Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6367/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8500 (səkkiz min beş yüz) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cəbrayıl rayonundan məcburi köçkün düşərək ailəsi ilə birlikdə Yasamal rayonuna gəlmişdir. Cavabdehi əvvəldən tanımış, münasibətləri normal olmuş və heç bir düşmənçilikləri olmamışdır. Cavabdehin pula ehtiyacı olduğu üçün ondan pul istəmiş və ona qısa bir müddətdə qaytaracağını söz vermişdir. O, onu sakit bir insan bildiyinə və neçə illər tanıdığına görə ona köməklik etmək qərarına gəlmiş və bildirmişdir ki, tanış və yaxın qohumlarından pul toplayıb ona kömək edə bilər. Cavabdeh ondan pul xahiş edəndən bir həftə sonra təkrar zəng edərək, pulun hazır olub-olmamasını soruşdu. O, da ona bildirdi ki, pul hazırdır və ofisdə onu gözləyir. O, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən alqı-satqı ofisinə gələrək, ona Əli Hüseynov adlı şəxsin yanında xx xxxxxx 2018-ci il tarixdə 8500 (səkkiz min beş yüz) manat pulu sayıb vermişdir. Cavabdehə bildirmişdir ki, ona bu pulu borc verir, amma ondan xahiş etmişdir ki, əl yazısı ilə ona qəbz yazıb imzası ilə təsdiq etsin ki, o, qəbzi özündə saxlasın. Cavabdeh də qəbzi yazıb ona vermişdir. Cavabdeh qəbzdə göstərmişdir ki, “Mən Abbasov X1 Nəsib İmran oğlundan şəxsi işlərimlə bağlı əl borcu olaraq 8500 manat pul almışam.” Borcu qaytarmaq vaxtı xx.xx.2019-cu ilə qədər müəyyən edilmiş, həmçinin şahid Hüseynov Əli ilə birgə hər biri qəbzi imzalamışlar. Qəbzi şahid Əli Hüseynov da imza etmiş və cavabdehə dəstək olduğuna görə ona minnətdarlıq etmişdir. Pulu verdikdən sonra cavabdehlə yenə həmişəki kimi əlaqələri yaxın olmuş, bir-biri ilə münasibətləri normal olmuşdur. Cavabdehin dediyi vaxt tamam olmuş, bunun üstündən bir aydan artıq vaxt keçsə də o, pulu qaytarmamışdır. O, cavabdehə zəng edib narahat etməmişdir ki, yəqin pulu qaytarmağa imkanı yoxdur. Təxminən iki aydan sonra ona zəng edib pulun qaytarılmasını tələb edəndə, onu müxtəlif bəhanələrlə aldatmağa başlamış və hər ay vaxtı uzatmağa çalışmışdır. Artıq ona aydın olmuşdur ki, o, pulu qaytarmaqdan boyun qaçırır. O da, rəsmi olaraq Bakı şəhər Baş Polis idarəsinə şikayət ərizəsi yazmış və ərizə araşdırılması üçün Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə göndərilmişdir. Polisdə izahat və ifadəsi alınmış, amma cavabdehə rəsmi qaydada çağırış göndərilsə də o, polis şöbəsinə gəlməmişdir. Ona tövsiyə olunmuşdur ki, hüquqları pozulduğu üçün məhkəməyə müraciət edib məhkəmə qaydasında pulunu tələb edə bilər. Göstərilən müddətdən xeyli vaxt keçmiş olsa da cavabdeh öhdəliyi bu günədək icra etsin. Cavabdehə borcun qaytarılması ilə əlaqədar dəfələrlə müraciət etmiş olsa da, o, müraciətlərini cavabsız qoymuşdur. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 1803/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 6.700 (altı min yeddi yüz) manat məbləğində borc pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, İddiaçı ödəniləcək pul məbləğinin 200 manatadək azaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh aldığı borc pulun böyük hissəsini qaytarmışdır, bunu təsdiq edən şahidləri vardır, vəsatətlə məhkəməyə müraciət etsə də, məhkəmə şahidlərin dindirilməsini təmin etməmişdir. O, iddiaçıdan 7.000 manat borc pul aldığını, həmin puldan iki dəfəyə 3.200 və 3.600 manat olmaqla, ümumilikdə 6.800 manatını qaytardığını, iddiaçıya cəmi 200 manat borcunun qaldığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış, 8500 manat pul İddiaçı tərəfindən Cavabdeh verilmişdir. Qəbzi həmçinin şahid qismində Hüseynov Əli adlı şəxs imzalamışdır. Birinci instansiya məhkəməsində keçirilən iclasda iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, cavabdeh ondan 7000 manat borc pul götürərək, əlavə 1500 manatı bankın faizi olaraq, qaytaracağını söz vermişdir. Cavabdeh borcundan yalnız 300 manat məbləği ödəmiş və qalan məbləği ödəməkdən imtina etdiyi üçün iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçıdan cəmi 7000 manat məbləğində borc pulun alınmasını etiraf edərək, məhkəməyə verdiyi izahatında borcun çox hissəsini ödədiyini, qalan 200 manat məbləğin isə qısa zamanda geri ödəyəcəyini bildirmişdir. Apelyasiya instansiya məhkəməsində keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verilən suallara cavab olaraq bildirmişdir ki, 7000 manat məbləğində borc pulu İddiaçı onun iştirakı ilə Cavabdeh vermişdir. O, borcun 3200 manatını şəxsən özü aparıb iddiaçının yaşadığı evdə ona vermiş, İddiaçı pulu alması barədə ona yazılı qəbz də vermişdir. Lakin Nəsib sonradan həmin qəbzi aldadaraq ondan götürmüş və geri qaytarmamışdər. İş materiallarını araşdıraraq tərəflərin izahatlarını dinləyərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası MM-nin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarına əsasən müəyyən edilir ki, tərəflər borc müqaviləsini bağlayarkən sərbəst olaraq öz iradələrini ifadə etmişlər və müqavilənin yazılı bağlanması ilə əlaqədar imperativ normanın tələbinə riayət etmişlər. Apelyasiya şikayətinin dəlillərinə və şahidin ifadəsinə hüquqi qiymət verərək kollegiya onları mötəbər sübut kimi qəbul etmir. Belə ki, cavabdeh 3200 manat pulu İddiaçı şahid X2 vasitəsilə qaytardığını bildirsə də, həmin pulun qaytarılması ilə bağlı hər hansı qəbz və ya digər sənəd məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh 2019-cu ilin fevral ayında 2000 manat pulu, bundan 5-10 gün sonra isə daha 1000 manat pulu (100 və 50 manatlıq əskinaslarla) iddiaçıya çatdırması üçün Əli Hüseynova verdiyini bildirmiş, şahid Əli Hüseynov isə ifadəsində 3000 manat pulun Cavabdeh tərəfindən ona bir dəfəyə (50 ədəd 20 manatlıq və 10 ədəd 100 manatlıq) verildiyini, qalan 200 manatı isə onun özü cibindən verdiyini bildirmişdir. O, pulu cavabdehdən axşam götürdüyünü və səhəri gün aparıb iddiaçıya verdiyini demiş, cavabdeh isə pulu Əli Hüseynova səhər saat 12.00 radələrində verdiyini bildirmişdir. İddiaçı isə ona həmin pulun verilmədiyini bildirmişdir. Göründüyü kimi, cavabdehin izahatı ilə şahidin məhkəmə iclasında verdiyi ifadəsi arasında kəskin uyğunsuzluqlar vardır. Bundan başqa, kollegiya şahid Əli Hüseynovun 3200 manat pulu iddiaçıya verdikdən sonra sonuncunun ona bu barədə qəbz yazıb verməsi, lakin sonradan onu aldadaraq qəbzi onun əlindən alıb özündə saxlaması ilə bağlı dediklərini də inandırıcı hesab etmir. Belə ki, şahid həmin qəbzi aldıqdan sonra iddiaçıya hansı məqsədlə geri qaytardığını məhkəmə kollegiyasına izah edə bilməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan borc aldığı 7000 manat məbləğində pulu etiraf etmişdir. Lakin həmin pulun qaytarılmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda, iddiaçı borc verdiyi puldan 1500 manatının müqavilədə bankın faiz borcu kimi nəzərdə tutulduğunu, əslində cavabdehə 7000 manat pul verdiyini və həmin puldan 300 manatının ona qaytarıldığını göstərmişdir. Mülki Prosessual qanunvericiliyə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Savabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1803/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6367/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6367/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver