Məhkəmə qərarları › İş №2(103)-6372/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6372/2023

29.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6372/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızına qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızına qarşı “kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-875/2023 nömrəli qətnaməsindən cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İşdə olan Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş sənədlərlə müəyyən edilmişdir ki, mübahisəli mənzil 1993-cü ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ½ hissədə İddiaçı1, ½ hissədə isə digər İddiaçı2 verilmiş, hazırda da eyni qaydada onların xüsusi paylı mülkiyyətindədir və bununla bağlı adlarına müvafiq çıxarış vardır.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(005)- 2555/2009 saylı qətnaməsi ilə nikahın pozulması haqqında AZ-İ 106469 saylı şəhadətnamə və məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Vətəndaşlıq X1 Xidmətinin verdiyi xx.xx.2023-cü il tarixli cavabla müəyyən edilmişdir ki, İddiaçı2la cavabdehin 2004cü il tarixdə bağladığı nikah 2009-cu ildə pozulmuş, pozulma 2010-cu ildə dövlət qeydiyyatına alınmış, cavabdeh sonradan yeni nikaha daxil olmamışdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Musayeva (Hüseynova) Emma Tofiq qızının cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası təmin edimiş və Musayeva (Hüseynova) Emma Tofiq qızı Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilinə köçürülməsi qət edilmiş, həmin qətnamədən İddiaçı1 və İddiaçı2 verdikləri apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1594/10 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11 iyun 2022-ci iltarixli qərardadından görünür ki, Emma Hüseynova ərizə ilə məhkəməyə müraciət edərək mənzilə köçürülmə barədə icra sənədinin yenidən icra edilməsini xahiş etmiş, məhkəmə tərəfindən də, ərizə təmin edilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqi ilə bağlı icraat təzələnməklə icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şəbəsinə qaytarılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzil onların paylı mülkiyyətindədir, İddiaçı2 cavabdehlə 2004-cü ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuş, ailə qurduqdan sonra cavabdehi həmin mənzilə qeydiyyata salmışlar, bir müddət orada birlikdə yaşamışlar, birgə nikahdan övladları olmamış, cavabdehlə münasibətləri pozulmuş, məhkəmə qətnaməsi ilə aralarında nikah pozulmuş, bundan sonra cavabdeh həmin mənzildən anasına məxsus başqa mənzilə çıxıb getmiş, hazırda da anası ilə anasının mənzilində yaşamaqdadır. İddiaçı sonradan başqa xanımla ailə qurmuş, həmin xanımdan 3 övladı olmuşdur, hazırda hamısı birlikdə mübahisəli mənzildə yaşayırlar. Cavabdehin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onların hüquqlarını pozur.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 875/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızının Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi, hazırkı qətnamə Musayeva (Hüseynova) Emma Tofiq qızının Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir.

8. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, cavabdeh İddiaçı2la 2004-cü il tarixdə nikaha daxil olaraq, mübahisəli mənzilə gəlin köçdüyündən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi tətbiq edilməlidir. Belə olan halda aydın olur ki, cavabdeh mənzilə köçən zaman mənzilin % hissəsi İddiaçı2 mülkiyyətində olduğundan cavabdehin həmin mənzildən istifadə hüququ yaranmışdır. Cavabdehin həmin mənzildən istifadə hüququ olsa da, o, 2009-cu ildən mənzildən çıxıb getdiyindən və orada yaşamadığından, həmçinin bu illər ərzində mübahisəli mənzillə bağlı hər hansı iddiası olmadığından məhkəmə hesab etmişdir ki, onun mübahisəli mənzilə hər hansı ehtiyacı olmamışdır və hazırda da yoxdur. Cavabdehin həmin mənzildə formal qeydiyyatda qalması isə iddiaçıların mülkiyyət hüquqlarını pozur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli və cavabdehin həmin mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, guya o, boşandıqdan sonra onun həmin mənzilə iddiası olmamışdır. Halbuki o, boşandıqdan sonra 2010-cu ildə məhkəmə qaydasında həmin evə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli qərardaddan da göründüyü kimi, həmin mənzilə köçürülsə də, iddiaçı onun evdə olmadığı zaman qıfılı sındırmış, mənzili o, orada yaşaya-yaşaya başqalarına kirayəyə vermiş, ona mənzildə yaşamağa imkan verməmişdir. İş materiallarına əlavə edilmiş 2(005)-3330/2009 saylı qətnamədən də göründüyü kimi, onun həmin mənzilə məhkəmə qaydasında köçürülməyinin səbəbi o olmuşdur ki, iddiaçılar onu bir bəhanəylə anasıgilə göndərmiş, evdən çıxan kimi dərhal qapının qıfilını dəyişmiş, məhz buna görə də həmin mənzilə gedə bilməmişdir. İddiaçılar birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət versələr də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə onun evə köçürülməyi qət edilmişdir. Məhz bu səbəbdən də, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır və apellyasiya qaydasında ləğv edilməlidir. Birinci instansiya məhkəməsi hazırki situasiyada iddiaçının arqumentlərini hansısa maraqlar naminə seçərək legitimlik donu geyindirmişdir. Aydındır ki, məhkəmə onun həmin evə məhkəmə qaydasında köçürülməyindən xəbərsizdir və görünən odur ki, bu məsələ heç onu maraqlandırmır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişlər ki, cavabdeh özü də apellyasiya şikayətində məhkəmənin nəzərinə çatdırmaq istəmişdir ki, Nərimanov Məhkəməsinin 2010-cu il tarixli qətnaməsi ilə o, həmin evə köçürülmüşdür. Boşandıqdan sonra 2010-cu ildə məhkəmə qaydasında həmin evə köçürülmüşdür. Apelyator iddia edir ki, guya onlar onu evə buraxmamış, evin qıfılını dəyişdirmiş, evi kirayəyə vermiş, onu aldadıb anasıgilə yola salmışlar və s. Bildirirlər ki, bu tamamilə yalandır və Cavabdeh məhkəmə qətnaməsindən sonra heç bir vaxt onların evində yaşamayıb, çıxıb gedib anasının yanında yaşamışdır. O, hətta evdən gedərkən bütün cehiz əşyalarını, paltarlarını da evdən çıxarıb özü ilə aparmışdır. Lakin formal olaraq onlara məxsus evdə qeydiyyatda qalmaqla mülkiyyət hüquqlarının həyata keçirməklərinə maneçilik törətmişdir. Nərimanov Rayon Məhkəməsi qətnamə qəbul edərkən, bütün maddi və prosessual hüquq normalarının tələblərinə riayət etmişdir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə istinad edərək, qətnaməsinin düzgün əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Beləliklə, işdən görsənir ki, Cavabdeh İddiaçı2 ilə ailə münasibətlərinə xitam verildikdən sonra anasının qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına köçmüşdür və 13 ildir ki, orada yaşayır. Əgər Cavabdeh onun evdə yaşamaq niyyəti və istəyi olsaydı, məhkəmə və icra orqanına şikayət etməklə onlara məxsus evdə yaşamağa davam edərdi. Ancaq Cavabdeh onların evində yaşamaq istəməmişdir. Bu səbəbdən qeyd edilənlərə əsasən Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-875/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş etmişdir

ç) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh izahatına əlavə olaraq göstərmişdir ki, onun mübahisəli mənzilə köçürülməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var. O həmin mənzilə köçürülmüş sonradan evdən çıxıb lakin geri qayıdadanda evə buraxılmamışdır. Daha sonra o, 2012-ci ildə yenidən icra şöbəsinə müraciət edərək mənzilə köçürülməsi barədə icra sənədinin yenidən icra edilməsini xahiş etmişdir. Bundan sonra 2-3 ay orada yaşadıqdan sonra özü həmin mənzildən çıxaraq anasının yanında yaşamağa başlamışdır. Onun mənzildən çıxıb getməsinin səbəbi cavabdehlərin ona hər hansı güc tətbiq etməsi və sairə deyil. Səbəb odur ki, mənzil iki otaqdan ibarətdir, İddiaçı2 da yenidən nikaha daxil olmuş və həmin nikahdan övladları var. Həmin mənzildə keçmiş ərinin yeni ailə qurduğu şəxs, onların övladları və qayınanası da yaşayır. Normal halda həmin mənzilin otaq sayı və əlbətdə ki, yeni ailəsi və uşaqlarının olması şərait baxımından da, onun orada yaşamasına təbii surətdə maneçilik edir və bu mümkünsüz olur. Elə şəraitdə orada yaşamaq normal hal deyil və ondan asılı olmayaraq mümkün deyil. Özünə məxsus başqa yaşayış sahəsi də yoxdur. Onun orada olan hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini istəyir. Apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iddiaçılar, onların nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Əlavə olaraq iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, cavabdehin mənzildən çıxmasına cavabdehlər tərəfindən hər hansı təsir olmamışdır. Hesab edir ki, könüllü surətdə çıxıb getməklə uzun müddətdir anasının evində yaşayır və hazırki yaşayış sahəsinə ehtiyacı bu qaydada aradan qalxmışdır. Bu baxımdan məhkəməninin təklifinə də cavab olaraq qeyd edir ki, cavabdehə kompensasiya vermək niyyətləri yoxdur, məhkəmənin qənaəti düzgündür və dəyişdirilmədən saxlanılmalıdır.

d) Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1 maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

e) Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etməmişdir.

21. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

22. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

23. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

24. İddiaçılar iddia ərizəsində, cavabdehin mülkiyyətlərində olan mənzilə istifadə hüququnun uzun müddətdir orada yaşamaması səbəbindən kompensasiya ödənilmədən xitam verilməsini bildirsələr də, işə baxılarkən müəyyən olunmuş faktiki hallara əsasən kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ qanunla (tərəflər arasındakı münasibətlər 2004-cü ildə yarandığına görə Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən) yaranmış və qanunla yaranmış istifadə hüququnun (istifadə hüququnun sahibinin) yaşayış sahəsinə ehtiyacın aradan qalxması əsası ilə kompensasiya ödənilmədən xitam verilməsi düzgün hesab edilə bilməz.

25. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki: "Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.”

26. Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərilmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur.

27. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh mübahisəli mənzilə iddiaçılardan biri, eyni zamanda mülkiyyətçi olan olan ərinin razılığı əsasında köçüb orada yaşamağa başlamışdır. Bu isə o deməkdir ki, əslində Cavabdeh mənzilə köçməklə onun həmin mənzildən mülkiyyət hüququnun elementlərindən biri kimi istifadə hüququ yaranmış, sonradan da məhkəmə qətnaməsi bu hüququnun mövcudluğunu əsas götürülməklə həmin mənzilə köçürülmüşdür.

28. Bununla yanaşı, kollegiya hesab edir ki, cavabdeh Mülki Məcəllənin 228.5-ci maddəsinin 2-ci cümləsinin mənasına görə mənzildən istifadə hüququ əldə etmişdir; bu isə o deməkdir ki, ona qarşı yönələn tələbin təmin olunması, mənzil üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüquqlarının hüquqi mahiyyəti, onun saxlanılıb-saxlanılmaması, əgər bu hüquq saxlanılmışdırsa ona kompensasiya verilmədən xitam olunmasının mümkünlüyünün müəyyən edilməsindən asılıdır.

29. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır.

30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.

31. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. ...Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi, qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz”

32. İşin hallarından görünür ki, Cavabdeh mənzildən istifadə hüququ mənzilə istifadə hüququ Mülki Məcəllənin 228.5-ci maddəsi əsasında yaranmışdır.

33. Kollegiya hesab edir ki, Cavabdeh uzun müddətdir mübahisəsi gedən mənzildə yaşamaması özü-özlüyündə onun sözügedən yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığına dəlalət etmir. Xüsusilə nəzərə alınmalıdır ki, işin hallarından tərəflərin uzun illərdir münasibətlərinin gərgin olması, eyni zamanda mənzilin cəmi iki otaqdan (çıxarışda 182 metr göstərilib) ibarət olmaqla onların mənzildə birgə yaşamalarının mümkün olmaması, yəni cavabdehin keçmiş qayınanası İddiaçı1, o cümlədən keçmiş əri olan İddiaçı2 yenidən nikaha daxil olaraq 3 övladı və arvadı ilə birlikdə həmin mənzildə yaşaması və cavabdehin də onlarla birlikdə yaşaması cavabdehin həmin mənzilə olan ehtiyacının normal səviyyədə qarşılanması üçün əlverişli olmamışdır. İş üzrə cavabdeh də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında həmin mənzildə bu vəziyyətdə yaşamanın real olaraq mümkün olmaması səbəbindən həmin mənzildən çıxıb anasının yanında qalmasını bildirmişdir. Yəni, hazırki vəziyyətdə cavabdehin orda yaşamamasının səbəbi real olaraq işin yuxarıda qeyd edilən faktiki hallarına əsasən yaşayış sahəsinə olan ehtiyacının aradan qalxmasından deyil, mövcud şəraitin bunun həyata keçirilməsinə özlüyündə onun iradəsindən asılı olmayaraq maneə yaratması ilə bağlı məcburiyyət qarşısında yaşaya bilməməsi ilə bağlıdır. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdehin adına rəsmi qeydə alınmış hər hansı daşınmaz əmlak da mövcud deyil. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh (Hüseynova) istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Bu hüquqa mülkiyyətçilərin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməməklə araşdırılmamış, o cümlədən cavavbdehin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu həyata keçirilməməsinin səbəbləri aydınlaşdırılmamış və bu xüsusatlar digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmamaqla iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. 35.Belə olan halda kollegiya hesab edir ki, cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-875/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılardan alınaraq cavabdehə ödənilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 875/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızına qarşı “kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi” nə dair iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı1 və İddiaçı2n alınaraq Musayeva (Hüseynova) Emma Tofiq qızına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar