Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6379/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2975167X3 Xidməti cəlb edilməklə) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(004)-4080/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı xx.xx.2024-cü il tarixli akta əsasən DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi tərəfindən ərazi idarəsində yaranmış gecikmələrin, mövcud çatışmazlıqların aradan qaldırılması, eləcə də cari məsələlərin həllindən ötrü aidiyyəti şöbələrin iştirakı ilə görülən işlərin sürətləndirilməsini həyata keçirmək məqsədilə müvafiq tədbirlərin görülməsi barədə idarənin rəhbərliyi tərəfindən ümumi şöbə vasitəsilə aidiyyəti şöbələrə tapşırığın çatdırılması nəzərdə tutulmuş, lakin idarənin bir neçə nəfər əməkdaşı verilən göstərişi aldıqları təqdirdə məlumatlı olduqlarını cavablandırmayaraq biganə yanaşmışlar. Bununla bağlı idarə rəisinin iş otağında həmin əməkdaşlarla iclas keçirilməsi nəzərdə tutulmuşdur. İclasda iştirak edən tərkibdə ərazi İdarəsinin Maliyyə və Təsərrüfat şöbəsinin müdiri, baş mühasib İddiaçı iştirak etməsi nəzərinə çatdırılsa da iclasa qatılmadığı müşahidə olunmuş, rəhbərliyin iclas zamanı ümumi şöbənin əməkdaşı vasitəsilə təkrar dəvətilə həmin əməkdaş iclasa qatılmışdır. İclas zamanı İdarə rəisi tərəfindən əməkdaşlara eləcə də sözü edən əməkdaşa göstərişə laqeyid yanaşmaları barədə iradlar bildirilərkən İddiaçı rəhbərliyin sözünü aqressiv formada kəsərək, sərt şəkildə cavab qaytarmış və mübahisə yaratmışdır. İdarə rəisi tərəfindən iş otağını tərk etməsi nəzərinə çatdırılsada o buna məhəl qoymayaraq daha da səs tonunu qaldıraraq subardinasiya qaydalarını kobud şəkildə pozmuşdur.Həmin akt idarənin 4 (dörd) əməkdaşı tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tərəfindən qəbul edilmiş 20 may 2024-cü il tarixli, İ-34 nömrəli əmrə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin Maliyyə və maddi-texniki təminat şöbəsinin müdiri İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini lazımi səviyyədə yerinə yetirmədiyinə və etik davranış qaydalarına riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2975167X3 Xidməti cəlb edilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 29 noyabr 2011-ci il tarixdən etibarən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsində fasiləsiz olaraq (müvafiq dövrlərdə struktur dəyişiklikləri nəzərə alınmaqla) baş mühasib kimi çalışır. İddiaçıya 20 may 2024-cü il tarixli İ-34 nömrəli əmrlə cavabdeh tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrin məzmununda səbəb olaraq işçinin əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələri lazımi səviyyədə yerinə yetirməməyi və etik davranış qaydalarına riayət etməməyi göstərilmişdir. İddiaçı barəsində tərtib edilmiş əmr onun verilməsinə səbəb olan halların qanuni şəkildə sübuta yetirilməməsi və düzgün şəkildə inzibati icraat aparılmamasına, əvvəl tərtib olunmağa cəhd edilmiş akt layihəsinin ziddiyyətli məqamlar yaratmaqla inzibati araşdırmanın obyektivliyinə ciddi təsir göstərdiyinə, əmrin verilməsinə ehtimal edilən hadisənin iş vaxtından sonra baş verməsi və hansı vəzifənin pozulmasının əmrdə konkret göstərilməməsinə, əmrdə iddia olunduğu kimi hər hansı etik davranış qaydalarının iddiaçı tərəfindən pozulmadığıma, həmçinin əmrin məzmununun qisas motivi daşımasına görə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının işlədiyi müəssisənin “WhatsAPP” qrupuna xx.xx.2024-cü il tarixdə “rəisin göstərişinə əsasən bu gündən (yəni xx.xx.2024-cü il) etibarən kişi işçilər saat 20:00-da tabeli imzalayaraq işdən gedə bilərlər, əlavə olaraq sizləri məlumatlandırım ki, sabah (yəni xx.xx.2024 – şənbə günü) iş günüdür” məzmunda yazı göndərilmişdir. Bir çox işçilər həmin yazıya münasibət bildirsə də, iddiaçı telefonunda internet olmaması səbəbindən yazıya münasibət bildirməmişdir. “WhatsAPP” qrupuna xx.xx.2024-cü il tarixdə göndərilən yazıya münasibət bildirməyən işçilərlə idarə rəisi iclas keçirmiş və həmin tapşırığa münasibət bildirməyən əməkdaşlardan hansı səbəbdən münasibət bildirilməməsini soruşmuşdur. İclasa ilkin olaraq iddiaçı dəvət olunmamış, iclas başladıqdan sonra iş vaxtından kənar vaxtda təxminən 18:30 radələrinə yaxın bir vaxtda iclasa çağırılmışdır. Rəisin otağına iclasa daxil olanda rəis digər əməkdaşların yanında iddiaçıdan çox sərt, kobud və aqressiv tərzdə niyə WhatsApp qrupundakı yazıya münasibət bildirmədiyini soruşmuşdur. İddiaçı isə, həmin vaxt telefonunda internet olmadığını, ona görə mesajı görmədiyini, ancaq digər əməkdaşlar bu barədə məlumat verdikləri üçün bundan xəbərdar olduğunu bildirmişdir. Bu zaman rəis hiddətlənərək daha sərt və aqressiv tonda danışmağa başlamışdır. İddiaçı bu dərəcədə aqressivləşməyə səbəb olacaq bir məsələ olmadığını, üzrlü səbəbdən, yəni interneti olmadığı üçün münasibət bildirə bilmədiyini demişdir. Bu sözləri rəisi daha da hiddətləndirmiş, sərt və aqressiv tərzini davam etdirərək iddiaçıya digər əməkdaşların yanında “rədd ol, çıx otaqdan” deyərək qovmuşdur. Bu hadisədən bir müddət sonra iddiaçı cavabdeh quruma dəvət oluaraq izahat yazmışdır. İzahat verdiyi gündən bir müddət sonra “sonuncu xəbərdarlıqla şiddət töhmət verilməsi haqqında” barəsində cavabdeh qurum tərəfindən əmr tərtib olunmuş və xx.xx.2024-cü il tarixində mail vasitəsilə əmrin surəti ona göndərilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(004)-4080/2024 nömrəli nömrəli qətnaməsinə əsasən, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2975167X3 Xidməti cəlb edilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, İ-34 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilmişdir. Məhkəmə qeyd etmişdir ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsində baş mühasib vəzifəsində çalışan İddiaçı 20 may 2024-cü il tarixli, İ34 nömrəli əmrə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini lazımi səviyyədə yerinə yetirmədiyinə və etik davranış qaydalarına riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Şiddətli töhmət verilməsinə əsas kimi, işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini lazımi səviyyədə yerinə yetirməməsi və etik davranış qaydalarına riayət etməməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İşəgötürən tərəfindən işçinin əmək funksiyalarını yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi halları sübuta yetirilməmiş, işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş hansı vəzifələrini pozması əsaslandırılmamışdır. İş materiallarına əlavə edilmiş əmrin verilməsi əsası kimi təqdim edilən xx.xx.2024-cü il tarixli akt ilə iddiaçının baş idarədə verdiyi izahat ziddiyyət təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyini əsas götürərək hesab edir ki, həmin aktı imza edən işçilər işlərini itirmək və s. təhlükə qarşısında aktı imzalamaq məcburiyyəti qarşısında qala bilərlər. Həmçinin akt iddiaçının özünün iştirakı olmadan tərtib edilmişdir və aktın surəti ona təqdim edilməmişdir. Odur ki, sözügedən akt məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. İşəgötürən tərəfindən digər əsaslı sübut(lar) məhkəməyə təqdim edilməmişdir. Hətta sözügedən akta imza atmış şəxslərin şahid qismində dindirilməsi barədə vəsatət verilməmiş, bu istiqamətdə heç bir prosessual fəaliyyət görülməmişdir. Məhkəmə hesab edir ki, şiddətli töhmət verilməsi barədə əmrin iddiaçı ilə cavabdeh qurumun rəhbər şəxsi arasında mövcud olan şəxsi münasibətlər zəmnində, işəgötürənin səlahiyyətlərindən sui-istifadə etməsi ilə qəbul edilməsi ağlabatandır. İşçinin əmək funksiyalarında hər hansı bir nöqsan aşkar edilmədiyi halda, yalnız şəxsi münasibətlər zəmnində işçi barəsində şiddətli töhmət verilməsi barədə əmr verilməsi yolverilməzdir. Tərəflər arasında olan münasibətlərin müqaviləyə əsaslanmaqla xüsusi hüquq münasibətləri olması nəzərə alınmaqla “müqavilə azadlığı”, subyektlərin “iradə sərbəstliyi” prinsipləri əmək müqaviləsi üzrə tərəflərin bərabərliyini formal olması xüsusatını nəzərə alır və hesab edir ki, əmək münasibətləri üzrə faktiki olaraq işəgötürən tərəf üstün mövqedədir. Belə ki, işəgötürənin maddi və inzibati resursları, hüquqi-texniki imkanları, işçi üzərində sərəncam vermək, intizam tənbehi tətbiq etmək imkanları vardır. Hazırki mülki iş üzrə isə işəgötürən faktiki olaraq publik hüquqi şəxs olmaqla hakimiyyət imkanları vardır. Dövlətin əmək siyasəti üzrə işəgötürənlər (vəzifəli şəxslər) öz şəxsi ambisiyalarına görə işçilərə münasibətdə əsassız intizam tədbirləri tətbiq etməkdən çəkinməlidirlər. Bu hallar baş verdikdə məhkəmələr hakimiyyət qolu qismində dövlətin adından pozulmuş hüquqların bərpasını operativ şəkildə təmin etməlidirlər. İşçilərin hüquqlarının pozulması ilə bağlı səlahiyyətli dövlət orqanına (Əmək Müfəttişliyi) müraciət edilə və işəgötürənlər barədə sanksiya tədbirlərinin görülməsinə nail oluna bilər. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 əmək mübahisələri üzrə mülki işlərə cəlb edilməsinin məqsədi budur. İşəgötürənin əmri formal əsaslarla qəbul edilməməli, hüquqi və faktiki baxımdan əsaslandırılmalıdır. Bu edilməsə belə, məhkəmə araşdırması çərçivəsində əmrin əsaslılığı sübuta yetirilməlidir. Lakin, hazırki mülki iş üzrə işəgötürən tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, formal mülahizələr əsasında müdafiə taktikası seçilmişdir. Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Nəzərə alınır ki, münasibətlərin xarakteri nəzərə alınmaqla, hazırki iddia tələbi üzrə sübutetmə yükü cavabdeh tərəfin üzərindədir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, İ-34 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 186-cı maadəsinin 2-ci hissəsinin b bəndinə, 186.1, 186.2, 186.3, 187.1, 187.2, 187.3, 190.3, 311, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1., 216-220, 227, 358, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(004)-4080/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə iş yerində keçirilən iclas zamanı daxili nizam-intizam qaydalarını pozmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işçiyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İdarənin əməkdaşlarının iştirakı ilə həmin gün akt tərtib olunmuş və iclas zamanı baş verənlər qeyd olunmuşdur. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)4080/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, İ-34 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməsi qət edilmişdir. Belə ki, iddiaçıya intizam tənbehi Əmək Məcəlləsinin tələbləri nəzərə alınaraq verilsə də, məhkəmə tərəfindən sübutlar tam və obyektiv araşdırılmamış və nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir. ƏM-in 186-cı maddəsinin məzmunundan göründüyü kimi iddaçıya tərəfindən daxili nizam-intizam qaydalarını pozulduğu təqdirdə işəgötürən sadalanan intizam tənbehlərindən birini verə bilər. Maddənin 3-cü bəndinə əsasən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq iddaçıya müvafiq tənbeh tətbiq edilmişdir. İddiaçının bundan əvvəl də törətdiyi eyni məzmunlu intizam pozuntuları və onların nəticəsində tətbiq olunmuş tənbehlərlə bağlı məlumatlar və müvafiq sübutlar məhkəməyə təqdim olunsa da, nəzərə alınmamışdır. İddaçı ilk növbədə izahat verməkdən imtina etmiş, sonradan izahat vermişdir. İddaçı izahat verməkdən imtina etdiyi zaman, idarənin əməkdaşlarının iştirakı ilə həmin gün akt tərtib olunmuş və iclas zamanı baş verənlər qeyd olunmuşdur. İddiaçı tənbeh verilməsinin əsasında yalnız həmin akt deyil, özünün veridiyi izahat da çıxış etmişdir. Məhkəmə yanlışlığa yol verərək sübut etmə üçün əhəməiyyətli rol oynayan aktı sübut kimi qəbul etməmişdir. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddədən də göründüyü kimi işçi iş yerində keçirilən iclas zamanı müəssisədaxili intizam qaydalarına əməl etməmişdir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə özü təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətini cəlb etmiş, iddaçıya qeyd olunan qurumun işlərə gəlmədiyini bildirmiş və onun özünün ora müraciət etməsini tövsiyə etmişdir. Göründüyü kimi məhkəmə iddiaçıya müvafiq yönlədirmə etməklə qanunvericiliyin ona verdiyi mümkün hüquqi vasitələrdən kənara çıxmışdır. Bildiririk ki, iddaçıya işlədiyi müdət ərzində hal-hazırda mübahisələndirilən tənbehdən əlavə olaraq iki xəbərdarlıq və iki töhmət intizam tənbehi verilmişdir: xx.xx.2012-ci il tarixli, 21-KT nömrəli əmrlə əmək funksiyalarını lazımi səviyyədə yerinə yetimədiyə görə töhmət; xx.xx.2015-ci il tarixli 76-KT nömrəli əmrlə əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirmədiyinə və daxili nizam-intizam qaydalarını pozduğuna görə xəbərdarlıq; xx.xx.2017-ci il tarixli, 84-KT nömrəli əmrlə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələri lazımi səviyyədə yerinə yetirmədiyinə və fəaliyyətində yol verdiyi nöqsanlar görə xəbərdarlıq; xx.xx.2021-ci il tarixli, 11-KT nömrəli əmrlə əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirmədiyinə və etik davranış qaydalarını pozduğuna görə töhmət. Qeyd olunan hallar məhkəmə tərfindən nəzərə alınmamış, ümumiyyətlə arşadırılmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olubolmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilibedilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Lakin məhkəmə hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddaçı tərəfindən irəli sürülən dəlillərə və izahatına istinad etməklə iddianı təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-4080/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının təmin edilməməsi barədə qətnamənin qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı onunla əsaslandırılır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-(2004)-4080 nömrəli qətnaməsi ilə iddiası təmin edilmişdir. Hesab edir ki, cavabdehin apellyasiya şikayəti qanunsuz və əsassızdır. Qeyd edilməlidir ki, barəsində tərtib edilmiş əmr onun verilməsinə səbəb olan halların qanuni şəkildə sübuta yetirilməməsinə və düzgün şəkildə inzibati icraat aparılmamasına, əvvəl barəsində tərtib olunmağa cəhd edilmiş akt layihəsinin ziddiyyətli məqamlar yaratmaqla inzibati araşdırmanın obyektivliyinə ciddi təsir göstərdiyinə, əmrin verilməsinə ehtimal etdiyi hadisənin iş vaxtından sonra baş verməsi və hansı vəzifəni pozduğunun konkret göstərilməməsinə, əmrdə iddia olunduğu kimi hər hansı etik davranış qaydalarını pozmadığına, həmçinin əmrin məzmununun qisas motivi daşımasına görə qanunsuz və əsassızdır. Bununla əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmrin 1-ci bəndinə əsaslansaq əmrin verilməsi iki səbəblə, yəni əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələri lazımi səviyyədə yerinə yetirməməsi, etik davranış qaydalarına riayət etməməsi. Nəzərə alınmalıdır ki, hər iki səbəb mötəbər dəlillərlə sübuta yetirilmir. Belə ki, yuxarıda qeyd etdiyi kimi ondan izahat alınan zaman barəsində müvafiq akt olduğu bildirildi. Ehtimal edir ki, intizam pozuntusuna səbəb olan hərəkətlərin nədən ibarət olduğu həmin aktda göstərilmişdir. Bununla belə həmin aktı mötəbər hesab etmək olmaz. Çünki yuxarıda da bildirdiyi kimi aktın hansı şəraitdə və nə vaxt, kimlərin iştirakı ilə tərtib olunmasından, kimlərin onu imzalamasından, orada əleyhinə hansı məlumatların yazılmasından xəbərsizdir. Qeyd edir ki, akt tərtib olunarkən onun iştirakı təmin edilməyib, orada qeyd edilənlərə, o cümlədən əleyhinə yazılan faktlara münasibət bildirmək imkanı olmayıb. Həmçinin sonradan belə aktın surəti ona təqdim edilməyib və onunla tanış olmaq üçün imkan yaradılmayıb. Bu isə barəsindəki icraatın gizlin formada, qeyri-obyektiv, qərəzli aparılması kimi qiymətləndirilməlidir. Belə olan halda isə o, təbii ki, özünümüdafiə hüququndan məhrum olmaqla kobud qanun pozuntusuna məruz qalmışdır. Həmçinin nəzərə alınmalıdır ki, barəsində gizlin formada tərtib olunmuş aktı imzalayan şəxslərin iş yerini itirmək təhlükəsi, rəhbərlikdən qorxu və s. amilləri düşünərək qeyri-obyektiv yanaşması ehtimalı çox yüksəkdir. Həmin şəxslər cavabdeh tərəfin işdə bilavasitə maraqlı şəxsləri də hesab edilə bilər. Bu yanaşma, yəni bu formada birtərəfli tərtib edilmiş aktın sübutetmə üçün qeyri-mötəbərliyi və yetərsiz olması Ali Məhkəmənin təcrübəsində də təsdiqlənmişdir. Belə ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-3181-2023 nömrəli qərarında (surəti ərizəyə əlavə edilib) apelyasiya məhkəməsinin yanaşması təsdiqlənməklə qeyd edilir ki, “çünki akt cavabdeh tərəfin işdə bilavasitə maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Təbii ki, cavabdeh qurumun əməkdaşları öz işlərini itirməkdən qorxduqları üçün hansısa təsir altında iddiaçının bərəsində izahat verə yaxud onların iştirakı ilə akt tərtib edilə bilər. Bu izahatlar və aktlar cavabdehin mənafeyinə uyğun olsa da, mötəbər qəbul edilə bilməz. Çünki, birtərəfli olmaqla, yalnız cavabdehin maraqlarına uyğun əldə edilmiş sübutlar hesab olunur.” Əmrdə iddia olunur ki, o, etik davranış qaydalarına riayət etməmişdir. Qeyd edir ki, bu əsassız iddiadır. Əksinə ona qarşı işlədiyi müəssisənin rəisi tərəfindən etik davranış qaydaları pozulmuşdur. İş vaxtından sonra onu və bir çox əməkdaşı işdə qalmağa məcbur etməklə yanaşı digər əməkdaşların yanında yuxarıda da qeyd etdiyi kimi niyə WhatsApp qurupundakı yazıya münasibət bildirməməsi üçün “rədd ol otaqdan” deməklə onu otaqdan qovmuşdur. Bunu orda olan bütün əməkdaşlar da təsdiq edə bilər. Məgər rəisin bu formada öz əməkdaşını alçaltmasına qarşı münasibət bildirmək subordinasiya qaydalarını pozmaq və etik davranış qaydalarına riayət etməməkdir? Ağlabatan məntiqi düşüncə bunu deməyə əsas verir ki, statusundan asılı olmayaraq istənilən şəxsin bu formada münasibətinə irad bildirmək hər hansı etik davranış qaydalarının pozuntusu hesab olunmamalıdır. Digər tərəfdən bəs nə üçün işlədiyi müəssisənin rəisi barəsində belə təhqiramiz hərəkətlərinə görə ölçü götürülmür? Onun barəsində niyə intizam tədbirləri görülməklə cəzalandırılmır? İşçinin rəhbərliyə münasibətdə daha zəif imkanlara malik olmasından istifadə etməklə qanunsuz və əsassız şəkildə bütün ittihamlar ona qarşı yönəldilir və ona qarşı birtərəfli mövqe sərgilənir, qeyriobyektiv yanaşma formalaşdırılır. Bundan əlavə barəsində lap əvvəldən tərtib edilməyə cəhd olunmuş (həmin akt layihəsində tarix olaraq xx.xx.2024-cü il göstərilir) və qanunsuz tələblərin (orada göstərilir ki, işçilər işdən sonra işdə qalmaqla 20:00-dan tez işdən çıxmasınlar, şənbə günü işə çıxsınlar və s.) daxil edildiyi akt layihəsi ləğv edilərək sonradan yeni aktın tərtib edilməsi də işin qeyri-obyektiv, qərəzli şəkildə aparıldığının sübutudur. Xüsusilə qeyd edir ki, ilkin olaraq tərtib edilməsinə cəhd edilən aktda bir nəfər - X4 imza etməkdən imtina etmiş və aktda qeyd edilənlərin doğru olmadığım bildirmişdir, digər adları qeyd olunanların isə həmin aktı imzalayıb- imzalaması barədə məlumatı yoxdur. Ancaq görünən odur ki, həmin aktın tərtibatı başa çatdırılmamış və əvəzinə yeni akt hazırlanmışdır. Çox güman ki, bəzi əməkdaşların həqiqəti deməsi və aktı imzalamaqdan boyun qaçırması imkan verməmişdir ki, həmin akt özlərinin mənafeyinə uyğun tərtib olunsun. Odur ki, daha sonra məhz öz mənafelərinə xidmət edən və onların istədiyini edən əməkdaşlar cəlb edilməklə yeni akt tərtib edilmişdir. Bu faktın özü təsdiq edir ki, onun barəsində intizam icraatı obyektiv aparılmayıb, ziddiyətli hallar formalaşdırılıb və işə qərəzli yanaşılıb. Bütün bu hallar barəsində tərtib olunmuş əmrin ləğvi üçün birbaşa əsasdır. Əmrin məzmununda göstərilinlərdən biri də odur ki, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələri lazımi səviyyədə yerinə yetirməməsi intizam tənbehinin verilməsinə səbəb olmuşdur. Yuxarıda da qeyd etdiyi ki, əmrin verilməsinə ehtimal etdiyi hadisə iş vaxtından sonra təxminən 18:30-19:00 radələrində baş vermişdir. Bu halda sual yaranır ki, iş vaxtından sonra konkret olaraq hansı vəzifələri yerinə yetirməli idi və bununla bağlı rəhbərin rəsmi əmri var idimi? Nəzərə alınmalıdır ki, onun iş vaxtı 09:00-18:00 arası olaraq müəyyən edilib. İşçilərin işdən sonra məcburi olaraq müəssisədə saxlanmasını kamera görüntülərindən də müəyyən etmək olar. Digər tərəfdən əmrdə ümumi olaraq yazılır ki, əmək müqaviləsi üzrə vəzifələri icra etməmişdir. Burdan belə düşülür ki, o, üzərimə düşən bütün öhdəlikləri lazımi səviyyədə icra etməmişdir. Əgər belədirsə hər bir öhdəliyin icra edilməməsini cavabdeh qurum necə sübut edir? Bu hallar da özündə kifayət qədər suallar və ziddiyətli məqamlar yaradır. Xüsusilə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, əmək müqaviləsi üzrə bütün vəzifələri layiqincə yerinə yetirmiş, bununla əlaqədar hər hansı pozuntulara yol verməmiş, əmrdə əksinin iddia edilməsi tamamilə absurddur. Hesab edir ki, əmrin ləğv edilməsi ilə bağlı başqa bir əsas onun məzmunu ilə bağlıdır. Bununla bağlı bildirir ki, əmrin 3-cü bəndində cavabdeh qurumun bütün ərazi idarələrinin rəhbərlərinə tapşırılır ki, əmr ərazi idarələrinin bütün şəxsi heyətinin nəzərinə çatdırılsın. Sanki onun intizamsızlığından digər şəxslər dərs çıxarmalı, onlara “görk” olmalıdır. Nəzərə alınmalıdır ki, əmr onun barəsində tərtib olunub və şəxsən ona təqdim edilməlidir. Onun icazəsi olmadan üçüncü şəxslərə təqdim edilə və yayıla bilməz, işgötürənin belə yanaşmasını sanki onu gözdən salmaq, intizamsız işçi kimi tanıtmaq, qisas almaq motivli yanaşma kimi dəyərləndirir. Əmək Məcəlləsinin 189-cü maddəsinin dördüncü hissəsində bu qəti şəkildə qadağan edilir. Belə ki həmin maddəyə əsasən intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə apaellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı etirazının məzmumuna uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında https://cms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2975167X3 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayənsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar.
9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə 10.Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 186.
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Maddə 187. 1.İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 190. 1.İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.
3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Göründüyü kimi əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Hazırkı iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 20 may 2024-cü il tarixli, İ-34 nömrəli əmri ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin Maliyyə və maddi-texniki təminat şöbəsinin müdiri İddiaçı sonuncunun əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini lazımi səviyyədə yerinə yetirmədiyinə və etik davranış qaydalarına riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət versə də, əmrdə işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş hansı vəzifəsini lazımi səviyyədə yerinə yetirmədiyini və bunun nədə ifadə olunmasını göstərməmişdir. Cavabdeh əmrin verilməsi üçün əsas olaraq xx.xx.2024-cü il tarixli akta istinad etsə də, həmin aktdan görünür ki, aktı tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmiş, aktda ümumi xarakterli ifadələrdən istifadə edilmiş, iddiaçının konkret olaq nə vaxt, hansı əmək funksiyasını icra etməməsi aktda öz əksini tapmamış, işçinin nəyə görə etik davranış qaydalarını pozması qeyd edilməmişdir. İşəgətürən işçiyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verərkən onun verdiyi izahatda qeyd olunanları araşdırmamış, DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin keçirilmiş iclasında iştirak edən digər şəxslərin izahatları alınmamış, hansı səbəbdən işçinin etik davranış qaydalarını pozması müəyyən edilməmişdir. Bununla da işəgötürən əmək münasibətlərinin tənzimlənməsində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əməl etməməklə əssaslandırılmamış əmr qəbul etmişdir. Baxmayaraq ki, qəbul etdiyi əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmasını sübut etmək yükü işəgötürənə aiddir. Apellyasiya şikayətinin dəlillərində iddiaçı ilə bağlı qüvvədən düşən əmrlərə istinad etməklə cavabdeh bir daha mübahisələndirilən əmrinin əsassız olmasını, hər hansı bir mötəbər sübuta əsaslanmamasını nümayiş etdirmişdir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 4080/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.