Məhkəmə qərarları › İş №2(103)-637/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-637/2022

18.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-637/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı qəyyumu X5, Cavabdeh və onun nümayəndəsi X8 iştirakı ilə, İddiaçı qəyyumu X5 Cavabdeh qarşı (Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintiyə X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2021ci il tarixli, 2(004)-516/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qəyyumu X9 (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə), cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi, eləcə də vurulmuş maddi zərərə görə (əldən çıxmış fayda) 25.000 manat, mənzilin bərpası üçün tələb olunan 25.000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 60.030 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (birinci iş). Eyni zamanda, iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilinin təmiri və yaxşılaşdırılması, abad saxlanması, kommunal xərcləri və renta üçün çəkdiyi xərclər olaraq ümumilikdə 51236 manat və mənəvi ziyan olaraq 20.000 manat pulun cavabdehdən tutulub ona ödənilməsi, mənzildən çıxmağı ilə pulun ödənilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (ikinci iş). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(004)- 550/2021 nömrəli qərardadı ilə qeyd olunan mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(004)- 516/2021 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) birinci iş ürzə Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququ itirilməsi, cavabdehin mənzilindən çıxarılsın və mənzil boşaldılaraq iddiaçının qəyyumu X6 təhvil verilməsi, iddianın qalan hissələrdə rədd olunması, eyni zamanda ikinci iş üzrə sözügedən mənzilin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8443 manatın cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddinın qalan hissələrdə rədd olunması, hər iki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumlərinin iddiaçıların özlərinə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza xərci kimi 100 manatın 50 manatının İddiaçı, qalan 50 manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qətnamənin mənzildən çıxarılma ilə təmir xərcinin əvəzinin ödənilməsi hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən hər iki tərəf ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə müəyyənləşdirilir ki, təmir işlərindən yalnız cavabdeh və anası faydalanmış, mərhum Bahadur Qasımovun yaşadığı otaq ümumiyyətlə təmir olunmamış və o, demək olar ki, ölənə qədər cavabdeh və onun anası ona zülm etdiklərinə görə öz evindən didərgin düşərək məcburən başqa ünvanda qalmışdır. Ümumiyyətlə işə baxan məhkəmə cavabdehin mərhum B.Qasımova qarşı törətdikləri qanunsuzluqların mahiyyətini tam olaraq nəzərə almamış, nəticə etibarilə natamam qətnamə qəbul etmişdir. Eyni zamanda, məhkəmənin fəaliyyət qabiliyyətsizliyi, psixi pozuntusu olan və daim qəyyumluq altında olan iddiaçıdan əsassız olaraq tələb olunan külli miqdarda pul hissəsində cavabdehin iddiasını qismən təmin edərək, qət edilmiş pulun qaytarılması ilə cavabdehin mənzildən çıxarılma hissəsinin eyni vaxtda icra olunmasını ilə əlaqələndirilməsi nə məntiqə, nə də ki qanuna sığmır. Çünki, iddiaçı bu pulu heç bir zaman ödəyə bilməyəcəyindən, cavabdeh yenə də ona maddi zərər vurmaqla qanunsuz olaraq ona məxsus mənzildə anası ilə birgə yaşamaqla yanaşı, mülkiyyətçi və ümumiyyətlə mənzillə heç bir hüquqi bağlılığı olmadan, əsassız olaraq mənzildə yaşayacaqdır. Halbuki, mənzil üzərində Lauranın sahiblik və istifadə hüququ bərpa olunsa idi, iddiaçı mənzili 3-cü şəxslərə kirayə verərək, hər ay azı 400 manat pul əldə edə bilər və həmin qazancdan məhkəmənin cavabdehin xeyrinə ödənlməli olan pulu qaytara bilərdi. Həmçinin, təmir xərcinin bu məbləğdə müəyyən edilməsi də ağıla sığan deyil, çünki, cavabdeh hələ əvvəlki işlər üzrə keçirilmiş bütün məhkəmə iclaslarında 2012-ci ildə mənzilin təmin etdirilməsini bildirmiş və bu təmir işləri üçün gah 50000 manat, gah da 65000 manat xərc çəkdiyni bildirmişdir. Amma məhz müqavilə öhdəliklərini qərəzli olaraq yerinə yetirilməməsi səbəbindən, 2019-cu ildə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müqavilə ləğv olunmuşdur. İndi isə 3 il vaxt keçdiyinə görə, müqavilə tərəfi olmayan, yalnız mərhum Bahadur Qasımovun övladı olduğuna görə bu absurd iddia tələbi qismən təmin olunmuş və bu böyük pul məbləğdə pulun cavabdehə qaytarılması öhdəliyi qoyulmuşdur. Ümumiyyətlə cavabdehin həyata keçirtdiyi təmirdən 10 ilə yaxın vaxt keçmiş, bu illər ərzində yalnız özü bu təmirdən yararlanmış və məhz özü də ki, estetik zövq almışdır. Həmçinin tamamilə qanunsuz olaraq, 9 il öncə olunmuş təmiri daha effektiv göstərmək üçün həm məhkəməni, həm də eksperti aldadaraq bir sıra kosmetik işlər bilavasitə ekspertizadan öncə həyata keçirilmişdir. Təmir olunmuş otaqda olan kimyəvi tərkibli iy (yəni, rəng mənşəli qoxu) baxış zamanı açıq-aşkar mənzildə hiss olunmuşdur. Bundan başqa, təmir 9 il bundan öncə olunsa da, ekspert indiki qiymətlərlə hesablama aparmışdır. Həmçinin, təmir işləri zamanı çəkilən usta xərcləri də nəzərə alınmaya bilər. Çünki hər hansı bir ustaya xidmət haqqının ödənilməsi haqqında cavabdeh tərəfindən bir qəbz belə məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən ekspert rəyində öz əksini tapmış mənzilin balkon hissəsinin, otaqların bir birindən ayırılması nəticəsində dəhlizin (korridor) süni şəkildə yaradılması faktına da məhkəmə tərəfindən diqqət yetirilməmişdir. Çünki bu dəyişikliklər nəticəsində mənzil daxili layihə əsaslı olaraq, cavabdeh tərəfindən qanunsuz dəyişdirilmişdir. İndi isə bu dəyişikliklərin əvvəlki vəziyyətə gətirilməsi üçün xeyli məbləğdə pul vəsaiti və vaxt tələb olunur. Amma məhkəmə işə tələsik baxaraq, dəyişkilklərin ləğvi üçün nə qədər pul vəsaitinin tələb olunduğunu araşdırmamış və bunun üçün də əlavə ekspertiza təyin etməmişdir. Halbuki, iddinın bir hissəsi məhz bu tələbdən ibarət idi. Qeyd olunmalıdır ki, mənzilin eyvanı sökülməsi, iddiaçının açıq havada asudə vaxtı keçirməsinə mənfi təsir göstərəcəkdir, çünki, səhhətilə əlaqəqdar o, hər dəfə aşağı düşə bilməyəcək və eyvanın süni şəkildə bağlandığından orada da təmiz hava qəbul etməsi mümkünsüz olacaqdır. Nəticədə, etibarilə, hər dəfə təbii havanın qəbul olunacağı ilə əlaqədar iddiaçı küçəyə çıxmaq məcbur olacaq. Ona görə də, cavabdeh tərəfindən aparılmış əsassız dəyişikliklər ləğv olunmalı və mənzilin texniki pasportunda olduğu kimi eyvan divarları bərpa olunmalı və mənzilin bu hissəsi əvvəlki vəziyyətə gətirilməlidir. Lakin bunun üçün xeyli məbləğdə pul vəsaiti tələb olunacağı nəzərə alındıqda bərpa işlərinin dəyəri müəyyən olunmalı və bu pul məhz cavabdehdən tutulmalıdır. Cavabdeh isə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən ekspert rəyini əsas götürsə də, ekspertizanın rəyində göstərilən 8443 manat təmir xərci ilə razı deyildir. Ona örə ki, mənzildə Bahadur Qasımovun özünün razılığı ilə əsaslı təmir işlən aparılmış, uzun illər yığılıb qalmış zibillər mənzildən daşınmışdır. Məhkəməyə təqdim etdiyi 2020-ci ildə tikinti və təmir işlərinə dair smetaya əsasən mənzildə aparılmış əsaslı təmir işlərinin xərci tikinti materiallarının dəyəri 16704 manat, görüiən işlərin xərci 22286 manat olmaqla, cəmi 38990 manat təşkil edir. Göründüyü kimi, mənzilin təmirinə çəkdiyi xərci təsdiq edən mütəxəssis rəyi ilə (38990 manat) ekspert tərəfindən verilmiş rəy (8443 manat) arasında kəskin fərq olmasına baxmayaraq, məhkəmə bu hala aydınlıq gətirməmiş, hansısa səbəbdən ekspert rəyini əsas tutmuşdur. Halbuki, həmin ziddiyəti aradan qaldırmaq üçün məhkəmə ən azından komissyon ekpertiza təyin etməli idi. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən tərəflər ayrı-ayrılıqda apellyasiya şikayətlərini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahatlarına uyğun izahat vermişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “mənzilin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8443 manatın cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi” hissədə dəyişdirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə - İddiaçı atası mərhum Bahadur Qasımovla Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə “Ömürlük renta müqaviləsi” bağlanmış, müqaviləyə əsasən B.Qasımov mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilini Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə B.Qasımovu ömrünün sonunadək saxlamaqla, insan yaşayışı üçün lazım olan zəruri xərcləri, o cümlədən qida məhsullarına çəkilən xərcləri, geyim, müalicə və sair xərcləri ödəməyi və lazımi xidmətlər göstərməyi, mənzilin təmiri ilə əlaqədar bütün işləri yerinə yetirməyi, öldükdən sonra onu dəfn etməyi, bütün dəfn xərclərini ödəməyi, hər ayın əvvəlində 100 manat pul ödəməyi öhdələrinə götürmüşlər. Renta alanın mənzildə ömrünün sonunadək yaşamaq və qeydiyyatda qalmaq hüququ vardır. Müqavilə bağlananadək mənzilin bütün kommunal xərclərini ödəmək renta alanın öhdəsinə düşür. Müqavilə bağlandıqdan sonra isə həmin xərcləri ödəmək vəzifəsini renta ödəyicisi öhdəsinə götürür. Renta ödəyicisi renta alanın razılığı ilə mənzili özgəninkiləşdirdikdə onun renta müqaviləsi üzrə öhdəlikləri əldə edənə keçir. Renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alanın renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin ödəməyi tələb edə bilər. İddiaçı X7 iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X7 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Ömürlük renta müqaviləsinin” ləğv edilməsi, həmin müqavilənin predmeti olan və Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzilinin üzərində X3 xüsusi mülkiyyət hüququnun bərpa olunaraq müvafiq qeydiyyatın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə olunması, S.Ağayevanın mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-891/2018 nömrəli qətnaməsi ilə iddia rədd olunmuş, lakin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-3717/2019 nömrəli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin olunmuş, X7 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “ömürlük renta müqaviləsi” ləğv edilmiş, həmin müqavilənin predmeti olan və Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzili üzərində X3 xüsusi mülkiyyət hüququ bərpa olunaraq müvafiq qeydiyyatın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuş, Ağayeva Sarayxanım Musaxan qızının həmin mənzildən istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 5892/2019 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh və Ağayeva Sarayxanım Musaxan qızının kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmçinin işdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2009-cu il tarixdə yaşadıqları Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilində anlaqsız vəziyyətdə bacısı X4 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi həyatdan məhrum etmişdir. Bu səbəbdən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli 1(101)-637/210 nömrəli qərarı ilə Azərbaycan Respublikası CPM-in 477.3-cü maddəsinə əsasən İddiaçı cinayət məsuliyyətindən və cəzadan azad olunmuş, barəsində Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-4853/2010 nömrəli qətnaməsinə əsasən xx.xx.1969-cu il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 32 nömrəli sərəncamı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-4853/2010 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1969-cu il təvəllüdlü İddiaçı üzərində onun atası X7 qəyyum təyin edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ 904618 seriyalı ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X7 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində kəskin ürək çatışmazlığı səbəbindən ölmüşdür. Bundan sonra Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 69 nömrəli sərəncamı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-4853/2010 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1969-cu il təvəllüdlü İddiaçı mülkiyyətlərinə hüququ olmadan əmisi X9 qəyyum təyin edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 32 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. İddiaçı hazırki tələbində cavabdehin ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi, eləcə də vurulmuş maddi zərərləri tələb etmişdir. Eyni zamanda, cavabdeh iddia tələbində mübahisəli mənzilinin təmiri və yaxşılaşdırılması, abad saxlanması, kommunal xərcləri və renta üçün çəkdiyi xərcləri, həmçinin mənəvi ziyanı tələb etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh qanuni əsaslarla, yəni xx.xx.2010-cu il tarixli ömürlük renta müqaviləsi əsasında Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzilinə köçmüş, mənzilin bir otağı istisna olmaqla digər hissələrində təmir işləri aparmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X7 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “ömürlük renta müqaviləsi” ləğv edilmiş, həmin müqavilənin predmeti olan və Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin 79 nömrəli mənzili üzərində X3 xüsusi mülkiyyət hüququ bərpa olunmuş, Cavabdeh anası Ağayeva Sarayxanım (Sara) Musaxan qızının həmin mənzildən istifadə hüququna xitam verilmişdir. Qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan sonra Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində yerləşən 73 nömrəli evin ümumi sahəsi 42 kv.m olan 79 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı qəyyumu Platon Qasımov mənzilin boşaldılmasını Cavabdeh tələb etsə də, sonuncu qanuni əsas olmadan mənzili boşalmaqdan imtina etmişdir. Bundan sonra Cavabdeh Zülfüqar oğlunun həmin mənzildə yaşamaqda davam etməsi qanunsuz olmuşdur. Nəticədə İddiaçı mülkiyyət hüquqları pozulmuşdur. Eyni zamanda, Cavabdeh mənzilə qanuni əsaslarla köçdüyünə və təmir işlərini mərhum Bahadur Qasımovun razılığı ilə apardığına görə, həmin mənzilin təmirinə çəkdiyi xərcin əvəzini mülkiyyətçidən tələb etməkdə haqlıdır. Mülkiyyətçi İddiaçı qəyyumu mənzilin təmirinə çəkilən xərcləri ödəməkdən imtina etdiyinə görə Cavabdeh Zülfüqar oğlu mənzili hazırkı vaxta kimi boşaltmamışdır. Bu səbəbdən İddiaçı qəyyumu P.Qasımovun iddia tələbi - Cavabdeh Zülfüqar oğlunun iddiaçıya məxsus olan Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 73 nömrəli evin 79 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslı olsa da, iddia tələbi qalan hissədə, yəni - vurulmuş maddi zərərə görə (əldən çıxmış fayda) 25000 manat, mənzilin bərpası üçün tələb olunan 25000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 60030 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində əsassızdır və bu hissələrində təmin edilə bilməz. O cümlədən birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh mənzilin təmirinə çəkilmiş 8.443 manat xərcin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olsa da, iddia tələbi qalan hissələrində, yəni - təmiri və yaxşılaşdırılması, abad saxlanması, kommunal xərcləri və renta üçün çəkdiyi xərclər olaraq tələb etdiyi 51.236 manatdan 8.443 manatı istisna olmaqla, qalan 42.793 manat vəsaitin və mənəvi ziyan olaraq 20.000 manat pulun İddiaçı tutulub Cavabdeh ödənilməsi hissəsində əsassızdır və bu hissədə iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə Cavabdeh mübahisəli mənzilin təmirinə - materiallarının alınmasına 16704 manat, görülən işlərin xərci kimi 22286 manat olmaqla, cəmi 38990 manat vəsait xərcləməsini ağlabatan hesab etmir və onun təqdim etdiyi smetanı mötəbər sübut kimi qəbul etmir. xx.xx.2021-ci il tarixli 10/1466 nömrəli ekspert rəyində göstərilən 8443 manat təmir xərcini ağlabatan və mötəbər hesab edir. Çünki, ekspertiza tədqiqatının aparılması üçün, hakimin, tərəflərin və ekspertin iştirakı ilə mübahisəli mənzilə baxış keçirilmişdir, ekspertin müəyyən etdiyi qiymət - 8443 manat işin həqiqi hallarına uyğun gəlir (mənzil iki otaqdan ibarətdir, bir otağında ümumiyyətlə təmir işləri aparılmayıb). Həmçinin Cavabdeh mənzildə təmir işləri aparsa da, uzuni müddətdir həmin mənzildə kirayə haqqı ödəmədən yaşayır və təmirli mənzildə özü yaşamaqla, faydalanır. Bu səbəbdən Cavabdeh mənzilin təmiri üçün daha artıq vəsait xərcləmiş olsa belə, ekspert rəyində göstərilən 8.443 manat vəsaitdən artığını tələb etməkdə haqlı deyildir. Eyni zamanda, tərəflərin biri-birinə mənəvi zərər vurması halı müəyyən edilməmişdir. Çünki, tərəflər faktiki olaraq ünsiyyətdə olmamışlar. Tərəflər arasında uzun müddətdir davam edən məhkəmə mübahisələri mövcud olmuşdur. Bu isə tərəflərə mənəvi zərər vurulmasını ehtiva etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə əsasən hər iki iş üzrə iddiaların təmin olunmayan hissələrində (təmir xərci hissəsi istisna olunmaqla) birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Çünki, tərəflər həmin hissələrdə iddia tələblərin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Lakin məhkəmə kollegiyası hesab edir ki, qətnamə “mənzilin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8443 manatın cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi” hissədə dəyişdirilməlidir. İşdən görünür ki, tərəflər arasında mübahisə əsasən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilində cavabdeh tərəfindən təmir-tikinti işlərinin aparılması və onlara çəkilmiş xərclərin dəyəri ilə bağlıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 2020-ci ildə tikinti və təmir işlərinə dair smetada göstərilmişdir ki, sözügedən mənzildə aparılmış əsaslı təmir işləri üzrə tikinti materiallarının dəyəri 16704 manat, görülən işlərin xərci isə 22286 manat olmaqla, cəmi 38990 manat təşkil edir. İşə birinci instansiya məhkəməsində baxılarkən xx.xx.2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1466 saylı ekspert rəyi ilə mübahisə predmeti olan mənzilin eyvan və dəhliz tikilisində əlavə divarın hörüldüyü və yaşayış otağından eyvana keçən hissədə pəncərə altının söküldüyü, lakin mənzilin əsas yük daşıyıcı elementləri üzərində hər hansı bir dəyişiklik və yenidənqurma işlərinin aparılmadığı nəzərə alınaraq, mənzildə əsaslı təmir-tikinti işlərinin aparılmadığı, yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 8443 manat olduğu, hazırda mənzilin yaşayış və yardımçı tikililərdən ibarət olmaqla, orta təmirli vəziyyətdə olduğunu nəzərə alınaraq yaşayış üçün yararlı olduğu, bir otağın köhnə təmirli olduğu və orada təmir işləri aparılmadığı müəyyən olunmuşdur. Cavabdeh tərəfin sifarişi əsasında keçirilmiş ekspertiza üzrə “X2” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 309 saylı rəydə mənzildə aparılmış tikinti-təmir və quraşdırma işlərinə real bazar qiymətinə uyğun olaraq təqribən 27649 manat məbləğində (xidmət haqqı və tikinti materialları daxil olmaqla) vəsait xərcləndiyi müəyyən edilmişdir. Göründüyü kimi, mənzildə aparılmış eyni təmir-tikinti işləri ilə bağlı fərqli məbləğlər müəyyən edilməklə rəylər arasında kəskin fərq mövcud olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması, mübahisəli halların dəqiqləşdirilməsi istiqamətində xüsusi bilik tələb edən sualların cavablandırılması məqsədilə iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilməlidir (apellyasiya şikayətinin dəlillərində də təkrar ekspertizanın təyin olunmalı olması qeyd edilmişdir). Daxil olmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1849 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilində əsaslı təmir-tikinti işləri aparılmamış, mənzildə yerinə yetirilmiş yenidənqurma və təmir-tikinti işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 9836 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MM-nin 157.6-cı maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. MM-nin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. - 1092.2. əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. MM-nin 1092.3-cü maddəsinə görə varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. MM-nin 1094-cü maddəsinə görə əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilə çəkilmiş təmir xərclərinin məbləğini düzgün müəyyən etməmişdir. Bu səbəbdən də cavabdehin apellyasiya şikayəti qeyd edilən hissədə qismən təmin olunmalı, qətnamə həmin hissədə dəyişdirilərək, mənzilin təmirinə görə tutulmalı olan pul vəsaitinin məbləği 9836 manat müəyyən edilməlidir. Tərəflər bunun əksini təsdiq edə və əsaslandıra bilməmişlər. Bununla yanaşı, cavabdeh vəsatət verərək kompleks ekspertizanın təyin olunmasını xahiş etsə də, vəsatəti əsaslandıra bilməmiş, eyni zamanda ekspertiza rəyinin əsassızlığı ilə bağlı dəlillərini təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə kollegiyası qeyd edilən hissədə yenidən ekspertizanın təyin olunmasını zəruri hesab etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının “mənzilə çəkilmiş xərclərinin ümumiyyətlə tutulmalı olmaması” barədə dəlilləri işin hallarına və qanunvericiliyin qeyd ediən tələblərinə uyğun olmadığından əsaslı sayıla bilməz.. İddiaçı apellyasiya şikayətində mənzildə təmir-tikinti işlərinin qanunsuz aparılmasını, mənzildə konstruktiv dəyişikliklərin aparılmasını və s. göstərmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh qanunsuz olaraq deyil, məhz renta müqaviləsinə, sonradan isə mülkiyyətçi hüquqlarına əsaslanaraq təmirtikinti işlərini aparmışdır. Sonradan məhkəmə tərəfindən müqavilənin və mülkiyyət qeydinin ləğv olunması halı isə cavabdehi müvafiq yaxşılaşdırma xərclərini tələb etmək hüququndan məhrum etmir. Həmçinin işdə olan ekspertiza rəyindən görünür ki, mübahisəli mənzilin daxilində eyvan tikilisinin pəncərə altı divarının sökülməsi və dəhliz tikilisində əlavə divarın inşa olunması kimi konstruktiv dəyişikliklərin aparılması müəyyən olunmuş, lakin mənzilin yükdaşıyan divarlarında dəyişikliklər edilmədiyi və binanın yükdaşıyıcı sütunlarının sökülməsi və zədələnməsi kimi hallar müəyyən olunmamış, eləcə də mənzilin əsas yük daşıyıcı elementləri üzərində hər hansı bir dəyişiklik və yenidənqurma işləri aparılmamışdır. İddiaçı apellyasiya şikayətində həmçinin göstərmişdir ki, qətnamədə tələblərin eyni vaxtda icra olunmasının qət edilməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən dəlillə də razılaşmayaraq ilkin olaraq bildirir ki, MPM-nin 220.6-cı maddəsinə əasən məhkəmə qətnamənin icra qaydasını müəyyən edə və onu qətnamənin nəticə hissəsində göstərə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası işin hallarını məcmu şəkildə nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi “qətnamənin mənzildən çıxarılma ilə təmir xərcinin əvəzinin ödənilməsi hissəsində eyni vaxtda icra edilməsi”ni müəyyən etməklə qanunvericiliyin tələblərini pozmamış, əksinə ədalətli tarazlığın bərpasına nailo olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8443 manatın cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi” hissəsində dəyişdirilməli, müvafiq pul vəsaitinin məbləği 9836 manat müəyyən edilməli, qətnamə apellyasiya şikayətlərinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı 100 manat məbləğində aparılmış ekspertiza tədqiqatının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərci Cavabdeh aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı qəyyumu X5 Cavabdeh qarşı (Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintiyə X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2021ci il tarixli, 2(004)-516/2021 saylı qətnaməsindən İddiaçı qəyyumu X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(004)-516/2021 saylı qətnaməsi “Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 73 nömrəli evin 79 nömrəli mənzilin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 8443 manatın cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi” hissəsində dəyişdirilsin, həmin hissədə İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan müvafiq pul vəsaitinin məbləği 9836 (doqquz min səkkiz yüz otuz altı) manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətlərinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh aid edilsin, sonuncudan apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar