.000 manat məbləğində maddi zərərin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Ərizədə həmçinin qeyd edilmişdir ki, cavabdeh torpaq sahəsində qazıntı işlər aparmaqla yanaşı həmin torpaq sahəsində iddiaçıların mülkiyyətlərində olan ümumi sahəsi 186,9 kv.m 3 mərtəbədən ibarət fərdi yaşayış evini sökərək iddiaçılara maddi zərər vurmuşdur.

4. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 600.000 manat dəymiş ziyan, 60.000 manat məbləğində illik 5 % ilə hesablanmış borc və 20.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etirazda qeyd edilmişdir ki, İddiaçı1 məxsus Badamdar qəsəbəsi, Tofik Məmmədov küçəsi 3 ünvanında yerləşən 70,5 kv.m sahəsi olan qeyriyaşayış binası 12.01.2018-ci il tarixdə MTK-nın təsisçisi Namik Mirzəyevə satılmışdır. Həmin qeyriyaşayış binasının üzərində qanunsuz tikilmiş 2 mərtəbənin əvəzi olaraq MTK tərəfindən T.Məmmədov küçəsində yerləşən torpaq sahəsində başqa bir obyekt təmir edilmiş, bundan əlavə Badamdar qəsəbəsi 2-ci y/m-də isə 3 mərtəbəli fərdi yaaşyış evi tikilmişdir.Obyektin sökülməsindən xəbər alan Nağıyev Fərhad tikintinin dayandırılması tələb edərək bildirmişdir ki, sökülən obyekti MTKya satmamış, yalnız sənəd satmışdır. Daha sonra Badamdar qəsəbəsi, Neftçilər küçəsi 56 C ünvanında yerləşən və İddiaçı1 məxsus fərdi yaşayış evinin sənədlərini göstərib sökülmüş obyektin sənədi olduğunu deyərək hədə-qorxu gəlmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 249,000 manat məbləğində dəymiş ziyanın, 24,900 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5 % ilə hesablanmış pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumunun 15 manat hissəsinin Cavabdeh2 MTK-dan alınıb İddiaçı1 ödənilməsi, 08.02.2021-ci il tarixli ƏEM/F 68-150/21 saylı ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaitinin 125 manat hissəsinin iddiaçılardan, 125 manat hissəsinin isə cavabdehdən tutulub "xxxx" MMC-in hesabına (VÖEN: **********; hesab N AZN: AZ30GUNA********************: BANK: "xxxx" ASC, VÖEN:**********; Müxbir hesab: AZ25NABAZ********************; KOD: 505594; SWİFT:GUNAAZ22) ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. (Sədrlik edən : İlkin Rüstəmli)

7. Qətnamədən cavabdeh MVVL Verus Praedium” MTK apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini, İddiaçı1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 30/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

8. Cavabdeh MVVL Verus Praedium” MTK tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin vəsatəti təmin edilərək məhkəmə D3DRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə 31.03.2021-ci il tarixli müvafiq sorğu göndərmiş və həmin idarənin iş materiallannda olan **********54 nömrəli 14.04.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Baki şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ev 56C saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Bununla, birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq olunmuş mübahisəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmamasını sübut edən sənədi ümumiyyətlə qiymatlandirməmiş, son nəticədə əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(009)-1534/2020 saylı 25.08.2020-ci il tarixli qətnaməsi ilə müeyyən edilmişdir ki, tərəflər arasındakı mübahisənin mahiyyəti ondan ibarət olmuşdur ki, İddiaçı1 MTK-nı aldadaraq faktiki inşası hayata keçiriln binanın ərazisində yerləşən (Sabail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 56C ünvanında yerləşən qeyri-yaşayış sahəsi) əmlakı deyil başqa əmlakı (Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi) MTK-ya satınışdır. Bu səbəbdən də MTK iddiaçının həyat yoldaşının bu hərəkətləri ilə bağlı (aldatma ilə bağlı külli miqdarda ziyan vurma faktına görə) prokurorlııq orqanlarına müraciət etmiş və istintaq zamanı Fərhad Nağıyevin MTK-ya 324608 manat ziyan vurulması faktı öz təsdiqini tapmışdır (həmin hal iddiaçının özü tərəfindən də iddia ərizəsində etiraf olunmuşdur". Birinci instansiya məhkəməsi iddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 5% məbləğində 60.000 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə qismən təmin edərkən bu qənaətin əsaslandırılmasını AR MM-nin 445.7 və 449.3 maddələrinə istinad etmişdir. Hazırkı işdə isə iddiaçı ilə cavabdeh arasında hər hansı öhdəlik münasibətləri olmadığı üçün qeyd edilən normaların tətbiqi qanunsuzdur.

9. İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə iş üzrə keçirilmiş ekspert rəyinə istinad edərək İddiaçı1 mülkiyyətində olan əmlakın dəyərini 249000 manat hesab etmiş və bu əsasla da iddianı yalnız həmin hissədə təmin etmisdir. İddiaçı1 mübahisəsi gedən əmlaka qoyulmus qiymətlə razı deyil. İş materiallarından görünür ki, sökülmüs əmlak 186.9 kv.m sahədən ibarətdir. Həmin əmlak sökülən günədək qeyri yasayış sahəsi kimi (stomatoloji klinika) fəaliyyət göstərmisdir. Stomatoloji klinikanın fəaliyyət göstərməsi üçün bütün lazımı şərait yaradılmalıdır. Səbail rayonunda tam təmirli 186.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin dəyərinin 249 min manat kimi müəyyən edilməsi reallığı əks etdirmir. Ekspert tərəfində qoyulmuş qiymət heç təmirsiz obyektin dəyərini özündə əks etdirmir. Məhz bu səbəbdən hesab edir ki, məhkəmənin ekspert rəyinə istinad edərək belə bir qətnamə qəbul etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Mənəvi ziyanla bagli isə qeyd edilməlidir ki, artıq iki ildən çoxdur ki, məhkəmə prosesi davam edir, hər dəfə məhkəmə prosesi zamanı iddiçı İddiaçı1 keçirdiyi stres əsəb səhhətində ciddi narahatlığa səbəb olmusdur. Tərəflərin izahatları:

10. Kollegiya iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X4 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İşə baxılasının vaxtı və yeri barədə digər iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

14. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

15. İş materiallarında olan, RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 186,9 kv.m olan fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyəti kimi 04.09.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

16. İş materiallarında olan 12.02.2019-cu il tarixli Bağışlanma müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 186,9 kv.m olan fərdi yaşayış evini və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0121 ha olan torpaq sahəsini hədiyyə alan İddiaçı1 bağışlamışdır.

17. İş materiallarında olan 12.01.2018-ci il tarixli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3-də yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasını X3 mülkiyyətinə vermişdir.

18. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 3-də yerləşən qeyri-yaşayış binası X3 xüsusi mülkiyyəti kimi 16.01.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

19. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 1 və 3-də yerləşən ümumi sahəsi 0,1086 ha olan torpaq sahəsi icarə hüququ ilə 49 il müddətinə Cavabdeh2 MTK-nın xeyrinə yüklü edilmişdir.

20. İş materiallarında olan 12.02.2020-ci il tarixli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ünvanında yerləşən 0,0121 ha sahəsi olan torpaq sahəsini X3 mülkiyyətinə vermişdir.

21. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ünvanında yerləşən 0,0121 ha sahəsi olan torpaq sahəsi X3 xüsusi mülkiyyəti kimi 20.02.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

22. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, MTK məktubda X5 tərəfindən MTK-ya vurulmuş 324608,50 manat ziyanın tam ödənildiyini göstərmişdir.

23. İş materiallarında olan D3DRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********54 nömrəli 14.04.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Baki şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ev 56C saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir.

24. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin izahatlarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə doğru nəticəyə gəlməmişdir. Hüquqi dəyərləndirmə:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

26. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

31. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddia tələbinin 249,000 manat məbləğində dəymiş ziyanın, 24,900 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5 % ilə hesablanmış pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumunun 15 manat hissəsinin Cavabdeh2 MTK-dan alınıb İddiaçı1 ödənilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı deyil. Belə ki, iddiaçı iddia tələbində 600.000 manat dəymiş ziyan, 60.000 manat məbləğində illik 5 % ilə hesablanmış borc və 20.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsində qazıntı işləri aparmaqla yanaşı həmin torpaq sahəsində iddiaçıların mülkiyyətlərində olan ümumi sahəsi 186,9 kv.m 3 mərtəbədən ibarət fərdi yaşayış evini sökərək iddiaçılara maddi zərər vurmuşdur. Kollegiya qeyd edir ki, Baki şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ev 56C saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumatın idarənin arxivində aşkar edilməməsi barədə D3DRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********54 nömrəli 14.04.2021-ci il tarixli sorğuya cavab məktubuna birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmiş və sübut kimi qiymətləndirilməmişdir. Sorğuya cavab məktubundan göründüyü kimi, Baki şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ev 56C saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Belə olan halda İddiaçı1 onun mülkiyyətində olduğunu iddia etdiyi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 186,9 kv.m 3 mərtəbədən ibarət fərdi yaşayış evininin cavabdeh tərəfindən sökülərək iddiaçıya maddi ziyan vurması barədə iddiası əsassızdır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırki iş üzrə daşınmaz əmlakın mövcudluğu barədə məlumat aşkar edilmədiyindən, həmçinin İddiaçı1 12.02.2020-ci il tarixli Alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ünvanında yerləşən 0,0121 ha sahəsi olan torpaq sahəsini X3 mülkiyyətinə verdiyindən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ünvanında yerləşən 0,0121 ha sahəsi olan torpaq sahəsi X3 xüsusi mülkiyyəti kimi 20.02.2020-ci il tarixdə qeydiyyata alındığından cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi ziyan vurulması faktı sübuta yetirilməmiş hesab edilməli və iddiaçının dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbi əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli iddia tələbi rədd edilməlidir.

32. Beləliklə də, kollegiya bu yuxarıda sadalanan xüsusatlara əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

35. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

36. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh MVVL Verus Praedium” MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. İddiaçı1 tərəfindən verilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-30/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi barədə apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar