Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6360/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili X8, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-6743/2019 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin yetkinlik yaşına çatmayan övladları X3 və X2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Ağabalayev küçəsi, 3B saylı evdən istifadə hüququ olmayan şəxs hesab edilməsi və çıxarılmış qətnamənin cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı ev 2005-ci il tarixindən onun faktiki sahibliyində və istifadəsindədir. X11 2002-ci il tarixində cavabdehlə ailə həyatı qurmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5671/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, bundan sonra cavabdeh övladları ilə, yəni nəvələri ilə birlikdə həmin evdən çıxıb atasına məxsus evə getmişdir. Cavabdeh həmin ünvanda qeydiyyatda olduğu üçün övladları da anasının qeydiyyatda olduğu yer üzrə qeydiyyata alınmışdır. Hazırda mülkiyyətçisi olduğu evdə cavabdehin formal olaraq qeydiyyatda olması mülkiyyətindən bütün imkanlarla istifadə etməyə əngəl olur. Evi satmaq üçün qeydiyyatda olanların razılığı tələb olunduğundan bu hal ona müəyyən çətinliklər törədir, yaşayış binasının alqı-satqısı zamanı həmin əmlak üzərində qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 6743/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Sabunçu qəsəbəsi, A.Ağabalayev küçəsi, ünvanında yerləşən 3B saylı evdən istifadə hüququnun olmaması müəyyən olunması və hazırki qətnamənin qanuni qüvvəyə mindikdən sonra Cavabdeh uşaqları X3 və X2 ilə birlikdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Mübahisəli ünvanda qeydiyyatda olmuş və uzun illərdir uşaqları ilə orada yaşayır. Həmin evə mülkiyyət hüququ olmasa da, sahiblik və istifafə hüququ var. İddiaçının oğlu ilə 2000-ci ilin aprel ayında faktiki nikaha daxil olaraq həmin evə köçmüş, nikahlarını 2002-ci ildə rəsmiləşdirmişlər. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə o və iki uşağının həmin evə pasport qeydiyyatına alınması qət edilmişdir. 2016-cı ilin aprel ayında ailədə yaranmış münaqişələrlə əlaqədar onu iki uşağı ilə birlikdə yaşadığı ünvandan çıxartmışlar, məcbur olub evi tərk etmiş və atasının yanında yaşamaq məcburiyyətində qalmışdır. xx.xx.2016-ci il tarixli qətnamə ilə nikahları pozulmuşdur. Hazırki iş üzrə məhkəmə prosesindən məlumatı olmamışdır. Məhkəmə Kollegiyasının iclasında X6 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayəti müdafiə edib, onun təmin olunmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, xx xxxxx 2000-ci il tarixdə Mübariz Əlipaşayevlə ailə qurmuş, xx xxxxxxxx 2016-cı ildə isə boşanmışlar. 2016-cı ilin aprel ayında onu iki uşağı ilə birlikdə məcburi evdən çıxartmışlar. Əvvəlcə bir müddət valideynlərinin evində yaşamış, lakin həmin ev darısqal olduğundan, kirayə çıxmaq məcburiyyətində qalmışdır. Hazırda uşaqları ilə birlikdə ünvan 3 ünvanında kirayədə yaşayır. Hazırki vaxtadək mübahisəli evə köçmək üçün məhkəməyə müraciət etməməsinin səbəbi isə iddiaçının mübahisəli evi satıb ona pul verəcəyi barədə vədi olmuş, sonuncu dəfə 2019-cu ilin yanvarında pul verəcəklərini desələr də, evi satmamışlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili iş materiallarına və apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, etirazı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İddiaçı həmçinin qeyd etdi ki, mübahisəli evi 1993-cü ildə qonşudan qeyri-rəsmi formada almış, evi tikən zaman Bələdiyyə sənədi verilmişdir, ev özbaşına tikili olmuşdur. Həqiqətən 2000-ci ilin aprel ayında oğlu Mübariz cavabdehlə ailə qurmuş və sonuncu mübahisəli evə gəlin köçmüşdür. Lakin 2016-cı ilin aprel ayında cavabdeh evdən çıxıb getmişdir. Evə qayıtmamaq üçün cavabdeh ondan 10.000 manat istəmiş, o da həmn məbləğdə pulu olmadığını, evi satdıqda imkanı çatan məbləğdə köməklik edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs bildirdi ki, cavabdehlə nikahları rəsmiləşdirilməmişdən əvvəl ailə qurmuşlar, 2002-ci ildə isə ilk övladları doğulmuşdur. 2016-cı ildə boşanmışlar, 2019-cu il tarixdə isə yeni ailə qurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan Bakı şəhəri Texniki İnvnterlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş hesabatın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən yaşayış evinin sahibi İddiaçıdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(008)- 5671/2016 saylı qətnaməsinin surətindən görünür ki, X4 ilə Əlipaşayeva (Cəfərova) Gülşən Qəhrəman qızı arasında Bakı şəhəri Binəqədi rayonu Leyla nikah evində xx xxxxxx 2002-ci il tarixdə bağlanmış 86 akt qeydi ilə qeyd olunmuş nikah pozulmuşdur. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən hesab etmişdir ki, cavabdeh iddiaçının oğlu ilə 2002-ci ildə rəsmi nikaha girdiyi üçün tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər həmin tarixdən sonra yaranmaqla iddia tələbinə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin müddəaları baxımından qiymət verilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün maddi hüquq normasını tətbiq etməmiş və belə olan halda iş üzrə iddianın təmin edilməsi barədə yalnış nəticəyə gəlmişdir. Belə ki, müəyyən edilmişdir ki, iddiaçının oğlu ilə cavabdeh xx xxxxx 2000-ci il tarixdə faktiki nikaha daxil olaraq ailə qurmuş və cavabdeh həmin vaxtdan mübahisə predmeti olan evə köçmüş, nikahları 2002-ci ildə rəsmişləşdirilmişdir. Yəni, mübahisəli yaşayış sahəsi ilə bağlı tərəflər arasında mülki-hüquq münasibətləri 2000-ci ilin aprel ayında yaranmışdır. Mübahisəli ev özbaşına tikilidir. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı dövrdə özbaşına tikililər və ya özbaşına tikili olmasa da qeydə alınmamış evlər barəsində istifadə hüququnun tanınması (yaranması), həyata keçirilməsi və xitamı ilə bağlı mübahisələrin həlli qaydası mülki və mənzil qanunvericiliklərində nəzərdə tutulmamışdır. Ancaq belə evlərin çoxluğu, bununla da həmin evlərdən istifadə hüququ ilə bağlı mübahisələrin qaçılmaz olduğu da inkar oluna bilməz. Bu kateqoriyadan olan evlərdən istifadə hüququ ilə bağlı yaranmış mübahisələrin həllinə yönəlmiş maddi-hüquq normasının olmaması həmin məsələdə analogiyadan istifadə etməyi zəruri edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətləri qanunvericilikdə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Odur ki, məhkəmə mübahisəni oxşar münasibətləri tənzimləyən, yəni tərəflər arasında mülk hüquq münasibətlərinin əmələ gəldiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən normalarına uyğun qaydada həll etməyi əsaslı sayır. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin tələbinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İddiaçı mübahisəsi gedən yaşayış evinin icarədarı qismində görən kollegiya hesab edir ki, Cavabdeh uzun müddət iddiaçı ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxs kimi evdən istifadə hüququnu əldə etmişdir və o, iddiaçı ilə bərabər yaşayış sahəsindən istifadə ilə bağlı bütün hüquqlara malik olmuşdur. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 (altı) ay saxlanılır. Həmin məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Hazırda isə cavabdehin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən başqa yaşayış sahəsinə köçməsi sübuta yetirilmir, o, mübahisəli evdən məcburi çıxaraq, hazırda kirayədə yaşayır. Belə olan halda cavabdeh mübahisəli mənzilə istifadə hüquqlarını itirməmişdir. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmənin qətnaməsi icra olunması üçün Sabunçu rayon Polis İdarəsinə göndərilmiş, qətnamə əsasında Cavabdeh Sabunçu rayon Polis İdarəsinin QMP-nin əməkdaşları tərəfindən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Ağabalayev küçəsi, 3B saylı evdən pasport qeydiyyatından çıxarılmışdır. Kollegiya hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(008)-6743/2019 saylı qətnaməsinin icrasında dönüş edilməli və Cavabdeh Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Ağabalayev küçəsi, 3B saylı evə pasport qeydiyyatı bərpa edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6743/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və çıxarılmış qətnamənin cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə icrada dönüş edilərək, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Ağabalayev küçəsi, 3B saylı evə pasport qeydiyyatı bərba edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6360/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6360/2020
31.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver