Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6371/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı, X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1409/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC və üçüncü şəxs arasında bağlanmış PXA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən ona məxsus «Mercedes Benz S500 minik» **-CJ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 3880 manat maddi zərərin cavabdeh ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Təbriz küçəsində X2 məxsus «VAZ-21074» **-XM-*** dövlət nömrə nişanlı avtomobil ona məxsus «Mercedes Benz S500 minik» **-CJ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq nəqliyyat hadisəsi törətmiş və nəticədə ona məxsus avtomobilə xeyli miqdarda zərər dəymişdir. Üçüncü şəxs ilə ASC arasında bağlanmış PXA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən ASC-nin əməkdaşları avtomobilə baxış keçirmiş və özlərinin əməkdaşlıq etdikləri "Pit Stop" Avtomobillərin Texniki Xidmət Mərkəzi avtomobilə dəymiş zərəri 830 manat qiymətləndirmişdir. Lakin digər avtomobil təmir servisi olan “xxxx” MMCnin mütəxəssisi xx xxxxxx 2019-cu il tarixdə avtomobilə baxış keçirmiş və avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində əzilmiş qapılarının əvvəlki vəziyyətini bərpa etmək mümkün olmadığı qənaətinə gəlmiş və qeyd edilmişdir ki, «Mercedes Benz S500 minik» **-CJ-*** dövlət nömrə nişanlı avtomobilin əzilmiş ön sağ və arxa sağ qapıları aliminium materialından olduğu üçün təmir olunmur, təmir olunarsa, qapıların üzərində dalğavari zolaqlar olacağından, qapıları yeni qapılarla əvəz etmək lazımdır. Bununla əlaqədar olaraq “xxxx” MMC avtomobilə dəymiş zərəri 3800 manat qiymətləndirmişdir. Qeyd edilən iki rəy arasında ziddiyyətlərin aradan qaldırılması və zərər dəymiş avtomobilin «Mercedes» markalı olması səbəbindən tərəflərindən “Mercedes-Benz”in Azərbaycandakı rəsmi distribyutoru “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə müraciət edilmiş, həmin müraciət əsasında avtomobilə baxış keçirilmiş və rəydə bildirilmişdir ki, «Mercedes Benz S500 minik» **-CJ-*** dövlət nömrə nişanlı avtomobilin zərər dəymiş qapılarını bərpa etmək mümkün deyildir. Yeni qapıların qiyməti isə 5853,18 manat olaraq göstərilmişdir (ön sağ qapı – 2754.99 manat, arxa sağ qapı – 3098.19 manat). O, avtomobilinə dəymiş maddi ziyanla əlaqədar mübahisənin uzun çəkəcəyini nəzərə alaraq avtomobili özü öz hesabına təmir etdirmək qərarına gəlmiş, daha sərfəli qiymət təklifi vermiş “xxxx MMC” Servisinə müraciət etmiş və avtomobilin təmirindən sonra servisə 3880 manat məbləğində pul ödəmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 1409/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxxxxxxxxxx” ASCdən maddi zərərin əvəzi olaraq 3582 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərcinin 7.65%-i, yəni 7,65 manatın iddiaçıdan, digər 92.35%-i, yəni 92,35 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxxxxxxxxxx” ASC-dən tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ASC tərəfindən təqdim edilmiş qüsur aktında göstərilmiş 830 manat məbləğində müəyyən olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəmənin yalnız ekspert rəyinə istinad edərək nəticəyə gəlməsi qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. İddiaçı tərəfindən təqdim edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qüsur aktındakı məbləğlər olduğu kimi ekspert rəyinə köçürülmüşdür. Təkrar ekspertiza keçirilməli idi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, “xxxx” MMC-nin rəhbərliyi ilə yaxın münasibətdə olduğu və təklif olunan qapılar işlənmiş olduğu üçün ona aşağı qiymət təklif olunmuş, o da avtomobilinin qapılarını həmin müəssisədə (avtoservisdə) dəyişdirmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxs məhkəməyə gəlmədiyinə görə, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isədəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən xx.xx.2019-cu il tarixdə X4 “xxxxxxxxxxxx” ASC tərəfindən sığortalanmış «VAZ-21074» markalı **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, İddiaçı idarə etdiyi özünə məxsus «Mercedes Benz S500 minik» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. TYP 130260 nömrəli xx.xx.2019-cu il tarixli X5 protokola əsasən X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. “Pit Stop” Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən «Mercedes Benz S500 minik» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 830 (dəmirçi-250 manat, rəngsaz - 400 manat, armaturçu - 60 manat, disk təmiri - 120 manat) manat məbləğində müəyyən edilmişdir. “xxxx” MMC-nin “xxxxxxxxxxxx” şirkətinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, «Mercedes Benz S500 minik» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön sağ və arxa sağ qapıları aliminium materialından olduğundan təmir edilmir və əgər təmir olunarsa dalğavari zolaqlar olacağından, qapıların dəyişməklə qiymət təklifi verilmişdir. Qiymət təklifində qapılar işlənməşlə hesablanmışdır. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli təmir üçün təklif olun qiymət cədvəlindən görünür ki, «Mercedes Benz S500 minik» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın təklif olunan məbləği 3800 manat (ön sağ qapı - 1300 manat, arxa sağ qapı - 1300 manat, dəmirçi - 350 manat, rəngsaz - 600 manat, armaturçu - 250 manat) məbləğində müəyyən edilmişdir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli yekun aktından görünür ki, «Mercedes Benz S500 minik» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün hesablanmış yekun məbləğ 3880 manat (ön sağ qapı - 1300 manat, arxa sağ qapı - 1300 manat, dəmirçi - 350 manat, armaturçu – 250 manat, rəngsaz - 600 manat, disk çızıqlarının cilalanması - 50 manat, kompüter – 30 manat) məbləğində müəyyən edilmişdir. “X7” MMC-nin (Mercedes-Benz Rəsmi dileri) 2 saylı vəkil bürosuna ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Mercedec S - class **-CJ-*** dövlət nömrə nişanlı avtomobilin zərər dəymiş qapılarının bərpası mümkün deyildir. Yeni qapılarla əvəz etmənin qiyməti sağ ön qapı üçün 2754.99 manat, sağ arxa qapı üçün isə 3098.19 manat olacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/141 nömrəli xx.xx.2020-ci il tarixli rəyi ilə «Mercedes Benz S500 minik» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3582 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarını nəzərə alaraq, Mülki Məcəllənin 883.1, 884.3, 897.4, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2, 15.1, 15.2, 16.4, 20.2, 20.3, 56.1.2-ci maddələrinə əsaslanaraq, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi) Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına, sadalanan qanunvericilik normalarının tələblərinə əsaslanaraq və dəymiş zərərin məbləği ilə bağlı ekspert rəyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, avtomobilə dəymiş maddi ziyana görə 3582 manat məbləğində pul iddiaçıya ödənilməlidir. Cavabdeh isə ASC tərəfindən təqdim edilmiş qüsur aktında göstərilmiş 830 manat məbləğində müəyyən olunmasını tələb edir. Cavabehin qeyd olunan dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, zərərin məbləği “Pit Stop” Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 830 (dəmirçi-250 manat, rəngsaz - 400 manat, armaturçu - 60 manat, disk təmiri - 120 manat) manat məbləğində müəyyən edilmişdir ki, bu da iddiaçının avtomobilinə vurulmuş zərərin real dəyərinə uyğunluq təşkil etmir. Belə ki“xxxx” MMC tərəfindən dəymiş ziyanın məbləği 3880 manat məbləğində, ekspert rəyi ilə isə aşınma nəzərə alınmaqla (illik 3%) 3582 manat müəyyən edilmişdir. Göründüyü kimi, heç bir uyğunsuzluq müəyyən olunmur. Kollegiya qeyd edir ki, həm “xxxx” MMC, həm də «Mercedes-Benz» markalı avtomobillərin rəsmi dilleri olan “X7” MMC tərəfindən birmənalı olaraq vurğulanmışdır iddiaçıya məxsus avtomobilin qapıları aliminimum materialdan olduğu üçün onların təmiri mümkün deyil və yenisi ilə əvəz olumalıdır. Diller şirkət tərəfindən təklif olunan qiymətlər təzə qapıların, “xxxx” MMC tərəfindən təklif olunan qiymətlər isə işlənmiş qapıların qiyməti olduğu üçün həmin qiymətlər arasında fərq yaranmış, iddiaçı da daha ucuz başa gəlməsi üçün ucuz variantı seçmişdir. Cavabdehin istinad etdiyi dəlillər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyi nəzərə alınmaqla iddiaçıya ödənilməli olan məbləğ düzgün müəyyən edilmişdir. Təkrar ekspertiza keçirilməsinə zərurət yoxdur, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 401, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “xxxxxxxxxxxx” ASC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1409/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6371/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6371/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver