Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6357/2025 05.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e2(009)-166/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. İş üzrə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci il tarixli 05 saylı sərəncamının surətindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli 04 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1,75.1 və 75.6-cı maddələrini, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 644 saylı sərəncamını, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2016-cı il tarixli, ER-15/405 saylı, FHN X6 Xidmətinin xx.xx.2016-cı il tarixli, YTNƏŞ- 0518 saylı, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli, 04-22/7-1612 saylı və Fövqəladə Hallar Nazirliyinin X1 Baş İdarəsinin xx.xx.2016-cı il tarixli, 22487 saylı müsbət rəylərini nəzərə alaraq ünvan 1 ünvanda yerləşən torpaq sahəsində inşası aparılmış otel binasının tikintisi üçün müstəsna hal kimi "xxxx" MMC-yə icazə verilmişdir.
2. İş üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş tikinti obyektinin istismarına 44 nömrəli, xx.xx.2019-cu il tarixli icazənin surətindən görünür ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-yə tikinti obyektinin istismarına icazə verilmişdir.
3. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, X8 küçəsində yerləşən 35 saylı evin 62 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə qarşı əmlak hüquqlarının pozulmasından irəli gələn kompensasiya tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, ev 35, mənzil 62 ünvanında yerləşən **********18-05101-093058 reyestr nömrəli xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın reyestrində ********** nömrəsi ilə onun adına qeydə alınmışdır. Sözügedən mənzil binanın 4-cü mərtəbəsində yerləşir və onun qarşısında təxminən yarım metrdən az məsafə Cavabdeh1 MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən sonradan otel binası inşa edilmişdir. Binalar arasındakı məsəfə yarım metrdən azdır. Bu səbəbdən onun mülkiyyətində olan mənzilin mətbəx otağının pəncərəsi həmin binanın divarı ilə əhatələnmiş halda olduğundan otağa gün işığının daxil olmaması, hava axınının azalması, oksigen çatışmazlığı ventelyasiya olmaması, o cümlədən otağın görünüş və estetikasının pozulması kimi bir çox problemlər yaranmışdır. Qeyd edilən məsələnin həlli ilə əlaqədar dəfələrlə edilmiş müraciətlər nəticəsiz qalmışdır. Cavabdehlərə xx.xx.2024-cü il tarixli YA0469/2024 nömrəli pretenziya məktubu ünvanlanaraq, onların qanuna zidd hərəkətləri nəticəsində onun pozulmuş hüquqları və bununla əlaqədar yaranmış kompensasiya hüququ bildirilmiş və ödənilməsi tələb edilmişdir. Lakin məktub nəticəsiz qalmış, icrası ilə əlaqədar cavabdehlər tərəfindən hər hansı hərəkətlilik göstərilməmişdir. Halbuki cavabdehlər tərəfindən inşaat, şəhərsalma norma və qaydalarının pozulması ilə inşa edilmiş mənzil onun mülkiyyətindən istifadə hüququnun məhdudlaşdırılmasına, bu hüququndan rahat istifadə edə bilməməsinə, eyni zamanda müvafiq mənzilin bazar dəyəri xeyli dərəcədə aşağı düşməsinə səbəb olur. İş materiallarına əlavə edilən Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, ev 35, mənzil 62 ünvanında yerləşən **********18-05101-093058 reyestr nömrəli ona məxsus mənzilə dair texniki pasporta əsasən, evin təsdiq edilmiş planında mətbəx otağında yerləşən hazırda digər binanın inşası ilə əlaqədar istifadəsiz hala gələn pəncərə göstərilmişdir. Belə ki, onun hüquqlarının pozulmasına səbəb olan binanın inşa zamanı zəruri tədqiqatlar cavabdehlər tərəfindən aparılsaydı, sözügedən pəncərənin istifadəsiz hala gələcəyi, onun əmlakdan istifadə hüququnun ciddi ölçüdə məhdudlaşacağı və əmlakının bazar dəyərinin xeyli miqdarda azalacağı müəyyən edilə bilər. Lakin cavabdehlər öz vəzifə səlahiyyətlərinə laqeyd yanaşmaqla onun hüquqlarının pozulmasına səbəb olmuşlar. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, ev 35, mənzil 62 ünvanında yerləşən **********18-05101-093058 reyestr nömrəli mənzil üzrə onun pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar ona 15.000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və xx.xx.2025-ci il tarixli 10/9778 saylı rəy əldə olunmuşdur. Rəydə Bakı şəhəri, Səbail rayonu, X8 küçəsində yerləşən 35 saylı evin qarşısında "xxxx" MMC-yə məxsus 4 mərtəbəli otel binasının mövcud olduğu qeyd edilmiş digər suallar isə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından cavablandırılmamışdır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-166/2025 nömrəli qətnaməsi ilə (hakim Abdullayev Şahin) iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehlər tərəfindən onun əmlak hüquqlarının pozulmasını iddia etsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən inşaat, şəhərsalma norma və qaydalarının pozulması ilə inşa edilmiş mənzil İddiaçı öz mülkiyyətindən istifadə hüququnun məhdudlaşmasına, onun konstitusion hüququndan istifadəsinə maneə yaratmasına baxmayaraq, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə əhəmiyyət vermədən iddianı rədd etmişdir. İddiaçıya məxsus mənzilə dair texniki pasporta əsasən, evin təsdiq edilmiş planında mətbəx otağında yerləşən, hazırda digər binanın inşası ilə əlaqədar istifadəsiz hala gələn pəncərə göstərilmişdir. Göstərilən sənəddən də açıq-aşkar göründüyü kimi, iddiaçının hüquqlarının pozulmasına səbəb olan binanın inşası zamanı zəruri tədqiqatlar cavabdehlər tərəfindən aparılsaydı, sözügedən pəncərənin istifadəsiz hala gələcəyi, iddiaçının əmlakdan istifadə hüququnun ciddi ölçüdə məhdudlaşacağı və əmlakının bazar dəyərinin xeyli miqdarda azalacağı müəyyən edilə bilərdi. Lakin, cavabdehlərin öz vəzifə, səlahiyyətlərinə laqeyd yanaşması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə qanunun tələblərinə heç bir məhəl qoymadan, cavabdehin qanunsuz hərəkətlərinə göz yumaraq, qərəzli mövqedən çıxış edərək, qanunsuz və ədalətsiz yekun qərar çıxarmışdır. Lakin birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara tam və hərtərəfli qiymət verməmiş, onların hüquqi nəticəyə təsirini lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə müəyyən sübutlara üstünlük vermiş, digər mühüm sübutları isə nəzərə almamışdır ki, bu da obyektivlik prinsipinin pozulmasına səbəb olmuşdur. Qətnamə kifayət qədər əsaslandırılmamış, təqdim edilmiş sübutlar və hüquqi arqumentlər nəzərə alınmadan nəticəyə gəlinmişdir. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Lakin qanunvericiliyin qeyd olunan maddəsinə əsasən, məhkəmə xüsusi bilik tələb olunan sualları izah etmək üçün öz təşəbbüsü ilə ekspertiza təyin edə biləcəyi halda, nəinki bunu etməmiş, hətta iddiaçının yenidən ekspertizanın təyin edilməsi barədə vəsatətini təmin etməyərək iddiaçının əleyhinə yekun qərar qəbul etmişdir. Hətta məhkəmənin qərəzli olduğunu sübut edən digər amil, cavabdeh tərəfindən mübahisənin obyektiv və hərtərəfli araşdırılması baxımından, qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətin də məhkəmə tərəfindən əsassız şəkildə təmin edilməməsidir. Halbuki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2025-ci il tarixli №3-16-16/2- 10/9778/2024 rəyindən də görünür ki, ekspertin qarşısında qoyulan 2-ci, 3-cü və 4-cü suallar iddianın əsasını təşkil edən suallar olmasına baxmayaraq, bu suallara cavab verilməmişdir. Məhz bu səbəbdən də iddiaçı dəfələrlə yenidən ekspertizanın keçirilməsini məhkəmədən xahiş etsə də, məhkəmə yenidən öz qərəzli mövqeyini göstərmişdir. Dəfələrlə məhkəmə iclaslarının lüzumsuz uzanmasına baxmayaraq, məhkəmə bu müddət ərzində işin obyektiv araşdırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş halların heç birini etməmiş, işə olduqca formal yanaşmış, hətta öz təşəbbüsü ilə ekspertiza təyin edə biləcəyi halda, nəinki bunu etməmiş, hətta iddiaçının dəfələrlə təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatətlərini təmin etməmişdir. Nəticədə qanunun tələbi kobud şəkildə pozularaq, qanunsuz və ədalətsiz yekun məhkəmə qərarı qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxili olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh tərəflərə isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15.Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi:
Maddə 48.1. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. Maddə 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Maddə 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır».
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məzmununu və orada göstərilən dəlilləri hərtərəfli təhlil edərək belə nəticəyə gəlir ki, şikayətdə irəli sürülən arqumentlər hüquqi cəhətdən əsaslı deyildir. Birinci instansiya məhkəməsi işə baxarkən tərəflər arasında mövcud olan hüquqi münasibətləri düzgün qiymətləndirmiş, mübahisənin mahiyyətini tam və obyektiv araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, nəticədə iş üzrə həqiqi halları əks etdirən, məhz məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla əsaslandırılmış qətnamə qəbul etmişdir.
21. Belə ki, iddiaçının Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, ev 35, mənzil 62 ünvanında yerləşən mənzilinin qarşısında təxminən yarım metrdən az məsafədə Cavabdeh1 MMCnin sifarişi ilə "xxxx" MMC tərəfindən otel binası inşa edilmişdir. İddiaçının mülkiyyətində olan mənzilin mətbəx otağının pəncərəsi həmin binanın divarı ilə əhatələnmiş halda olduğundan otağa gün işığının daxil olmaması, hava axınının azalması, oksigen çatışmazlığı ventelyasiya olmaması, o cümlədən otağın görünüş və estetikasının pozulması kimi bir çox problemlər yaranmışdır. Bu səbəbdən iddiaçı Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, ev 35, mənzil 62 ünvanında yerləşən **********18-05101-093058 reyestr nömrəli mənzil üzrə onun pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar ona 15.000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmiş, birinci istansiya məhkəməsi isə iddianı rədd etmişdir.
22. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasına əsas kimi iddiaçının cavabdehlər tərəfindən onun əmlak hüquqlarının pozulması halını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsi göstərilmiş və bu mövqe iş materialları ilə tam şəkildə təsdiq olunmuşdur. Belə olan halda, irəli sürülmüş iddianın əsaslılığı təsdiq olunmadığından, iddianın rədd olunması hüquqi baxımdan əsaslı olmuşdur.
23. Apellyasiya şikayətində iddiaçı göstərmişdir ki, cavabdehlər tərəfindən inşaat və şəhərsalma norma və qaydaları pozulmaqla inşa edilən bina nəticəsində onun mənzilində texniki pasportda nəzərdə tutulmuş pəncərənin istifadəsiz hala düşməsi ilə mülkiyyət hüququ məhdudlaşdırılmışdır. Bununla belə, birinci instansiya məhkəməsinin təqdim edilmiş sübutlara lazımi qiymət vermədiyi, obyektiv araşdırma aparmadığı, təkrar ekspertiza təyin edilməsinə dair vəsatətləri əsassız olaraq təmin etmədiyi və nəticədə ədalətsiz qərar çıxardığı iddia olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən bu arqumentlər işin faktiki halları və təqdim edilmiş sübutlarla təsdiqini tapmır.
24. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC tərəfindən inşa edilmiş bina tikinti prosesinə dair qanunvericiliklə tələb olunan hüquqi sənədlər – o cümlədən tikintiyə icazə, layihə-smeta sənədləri və digər normativ sənədlər əsasında həyata keçirilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tikintinin inşaat və şəhərsalma norma və qaydalarının pozulması ilə aparılmasını, habelə mənzilindən istifadə hüququnun məhdudlaşdırılmasının məhz cavabdehlərin qanunsuz hərəkətlərindən irəli gəldiyini təsdiq edən inandırıcı sübutlar təqdim etməmişdir. Məhkəmə vurğulamışdır ki, iddiaçı tərəfindən irəli sürülən kompensasiya tələbi yalnız subyektiv narahatlıqlara deyil, tikintinin qanunsuzluğuna və mülkiyyət hüququna real müdaxilənin sübuta yetirilməsinə əsaslanmalıdır.
25. Lakin iş materiallarında tikintinin qanunsuz aparıldığını, pəncərənin istifadəsiz hala düşməsinə görə cavabdehlərin məsuliyyət daşıdığını təsdiqləyən elmi-texniki rəylər, ekspertiza nəticələri və ya digər müvafiq sübutlar yoxdur. Bu səbəblərlə məhkəmə iddianın sübut olunmadığını hesab etmiş və iddiaçının "xxxx" MMC və Cavabdeh1 MMC-yə qarşı kompensasiya tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir.
26. Birinci instansiya məhkəməsinin haqlı mövqeyinə baxmayaraq, iddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddianın təmin olunmasını tələb etmişdir. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü hər bir hüquqi arqument və dəlillər ayrıayrılıqda məhkəmə kollegiyası tərəfindən diqqətlə araşdırılmış, onların hüquqi mahiyyəti, tətbiq edilə bilən normativ əsaslarla uzlaşması, təqdim olunmuş sübutlar kontekstində əsaslandırılma dərəcəsi hərtərəfli təhlil edilmiş və bu təhlilin nəticəsi olaraq həmin dəlillərin hüquqi cəhətdən qəbul olunub-olunmaması barədə dəqiq və əsaslı qənaət formalaşdırılmışdır. Kollegiya hesab edir ki, aşağıda qeyd edilən məqamlar apellyasiya şikayətində göstərilən arqumentlərin hüquqi dəyərinin müəyyən olunması baxımından həlledici əhəmiyyət kəsb edir.
27. İş materiallarından müəyyən edilir ki, otel binasının tikintisi 2016–2019-cu illərdə aparılmış, bu dövrdə bütün şəhərsalma sənədləri, mütəxəssis rəyləri və tikintiyə icazə açıq hüquqi sənədlər olmuşdur. Mənzilin pəncərəsinin divarla örtülü olması, gün işığının düşməməsi və hava axınının azalması tikinti başa çatdığı gündən məlum olan hallardır. İddiaçı tikinti prosesində və ya tikinti bitdikdən sonra bu halları mübahisələndirməmiş, inzibati qaydada şikayət etməmiş, tikintiyə və istismara icazələrin ləğvi ilə bağlı heç bir iddia irəli sürməmişdir. İddiaçı uzun müddət susub, yalnız maddi kompensasiya tələbi ilə məhkəməyə müraciət etməklə öz davranışı ilə hüquqdan sui-istifadəyə yol vermişdir. İddiaçı bu halın əksini sübut edən dəlillər irəli sürə bilməmişdir. Bu hal MM-in 5.3-cü maddəsi üzrə mülki hüququn vicdana uyğun həyata keçirilməsi prinsipinə ziddir və iddianın rədd edilməsini şərtləndirir.
28. Kollegiya həmçinin vurğulayır ki, vətəndaş hüquqlarının müdafiəsi onların real və davamlı həyata keçirilməsi ilə bağlıdır. Həmin otel tikildiyi dövrdən iddiaçının iddia etdiyi hallar baş verdiyi halda uzun müddət ərzində hüquqlarını müdafiə etmək üçün heç bir tədbir görməməsi, yalnız 2024-cü ilin iyun ayında cavabdehin müştəri xidmətlərinə müraciətlə kifayətlənməsi iddiaçının hüquqi passivliyini göstərir və bu, tərəflər arasında əvvəlki hüquqi vəziyyətin bərpasını obyektiv şəkildə mümkünsüz edir.
29. İş materiallarında cavabdehlərin mübahisəli tikintini şəhərsalma norma və qaydalarına zidd şəkildə aparmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş akt, sanksiya, icazə sənədlərinin pozulmasını təsdiq edən rəsmi məlumat və ya digər hüquqi əhəmiyyətli sənədlər mövcud deyil. Sübutetmə yükü Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən iddiaçının üzərində olduğundan, iddiaçı tərəfindən bu iddiaları təsdiqləyən faktiki sübutlar təqdim edilmədiyi üçün birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə qanunauyğundur.
30. Həmçinin iddiaçı texniki pasportda mətbəx pəncərəsinin göstərilməsini əsas gətirərək həmin pəncərənin işıqlandırma funksiyasının azalmasını mülkiyyət hüququnun pozulması kimi qiymətləndirmişdir. Lakin texniki pasport yalnız inventarlaşdırma sənədi olub, tikinti norma və qaydalarının tətbiqi barədə hüquqi qiymətləndirmə vermir. Tikintinin qanuniliyinə dair məsuliyyət müvafiq dövlət qurumlarına məxsusdur və iş materiallarında tikintinin qanunsuz həyata keçirildiyini təsdiqləyən sübut yoxdur. Bu baxımdan birinci instansiya məhkəməsinin texniki pasporta formal sübut kimi yanaşması və qeyd edilən sənəd əsasında tikintinin hüquqpozma xarakterli olması barədə nəticə çıxarmaması əsassız hesab edilə bilməz.
31. Apellyasiya şikayətində iddiaçı göstərmişdir ki, ekspert rəyi natamam olmuş, xüsusilə 2-ci, 3-cü və 4-cü suallar cavabsız qalmışdır və bu səbəbdən təkrar ekspertiza təyin edilməli idi. Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2025-ci il tarixli rəyindən göründüyü kimi, cavabsız qalan suallar tikinti norma və qaydalarına hüquqi qiymət verilməsi xarakteri daşıyır ki, bu da ekspertin deyil, yalnız məhkəmənin səlahiyyətinə daxildir. MPM-in 87-ci maddəsinə əsasən təkrar ekspertiza yalnız mövcud rəyin natamam və ya ziddiyyətli olması, yaxud işin halları üzrə əlavə xüsusi bilik tələb edən suallar mövcud olduqda təyin edilir. Cari işdə belə hallar müəyyən edilməmişdir. İddiaçının təkrar ekspertiza keçirilməsi barədə çoxsaylı vəsatətləri yeni sübut təqdim edilmədən irəli sürülmüş, formal xarakter daşımış və birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq təmin edilməmişdir.
32. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında mövcud olan sənədlər – Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli sərəncamları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası İdarəsinin xx.xx.2016-cı il tarixli rəyi, X6 Xidmətinin xx.xx.2016-cı il tarixli rəyi, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli müsbət rəyi, habelə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertizası Baş İdarəsinin xx.xx.2016-cı il tarixli 22487 saylı rəyi – mübahisələndirilən tikilinin tam şəkildə qanunvericiliyə uyğun olaraq, dövlət orqanlarının tələb olunan bütün icazə və ekspertiza rəyləri əsasında həyata keçirildiyini təsdiq edir. Bu sənədlər tikintinin layihələndirmə, təhlükəsizlik, sanitar-gigiyenik, yanğın təhlükəsizliyi və şəhərsalma tələblərinə uyğunluğunun dövlət tərəfindən müsbət rəy və icazələrlə təsdiq olunduğunu göstərir. Belə olan halda iddiaçının tikintinin guya qanunsuz aparıldığı və mənzilinin qarşısını kəsdiyi üçün kompensasiya tələb etməsi faktlarla və hüquqi əsaslarla sübuta yetirilmir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, zərər vurulduğunu iddia edən tərəf bu zərərin həm faktını, həm də səbəb-nəticə əlaqəsini sübut etməlidir. Tikintinin qanuni icazələr əsasında aparıldığı və dövlət qurumlarının bütün razılıqları mövcud olduğu halda, iddiaçının zərər çəkdiyini təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Qanunsuzluq və zərər faktı sübutsuz olduğu üçün, mübahisə üzrə ekspertiza təyin edilməsini tələb edən əsaslar da yoxdur. Ekspertiza yalnız zərər ehtimalı sübuta yetirildikdə zəruri sayılır. Halbuki iş materialları tikintinin tam qanuni olduğunu göstərdiyindən, ekspertizanı tələb edən hər hansı hüquqi və faktiki zərurət mövcud deyil. Bu səbəbdən, ekspertiza təyin olunması barədə iddiaçının vəsatəti əsassız hesab edilməsi qanunauyğundur.
33. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, cavabdehlərin üzərinə delikt öhdəliyinin tətbiq edilməsi üçün Mülki Məcəllənin 1096-cı maddəsi ilə tələb olunan hüquqa zidd hərəkət, zərər faktı və həmin zərərin cavabdehlərin davranışı ilə səbəb–nəticə əlaqəsi əsasında yaranması kimi elementlər ümumilikdə sübuta yetirilməmişdir. Materiallardan açıq görünür ki, mübahisəyə səbəb olan tikinti müvafiq dövlət orqanlarının vermiş olduğu bütün icazələr əsasında aparılmış, layihələndirmə və inşaat şəhərsalma norma və qaydalarına uyğunluq barədə təsdiqləyici sənədlərlə təmin edilmiş və obyekt qanuni qaydada istismara qəbul olunmuşdur. Tikintinin qanuniliyini rəsmən təsdiq edən bu sənədlər cavabdehlərin hərəkətlərində hüquqaziddliyin olmadığını göstərir və delikt məsuliyyətinin əsas elementlərindən olan hüquqa zidd davranışın mövcudluğunu inkar edir. Zərərin faktiki mövcudluğu sübuta yetirilmədiyi halda qiymətləndirici ekspertiza təyin edilməsinə hüquqi zərurət yaranmır, çünki qiymətləndirici yalnız mövcud və qeydiyyata alınmış zərərin məbləğini müəyyən etməli, zərərin olubolmadığına dair hüquqi qiymət verməli deyil. Bu səbəbdən birinci instansiya məhkəməsinin qiymətləndirici və ya başqa növ ekspert təyin edilməsinə ehtiyac görməməsi Mülki Prosessual Məcəllənin tələblərinə tam uyğundur və işin hallarına əsaslanan doğru prosessual yanaşma kimi qiymətləndirilməlidir.
34. Apellyasiya şikayətində iddiaçı dəlilləri ümumiləşdirilmiş ifadələrlə əsaslandırmağa çalışmış, lakin bu dəlillər subyektiv hüququn mövcudluğunu sübuta yetirmək üçün yetərli olmamışdır. Qətnamənin ləğvi üçün irəli sürülmüş bu arqumentlər hüquqi baxımdan qənaətbəxş sayıla bilməz. Apellyasiya şikayətində göstərilən dəlillərin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı həqiqətin müəyyən olunması əsas vəzifə kimi çıxış edir. Lakin bu, yalnız yazılı sübutların, şahid ifadələrinin, ekspert rəylərinin və digər qanunla nəzərdə tutulmuş dəlillərin təqdim olunması və tədqiqi ilə mümkündür. Hazırkı iş üzrə apellyasiya şikayətində belə sübutlar təqdim edilməmiş, yalnız ümumi xarakter daşıyan izahlar verilmişdir ki, bu da iş üzrə qətnamənin dəyişdirilməsi üçün hüquqi əsas yaratmır.
35. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsində də qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin fakt və hüquq baxımından qanuni və əsaslı olan qətnaməsi yalnız formal prosessual mülahizələrə görə ləğv edilə bilməz. Mövcud iş üzrə belə bir hal aşkar edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yoxdur.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e2(009)-166/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.