Məhkəmə qərarları › İş №2(103)-6370/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6370/2025

11.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6370/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə) qarşı “torpaq sahəsinə baxış və inventarlaşdırma işlərinin aparılmasına maneə törədən hərəkətlərə son qoyulması və bu işlərə şərait yaratması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(007)-2428/2025 saylı qətnaməsindən cavabdehin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARİ

1. İddiaçılar X1, İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı “torpaq sahəsinə baxış və inventarlaşdırma işlərinin aparılmasına maneə törədən hərəkətlərə son qoyulması və bu işlərə şərait yaratması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə DƏDRX-in 1 saylı ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə baxış və inventarlaşdırma işlərinin aparılmasına maneə törədən hərəkətlərinə son qoyması və bu işlərə şərait yaratması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı X1 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddia ərizəsini geri götürdüyünü bildirmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsində yerləşən 3 saylı ev dörd qardaşın - Cavabdeh, X1, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətindədir. Bu ev onlara atalarından miras qalmışdır. Evin altında və həyətyanı sahəsində qanuni istifadələrində olan 0,09 ha torpaq sahəsi vardır. Bu torpaq sahəsi üzərində də mülkiyyət hüquqlarını dövlət qeydiyyatından keçirmək istəyirlər. Bununla əlaqədar DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişlər. Bu idarənin işçiləri həyətə gəlmiş və baxış keçirmək istəmişlər. Lakin cavabdeh olan digər qardaşları Cavabdeh onlara işlərini yerinə yetirməyə icazə verməmiş və dava salaraq onları həyətdən çıxarmışdır. Dəfələrlə cavabdehə etiraz edib maneçilik törətməməsini tələb etmişlər. Lakin o, tərsliyindən əl çəkmir və işçiləri həyətə buraxmır. Nəticədə onlar hüquqlarını əldə edə bilmirlər. Müraciətlərinə 02 fevral 2023-cü il tarixli məktubla cavab verən DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi onlara baxış və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmaması səbəbindən sənədləşmə işlərini apara bilmədiklərini və məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Odur ki, cavabdehin üzərinə reyestr xidməti işçilərinin həyətə baxış və inventarlaşdırma işlərinin aparılmasına maneə törətməməsi və buna şərait yaradılması vəzifəsinin məhkəmə qaydasında qoyulması vacibdir.

4. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(007)- 2428/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına baxış və inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, mülkiyyətçinin mülkiyyətində olan əmlaka öz mülahizəsinə görə sahib olmaq, istifadə etmək və ona dair sərəncam vermək hüququ var və bu hüquq dövlət tərəfindən tanınır və qorunur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

7. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2ci, 152-ci, 157.2-ci, 157.4-cü, 215.1, 215.5-ci maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(007)-2428/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar həqiqətən 15 ildən artıqdır ki, çıxıb getmişlər, torpaq sahəsi ilə maraqlanmamışlar, əlaqə saxlamamışlar, torpaq sahəsində heç bir abadlıq işləri aparmamışlar. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. İddiaçı iddia tələbindən göstərdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni mübahisəli evə dair hər hansı bir hüququnun qanunvericiliklə mövcud olmasını və cavabdehin onun hüquqlarını pozmasını sübut edə bilməmişdir.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

11. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

14. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak Cavabdeh, X1, İddiaçı1, İddiaçı2 paylı mülkiyyətindədir.

15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun tərtib edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə tərəflərindən baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilmişdir ki, fərdi yaşayış evinə texniki baxış və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən texniki pasportun tərtib edilməsi tərəflərindən mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və həmin hissədə iddia tələbinin təmin olunmaması, xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

18. Məhkəmə Kollegiyası Azərbaycan Respubikasının Konstitusiyasının 13, 29, 60-cı maddələrini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2,152,153.4,157, 215.1, 215.5-cı maddələrini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsini, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsini nəzərə alaraq aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən edildir ki, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən əmlak iddiaçılar ilə cavabdehin hər birinin ¼ hissədə pay hüququ ilə mülkiyyətindədir. Həmin ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun tərtib edilməsi zərurəti yaranmış və iddiaçılar bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, həmin ünvanda texniki baxış və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Hazırda iddiaçılar cavabdehin DƏDRX-in 1 saylı ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə baxış və inventarlaşdırma işlərinin aparılmasına maneə törədən hərəkətlərinə son qoyması və bu işlərə şərait yaratması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

19. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Belə ki, mülkiyyətçinin mülkiyyətində olan əmlaka öz mülahizəsinə görə sahib olmaq, istifadə etmək və ona dair sərəncam vermək hüququ var və bu hüquq dövlət tərəfindən tanınır və qorunur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdeh də mübahisə predmeti olan əmlakın mülkiyyətçisidir. Lakin o, digər mülkiyyətçilərlə bərabər hüquq və vəzifələr daşıyır.

21. Belə ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının texniki baxış və inventarlaşdırma işlərinin aparılmasına cavabdeh tərəfindən maneələrin törədilməsi üçün hər hansı əsas mövcud olmamışdır. Habelə belə əsasların olması barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini tam sübuta yetirmişdir.

23. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

24. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(007)- 2428/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar