Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6367/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi (qızı) Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi (kiçik mübahisələrə dair iddia ərizəsi) ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 756,87 manat sayğac borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2018-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlanmış, İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etməyi öhdəsinə götürmüş, evə gedən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh 756,87 manat qaz istehlak etmiş, dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq borcunu ödəməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, cavabdehə məxsus evdə daimi yaşayış olmadığı və göstərilən məbləğdə borc yaranmadığı, məhkəmənin isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etdiyi arqumentləri ilə əsaslandırmışdır. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (qızı) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, atasına məxsus evdə xx.xx.2020-ci il tarixdə sayğac quraşdırıldıqdan sonra sayğacın göstəriciləri əsasında mütəmadi ödənişləri həyata keçirmiş, borcları qalmamışdır. Həmin evdə daimi yaşamadıqlarından 756 manat borcun yaranması mümkün deyildir. Həm də nəzərə alınmalıdır ki, evdə yaşamadıqları halda sayğac özü-özünə işləyir, bununla bağlı İddiaçıın əməkdaşlarına məlumat versə də, heç bir tədbir görülməmişdir. Məhkəmə iclasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı İB nümayəndəsini göndərmədiyindən, işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir. İş mаtеriаllаrını аrаşdırаrаq kollegiya hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan abonent saldosundan görünür ki, cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən evdə 2013-cü ildən təbii qazın istehlakçısı olmuş, həmin ünvana xx.xx.2020-ci il tarixdə mexaniki qaz sayğacı quraşdırılmış, xx.xx.2018-ci il tarixdə onunla qazın alqı-satqısına dair müqavilə bağlanılmış, bundan sonra sayğac göstəriciləri əsasında 2022-ci ilin mart ayına qədər 8246 m3 qaz istehlak etmiş və 504,8 manat ödəniş həyata keçirmiş, 756,87 manat ödənilməmiş borcu qalmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir və kollegiyanın qənaətinə görə tələb etdiyi məbləğ baxımından iddiaçı bunu sübuta yetirmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2744/2022 saylı iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6367/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6367/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver