Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-637/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri X4 və X9 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin iddiaçıya münasibətdə ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, çəkilmiş xərclərin və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1949/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra, cavabdeh) qarşı “əmrin iddiaçıya münasibətdə ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, çəkilmiş xərclərin və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28 mart 2024-cü il tarixli, T0639-24 nömrəli əmrinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, mediasiya xərci olaraq ödənilmiş 50 manat pulun və 10000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 mart 2020-ci il tarixdə Cavabdehndə İstismar xidmətləri üzrə böyük mütəxəssis vəzifəsinə təyin olunmuş, 01 aprel 2022-ci il tarixdə İstismar xidmətləri üzrə qrup rəhbəri, 01 sentyabr 2022-ci il tarixdə Təchizat üzrə qrup rəhbəri, 01 mart 2023-cü il tarixdə Təchizat üzrə menecer vəzifələrinə keçirilmişdir. Cavabdehin 28 mart 2024-cü il tarixli, T0639-24 nömrəli əmri ilə 28 mart 2024cü il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra “ƏM”) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmrdə ƏM-nin 72-ci maddəsinin “c” bəndinə istinad edilmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verməmişdən əvvəl, yəni 06 mart 2024-cü il tarixdə hər hansı rəsmiləşdirmə aparmadan guya ki, xidməti araşdırma ilə bağlı iddiaçının işdən kənarlaşdırılmasını bildirmiş, 18 mart 2024-cü il tarixdən isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək istəmişdir. Lakin, iddiaçı həmin müddətdə xəstə olduğundan və işə gəlmədiyindən cavabdeh əmək müqaviləsinə həmin tarixdə xitam verməmişdir. Onu da bildirmək lazımdır ki, iddiaçı xəstə olduğu müddətdə cavabdehin işçiləri iddiaçının qeydiyyatı üzrə poliklinikaya zəng etmiş, həkimə hədə-qorxu etmiş, iddiaçını az qala cinayətkar kimi qələmə vermişlər. Buna baxmayaraq, həkim əyani olaraq iddiaçı ilə görüşmüş və onun həqiqətən xəstə olduğunu müşahidə edərək, müvafiq xəstəlik vərəqəsini vermişdir. Digər tərəfdən, ehtimal edirik ki, cavabdeh ƏM-nin 72-ci maddəsinin “c” bəndinə istinad edilməsini və ona maddi ziyanın vurulmasını əsaslandırmaq məqsədilə əmrdə qeyd edilmiş 15 mart 2024-cü il tarixli akt tərtib etmişdir. Lakin, sözügedən akt iddiaçıya təqdim edilməmiş, iddiaçı aktla tanış olmamış və nəticədə iddiaçı özünü müdafiə etmək hüququndan məhrum edilmişdir. Əmrin surətini aldıqda, iddiaçı aktın ona təqdim edilməməsi barədə öz qeydini etmişdir. iddiaçı mediasiya sessiyasının keçirilməsinə dair 15 aprel 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, mediator tərəfindən 08 may 2024-cü il tarixdə ilkin mediasiya sessiyası təyin edilmiş, barışıq sazişinin şərtlərinin müzakirəsi məqsədilə sessiya 10 may 2024-cü il tarixə təyin edilmiş, lakin barışıq əldə olunmamışdır. Nəticədə, mediator tərəfindən iddiçıya 10 may 2024-cü il tarixli, MŞB/MT15/2024-0134/02 nömrəli arayış (bundan sonra “Arayış”) verilmişdir. Əmrin ƏM-nin 72ci maddəsinin “c” bəndinə əsasən verilməsi üçün cavabdeh ƏM-nin 191.2.-ci maddəsində qeyd olunan halları və aşağıdakıları müəyyən etməli idi: iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyini, maddi ziyanın vurulmasını və bu ziyanın məbləğini, hərəkət və ya hərəkətsizliklə maddi ziyan arasında olan səbəbli əlaqəni. Hesab edir ki, cavabdeh tərəfindən bu üç hal müəyyən edilməmişdirsə, mmri qanunsuz hesab olunmalı və ləğv edilməlidir. Nəzərə alınmalıdır ki, cavabdeh əmrdə akta (ehtimal edirik ki, araşdırma sənədidir) istinad etsə də, ƏM-nin tələblərinə zidd olaraq, iddiaçını həmin aktla tanış etməmiş, onu müdafiə hüququndan məhrum etmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı xəstə olduğu müddətdə qeydiyyatda olduğu poliklinikada onun adını ləkələyən məlumatlar yaymışdır. Bununla da, cavabdeh iddiaçıya mənəvi ziyan vurmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddia ərizəsinin 1-ci bəndinə münasibətdə - iddiaçı 12 mart 2020-ci il tarixində ASL885 nömrəli əmək müqaviləsi (bundan sonra “Müqavilə”) əsasında Cəmiyyətdə istismar xidmətləri üzrə böyük mütəxəssis vəzifəsinə qəbul edilmiş, 01 mart 2023-cü il tarixdə isə təchizat üzrə menecer vəzifəsinə keçirilmişdir. İddia ərizəsinin 2-ci bəndinə münasibətdə - iddiaçı ilə bağlanmış müqavilənin 3.2-ci bəndində işçinin biznes fəaliyyətinin həyata keçirilməsi, təhlükəsizliyi və məxfiliyi üzrə işəgötürənin standartlarına riayət etməli olduğu müəyyənləşdirilmişdir. O cümlədən, iddiaçının sonuncu vəzifə dəyişikliyi ilə bağlı vəzifə öhdəliklərinə əsasən o, zəruri malların və xidmətlərin sifarişini təsdiqləmək, sifarişlərin və tədarükün satınalma detallarını yekunlaşdırmaq, xərcləri azaltmaq və effektivliyi artırmaq üçün əsas funksional ölçülərə baxıb hesabat vermək, şirkətin spesifikasiyası və gözləntilərinin dəqiqliyini təmin etmək üçün əsas şəxslərlə əməkdaşlıq etmək və digər bu kimi öhdəliklər daşımışdır. Müqavilə və vəzifə öhdəliklərindən göründüyü kimi, iddiaçı Cəmiyyətin təhlükəsizlik standartlarına riayət etməli, Cəmiyyətin maraqlarından çıxış edərək minimum xərclərlə maksimum effektivliyə nail olmağa çalışmalı, bununla bağlı dövri hesabatlar təqdim etməli, o cümlədən Cəmiyyətin gözləntilərinin dəqiqliyini təmin edərək müvafiq şöbələrlə əməkdaşlıq əsasında yalnız tələb olunan zəruri malların və xidmətlərin sifarişini təsdiqləməli idi. İddia ərizəsinin 3-cü bəndinə münasibətdə - 28 mart 2024-cü il tarixdə Cəmiyyətlə iddiaçı arasında bağlanılmış ASL885 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasım və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam verilmişdir. İddia ərizəsinin 4cü bəndinə münasibətdə - işdən kənarlaşdırılmanın rəsmiləşdirilməsi: Bildirir ki, Cəmiyyətdə Daxili nəzarət və araşdırma, Audit komandaları tərəfindən Cəmiyyətin maraqlarının və mənafeyinin müdafiəsi məqsədilə ofis daxilində və mağazalarda (“Bravo” marketlərdə) mütəmadi olaraq araşdırma (yoxlanış) keçirilərək bu araşdırmaların nəticəsində aşkar olunmuş uyğunsuzluq və pozuntular müvafiq aktla rəsmiləşdirilir. 2024-cü ilin mart ayında da sözügedən komandalar tərəfindən ofısdaxili araşdırma aparılmış və nəticədə təchizat komandasının əməkdaşları - təchizat üzrə menecer vəzifəsində çalışan İddiaçı və təchizat üzrə baş mütəxəssis X3 fəaliyyətləri dövründə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəmiyyətin maraqlarından kənara çıxdıqları, o cümlədən müxtəlif üsullarla Cəmiyyətə maddi ziyan vurduqları aşkar olunmuşdur. Araşdırmanın gedişatında sözügedən şəxslərin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəmiyyətə ziyan vurduqları məlum olduğundan 06 mart 2024-cü il tarixində Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən həmin şəxslər barəsində 003-24/K nömrəli əmr tərtib edilərək bu şəxslər əmək haqqı saxlanılmaqla araşdırma yekunlaşanadək işdən kənarlaşdırılmışdır. Daha sonra, 15 mart 2024-cü il tarixdə İddiaçı və Həsənov Cavidan Cəmiyyətin ofisinə çağırılmış, onlar Əmək Məcəlləsinin 203-cü maddəsinə uyğun olaraq yoxlama nəticələri ilə tanış edilmiş və sözügedən şəxslərin izahatı alınmışdır. Bununla bağlı tərtib olunmuş 15 mart 2024-cü il tarixli “Təchizat şöbəsinin meneceri İddiaçı və həmin şöbənin böyük mütəxəssisi Cavidan Həsənov tərəfindən törədilən uyğunsuzluq və saxtakarlıq halları haqqında” akt da etiraza əlavə edilir. İddiaçının qeydiyyatı üzrə poliklinikaya zəng edilməsi - Bununla əlaqədar olaraq bildirirlər ki, iddiaçı üzrlü səbəbləri barədə Cəmiyyətə məlumat vermədən öz iradəsi ilə 18 mart 2024-cü il tarixdən etibarən 20 mart 2024-cü il tarixinədək işə gəlməmişdir. Bu səbəbdən həmin tarixdə ona Cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq məktubu göndərilmiş və heç bir üzrlü səbəb olmadan işə gəlmədiyi üçün barəsində Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə əsasən müvafiq tədbirlərin görüləcəyi barədə məlumatlandırılmışdır. İddiaçı xəstə olduğundan xəstəxanada yatdığını və bu səbəbdən işə gəlmədiyini bildirmişdir. Xəstəlik faktının təsdiqlənməsi məqsədilə Cəmiyyət tərəfindən iddiaçının qeydiyyatı üzrə poliklinikayla əlaqə saxlanılaraq iddiaçının hər hansı xəstəliyinin mövcudluğu və bu səbəbdən qeyd edilən tarixdə xəstəxanada yatması barədə müvafiq həkimdən məlumat alınmışdır. Daha sonra iddiaçı Cəmiyyətə sağlamlıq vəziyyəti haqqında arayış təqdim etmişdir. İddia ərizəsinin 5 və 22-ci bəndlərinə münasibətdə - iddiaçı 15 mart 2024-cü il tarixdə araşdırma materialları ilə tanış edilmiş və buna müvafiq suallar verilərək izahatı alınmışdır. O, öz izahatında bəzi hallarda məhsulların təcili tələb olunduğunu, bu zaman marka dəyişikliyi edilə bildiyini qeyd etmişdir. Lakin cari vəziyyətdə müvafiq məhsulun təcili tələb olunması, markanın dəyişdirilməsinin zəruriliyi, gecikmə yaşanacağı təqdirdə hansı risklərin olması və s. iddiaçı tərəfindən araşdırılmamış, ofısdaxili şöbələrlə kommunikasiya qurulmamış və hər hansı əsaslandırılma edilmədən Cəmiyyət tərəfindən sorğulanan məhsul heç bir əsas olmadan öz qərarı ilə birbaşa dəyişdirilmişdir. Belə ki, Cəmiyyət tərəfindən alınması üçün "Kale" markalı qapı kilidinin sorğulanmasma baxmayaraq, iddiaçı təchizatçıdan birabaşa "Assa Abloy" markalı məhsulu sifariş edərək həmin məhsul üçün yüksək qiymət təklifi almışdır. Daha sonra isə bazar qiyməti dəfələrlə ucuz olan “Omni” markalı məhsulun alışını həyata keçirmiş və Cəmiyyətə yüksək məbləğdə maddi ziyan vurulmasına səbəb olmuşdur. İddiaçının baha qiymətlə ucuz məhsulu almasından xəbərdar olduğu və bu əməli bilərəkdən, təqsirli şəkildə törətdiyi Təchizatçı tərəfindən sifarişə müvafiq göndərilən qiymət təklifində “Assa Abloy” markalı məhsulun qiymətinin, marka adı hissəsində isə “Omni” markasının qeyd edilməsindən açıq-aşkar məlum olur. İddia ərizəsinin 9 və 18-ci bəndlərinə münasibətdə - iddiaçı ərizəsində əmək müqaviləsinə ləğv olunmasının zəruriliyinin əmrdə əsaslandırılmalı olduğunu qeyd etmişdir. Bununla əlaqədar məhkəmənin çatdırırlar ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 mart 2024-cü ildə xitam verilmişdir. İddiaçı ilə bağlanılan əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun formada sənədləşdirilmiş, habelə xitam əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə tam uyğun şəkildə tərtib edilmişdir. Xitam əmrində 15 mart 2024-cü il tarixli akta istinad edilmişdir ki, bu aktda da 2024-cü ilin mart ayı üzrə aparılmış araşdırmalar nəticəsində İddiaçı və Həsənov Cavidan tərəfindən Cəmiyyətə vurulmuş maddi ziyanın məbləği qeyd edilərək faktlarla əsaslandırılmışdır. İddia ərizəsinin 12-ci bəndinə münasibətdə - maddi ziyanın vurulması və səbəbli əlaqə: Bildirirlər ki, İddiaçı və Cavidan Həsənov öz fəaliyyəti dövründə təchizatçılardan məhsulların alınması zamanı ciddi uyğunsuzluqlara yol verərək tələb olunan markadakı məhsulu yox, daha baha qiymətə olan məhsul markasını sifariş etmişlər. Lakin bununla belə öz sifariş etdikləri markanı da yox, real bazar qiyməti ondan aşağı olan digər markadakı məhsulu bazar qiymətindən daha baha qiymətə satın almışlar. Belə ki, Cəmiyyət tərəfindən “Kale” markalı məhsulun sorğulanmasına baxmayaraq, İddiaçı və Həsənov Cavidan tərəfindən təchizatçıdan qiyməti yüksək olan “Assa Abloy” markalı məhsulun sifariş edilməsi, lakin bu marka əvəzinə yüksək qiymətli məhsulun ödənişini edərək bazarda dəfələrlə ucuz qiymətə satışda olan “Omni” markalı məhsulun alınmasını göstərmək olar. Təchizatçı tərəfindən göndərilən qiymət təkliflərində ucuz markaya (Omni) aid məhsulun adının qeyd edilməsi İddiaçı və Cavidan Həsənovun baha qiymətli məhsulun əvəzinə ucuz qiymətli məhsulun göndərilməsindən məlumatlı olduğunu və bu uyğunsuzluğa qəsdən yol verdiklərini təsdiq edir. Faktlardan göründüyü kimi, iddiaçı öz vəzifə səlahiyyətlərini pozaraq şəxsi mənafeyindən çıxış etmiş və Cəmiyyətə maddi ziyan vurmuşdur. Əlavə olaraq, İddiaçı və Həsənov Cavidan tərəfindən Cəmiyyətin standartlarından kənara çıxaraq müvafiq şöbələrlə razılaşdırmadan sorğulanan məhsulu dəyişdirib digər məhsulu sifariş etməsi, daha sonra isə bazarda dəfələrlə ucuz qiymətə satışda olan məhsulu alması nəticəsində Cəmiyyətə ümumilikdə 35.0000 manat məbləğində maddi ziyan vurulmuşdur. Bu ziyan iddiaçının tenderdə süni şəkildə qalib gəlməsini təmin etdiyi və alışları həyata keçirdiyi "xxxx" şirkəti tərəfindən də etiraf edilmişdir. "xxxx" şirkəti Cəmiyyətə məktub ünvanlayaraq qeyd edilən əməlin Cəmiyyətin adıçəkilən işçilərinin təsdiqi ilə törədildiyini bildirmişdir. Bu isə öz növbəsində Cəmiyyətin işgüzar nüfuzunun ləkələnməsi və təchizatçılar arasında reputasiyasının zədələnməsi hesab olunur. Törədilmiş əməlin qanuna zidd olması - Məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı tender qaydalarını pozaraq sənədləri saxtalaşdırmış və süni şəkildə "xxxx" adlı təchizatçının tenderdə qalib olmasına imkan yaratmışdır. Belə ki, iddiaçı bir sıra təchizatçılara digərlərinə nisbətdə fərqli şərtlər göstərərək həmin təchizatçıların tenderdə qalib gəlməsini təmin etmişdir. İddiaçının “Omni” markalı məhsulu aldığı "xxxx" adlı təchizatçının məhsulla bağlı verilmiş yeni qiymət təklifini, digər təchizatçıların isə 2023-cü il üçün verilmiş və 5 (beş) iş günü ərzində qüvvədə olması nəzərdə tutulan qiymət təkliflərini tenderə əlavə etmiş, nəticədə süni şəkildə "xxxx" adlı təchizatçının tenderin qalibi olmasını təmin etməsi buna misal olaraq göstərilə bilər. O cümlədən, iddiaçı Şirkət standartlarından kənara çıxaraq uyğun olmayan məhsulların alışını həyata keçirmiş və müvafiq olaraq bir sıra hallarda insan həyatının önəmi üçün yüksək keyfiyyət tələb edən məhsullarda fərqli məhsullar almaqla potensial risklər yaratmışdır. Buna nümunə olaraq qeyd edə bilərik ki, iddiaçının sonuncu sifarişi yanğın çıxışı qapılarının kilidi ilə əlaqədar olmuşdur. Belə ki, müvafiq komanda tərəfindən iddiaçıdan yanğın çıxışı qapıları üçün Şirkət standartlarına uyğunluğu yoxlanılmış “Kale” markalı kilidin alınması sorğulansa da, iddiaçı Cəmiyyətlə razılaşdırmadan sifarişi standartlara uyğunluğu yoxlanılmayan digər marka ilə dəyişmiş, hətta yekunda keyfiyyət baxımından daha aşağı olan və bazar qiyməti dəfələrlə ucuz olan üçüncü markanı baha qiymətlə almışdır. Nəticədə həm Cəmiyyətə maddi ziyan vurulmasına səbəb olmuş, həm də insan həyatının təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malik olan bir məsələdə risk faktoru yaratmışdır. İddiaçının vəzifə öhdəliklərində də qeyd edildiyi kimi, o, yalnız sorğulanan (zəruri) malların sifarişini təsdiqləməli, habelə Cəmiyyətin spesifikasiyası və gözləntilərinin dəqiqliyini təmin etmək üçün əsas şəxslərlə (Ofisdaxili müvafiq şöbələrin əməkdaşları nəzərdə tutulur, məsələn, SƏTƏM, Maliyyə şöbəsi və s.) əməkdaşlıq etməli, yəni Cəmiyyət tərəfindən sorğulanan markanın dəyişdirilməsinin, digər markanı sifariş verməyin uyğun olub-olmadığını müəyyənləşdirməli idi. Göründüyü kimi, iddiaçı fəaliyyəti dövründə öz vəzifə səlahiyyətlərindən şəxsi maraqlarından çıxış edərək suiistifadə etmiş və Cəmiyyətin mənafeyinə xələl gətirərək müxtəlif üsullarla Cəmiyyətə maddi ziyan vurmuşdur. Əlavə olaraq bildirirlər ki, İddiaçı və Cavidan Həsənov vəzifə səlahiyyətlərindən kənara çıxaraq Cəmiyyət adından istifadə edib tender qaydalarını pozmuş, tender sənədlərini saxtalaşdırmış və iştirakçılar arasında ayrı-seçkiliyə yol verərək müvafiq təchizatçının süni şəkildə qalib gəlməsini təmin etmişdir. O cümlədən, onlar Cəmiyyətin standartlarından kənara çıxaraq uyğun olmayan məhsulların alışını həyata keçirmişdir. Bu əməllər öz növbəsində Cəmiyyəti təchizatçılar arasında da nüfuzdan salmışdır. Habelə, tender sənədlərinin saxtalaşdırılaraq qalibin süni şəkildə seçilməsi Cəmiyyətə olan etimadı sarsıdaraq təchizatçıları Cəmiyyət adından keçirilən tenderlərdə iştirakdan çəkindirir və nəticədə Cəmiyyətin fəaliyyətinə və nüfuzuna xələl gətirir. Yuxanda qeyd edilənləri ümumiləşdirərək bildirmək istəyirlər ki, iddiaçı qanunvericilik və müqavilə üzrə öhdəliklərini pozmuş, vəzifə səlahiyyətlərindən kənara çıxaraq əməyin mühafizəsi qaydalarının pozulmasına, digər işçilərin və müştərilərin həyatlarının riskə atılmasına səbəb olmuş, o cümlədən Cəmiyyətə faktiki maddi ziyan vurmuşdur. Bu ziyanın məbləği müvafiq aktla rəsmiləşdirilmiş və əmək müqaviləsinə xitam əmrində həmin akta istinad edilmişdir. İddiaçı araşdırmanın aparıldığı dövrdə rəsmi formada əmr əsasında işdən kənarlaşdırılmış, araşdırma yekunlaşdıqdan sonra isə yoxlama nəticələri ilə tanış edilmiş və bununla bağlı izahatı alınmışdır. Nəticədə, Cəmiyyət tərəfindən bütün faktlar nəzərə alınmaqla əmək müqaviləsinin ləğv edilməsinin qanunvericiliklə tələb olunan bütün qaydalarına dəqiqliklə və obyektivliklə əməl olunmuşdur. Beləliklə, Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri haqqında 300-cü maddəsində istinad edilən bütün hallar Cəmiyyət tərəfindən araşdırdmaqla bütün tələblərə dəqiq riayət edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1949/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, cavabdehin qəbul etdiyi əmrin ƏMnin tələblərinə cavab vermədiyini, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyinin, maddi ziyanın vurulmasının və bu ziyanın məbləğinin, hərəkət və ya hərəkətsizliklə maddi ziyan arasında səbəbli əlaqəninin olub-olmamasının nəzərə alınmamasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş, etiraz birinci instansiya məhkəməsinə təqdim olunmuş etirazla eyni fomada əsaslandırılmış, əlavə olaraq apellyasiya şikayətinin əsassız olması, iddiaçının törətdiyi pozuntunun sübut olunması, iddiaçının hərəkətləri nəticəsində cavabdehin mənafeyinə ziyan dəyməsi, cəmiyyətə 35000 manat ziyanın vurulması halının iddiaçının tenderdə süni şəkildə qalib gəlməsini təmin etdiyi və alışları həyata keçirdiyi "xxxx" şirkəti tərəfindən də etiraf edilməsi, "xxxx" şirkətinin Cəmiyyətə göndərdiyi məktubda iddiaçının və digən işçilərin təsdiqi ilə həmin əməlin törədildiyinin qeyd olunması, bunun da öz növbəsində Cəmiyyətin təchizatçılar arasında işgüzar nüfuzunun ləkələnməsi və reputasiyasının zədələnməsi hesab olunması və s. göstərilmiş, yekun olaraq apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1949/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahatlara uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini əsassız sayaraq, apellyasiya şikayətinə qarşı yazılı etirazda göstərilənlərə, habelə birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ASL885 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış və iddiaçı İstismar xidmətləri üzrə böyük mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan ASL885 nömrəli “Əmək müqaviləsi”nə əlavənin surətindən görünür ki, iddiaçı Təchizat üzrə menecer vəzifəsinə qəbul edilmiş və əmək haqqı məbləği 3100 manat məbləğində təyin edilmişdir. Əlavə xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir. Təchizat üzrə menecer vəzifə öhdəliklərinə daxildir: Zəruri malların və xidmətlərin sifarişlərini təsdiqləmək, mövcud müqavilələrin şərtlərini nəzərdən keçirmək və test etmək, satınalma xərcləri üzrə uzunmüddətli qənaətedici məqsədlər irəli sürür, xərcləri azaltmaq və effektivliyi artırmaq və.s. İşdə olan Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 003-24/K nömrəli “İşçinin işdən azad edilməsi barədə” əmrinin surətindən görünür ki, işəgötürən tərəfindən ƏM-nin 62-ci maddəsi rəhbər tutulmaqla, mülkiyyətçilərin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə, xx.xx.2024-cü il tarixdən əmək haqqının saxlanılması şərti ilə Nəzarət və Araşdırma şöbəsi araşdırmanı yekunlaşdırana qədər Təchizat üzrə menecer İddiaçı, Təchizat üzrə baş mütəxəssis X5 və istismar xidmətləri üzrə qrup rəhbəri X6 işdən kənarlaşdırılmışlar. İşdə olan iddiaçının xx.xx.2024-cü il tarixli izahatından görünür ki, iddiaçı mübahisəli məsələ üzrə geniş izahat yazmış, sualları cavablandırmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli “Təchizat şöbəsinin meneceri İddiaçı və həmin şöbənin böyük mütəxəssisi Cavidan Həsənov tərəfindən törədilən uyğunsuzluq və saxtakarlıq halları” barədə aktın surətindən görünür ki, Cavabdeh MMC-nin Nəzarət və Araşdırma şöbəsinin böyük mütəxəssisi Emil Əhmədli, daxili auditi Qalib Abdallı, Nəzarət və Araşdırma şöbəsinin müdiri Rəşad İmanov bu aktı tərtib etdib ondan ötrü ki, həqiqətən 1 təchizat şöbəsində menecer vəzifəsində çalışan Nərmin Hacıycva və həmin şöbədə böyük mütəxəssis vəzifəsində çalışan Cavidan Həsənov tərəfindən aşağıda qeyd olunan uyğunsuzluq və saxtakarlıqlar edilmişdir: 1) Cavidan Həsənovun və İddiaçı iştirakı ilə təchizatçıdan bazar qiyməti daha baha olan brend markalı məhsul sifarişi ilə daha ucuz, fərqli marka məhsulun alışı olmuşdur. Təchizatçı bahalı məhsul tələbi olan alışlarda qalib seçilmiş, lakin faktiki olaraq daha ucuz olan məhsulu şirkətə təhvil vermişdir (Assa Abloy). İddiaçı və Cavidan Həsənov ilə görüş keçirilmiş, adları qeyd olunan əməkdaşlar təchizatçının onlara fərqli brendin (bazar qiyməti çox ucuz olan "Omni" markası) məhsulunu verməsi barəsində məlumatsız olduqlarını bildirmişlər. Araşdırma zamanı isə məlum olmuşdur ki, təchizatçı ucuz brend markasını təklif etməsini göndərdiyi qiymət təkliflərində qeyd etmiş, bu isə öz növbəsində İddiaçı və Cavidan Həsənovun qeyd olunan baha alışdan məlumatlı olmasını təsdiq edir. İddiaçı və Cavidan Həsənov digər şirkətlərin tələbə uyğun olan fərqli brendli məhsullarının təklifini uyğunsuzluq kimi görmüş və onlardan alış etməmişlər. "xxxx" təchizatçısından alış zamanı isə fərqli brendin məhsullarının alınmasına şərait yaratmışdır. İddiaçı və Cavidan Həsənov təsisat şöbəsi tərəfindən "Kale" markalı məhsul alınması üçün sorğunu qəbul etmişlər. Təchizatçılardan "Kale’" markası əvəzinə "Assa Abloy" markalı (bazar qiyməti ən bahalı olan) brendin məhsulun tələbi üçün qiymət sorğusu istənilmişdir. Ən ucuz qiymət təklifi etmiş "xxxx" təchizatçısı isə “Assa Abloy" brendinin əvəzinə "Omni” brendinə məxsus məhsulu göndərmişdir. Yuxarıda qeyd olunan səbəblərdən təchizatçıya, şirkət tərəfindən alınan məhsullara görə bazar dəyərindən 8323 (səkkiz mim üç yüz iyirmi üç) manat artıq ödəniş olunmuşdur. "Prime Electro” təchizatçısı iştirak edən BİD-lərdə uduzan hallarda yenidən daha ucuz qiymət təklifi göndərir (sonuncu təklif) və məhsul alışı təchizatçılar arasında bölünərək qalib olur. Digər təchizatçılar uduzan BİD-lərdə isə məhsul bölgüsü aparılmır və bu səbəbdən şirkət tərəfindən alınan həmin məhsulları görə ümumi 44830 (dörd min səkkiz yüz otuz) manat artıq ödəniş olunmuşdur. "Prime Electro təchizatçısı qalib olduğu BİD-də yenidən qiymətləri qaldırarar təklifi göndərmiş və qalib olmuşdur. Prime Electro təchizatçısı məğlub olduğu BİD-lərdə alışın son günü dicər təchizatçılar qiymət təklifi göndərdikdən uzun müddət sonra, yenidən qiymət təkfliti atmış və cüzi fərq ilə qalib olmuşdur. Qeyd olunan alış zamanı Nərmin Hacıycva və Cavidan Həsənov digər təchizatçılardan qiymət sorğusunu istəməmişlər. Nərmin Hacıycva və Cavidan Həsənov tərəfindən "xxxx" təchizatçısı iştirak edən BİD-lərdə digər təchizatçılardan qiymət sorğusu alınmır. BİD sənədində digər təchizatçıların qüvvədə olmayan qiymət təkliflərini "Prime Electro təchizatçısından aldığı yeni qiymət təklifi ilə müqayisə edərək “Prime Electro təchizatçısını qalib etdirmişdir. Bu uyğunsuzluq daha çox Alüminium lövhələrin (Chekenboard) alışı zamanı olmuşdur. Aliminium lövhələri Google-da axtarış edilən zaman ilk çıxan sayt olan "Caspinox" təchizatçısı ilə əlaqə saxlanıldı, şirkətin 250 (iki yüz əlli) manat məbləğində aldığı məhsula 170 (yüz yetmiş) manat məbləğində təklifi alınmışdır. Qeyd olunan məhsul birbaşa istehsalçı ilə əlaqə saxlanılıb endirim istənilməklə 7118 (yeddi min yüz on səkkiz) manat daha ucuz almaq mümkündür. İddiaçı və Cavidan Həsənov tərəfindən mağazalarda olan müştəri arabaları üçün təkərlərin alışı zamanı qiymət fərqi aşkarlanmışdır. Satınalınan təkərlər Türkiyənin "Kama" brendinə məxsusdur və "Kama” şirkəti özü də BİD-də iştirak etmişdir, lakin baha qiymət təklifinə görə qalib olmamışdır. "Kama" şirkətinin təchizat komandası və araşdırma komandasına təklif etdiyi qiymətlərdə ciddi fərq mövcud olmuşdur. Qeyd olunan məhsuldan 73425 (yetmiş üç min dörd yüz iyirmi beş) manat dəyərində alış olunmuş, birbaşa istehsalçı ilə əlaqə saxlanılıb endirim istənilməklə 12925 (on iki min doqquz yüz iyirmi beş) manat daha ucuz almaq mümkündür. İddiaçı və Cavidan Həsənov qeyd olunan məhsulu “Prime Electro" təchizatçısından 13,50 (on üç manat, 50 qəpik) almışlar, hal-hazırda isə Nərmin Rəcəbli tərəfindən Prime Electro təchizatçısından 12,83 (on iki manat, 83 qəpik) alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə teams proqramında X1 köçürmə ilə verməyəcəyi məhsulu "xxxx" təchizatçısına bildirməsi və o məhsulu “Prime Electro" təchizatçısından alması barəsində göstəriş vermiş və nəticədə yazışmada qeyd olunan məhsul "xxxx" təchizatçısından alınmışdır. Bu da öz növbəsində "xxxx" ilə Nərmin Hacıycva arasında münasibətin olmasının təsdiqidir. İddiaçı xx.xx.2023-ci tarixdə teams proqramında Cavidan Həsənova sorğu məbləğinin 5000 (beş min) manata qədər azaltmasını və yalnız özünün imzalamasını bildirmiş, əlavə olaraq sorğunu açan əməkdaşlara sayının azaltmasını, lazım olarsa sonra yenidən alınması üçün xahiş etməsini bildirmişdir. Yuxarıda yazılanları nəzərə alaraq yekunda bildirmək istəyilər ki, tərtib olunmuş sənədin 1-ci və 2-ci bəndində İddiaçı və Cavidan Həsənov tərəfindən "xxxx" təchizatçıdan "ASSA ABLOY" brendinə məxsus yanğın çıxış qapısının kilidlərinin alınması zamanı şirkətə 8323 (səkkiz min üç yüz iyirini üç) manat ziyan vurulması sübut olunmuşdur. Həmçinin tərtib olunmuş sənədin 3-cü bəndində İddiaçı və Cavidan Həsənov tərəfindən öz səlahiyyətlərindən sui-istifadə edərək təchizatçılara fərqli yanaşmışlar və bu səbəbdən şirkətə 4830 (dörd min səkkiz у üz otuz) manat ziyan dəyməsi sübut olundu. Tərtib olunmuş sənədin 6-cı bəndində "xxxx" təchizatçısı barəsində İddiaçı və Cavidan Həsənov arasında yazışmada qeyd olunan məhsul alışının həmin təchizatçıdan alınması adları çəkilən işçilərin "xxxx" təchizatçısına prioritet yanaşması sübut olunmuşdur. Tərtib olunmuş 8-ci bəndində İddiaçı və Cavidan Həsənov tərəfindən keçirilən BİD-lərdə qüvvədə olmayan qiymət təkliflərinin salınması sübut olunmuşdur. "xxxx" Təchizatçısının barəsində aparılmış araşdırma nəticələri öz növbəsində sübuta yetirir ki, həmin təchizatçının tanıdılması da şirkət maraqlarına cavab vermirdi. Bu təchizatçı ila bağlı aparılan araşdırma nəticələri sübut edir ki, adları araşdırma detallarında qeyd olunan məsul şəxslərin öz şəxsi maraqları ön plandadır. Təchizatçı "Prime Electro” fərqli brendə məxsus məhsul verməsini təsdiq etmişdir və bu səbəbdən şirkətə ziyan vurmasını şifahi olaraq qəbul etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdən işə gəlməməsi barədə İddiaçı xəbərdar olunmuş və ona bunun səbəbləri barədə sənədləri təqdim etməsi bildirilmişdir. İşdə olan 5 saylı Poliklinika tərəfindən verilmiş “Əmək qabiliyyətinin olmaması barədə” vərəqədən görünür ki, İddiaçı xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri arasında yataq rejimində müalicə olunması qeydə alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli “Qüsur aktı”ndan görünür ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli EBDY 083105 nömrəli və xx.xx.2024-cü il tarixli EBEA 252605 nömrəli elektron qaimə fakturalar barədə aşağıdakı razılığa gəlinmişdir: 1. "xxxx" MMC təsdiq edir ki, yuxarıda qeyd edilmiş qaimə fakturalar vasitəsi ilə Azərbaycan Supermarket MMC-yə təqdim edilmiş Metal təkərlər istifadə üçün kifayət qədər yararlı deyildir. Buna görə də həmin elektron qaimə fakturalarda qeyd edilmiş ƏDV daxil qiymətin yalnız müəyyən hissəsi Azərbaycan Supermarket MMC tərəfindən Prime Elektro MMC-yə ödəniləcəkdir. 2. Azərbaycan Supermarket MMC tərəfindən EBDY 083105 nömrəli elektron qaimə faktura üzrə 1054,45 manat (ƏDV daxil) və EBEA 252605 nömrəli elektron qaimə faktura üzrə isə 1058,46 manat (ƏDV daxil) olmaqla, cəmi 2116,91 manat (ƏDV daxil) ödəniş ödəniləcəkdir (Metal təkərlər üçün). Qiymət azalması EBDY 083105- QD 2404 00680119; EBEA 252605- QD 2404 ********. İşdə olan "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 024 nömrəli məktubun surətindən görünür ki, müxtəlif tarixlərdə Cəmiyyətin əməkdaşları şirkətlərindən “Assa Abloy” markalı qapı kilidlərinin qiymətini sorğulamışdır. Şirkət tərəfindən göndərilən qiymət təkliflərində məhsul adı bilərəkdən dəyişdirilərək “Omni” markasının adı qeyd edilmiş, lakin qiymət olaraq “Assa Abloy” markalı kilidlərin qiyməti yazılmışdır. Bu təkliflər Cəmiyyətin əməkdaşları tərəfindən təsdiqlənmiş və nəticədə bazar qiyməti daha aşağı olan “Omni” markalı kilidlər “Assa Abloy” markalı kilidlərin qiymətinə Cəmiyyətə satılmışdır. Qeyd edirlər ki, törədilmiş əməl nəticəsində Cəmiyyətə maddi ziyan vurulmuş və şirkət 35000 (otuz beş min) manat qazanc əldə etmişdir. Gələcəkdə bu halların qarşısını almaq üçün şirkətləri daxilində müvafiq qabaqlayıcı tədbirlərin görüldüyünü və əməkdaşlıqlarındakı etimadı bərpa etməyə çalışacaqları bildirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixi T0639-24 nömrəli əmrin surətindən görünür ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin c) bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmaq işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. “Azərbaycan Supermarket" MMC-də təchizat üzrə menecer vəzifəsində çalışan X7 və təchizat üzrə baş mütəxəssis vəzifəsində çalışan X5 təchizatçılardan məhsulların alınması zamanı ciddi uyğunsuzluqlara yol verərək bazar qiyməti baha olan markaya aid məhsullar sifariş etmiş, lakin fərqli markalı ucuz məhsullar almışlar. Təchizatçı tərəfindən göndərilən qiymət təkliflərində ucuz markaya aid məhsulun qeyd edilməsi Nərmin Hacıyevə və Cavidan Həsənovun baha qiymətli məhsul əvəzinə ucuz qiymətli məhsul göndərilməsindən məlumatlı olduğunu və bu uyğunsuzluğa qəsdən yol verdiyini təsdiq edir. Buna misal olaraq təchizatçının qiyməti yüksək olan “Assa Abloy” markalı məhsul əvəzinə qiyməti ucuz olan “Omni” markalı məhsulu göndərməsini göstərmək olar. Alınan bu məhsullara görə təchizatçıya məhsulların real dəyərinin bir neçə misli qədər artıq ödəniş olunmuş və nəticədə işəgötürənə maddi ziyan vurulmuşdur. Bununla yanaşı, Cavabdeh MMC bu və ya digər malların alınması üçün keçirilən tenderlər zamanı təchizatçılara bərabər imkanlar yaratmaqla onlar arasında şəffaf rəqabətin təmin edilməsini əsas prinsiplərindən hesab edir. Lakin İddiaçı və Cavidan Həsənov "xxxx" adlı təchizatçıya digər təchizatçılarla müqayisədə haqsız üstünlük vermişdir. Belə ki, onlar digər təchizatçıların sifariş olunan markadan fərqli markaya məxsus məhsul təkliflərini uyğunsuzluq kimi qiymətləndirərək Cəmiyyətə məhsullar vermələrinə maneə yaratmışlar. Buna baxmayaraq "xxxx" sifariş edilən markadan fərqli markalı məhsul göndərsə də, bu hala göz yummuş və onlardan məhsul alınmasını davam etdirmişlər. Bununla da İddiaçı və Cavidan Həsənov Cəmiyyətin yuxarıda qeyd edilən şəffaf rəqabət və bərabərlik prinsiplərini pozmuşlar. Cəmiyyətin tapşırığı ilə hər iki işçinin əmək münasibətləri dövrü yoxlanılmış və məlum olmuşdur ki, onlar bütün dövrlərdə öz hərəkətləri (hərəkətsizlikləri) nəticəsində işəgötürənə maddi ziyan vurmuşlar. Bununla bağlı aidiyyəti işçilərdən izahat alınmışdır. Yuxarıda qeyd edilənləri və Əmək Məcəlləsinin 72-ci maddəsinin c) bəndini rəhbər tutaraq, “Azərbaycan Supermarket’ MMC-də təchizat üzrə menecer vəzifəsində çalışan İddiaçı və təchizat üzrə baş mütəxəssis vəzifəsində çalışan X3 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xx.xx.2024-cü il tarixindən xitam verilmiş, Cəmiyyətin baş mühasibinə tapşırılmışdır ki, işçilərin əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) onlara son haqq-hesabının ödənilməsini (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçilərə ödənilməli əmək haqqı və digər ödəmələr) təmin etsin, bu əmrin birinci bəndi ilə əmək müqavilələrinə xitam verilməsi barədə bildirişlər “Əmək müqaviləsi bildirişi" X2 daxil edilməsi əmr edilmişdir. Həmçinin, əmrə əsas verən sənədlərin işçilərin izahatları və xx.xx.2024-cü il tarixli akt olduğu qeyd olunmuşdur. İşdə olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixi T0639-24 nömrəli əmrə müvafiq olaraq “Azərbaycan Supermarket" MMC-də təchizat üzrə menecer vəzifəsində çalışan X7 ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdə olan “Kadr işlərinin aparılması haqqında” xx.xx.2023-cü il tarixli 23/06 nömrəli müqavilədən görünür ki, Sifarişçi Cavabdeh MMC ilə İcraçı "xxxx" MMC arasında bağlanılmış müqaviləyə əsasən, İcraçı, Cavabdeh MMC-də əmək qanunvericiliyinin tələbinə əmək olunması, əmək qanunvericiliyi sisteminə daxil olan normativ-hüquqi aktların tələblərinin yerinə yetirilməsi, məcburi dövlət sosial sığorta və əmək haqqı sahəsində vergi ödənişlərinin düzgün aparılması vəziyyətini araşdırmağı və qanunauyğunsuzluqları aşkar etməyi, habelə aşkar edilmiş qanuna uyğunsuzluqları aradan qaldırmağı (bundan sonra “Xidmətlər” adlanacaq), Sifarişçi isə “İcraçı” tərəfindən göstərilən xidmətləri qəbul etməyi və bu müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə onları ödəməyi öhdəsinə götürür. İcraçı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kadr işlərinin aparılması üzrə konsaltinq xidmətlərini göstərməyi öhdəsinə götürür. Məhkəməyə həmçinin sübut qismində whatsapp yazışmaları, fotoşəkil və cədvəllər təqdim olunmuşdur. Beləliklə, işin hallarından və iddia tələbindən göründüyü kimi, tərəflər arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı həmin tarixdən 12 ay müddətinə Cavabdeh MMC-də İstismar xidmətləri üzrə böyük mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, daha sonra “Əmək müqaviləsi”nə əlavə ilə xx.xx.2023-cü il tarixdən Təchizat üzrə menecer vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinə cavabdehin xx.xx.2024-cü il tarixli, T0639-24 nömrəli əmri ilə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırkı halda isə, iddiaçı qeyd olunan əmri mübahisələndirməklə, onun ləğv olunmasını və əvvəlki vəzifəsinə bərpa olunması və s. tələblərlə məhkəməyə müraciət etmişdir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsiz öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı əmək müqaviləsi üzrə vəzifələrini lazımi qaydada yerinə yetirməmiş, təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurmuşdur. İşəgötürən tərəfindən müvafiq araşdırma aparılmış, izahatlar alınmış və yol verilmiş pozuntularla bağlı akt tərtib edilmişdir və s. İddiaçı tərəf əsassız olaraq işdən azad edildiyini qeyd etsə də, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, əksinə cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş sübutlarını məhkəməyə təqdim etmiş və əmrin qanuniliyini əsaslandırmışdır. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının işdən azad edilməsi zamanı əmək qanunvericliyinin tələbləri gözlənilmiş, iddiaçının izahatı alınmaqla, əmr əsaslandırılmışdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-nin 70ci maddəsində göstərilmişdir. Belə ki, ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-nin 72-ci maddəsinin “c” və “e” bəndlərinə əsasən işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, habelə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. ƏM-nin 191-ci maddəsinin tələblərinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. ƏM-nin 192-ci maddəsinin 1-ci bəndinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır (Əmək Məcəlləsinin 192-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar). İşin müəyyən olunmuş faktiki hallarından və tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, iddiaçının vəzifə öhdəliklərinə həmçinin zəruri malların və xidmətlərin sifarişini təsdiqləmək, sifarişlərin və tədarükün satınalma detallarını yekunlaşdırmaq, xərcləri azaltmaq və effektivliyi artırmaq üçün əsas funksional ölçülərə baxıb hesabat vermək, şirkətin spesifikasiyası və gözləntilərinin dəqiqliyini təmin etmək üçün əsas şəxslərlə əməkdaşlıq etmək və digər bu kimi öhdəliklər aiddir. 2024-cü ildə cavabdeh tərəfindən aparılmış daxili araşdırma nəticəsində təchizat üzrə menecer vəzifəsində çalışan iddiaçının fəaliyyəti dövründə özünün vəzifə öhdəliklərini pozaraq, işəgötürənə maddi ziyan vurması aşkar olunmuş, bu barədə həmçinin müvafiq akt tərtib olunmuş, iddiaçının izahatı alınmışdır. Mübahisələndirilən əmrdən də göründüyü kimi, iddiaçı təchizatçılardan məhsulların alınması zamanı ciddi uyğunsuzluqlara yol verərək bazar qiyməti baha olan markaya aid məhsullar sifariş etmiş, lakin fərqli markalı ucuz məhsullar almışlar. Təchizatçı tərəfindən göndərilən qiymət təkliflərində ucuz markaya aid məhsulun qeyd edilməsi iddiaçıya baha qiymətli məhsul əvəzinə ucuz qiymətli məhsul göndərilməsindən məlumatlı olduğunu və bu uyğunsuzluğa qəsdən yol verdiyini təsdiq edir. Buna misal olaraq təchizatçının qiyməti yüksək olan “Assa Abloy” markalı məhsul əvəzinə qiyməti ucuz olan “Omni” markalı məhsulu göndərməsini göstərmək olar. Alınan bu məhsullara görə təchizatçıya məhsulların real dəyərinin bir neçə misli qədər artıq ödəniş olunmuş və nəticədə işəgötürənə maddi ziyan vurulmuşdur. Bununla yanaşı, Cavabdeh MMC bu və ya digər malların alınması üçün keçirilən tenderlər zamanı təchizatçılara bərabər imkanlar yaratmaqla onlar arasında şəffaf rəqabətin təmin edilməsini əsas prinsiplərindən hesab edir. Lakin iddiaçı "xxxx" adlı təchizatçıya digər təchizatçılarla müqayisədə haqsız üstünlük vermişdir. Belə ki, onlar digər təchizatçıların sifariş olunan markadan fərqli markaya məxsus məhsul təkliflərini uyğunsuzluq kimi qiymətləndirərək Cəmiyyətə məhsullar vermələrinə maneə yaratmışlar. Buna baxmayaraq "xxxx" sifariş edilən markadan fərqli markalı məhsul göndərsə də, bu hala göz yummuş və onlardan məhsul alınmasını davam etdirmişlər. Bununla da iddiaçı Cəmiyyətin yuxarıda qeyd edilən şəffaf rəqabət və bərabərlik prinsiplərini pozmuşdur. Cəmiyyətin tapşırığı ilə işçinin əmək münasibətləri dövrü yoxlanılmış və məlum olmuşdur ki, bütün dövrlərdə öz hərəkətləri (hərəkətsizlikləri) nəticəsində işəgötürənə maddi ziyan vurmuşdur. Bununla bağlı aidiyyəti işçilərdən izahat alınmışdır. Bu hal həmçinin alışların həyata keçirildiyi "xxxx" şirkəti tərəfindən də etiraf edilmişdir. "xxxx" şirkəti Cəmiyyətə məktub ünvanlayaraq qeyd edilən əməlin Cəmiyyətin adıçəkilən işçilərinin təsdiqi ilə törədildiyini bildirmiş, artıq əldə edilmiş pul vəsaitini (dəymiş ziyanı) cavabdehə ödəmişdir. Cavabdehin mövqeyinə görə iddiaçının təqsirli hərəkətləri nəticəsində həmçinin Cəmiyyətin işgüzar nüfuzu və təchizatçılar arasında reputasiyası zədələnmişdir. İddiaçı qeyd edilən alış əməliyyatlarından tam məlumatlı olmamasını, onun təqsirinin olmamasını və s. bildirsə də, bu hallar işdə olan sübutlarda müəyyən edilmir. Cavabdeh tərəfindən isə tam və ətraflı araşdırma aparılmış, nəticələri rəsmiləşdirilmiş, iddiaçının izahatı alınmışdır və s. Araşdırmanın nəticələri ilə yanaşı, həmçinin "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 024 nömrəli məktubun surətindən də görünür ki, müxtəlif tarixlərdə Cəmiyyətin əməkdaşları şirkətlərindən “Assa Abloy” markalı qapı kilidlərinin qiymətini sorğulamışdır. Şirkət tərəfindən göndərilən qiymət təkliflərində məhsul adı bilərəkdən dəyişdirilərək “Omni” markasının adı qeyd edilmiş, lakin qiymət olaraq “Assa Abloy” markalı kilidlərin qiyməti yazılmışdır. Bu təkliflər Cəmiyyətin əməkdaşları tərəfindən təsdiqlənmiş və nəticədə bazar qiyməti daha aşağı olan “Omni” markalı kilidlər “Assa Abloy” markalı kilidlərin qiymətinə Cəmiyyətə satılmışdır. Qeyd edirlər ki, törədilmiş əməl nəticəsində Cəmiyyətə maddi ziyan vurulmuş və şirkət 35000 (otuz beş min) manat qazanc əldə etmişdir. Gələcəkdə bu halların qarşısını almaq üçün şirkətləri daxilində müvafiq qabaqlayıcı tədbirlərin görüldüyünü və əməkdaşlıqlarındakı etimadı bərpa etməyə çalışacaqları bildirilmişdir. İddiaçı tərəf cavabdehə dəymiş ziyanın sonradan "xxxx" şirkəti tərəfindən ödənilməsini qeyd etsə də, bu hal vəziyyəti dəyişdirməməklə iddiaçının məsuliyyətini aradan qaldırmır. Bununla yanaşı, əmək qanunvericiliyi dəymiş ziyanın məbləğinin çox və ya az olmasından asılı olmayaraq işçinin məsuliyyətini dəqiq müəyyən etmişdir. İddiaçı tərəf əmrin qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamasını da qeyd etmiş, lakin əmrdən görünür ki, o kifayət qədər əsaslandırılmış, müvafiq normalara istinad edilmişdir və s. Beləliklə, iddiaçının əmək funksiyalarını, üzərinə düşən vəzifələri, habelə qanunvericiliyin tələblərini pozması, nəticədə həm də cavabdehə maddi ziyan vurması işin hallarından, tədqiq olunmuş sübutlardan açıq-aşkar müəyyən olunur. ƏM-nin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. ƏM-nin 11-ci maddəsinin «b» bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Əmək qanunvericiliyinə əsasən (186-cı maddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. İddiaçı tərəf isə qanunsuz olaraq işdən azad edildiyini iddia etsə də, bunu təsdiq edən halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsi iddiaçı tərəfindən törədilmiş pozuntuların xarakterinə uyğun olmuş, əmr qanuni və əsaslı verilmiş, bu zaman qanunvericiliyin tələbləri (lazımi araşdırmanını aparılması, işçinin izahatının alınması və s.) gözlənilmişdir. Beləliklə, işdə olan sübutlara əsasən, iddiaçının yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən) xitam verilməsinə tam əsas olmuşdur. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia qeyd edilən hissədə əsassız olduğundan qalan hissələrdə də təmin oluna bilməzdi. Birinci instansiya məhkəməsi iddianı tam rədd etməkdə haqlı olmuşdur. İddiaçı həmçinin ona mənəvi zərər vurulmasını da iddia etmiş, lakin həmin hissədə də tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və süöbut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin iddiaçıya münasibətdə ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, çəkilmiş xərclərin və mənəvi ziyanın əvəzinin ödənilməsi” dair mülk iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1949/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1949/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-637/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-637/2025
04.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver