Məhkəmə qərarları › İş №2(103)-6362/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6362/2022

26.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6362/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.1967-ci il tarixdə iddiaçının adına açılmış əmək kitabçasında iddiaçının xx.xx.1983-cü il tarixli, 43 saylı əmrlə Bakı Ovuntu Metallurgiya Təcrübə zavoduna usta vəzifəsinə qəbul edildiyi, xx.xx.1983-cü il tarixli 81 saylı əmrlə Odadavamlı birləşmələr sexinə rəis vəzifəsinə, xx.xx.1983-cü il tarixli, 78 saylı əmrlə Odadavamlı birləşmələr sexinə usta vəzifəsinə, xx.xx.1986-cı il tarixli, 01 saylı əmrlə böyük usta vəzifəsinə, xx.xx.1986-cı il tarixli, 46 saylı əmrlə Odadavamlı birləşmələr sexinə rəis vəzifəsinə, xx.xx.1987-ci il tarixli, 54 saylı əmrlə İstehsalat şöbəsinə böyük mühəndis vəzifəsinə keçirildiyinə dair qeydlər aparılmışdır. Əmək kitabçasında aparılmış qeydlər zavodun möhürü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən Ovuntu metallurgiya təcrübə zavodunun (odadavamlı sexi) sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir. “Bakı Ovuntu Metallurgiya" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 04 №-li məktubda göstərilir ki, “Bakı Ovuntu Metallurgiya" ASC-nin arxivində İddiaçı işə qəbul və işdən çıxması haqqında heç bir sənəd yoxdur.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə iddiaçının arasında bağlanmış əmək müqaviləsinin xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1967-ci il tarixdə açılmış əmək kitabçasına əsasən həmin tarixdən əmək fəaliyyətinə başlamış, 1983-cü il tarixdən Bakı Ovuntu Metallurgiya Təcrübə zavodunda işləmiş, xx.xx.1983-cü il tarixli, 43 saylı əmrlə zavoda usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli 81 saylı əmrlə Odadavamlı birləşmələr sexinə rəis vəzifəsinə keşirilmiş, xx.xx.1983-cü il tarixli, 78 saylı əmrlə Odadavamlı birləşmələr sexinə usta vəzifəsinə, xx.xx.1986-cı il tarixli, 01 saylı əmrlə böyük usta vəzifəsinə, xx.xx.1986-cı il tarixli, 46 saylı əmrlə Odadavamlı birləşmələr sexinə rəis vəzifəsinə, xx.xx.1987-ci il tarixli, 54 saylı əmrlə İstehsalat şöbəsinə böyük mühəndis vəzifəsinə keçirilmişdir. Sonralar baş verən hadisələrlə əlaqədar zavodun strukturu və fəaliyyət istiqaməti bir neçə dəfə dəyişdirilmişdir. xx.xx.2002-ci ildə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sərəncamına əsasən “Bakı Ovuntu Metallurgiya zavodu”nda struktur dəyişikliyi olmuş və "xxxx" ASC adlandırılmışdır. Bakı- Mərdəkan yolunun yenidən qurulması ilə əlaqədar zavodun Qalada yerləşən əsas bazası ləğv edilmiş və Bakıxanov qəsəbəsinə köçürülmüşdür. İş dayandığına görə həmin vaxt işçilərin çoxu işdən çıxarılmış, o da işdən kənarlaşdırılmışdır. Lakin həmin vaxt bir çox işçilər kimi iddiaçının da işdən çıxmağı sənədləşdirilməmiş, əmək müqaviləsinə xitam verilməmişdir. İddiaçının əmək kitabçasında işdən çıxarılmağı barədə qeydlərin olmaması onun üçün problemlər yaradır. xx.xx.2016-cı il tarixdə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. 2020-ci ildə pensiyanın yenidən hesablanması ilə əlaqədar Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan 2 saylı DOST mərkəzinə müraciət edərkən əmək kitabçasında işdən çıxarılmağı barədə qeydlərin olmamasına görə xahişi təmin edilməmişdir. İddiaçı dəfələrlə "xxxx" ASC-yə və arxivə müraciət etmiş, onun ASC-yə işə qəbul və işdən çıxması haqqında heç bir sənəd olmadığına dair cavab verilmişdir. Buna görə də əmək müqaviləsinin xitam verilməsi üçün “Bakı Ovuntu Metallurgiya" ASC-yə qarşı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-2587/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia rədd olunmuşdur.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43, 45, 68-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, onun işlədiyi müəssisə Açıq Səhmdar Cəmiyyətinə çevrildikdən sonra o, işdən kənarlaşdırılmışdır. Bundan sonra o, əmək kitabçasını tələb etmiş və “Bakı Ovuntu Metallurgiya" ASC tərəfindən əmək kitabçası ona təqdim olunmuşdur.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

11. Maddə 43. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

12. Maddə 45.

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir

13. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

14. Maddə 68.2 “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və aşağıdakıları qeyd edir.

20. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının adına açılmış əmək kitabçasında iddiaçının Bakı Ovuntu Metallurgiya Təcrübə zavodunda işləməsinə dair qeydlərin zavodun möhürü ilə təsdiq edilmədiyini, “Bakı Ovuntu Metallurgiya" ASC-nin arxivində və Dövlət Arxivində iddiaçının işə qəbul və işdən çıxması haqqında heç bir sənəd aşkar olunmadığı və bu səbəbdən iddiaçının Bakı Ovuntu Metallurgiya Təcrübə zavodunda qanuni əsaslarla işə qəbul olunmasına və işdən azad olunmasına dair məhkəməyə yetərli sübutlar təqdim edə bilmədiyi qənaətinə gəlmişdir.

21. İşin apellyasiya baxışı zamanı sorğuya əsasən təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı”na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 76 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət Şirkətinin tabeçiliyində olmuş Bakı Ovuntu Metallurgiya zavodunun bazasında “Bakı Ovuntu Metallurgiya" ASC yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Kadr və digər kargüzarlıq sənədlərinin müəssisənin arxivində saxlanıldığını və yuxarıda qeyd olunanları nəzərə alaraq, aidiyyəti üzrə müstəqil təsərrüfat subyekti olan “Bakı Ovuntu Metallurgiya" ASC-yə müraciət etmək məqsədəuyğun hesab edilmişdir.

22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının adına açılmış əmək kitabçası ona cavabdeh “Bakı Ovuntu Metallurgiya" ASC-nin özü tərəfindən təqdim olunmuşdur. Ona görə də əmək kitabçasında möhürün olmaması işçinin deyil, işəgötürənin təqsiridir və bu baxımdan iddiaçının göstərdiyi tarixlərdə Bakı Ovuntu Metallurgiya zavodunda işləməsi mübahisəsizdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda da zavodun kadr və digər kargüzarlıq sənədlərinin müəssisənin arxivində saxlanıldığı qeyd olunmuşdur. Deməli, bu sənədlərin lazımi qaydada saxlanmasına nəzarəti həyata keçirmək də cavabdehin vəzifəsidir.

23. 29 noyabr 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin 7.5-ci bəndinə əsasən Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır.

24. Kollegiya yuxarıda istinad olunan Əsasnamənin mənasından çıxış edərək, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunu nəzərə alaraq hesab edir ki, Metallurgiya Dövlət Şirkətinin tabeçiliyində olmuş Bakı Ovuntu Metallurgiya zavodunun bazasında “Bakı Ovuntu Metallurgiya" ASC yaradıldığından və sonuncu iddiaçının çalışmış olduğu Bakı Ovuntu Metallurgiya zavodunun hüquqi varisi sayıldığından iddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydin aparılması da cavabdehin vəzifəsidir.

25. Qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, “Bakı Ovuntu Metallurgiya" ASC yaradılması barədə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 76 nömrəli sərəncamı əsas götürülərək iddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq qeydin aparılması cavabdehə “Bakı Ovuntu Metallurgiya" ASC-yə həvalə edilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı tərəfindən apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. “Bakı Ovuntu Metallurgiya" ASC-nin yaradılması barədə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli, 76 nömrəli sərəncamı əsas götürülərək İddiaçı əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq qeydin aparılması cavabdeh “Bakı Ovuntu Metallurgiya" ASC-yə həvalə edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar