Məhkəmə qərarları › İş №2(103)-6375/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6375/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6375/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı - ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə Ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesindəki İddiaçı ASC-nin (bank) ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (Fond) Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh3 arasında bağlanmış 23.08.2012-ci il tarixli 412/F23 №-li kredit müqaviləsinə əsasən adı çəkilən şəxsə 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 6% (altı) faiz olmaqla 15 000 (on beş min) manat kredit verildiyini, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 ilə 26.09.2012-ci il tarixdə ipoteka müqaviləsi bağlandığını və onun mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın 15 nömrəli mənzilin bankın xeyrinə ipotka ilə yüklü edildiyini, kredit öhdəliyinin təminatı olaraq eyni zamanda Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında 23.08.2012-ci il tarixdə zaminlik müqavilələri bağlandığını, Cavabdeh3 müqavilənin şərtlərini pozduğunu, şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini, 14 noyabr 2018-ci il tarixinə onun 9324,01 manat (doqquz min üç yüz iyirmi dörd manat bir qəpik) əsas, 1913,58 manat (min doqquz yüz on üç manat əlli səkkiz qəpik) faiz, 1090,91 manat (min doxsan manat, doxsan bir qəpik) cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 1,962.09 manat (min doqquz yüz altmış iki manat doqquz qəpik) borcunun yarandığını irəli sürmüş, buna görə də cavabdehlərdən 9324,01 manat əsas, 1913,58 manat faiz, 1090,91 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 1962.09 manat olmaqla cəmi 14 290,59 manat (on dörd min iki yüz doxsan manat əlli doqquz qəpik) məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m. yaşayış sahəsi 32.0 kv m. köməkçi sahəsi 0 kv m olan. 2 otaqlı, 15 nömrəli mənzilinə tutmanın yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə satılması, satıldıqdan bir ay sonra boşaldılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 23.08.2012-ci il tarixli 412/F23 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 8726,84 manat əsas, 137,85 manat faiz, 109 manat cərimə, 1962,09 manat kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5 faiz ilə hesablanan borc olmaqla cəmi 10 935,78 (on min doqquz yüz otuz beş manat, yetmiş səkkiz qəpik) manat məbləğində borcun tutularaq banka ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 olunun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 27 000 (iyirmi yeddi min) manat müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh3 banka olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına Cavabdeh3 banka olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh2 qaytarılması, Bakı şəhəri, ünvan 1 açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın zaminlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə və qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,40 manatının Cavabdeh3 tutulub banka ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 90 (doxsan) manatının bankdan, 210 manatının Cavabdeh3 tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 60 (altmış) manatının bankdan, 140 manatının Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun əsas, faiz, cərimə borcunun tutulması, zaminlərə qarşı iddianın rədd olunması, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən tutulması tələbinin təmin edilməməsi ilə bağlı hissələrdə ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, birinci instansiya məhkəməsinin borcun məbləğinin ekspert tərəfindən düzgün hesablanmadığını nəzərə almadığı, gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, zaminlərə qarşı iddianı rədd etməklə maddi hüquq normasının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın (ləğvedicinin) nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddiaçı bankın iddia tələbinin təmin edilmədiyi hissədə yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh(lər) mübahisələndirməmişlər; iddiaçı bank isə yalnız qətnamənin sözügedən hissələrindən şikayət vermişdir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmayaraq qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş halına görə, bankla Cavabdeh3 arasında bağlanmış 23.08.2012-ci il tarixli 412/F23 №-li kredit müqaviləsinə əsasən adı çəkilən şəxsə 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 6% (altı) faiz olmaqla 15 000 (on beş min) manat kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın 15 nömrəli mənzili 26.09.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında bankın xeyrinə ipotka ilə yüklü edilmiş, eyni zamanda Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında 23.08.2012-ci il tarixdə zaminlik müqavilələri bağlanmış, 14 noyabr 2018-ci il tarixinə Cavabdeh3 banka 9324,01 manat (doqquz min üç yüz iyirmi dörd manat bir qəpik) əsas, 1913,58 manat (min doqquz yüz on üç manat əlli səkkiz qəpik) faiz, 1090,91 manat (min doxsan manat, doxsan bir qəpik) cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 1,962.09 manat (min doqquz yüz altmış iki manat doqquz qəpik) borcunun yarandığı hesablanmışdır. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertiza rəyi əsasında müəyyən etmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi 23.08.2015-ci il tarixinə Cavabdeh3 faiz borcu 137,85 manat, 20.11.2019-cu il tarixə əsas və faiz borcu ümumilikdə 8726,84 manat təşkil etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və apellyatorun “kredit borcunun düzgün hesablanmadığı” dəlilini əsassız sayaraq qeyd edir ki, borcalana müqavilə əsasında 14.11.2019-cu il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla borcalan arasında bağlanmış müqavilə üzrə kredit 36 ay müddətinə verilmiş və məhz bu dövr ərzində onun illik 6 % ödəməli olduğu razılaşdırılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Bu baxımdan kollegiya hesab edir ki, kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində Cavabdeh3 hesablanmalı olan əsas və faiz borcunun məbləği barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin zaminlərə yönəlmiş tələbin rədd edilməli olduğu mövqeyini də kollegiya əsaslı hesab edərək vurğulayır ki, məhkəmə müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı hüquq və vəzifələri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “xxxx” ASC ilə zaminlər arasında bağlanmış 23.08.2012-ci il tarixli zaminlik müqavilələrinin 6-cı bəndlərində göstərilmişdir ki, həmin müqavilələr zaminliyə xitam verilənə qədər qüvvədədir. Kollegiya hesab edir ki, zaminlik müqavilələrinin 6-cı bəndi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. “Zaminliyə xitam verilənə qədər qüvvədədir” ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, zaminlərlə bağlanılmış 23.08.2012-ci il tarixli müqavilələr üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Bankla Cavabdeh3 arasında bağlanmış 23.08.2012-ci il tarixli kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 36 ay müddətində, yəni 23.08.2015-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı bank zaminlərə qarşı 23.08.2016-cı il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində onlara qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini zaminlərə münasibətdə təmin etməməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir. Kollegiya, birinci instansiya məhkəməsinin cərimə borcunun məbləği ilə bağlı gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 8726,84 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı bank 1090,91 manat cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Apellyatorun “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən tutulması tələbinin təmin edilməməsinin qanunsuz olması” arqumenti ilə bağlı kollegiya qeyd edir ki, birincisi, iddiaçı bankın belə tələbi ümumiyyətlə olmamışdır; ikincisi, belə tələbin müstəqil şəkildə irəli sürülməsinə zərurət mövcud deyildir, çünkü, yuxarıda qeyd edildiyi kimi iddiaçının cavabdehdən tələb etdiyi pul məbləğinin tutulması qənaətinə gəlinmişdir (qismən) və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Başqa sözlə həmin tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına ehtiyac da yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri YasamalRayon Məhkəməsinin 2(004)-2159/2021 saylı iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar