Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6356/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı «mənzil verilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1406/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı Cavabdeh QSC-yə qarşı «mənzil verilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona növbədənkənar mənzilin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 Xidmətində Texniki bazanın sahil matrosu olaraq işləmişdir. xx.xx.1994-cü ildən güzəştli şərtlərlə mənzil növbəsindədir. Lakin 31 ildir ki mənzillə təmin olunmur. Artıq 90 yaşı var, gözləyə bilmir, haqqını tələb edir. Verilmiş cavab məktubunda siyahı üzrə 4-cü olaraq mənzil növbəsində olduğu qeyd edilmişdir. Şifahi aldığı məlumata əsasən ondan aşağı növbələrdə olan işçilər artıq mənzillə təmin olunmuşlar.
a) Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1406/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia təmin edilməmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mənzil növbəsində məhz Azərbaycan Dövlət Xəzər X3 Dəniz Yollar Xidmətinin işçiləri arasında 4cü sırada olmuşdur. Lakin sonradan həmin qurum ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bundan sonra iddiaçının işlədiyi qurumla yanaşı ARDNŞ X7 Donanmasının yenidən təşkili yolu ilə Cavabdeh QSC yaradılmışdır. Qurum yaradıldıqdan sonra sözügedən qurumlarda mənzil növbəsinə durmuş bütün işçilərin siyahısı növbəyə durma tarixləri üzrə yenidən siyahıya alınmış və iddiaçı 652-ci sırada müəyyən edilmişdir. Başqa sözlə, iddiaçı mənzil növbəsində 4-cü sırada özünün işlədiyi qurum işçiləri arasında müəyyənləşdirilmişdir, lakin qurumların yenidən təşkilindən sonra tərtib olunan siyahı üzrə müəyyən edilmişdir ki, ümumilikdə 1100 nəfər mənzil növbəsindədir və iddiaçının növbə sırası 652-dir. Cavabdeh QSC-nin keçirmiş olduğu sosial layihələr çərçivəsində həmin 1100 işçidən ən sonuncu olaraq 487-ci növbədə duran işçi mənzillə təmin edilmişdir. Göründüyü kimi iddiaçının növbəsindən sonra gələn növbələr üzrə heç kim mənzillə təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, növbədənkənar mənzillə təmin olunan vətəndaşlar aşağıda göstərilən vətəndaşların kriteriyalarına malik olmalıdır: yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara. Onun indiki vəziyyəti isə qeyd olunan kriteriyadan da pisdir. Belə ki, onun hal-hazırda 90 yaşı var və evsiz-eşiksizdir, xx.xx.1994-cü ildən də güzəştli şərtlərlə mənzil növbəsindədir, lakin, 31 ildir ki mənzillə təmin olunmamışdır. Mənzil növbəsində siyahı üzrə 4-cü olsa da, hələ də həmin mənzili əldə edə bilməmişdir. Hətta, sonradan şifahi aldığı məlumata əsasən ondan aşağı növbələrdə olan işçilər artıq mənzillə təmin olunmuşlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında qətnamənin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə və bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara verilir.
12. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. İş materillarından görünür ki, iddiaçı X5 Xidmətində Texniki bazanın sahil matrosu olaraq işləmiş və 1994-cü il tarixdən mənzil növbəsinə durmuşdur. Hazırda məhkəməyə müraciət edərək, növbədənkənar mənzillə təmin olunmasını xahiş edir.
17. İş materiallarından görünür ki, Azərbaycan Dövlət Xəzər X3 Dəniz Yollar Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 10 iyun 2009-cu il tarixli məktubda qeyd edilir ki, iddiaçı xx.xx.1994-cü ildən güzəştli şərtlərlə siyahı üzrə 4-cü olaraq mənzil növbəsindədir.
18. Cavabdeh QSC tərəfindən iddiaçıya ünvanlanmış 12 fevral 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “məlumat üçün bildiririk ki, siz xx.xx.1994-cü il tarixində ev növbəsinə qəbul olunmusunuz və mənzil növbəsi siyahısında sıra nömrəniz 652-dir”.
19. İş materiallarında olan mənzil növbəsi haqqında arayışda qeyd edilir ki, 2014-cü ildə təsdiq olunmuş ASCO-nun vahid mənzil növbəsi siyahısına əsasən 1100 nəfər mənzil növbəsində olmuşdur. ASCO-nun təşəbbüsü ilə könüllü olaraq həyata keçirilən sosial layihə çərçivəsində ünvan 3 ünvanında tikilmiş 5 bina üzrə 1100 nəfərdən 487 nəfər mənzillə təmin edilmişdir.
20. Məhkəmə kollegiyasının sorğusuna əsasən cavabdeh tərəfindən təqdim olunmuş mənzil növbəsində olan şəxslər barədə arayışdan görünür ki, ASCO üzrə ümumi mənzil növbəsində olan 36 nəfərin ərizəsi Qaydaların şərtlərinə uyğun olmaması (özlərinin və ya ailə üzvlərinin adında mənzil və ya torpaq sahəsi olması, adambaşına düşən yaşayış sahəsinin Qaydalara uyğun olaraq 8 kv.metrdən çox olması və şəxsin mülkiyyətində və ya əvəzsiz istifadəsində olduğu bir mənzildə qeydiyyatda olmaqla birgə ailələrin sayı 3 və daha çox olması) səbəbindən mənzil növbəsində 27, 36, 49, 56, 103, 105, 152, 153, 162, 203, 211, 217, 234, 238, 241,292, 326, 329, 331, 338, 342, 354, 365, 381,388, 401, 410, 419, 423, 425, 448, 450, 458, 463 və 560 sıra növbəsi ilə olan şəxslərin (ümumilikdə 36 nəfər) ərizələri təmin edilməmiş və onlar mənzil növbəsindən çıxarılmışlar. Bundan əlavə olaraq, ASCO üzrə ümumi mənzil növbəsində olan 8, 12, 42, 80, 84, 87, 157, 160, 180, 194, 216, 236, 261, 275, 282, 286 304, 309, 330, 339, 359, 379, 386, 395, 396, 411, 435, 441, 443, 457, 465, 473, 509, 515, 527, 528, 538, 569, 585 və 591 sıra nömrəli 40 nəfərin ərizəsi isə Cəmiyyət ilə əmək münasibələrinə xitam verilmə əsası üzrə təmin edilməmiş və onlar mənzil növbəsindən çıxarılmışlar. 51 nəfərin qaydalara müvafiq olaraq tələb olunan sənədləri təqdim etməməsi səbəbindən ərizələri təmin edilməmişdir. Həmçinin, mənzil növbəsi üzrə sonuncu sənədləri ekspertiza edilən şəxsin sıra növbəsi 614 olmuşdur, mülki iş üzrə iddiaçı X1 mənzil növbəsi 652 olması səbəbindən, növbəti layihədə onun sənədlərinə baxılacaqdır.
21. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçı mənzil növbəsində məhz Azərbaycan Dövlət Xəzər X3 Dəniz Yollar Xidmətinin işçiləri arasında 4-cü sırada olmuşdur. Lakin sonradan həmin qurum ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bundan sonra, iddiaçının işlədiyi qurumla yanaşı ARDNŞ X7 Donanmasının yenidən təşkili yolu ilə Cavabdeh QSC yaradılmışdır. Qurum yaradıldıqdan sonra sözügedən qurumlarda mənzil növbəsinə durmuş bütün işçilərin siyahısı növbəyə durma tarixləri üzrə yenidən siyahıya alınmış və iddiaçı 652-ci sırada müəyyən edilmişdir. Başqa sözlə, iddiaçı mənzil növbəsində 4-cü sırada özünün işlədiyi qurum işçiləri arasında müəyyənləşdirilmişdir, lakin qurumların yenidən təşkilindən sonra tərtib olunan siyahı üzrə müəyyən edilmişdir ki, ümumilikdə 1100 nəfər mənzil növbəsindədir və iddiaçının növbə sırası 652-dir. Cavabdeh QSC-nin keçirmiş olduğu sosial layihələr çərçivəsində həmin 1100 işçidən ən sonuncu olaraq 487-ci növbədə duran işçi mənzillə təmin edilmişdir.
22. Bununla da iş materialları ilə sübut olunur ki, iddiaçının növbəsindən sonra gələn növbələr üzrə heç kim mənzillə təmin edilməmişdir. İddiaçı isə öz şikayətində ondan aşağı növbələrdə olan işçilərin artıq mənzillə təmin olunduqlarını göstərsə də, lakin bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
23. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının yaşı ilə bağlı növbədənkənar mənzillə təmin olunmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə və bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara verilir. Göründüyü kimi, qanunvericilikdə şəxsin yaşı ilə bağlı növbədənkənar mənzillə təmin olunması nəzərdə tutulmamışdır. Buna görə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçı yuxarıda sadalanan şəxslərin kateqoriyasına daxil olmadığından, onun bu dəlili əsassızdır.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1406/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov