Məhkəmə qərarları › İş №2(103)-637/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-637/2023

31.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-637/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şərafəddin qızının cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Yazıçılar Poliklinikasına qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğvi və işə bərpa”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3132/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh Yazıçılar Poliklinikasına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X1 xx.xx.2022-ci il tarixli, 49-K №-li əmri ləğv edilməklə İddiaçı Şərafəddin qızının İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X2 kadırlar şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı – xx.xx.2022-ci il tarixdən hesablanmaqla işə bərpa olunma tarixindən əmək haqqı və 100 manat həcmində dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-3132/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Məmmədli Orxan) ilə iddia ərizəsi qismən təmin edilmiş, icbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X1 xx.xx.2022-ci il tarixli, 49-K №-li əmri ləğv edilmiş, iddiaçının İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X1 kadrlar şöbəsinin müdiri vəzifəsinə bərpa olunması, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının İddiaçı cavabdeh tərəfindən ödənilməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 70, 71, 72 və 80, 187-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, Məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, həmkarlar ittifaqının üzvü olan işçi komitənin razılığı olmadan işdən azad olmuş, iddiaçı işdən azad olunarkən cavabdeh qərəzli olmuş, iddiaçının izahatı alınmamış və əmək məcəlləsinin 70,71,72 və 80-ci maddəsinin tələbləri pozulmuşdur. Lakin məhkəmənin bu mövqeyi ilə razı deyil, məhkəmə cavabdehin nüfuzuna xələl gətirən, saxta sənəd əsasında işə qəbul olan və bu yolla neçə-neçə tibb işcisini çıxılmaz vəziyyətə salan iddiaçını işə bərpa etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırılır ki, məhkəməyə təqdim edilən sübutlardanda görünür ki, iddiaçı işə qəbul olunarkən bilərəkdən müəssisənin rəhbərliyini yanıltmış və ora saxta diplom təqdim edərək, ixtisası bilmədiyi halda, özünü ixtisaslı kadr kimi təqdim etmişdir. Qətnamədən görünür ki, məhkəmə Həmkarlar ittifaqı protokolunun yalnız HİK sədri X7 tərəfindən imzalandığını qeyd etsə də işə əlavə edilən və həmkarlar ittifaqının digər üzvlərinin də imzaladığı Akta (adı Akt qeyd edilsə də əslində bu Komitənin qərarı hesab edilməlidir) nəzər salmamış bu sübutu da araşdırmamışdır. Həmçinin iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatdan da tam təsdiq edilir ki, cavabdeh HİK-nin iclasını çağırmış, iddiaçının da bundan məlumatı olmuşdur. Hətta iddiaçı iclasda iştirak etmiş, orada gedən müzakirələrin maraqlarına uyğun olmadığını gördüyü üçün iclasın normal ahəngini pozaraq oranı tərk etmişdir. Bundan əlavə, məhkəmə qətnaməsində HİK-nin qərarının olmadığı ilə bağlı qeyd edilənlər də həqiqəti əks etdirmir. Çünki mülki iş materiallarında yazıçılar Poliklinikası üzrə keçirilən xx.xx.2022-ci il tarixli 12:00-da keçirilən iclas Aktı vardır ki, bu sənəd HİK-nin yekun qərarını özündə əks etdirir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, eyni zamanda qeyd etdi ki, iddiaçının işdən azad olunduğu dövrdə poliklinikada hüquqşünas olmadığından iddiaçının işdən çıxarılması zamanı sənədləşdirmə Əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, bildirdi ki, qətnamə qanuni və əsaslıdır, cavabdehin iddiaçının işdən azad olunması barədə əmri Əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Sübutların tədqiqi:

7. İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə X1 xx.xx.2022-ci il tarixli, 49-K №-li əmrinə əsasən X3 şöbəsinin müdiri İddiaçı ilə bağlanmış 110 nömrəli Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Vəzifədən azad etməyə əsas kimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yazıçılar Birliyinin Poliklinikasının Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı 25 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı yol verdiyi nöqsanlara görə, həmin nöqsanları aradan qaldırmadığı üçün işdən azad edilmişdir.

9. Yazıçılar Poliklinikasının xx.xx.2022-ci il tarixli, 03 nömrəli HİK-nin Protokolunun kserosurətinə əsasən, İddiaçı şiddətli töhmət ilə işdən azad edilməsinə qərar verilmişdir. Protokoldan görünür ki, protokol yalnızca HİK-nin sədri X7 tərəfindən imzalanmışdır.

10. Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli İddiaçı ünvanladığı məktubda qeyd edilmişdir ki, İddiaçı Yazıçılar Birliyinin Poliklinikasının baş həkimi Rüstəmxanlı – X8 tərəfindən 39000 manat pulunun ələ keçirilməsi və digər qanunsuz hərəkətləri barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə ünvanladığı müraciətə İctimai Təhlükəsizlik İdarəsində baxılmışdır. Müraciətdə göstərilən xüsusatlar üzrə zəruri prosessual araşdırma aparılması və aidiyyətli şəxsin əməlinə hüquqi qiymət verilməsinin təmini məqsədi ilə toplanmış material Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir.

11. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Yazıçılar Poliklinikasının baş həkim əvəzi Mətanət Məhərrəmova tərəfindən ünvanlanmış müraciət ilə bağlı həmin poliklinikada aparılan araşdırılmanın nəticəsinə dair xx.xx.2019-cu il tarixli Arayışda qeyd olunmuşdur ki, Yazıçılar Poliklinikasında aparılan yoxlama göstərir ki, poliklinikada əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur, xüsusən Əmək Məcəlləsinin işçilərin ödənişsiz məzuniyyətə buraxılmasına dair tələblərinə, işə qəbulu zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2013-cü il 18 yanvar tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə müəssisələrində həkimlərin müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada işə qəbulu Qaydaları”na riayət olunmur, əmək haqlarının hesablanmasında və ödənilməsində pozuntulara yol verilir, müəssisədə mövcud şərait sanitar-gigiyenik norma və tələblərə cavab vermir. Bundan əlavə poliklinikanın fəaliyyətində əvvəllər aşkar olunmuş kobud nöqsan və çatışmazlıqlar aradan qaldırılmamış, metodik tövsiyələrə riayət edilməmiş, əksinə eyni nöqsanlar təkrarlanmışdır. Ümumiyyətlə, həmin poliklinikanın fəaliyyəti normativ tələblərə uyğun təşkil olunmamışdır.

12. “Yazıçılar Poliklinikasının fəaliyyətində aşkar olunmuş nöqsanlar barədə” xx.xx.2017-ci il tarixli Əmrə əsasən, Yazıçılar Poliklinikasının işində yaranmış ciddi nöqsan və çatışmazlıqlara görə poliklinikanın baş həkimi X6-Cəfərovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, Yazıçılar Poliklinikasının baş həkimi N.Rüstəmxanlı-Cəfərovaya poliklinikanın tibb bacısı vəzifəsindən Əmək Məcəlləsinə zidd olaraq işdən azad olunan X5 işə bərpa olunması, qanunvericiliyə zidd olan işə qəbul hallarının və pozuntuların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün 1 ay müddətində zəruri tədbirlər görülərək nəticəsi barədə məlumat təqdim olunması tapşırılmışdır.

13. 14.08.2019-cu il tarixli Əmrə əsasən, Əmək funksiyalarını yerinə yetirmədiyinə və intizam qaydalarını pozduğuna görə Yazıçılar Poliklinikasının baş həkimi X6- Cəfərova Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Yazıçılar Poliklinikasının rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərə əsasən onunla bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi müəyyən olunmuşdur. Əmək müqaviləsinə xitam verilərkən AR ƏM-nin 72-ci maddəsinin tələbləri nəzərə alınmamış, 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbləri də pozulmuş, son haqq-hesabının hesablanaraq ödənilmədiyi də müəyyən edilmiş və bununla da qanunvericiliyin tələblərinin pozulduğu aşkar olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, Yazıçılar Poliklinikasının baş həkimi X6-Cəfərova barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 14 iyun 2022-ci il tarixli MN0020544 saylı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Əlavə olaraq bildirilir ki, son haqq-hesabının 10 gün ərzində hesablanaraq ödənilməsinin təmin edilməsi ilə bağlı Yazıçılar Poliklinikasının baş həkimi X6- Cəfərovaya göstəriş xarakterli məktub ünvanlanmışdır.

15. “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” ******* saylı Qərara əsasən İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində AR Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən xitam verilərkən AR ƏM-nin 72-ci maddəsinin tələbləri nəzərə alınmamış, 80-ci maddənin 1-ci və 2-ci bəndlərinin tələbləri pozulmuşdur. Nəticədə X4 qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 2000 manat məbləğində cərimə olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:

16. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

17. Maddə 70. ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

18. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

19. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

20. Maddə 80.2.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

21. Maddə 80.3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

22. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

23. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

24. Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

25. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

36. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının ali təhsilinin olmaması barədə dəlillərinə münasibətdə bildirir ki, bu dəlilin hazırkı mübahisə predmetinə hər hansı bir aidiyyəti yoxdur, bu səbəbdən həmin dəlil yoxlanılmır. Eyni zamanda Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi həmin hal işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin tamamilə başqa əsası ola bilər.

39. Apellyasiya şikayətinin şikayətinin digər bir dəlili həmkarlar ittifaqı iclasının çağrılması və iddiaçının bu barədə xəbərdar edilməsi ilə bağlıdır.

40. Kollegiya bununla bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

41. Həmin Məcəllənin 80.2-ci maddədinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

42. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Hazırkı halda cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar Əmək Məcəlləsinin 80.1 və 80.2-ci maddəsinin şərtlərinə riayət edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir.

44. Beləliklə, araşdırmalar zamanı müəyyən edilmişdir ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamış, işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmiş, həmkarlar ittifaqı təşkilatının iclası barədə iddiaçıya məlumat verilməmişdir. Bununla da əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən kobud şəkildə pozulmuşdur. Həmçinin yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən yoxlanılmış və iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilərkən Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin tələbləri nəzərə alınmaması, 80-ci maddənin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması müəyyən edimiş və müvafiq qərar qəbul edilmişdir.

45. Bundan əlavə cavabdeh iddiaçını məhz xx.xx.2019- cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində yol verdiyi nöqsanlara görə işdən azad etmişdir, lakin əmək qanunvericiliyinin tələbinə əsasən işçi tərəfindən əmək və ya icra intizamının pozulması ilə bağlı xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi ümumiyyətlə verilə bilməz.

46. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur, bu səbəbdən rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

47. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

48. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Yazıçılar Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3132/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar