Məhkəmə qərarları › İş №2(103)-6379/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6379/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6379/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, onun itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" MTK (bundan sonra – MTK) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2016-cı il tarixdə Razılaşma imzalanmış və həmin Razılaşmaya əsasən Cavabdeh Kooperativin tikintisi və təmiri yarımçıq vəziyyətdə olan mövcud binasında hörgü, betontökmə, üzlük çəkmə və digər inşaat işlərini aparmaq, rəhbərlik etdiyi inşaatçı briqadasının görəcəyi işləri dəqiqləşdirməklə, icrasını dayandırmalara yol vermədən keyfiyyətli vəziyyətdə yerinə yetirmək, inşaat işlərinin yüksək mərtəbəli binada aparıldığını nəzərə almaqla, normal iş şəraiti yaratmaq, texniki təhlükəsizlik tədbirlərini təşkil etmək barədə üzərinə vəzifə götürmüşdür.

2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MTK-dan Cavabdeh xeyrinə 132000 manat əsas borc və 30 manat dövlət rüsumunun tutulması qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

3. Yasamal RPİ-nin İŞ-nin xx.xx.2021-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarına əsasən İddiaçı təsisçisi olduğu "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış podrat müqaviləsinə əsasən həmin kooperativin binasında təmir-tikinti işlərinin aparılması həvalə edilmiş Cavabdeh təmir-tikinti işləri ilə əlaqədar məhkəmə qərarına əsasən əldə etdiyi 45000 manat pulu mənimsəməsi və alacağı 87000 manat pulu da mənimsəmək fikrində olması barədə etdiyi müraciəti üzrə aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

4. "xxxx" MTK-nın sədri İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixli razılaşmaya əsasən, Cavabdeh tərəfindən bütün işlər (öhdəliklər) icra edilmiş və təhvil verilmişdir. Bu barədə tərəflərindən müxtəlif aktlar tərtib edilmişdir. Cavabdeh həmin razılaşma əsasında gördüyü işin ümumi məbləği 207.000 manat təşkil etmişdir. Həmin məbləğdən 75000 manat "xxxx" QSC BOKT vasitəsilə MTK tərəfindən ödənilmişdir. Qalan 132000 manat məbləği isə "xxxx" QSC BOKT "xxxx" MTK-nin hesabında pulu olduğu halda ödəməkdən imtina etmişdir.

5. İddiaçı notarial təsdiq edilmiş ərizəsindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi "xxxx" MTK-nın nümayəndəsi X5 xx.xx.2016-cı il tarixdə rəsmi qaydada təqdim edilmiş, xx.xx.2016-cı il tarixdə qətnamə Ş.Hüseynov tərəfindən "xxxx" MTK-nın sədri kimi İddiaçı təqdim edilmiş və tərəfindən iş qovluğuna əlavə edilmişdir. xx.xx.2016-cı il tarixdə "xxxx" MTK-nın yeni sədri vəzifəsinə X4 təyin edilmiş, xx.xx.2016-cı il tarixdə həmin qətnamə qovluqla birlikdə yeni sədr X1 təhvil verilmişdir.

6. "xxxx" MTK-nın sədri İddiaçı, podratçı Cavabdeh və nümayəndə A.Kazımov tərəfindən imzalanan akta əsasən, “Azin” qroup-un işçilərinə və gözətçilərə hörgü və suvağa 5000 manat, aqlaya əməkhaqqı üçün 5000 manat, 3 nəfər gözətçinin 12 aylıq məvacibi 10800 manat, işıq 12 aylıq 3800 manat, su və qrunt suyu 4400 manat, 3 nəfər ofis işçilərinə 13000 manat, kranın 2 aylıq icarə haqqı 5000 manat, krançının 3 aylıq əmək haqqı 2100 manat, texniki nəzarətçi 3 ay üçün 2400 manat, sahə rəisi 12 ay üzrə 400 manat, avtomobilə, binaya dəyən zərər 150+250=400 manat, ümumi 52300 manat "xxxx" MTK-nın sədri İddiaçı xərcləmişdir.

7. "xxxx" MTK-nın sədri İddiaçı, podratçı Cavabdeh və nümayəndə A.Kazımov tərəfindən imzalanan xx.xx.2016-cı il tarixli akta əsasən Zərgərpalan və Tolstoy küçələrinin birləşməsində tikilən obyektdə görülmüş işlərin həcmi (materiallar kərpic) cəmi 11113 manat təyin edilir.

8. xx.xx.2016-cı il tarixli qəbzdən görünür ki, "xxxx" MMC-nin direktoru X2 "xxxx" MTK-nın sədri İddiaçı MTK-ya alınan materialın pulunu (dəyərini) almışdır. a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin heç bir qanuni əsas olmadan mənimsədiyi, əslində "xxxx" əsasında rəhbərlik etdiyi inşaatçı briqadası tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinin tikintisi başa çatmamış binasında hörgü, betontökmə, üzlükçəkmə və digər inşaat işlərinin icra edilməsinin təmin olunması üçün iddiaçının müxtəlif şəxslərdən aldığı armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların alınmasına sərf edilməli olan 132000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təsisçisi və sədri olduğu MTK ilə 16 fevral 2016-cı ildə kooperativin tikintisi və təmir işlərinin yarımçıq vəziyyətdə olan binasında hörgü, betontökmə, üzlükçəkmə və digər inşaat işlərinin yerinə yetirilməsi məqsədi ilə fiziki şəxs olan inşaatçı briqadasının rəhbəri cavabdehlə aralarında "xxxx" tərtib edilmişdir. Cavabdehin rəhbərlik etdiyi inşaat briqadası yalnız işçi qüvvəsi funksiyalarını yerinə yetirmiş, inşaat işlərinin aparılması üçün zəruri olan hər növ tikinti materiallarının alınması və çatdırılmasını isə MTK təmin etmişdir. Təxminən 5-6 ay ərzində inşaat briqadası nəzərdə tutulan işləri əsasən yerinə yetirmiş və həmin müddətdə cavabdeh iddiaçıdan 61750 manat pulu əmək haqqı adı ilə nağd olaraq imzalı qeydiyyatla hissə-hissə qəbul etmiş, briqadanın əlavə xərclərinə sərf olunan 6000 manat pul isə maddi çətinliklərə görə ödənilməmiş qalmışdır. Briqadanın icra etdiyi tikinti işlərində istifadə və sərf olunan müxtəlif sahibkarlardan və satıcılardan götürdüyü armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət materialların bir hissəsinin pulunu nağd hesablaşmalarla, müəyyən hissəsinin pulunu isə şəxsi nüfuzundan istifadə edərək sonra ödəmə şərti ilə alıb onları vaxtında inşaat briqadasına çatdırmışdır. İşlər başa çatdırıldıqdan sonra təmir-tikinti işlərinə istifadə edilmiş tikinti materiallarının alınmasına sərf olunan cəmi 132000 manat pul MTK tərəfindən ödənilməli idi. Lakin həmin vaxt kooperativdə sədrlik səlahiyyəti iddiaçıdan alınıb protokolla başqa şəxsə həvalə edildiyindən tikintiyə çəkilən həmin məbləği kooperativ hesablarında pul olmadığını bəhanə gətirərək ödəməkdən boyun qaçırmışdır. Cavabdeh və briqadanın üzvlərindən heç kim kooperativin üzvü olmadığından onunla razılaşmışlar ki, pulun bankdan götürülməsi məhkəmə yolu ilə həll edilsin. Ona tam etibar etdiyindən iddia tələbini də cavabdehin adına hazırlamışlar. Cavabdeh bildirmişdir ki, icra etdikləri inşaat işlərinə görə əmək haqları əsasən ödənilmiş, kooperativdən alınacaq əlavə 6000 min manatdan başqa heç bir təmənnası ola bilməz. Ona görə də hər ikisinin razılığı ilə 132 min manat pulun kooperativdən alınması məqsədi ilə cavabdeh tərəfindən Bakı şəhəri 1 saylı inzibati məhkəməsinə iddia verilmiş və məhkəmənin 2- 2(103)-369/2017 №-li, 13 iyun 2017-ci il tarixli qərarı onun adına çıxarılmışdır. Məhkəməyə həmçinin, tikintinin aparılması üçün iddiaçı tərəfindən alınan armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların məbləği barədə sənədlər, cavabdehlə birgə tərtib etdikləri Aktlar da təqdim edilmişdir. O, cavabdehin vədinə inanaraq əmin olmuşdur ki, cavabdeh razılaşmaya əməl edib tikinti materiallarına görə xərclədiyi və bir hissəsini də borclu qaldığı 132000 min manat pulu ona ödəyəcək. 3 il ərzində onunla tez-tez görüşmüş və bildirirmişdir ki, hələ bankdan pulu ala bilmir. Bu arada borclu qaldığı mal sahibləri də haqlı olaraq onu narahat etməyə başlamış, onlara vəziyyəti bildirmiş və borclarını ödəmək üçün tanışlarından borc pullar almağa məcbur olsa da, indiyə qədər tam ödəyə bilməmişdir. 2019-cu ilin sonlarında öyrənmişdir ki, cavabdeh həmin ilin fevral-dekabr ayları ərzində pulu kooperativin rəhbərliyinin razılığı ilə "xxxx" SKT Bakı filialından hissəhissə götürmüş və bunu ondan gizlətmişdir. Cavabdehdən dəfələrlə pulu tələb etsə də, bunun heç bir nəticəsi olmamış, bundan sonra, cavabdehin hərəkətləri barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müstəntiqin 01 mart 2021-ci il tarixli qərarı ilə şikayətin mülki xarakterli olduğu bildirilərək aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməli olduğu qeyd olunmuşdur.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-4081/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia təmin edilmişdir.

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin heç bir qanuni əsas olmadan mənimsədiyi, əslində "xxxx" əsasında rəhbərlik etdiyi inşaatçı briqadası tərəfindən MTK-nın tikintisi başa çatmamış binasında hörgü, betontökmə, üzlükçəkmə və digər inşaat işlərinin icra edilməsinin təmin olunması üçün iddiaçının müxtəlif şəxslərdən aldığı armatur, kərpic, taxta, daş, qum və sairdən ibarət olan materialların alınmasına sərf edilməli olan 132000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə müraciəti ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı sonuncu dəfə tikintiyə xərclənmiş pul vəsaitlərinin geri ödənilməsi ilə bağlı cavabdehə 2019-cu ilin noyabr-dekabr aylarında müraciət etmiş və sonuncu pulu aldığını bildirərək, iddiaçıya çəkdiyi xərclərin əvəzini ödəməkdən imtina etmişdir. Odur ki, hazırkı iddia üzrə iddia müddətinin axımı həmin vaxtdan hesablanmalıdır. Beləliklə də, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı müraciəti nəzərə alınmamalıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 377.1, 1091.1, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Ape a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı MTK-nın sədri olaraq xx.xx.2016-cı il tarixli podrat müqaviləsini onunla imzalamışdır. MTK-nın tikintisi və təmiri yarımçıq vəziyyətdə olan binada icra edilən işlərin haqqı iddiaçının şəxsi vəsaiti hesabına deyil, kooperativin vəsaiti hesabına “Aqro Kredit” Səhmdar Cəmiyyəti vasitəsi ilə ödənilmişdir. Podrat müqaviləsi üzrə tərəf kimi MTK çıxış etmişdir. Ona görə də hazırkı iş üzrə iddiaçının ümumiyyətlə ona qarşı pul tələbi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Əgər mübahisə olsaydı, belə bir iddia ilə MTK çıxış etməli idi. Birinci instansiya məhkəməsi mülki işin bu mühüm əhəmiyyət kəsb edən halına diqqət yetirməmiş, subyektiv hüququ olmayan şəxsin iddiasını icraata qəbul edərək qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmiş, məhkəmə iclaslarında onun şahidləri dindirilməmiş, məhkəmə əsassız olaraq 3 illik iddia müddətini tətbiq etməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2(103)- 954/2022 nömrəli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı işdə Mülki Məcəllənin 1091-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. İddiaçı tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3023/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər – Əhməd Nurməmmədov (sədrlik edən və məruzəçi), Zaur Əliyev və Abiddin Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-954/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

19. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işə baxan apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, yol verilmiş həmin prosessual rozuntular düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Göstərilən sənədlərin (aktın) Cavabdeh MTK-da tikinti üzrə fəaliyyəti ilə bağlı olmaması qənaətinə gələn apellyasiya məhkəməsi həmin sənədin niyə görə Cavabdeh tərəfindən imzalanmasının səbəblərini müəyyən etməmiş, bu halın aydınlaşdırılmasının işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb etməsini nəzərdən qaçırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

22. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

24. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

25. Maddə 373.1 Ümumi iddia müddəti on il təşkil edir.

26. Maddə 377.1 İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Hazırkı işdə iddia tam təmin olunduğundan və apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

37. Birinci instansiya məhkəməsi işin hallarını və mülki qanunvericilik normalarını nəzərə alaraq iddia tələbini tam təmin etmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş olsa da, iddianı tam təmin etməkdə səhvə yol vermişdir.

39. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərə görə apellyasiya məhkəməsi əvvəlki apellyasiya baxışı zamanı tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, yol verilmiş həmin prosessual rozuntular düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Göstərilən sənədlərin (aktın) Cavabdeh MTK-da tikinti üzrə fəaliyyəti ilə bağlı olmaması qənaətinə gələn apellyasiya məhkəməsi həmin sənədin niyə görə Cavabdeh tərəfindən imzalanmasının səbəblərini müəyyən etməmiş, bu halın aydınlaşdırılmasının işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb etməsini nəzərdən qaçırmışdır.

40. Yeni apellyasiya baxışı zamanı kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq tərəflərə çəkilmiş xərclər barədə sübutların təqdim olunması təkilif edilmiş və araşdırma zamanı müxtəlif vaxtlarda tərtib olunmuş və hər iki tərəfin də imzaladığı əqdlərə (aktlara) əsasən cəmi 133 305 manat (52 300 + 70 650 + 10 355) pul vəsaitinin xərcləndiyi müəyyən edilmişdir. 52 300 manat xərcləndiyi qeyd edilən əqddə (aktda) pulun Kooperativin sədri İddiaçı tərəfindən xərcləndiyi qeyd olunsa da, 70 650 manat və 10 355 manat məbləğində pul vəsaitlərinin xərclənməsi barədəki digər əqdlərdə (aktlarda) vəsaitin kimin tərəfindən xərcləndiyi konkret olaraq göstərilməmişdir. Lakin həmin əqdlər (aktlar) İddiaçı tərəfindən imzalandığından məhkəmə kollegiyası həmin vəsaitlərin də məhz onun tərəfindən xərcləndiyi qənaətinə gəlir.

41. Göründüyü kimi, araşdırma zamanı İddiaçı tərəfindən müqavilə (razılaşma) üzrə görüləcək işin ümumi dəyərini təşkil edən 207 000 manat vəsaitin hamısının deyil, yalnız 133 305 manat hissəsinin xərcləndiyi təsdiq olunur. Bundan əlavə qüvvədə olan məhkəmə qərarına əsasən Cavabdeh həmin işə görə 132 000 manat da ödənilmişdir. Hər iki məbləğ toplandıqda alınan məbləğ 265 305 manat təşkil edir. Bu məbləğdən cəmi müqavilə üzrə ödənilməli olan məbləğ, yəni 207 000 manat çıxıldıqda isə qalan məbləğ 58 305 manat müəyyən edilir. Deməli, iddiaçı tərəfindən cavabdehə 58 305 manat artıq vəsait ödənilmişdir və cavabdeh həmin vəsaiti əldə etməklə hüquqi əsas olmadan iddiaçının vəsaiti hesabına varlanmışdır. Ona görə də yalnız bu məbləğ cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır (maddə 14.2.7). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1).

43. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

44. MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2).

45. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur.

46. Qeyd edilənləri və kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğin həcmi 58 305 manat müəyyən edilməlidir.

47. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsi Cavabdeh İddiaçı xeyrinə 132 000 manat pul vəsaitinin tutulması hissəsində dəyişdirilsin və cavabdehdən iddiaçının xeyrinə tutulan pul vəsaitinin miqdarı 58 305 (əlli səkkiz min üç yüz beş) manat müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar