Məhkəmə qərarları › İş №2(103)-638/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-638/2023

17.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-638/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və sair tələbləri” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 avqust 2022-ci il tarixli qətnamədən cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1, cavabdeh MMCnin vəkili (nümayəndəsi) Vəkil3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış "xxxx" xitam verilməsi barədə MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 012K nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki işinə - MMC-də supervayzer vəzifəsinə bərpa olunması və işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının MMC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış "xxxx" və MMC üzə verilmiş xx.xx.2020-ci il tarixli, 07 saylı əmr ilə MMC-yə supervayzer (qərb bölgəsi üzrə) vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi dövrdə iddiaçı ona tapşırılmış işləri kefiyyətlə və vaxtında görmüş, əmək funksiyalarını vicdanla yerinə yetirmişdir. Buna baxmayaraq MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 012K nömrəli əmr ilə onunla MMC arasında bağlanmış "xxxx" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə qeyd edilir ki, iddiaçı, ona verilmiş tapşırığı yerinə yetirməmişdir. İddiaçı hesab edir ki, həmin əmr qanunsuz və əsassızdır. Əmr, ona qarşı olan qərəzli münasibət nəticəsində verilmişdir. Belə ki, qeyd edilən əmr verilməmişdən təxminən 1 ay əvvəl, yəni xx.xx.2022-ci il tarixdə MMC üzrə 001NİT nömrəli əmr ilə iddiaçıya töhmət elan edilmişdir. Əmrdə hansı tapşırığın nəzərdə tutulduğu aydın deyil, həmçinin əsas olaraq məsul şəxsin təqdimatı və məktub göstərilmişdir. Əmrdə əsas kimi göstərilmiş məktub, iddiaçının cavab məktubudur ki, həmin məktubda iddiaçı ona verilmiş tapşırıqları yerinə yetirdiyini, hesabatları vaxtında verdiyini göstərmişdir. xx.xx.2022-ci il tarixdə verilmiş əmrdə isə qeyd olunur ki, cavabdeh MMC-nin qərb bölgəsi üzrə supervayzeri olan iddiaçı xx.xx.2022-ci il tarixdən ona satış üzrə direktor müavini Valeriy Seleznev tərəfindən verilən tapşırıqları yerinə yetirməmişdir. Əmrdə hansı tapşırıqların yerinə yetirilməməsi aydın deyil. Halbuki, əmrdə tapşırıq aydın və konkret qeyd edilməlidir. İddiaçının bildirdiyinə görə ona iki tapşırıq verilib. 1-ci tapşırıq 2021-ci ilin dekabr ayında “Bonde” uşaq peçenyasının hər satış təmsilçisi 600 ədəd satılması olmuşdur. İddiaçı satışı yerinə yetirdiyini bildirmişdir. 2-ci tapşırıq ərazinin və marşurutların optimallaşdırılması, yəni 6 satış təmsilçisinin 110-120 satış nöqtələri var, böyük dövriyyəli satış agentlərindən kiçik dövriyyəli satış agentlərinə keçid edilməsi olmuşdur. Tapşırıqların tam yerinə yetirilməsi elektron poçt vasitəsi ilə yazışmalarla sübuta yetir. Həmin yazışmalardan həmçinin iddiaçıya işdən özü çıxması üçün təzyiq göstərildiyi görünür. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Lakin, xx.xx.2022-ci il tarixli əmrdə işəgötürən əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi tapşırıqların yerinə yetirilməməsinə görə xx.xx.2022-ci il tarixli töhməti verilməsi, sonra töhmətdən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasını qeyd etməklə kifayətlənmişdir. Əmrdə iddiaçının hansı tapşırıqları yerinə yetirməməsi göstərilməmişdir. Halbuki, iddiaçı, ona verilmiş tapşırıqları vaxtında yerinə yetirmişdir. İddiaçı bildirir ki, həmin əmrdən görünür onun işdən azad edilməsi işəgötürən tərəfindən əvvəlcədən planlaşdırmışdır. Belə ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə töhmət verilmiş, həmin gün direktor müavini tərəfindən ona əmək funksiyalarını yerinə yetirməməsi ilə bağlı direktora təqdimat verilmişdir. 28 gün sonra isə o, işdən azad edilmişdir. Əmrdə, əmrin verilməsi üçün əsas xx.xx.2022-ci il tarixli əmr, direktor müavinin təqdimatı, xx.xx.2022-ci il tarixli məktub göstərilmişdir. Əmrdə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Əmrdə iddiaçının iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması haqqında heç bir məlumat yoxdur, çünki, belə bir hal olmamışdır.

b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işçi tərəfindən əmək vəzifələrini kobud şəkildə pozulması hallarından biri də əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasının pozulmasıdır. Cavabdeh MMC iddiaçı ilə bağladığı "xxxx" xitam verilməsi barədə əmrdə bu halı əsas göstərsə də, məhkəmə araşdırması zamanı işçi tərəfindən təkrarən əmək funksiyasının pozuntusu halı müəyyən edilməmişdir. Belə ki, işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli 001NİT nömrəli əmrlə iddiaçının ona verilmiş tapşırıqların tam yerinə yetirməməsinə görə töhmət verildikdən əvvəl onun əmək funksiyalarının yerinə yetirməməsi təkrarən (yenidən) əmək funksiyasını pozulması hesab edilə bilməz. Digər tərəfdən işçinin intizam tənbehi tətbiq edilməsi ilə əlaqədar izahatın alınması işçinin əmək funksiyası deyil, işçiyə intizam tənbehin verilməsi qaydasıdır. Odur ki, iddiaçı tərəfindən yazılı izahatın verilməsindən imtina əmək funksiyasının pozuntusu kimi qiymətləndirilmir.

c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarından olan xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixlərdə iddiaçı ilə MMCnin satış üzrə direktor müavini Valeriy Seleznev arasında aparılmış elektron məktub yazışmalarından görünür ki, Valeriy Seleznev iddiaçı tərəfindən ərazinin optimallaşdırılması üzrə hesabatların düzgün aparılmadığını bildirmiş, sonuncu hesabatın tamamlandığını, sadəcə bəzi addımları – TT-nin düzgün bölmək və hüquqi şəxsləri iki sətrə bölmək, yekunlaşdırmaq gərəkdiyini bildirmiş, izahat verməkdən imtina etdiyinə görə xx.xx.2022-ci il tarixdə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən töhmət verilməsi barədə 001NİT №-li əmr verilmişdir. Bu əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 11:33-da Valeriy Seleznev tərəfindən iddiaçıya yeni tapşırıqlar verilmişdir ki, iddiaçı, gün ərzində, saat 18:00-dək 2022-ci ilin mart ayınadək iş qrafiki və xx.xx.2022-ci saat 09:00-dək 2022-ci il ərzində (aylar üzrə) görülən işlərin hesabatını təqdim etsin. İddiaçı cavab məktubunda Valeriy Selezneva müraciət edərək göstərmişdir: “Valeriy, mənim harada, kimlə və nə iş gördüyümü sən bilməyəcəksən. Əlbəttə ki, sahələrdəyəm. Məndən heç nə gözləmə. Mən sənə heç bir hesabat verməyəcəm”. Göründüyü kimi, iddiaçı, ona verilmiş tapşırıqları yerinə yetirməkdən imtina etmişdir. Lakin Rayon Məhkəməsi bu hala obyektiv yanaşmamış və hesab etmişdir ki, işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli əmrlə iddiaçının ona verilmiş tapşırıqların tam yerinə yetirməməsinə görə töhmət verildikdən əvvəl iddiaçı tərəfindən əmək funksiyalarının yerinə yetirməməsi onun təkrarən (yenidən) əmək funksiyasını pozulması hesab edilə bilməz. İddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə verilən tapşırıqların yerinə yetirməməsinə görə xx.xx.2022-ci il tarixdə töhmət verilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə verilən tapşırıqlar həm təkrar, həmdə yeni tapşırıqlardır. Verilmiş tapşırıqlar öz icrasını tapmadığından eyni tapşırıq işçiyə - iddiaçıya təkrar verilə bilər. Tapşırıqlar fərqli tarixlərlə verildiyinə görə həmin tapşırıqlar təkrar, yəni yenidən verilmiş tapşırıqlar hesab edilir. Lakin Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə iddiaçıya verilən tapşırıqları töhmət verildikdən əvvəl verilən tapşırıqlar kimi qiymətləndirmişdir. xx.xx.2022-ci il tarixdə verilən töhmətdən sonra iddiaçı, əmək funksiyasını dayandırmamışdır və iş vaxtı daxilində ona yeni, təkrar tapşırıqların verilməsi normal haldır.

d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları

7. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, Rayon Məhkəməsi iddiaçı ilə Valeriy Seleznev arasında olan elektron yazışmaları nəzərə almayıb. Həmin yazışmalarda iddiaçının töhmət verildikdən sonra da əmək funksiyalarını yerinə yetirməməsi əks olunub. İddiaçıya eyni tapşırıqlar təkrara verilmiş, lakin o, tapşırıqların icrasından imtina etmiş və yerinə yetirməmişdir. Təkrarən, yəni 6 ay ərzində, əmək funksiyasını yerinə yetirmədiyinə görə iddiaçı ilə bağlanmış "xxxx" xitam verilmişdir.

8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı barəsində verilmiş təqdimat tapşırıqlarla bağlı olmamışdır. Təqdimatda tələb olunan hesabatlar olmuşdur. İddiaçıya eyni əmələ görə MMC tərəfindən iki dəfə intizam tənbehi verilmişdir.

f) Hazırki işdə olan sənədlər barədə məlumat

9. Cavabdeh MMC ilə iddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il "xxxx" görünür ki, iddiaçı, MMC-yə işə - ərazi satışları şöbəsində supervayzer vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. İddiaçı işçi olaraq aşağıdakı funksiyalarının icrasını öhdəsinə götürmüşdür: 1) tabeçiliyində olan işçilərin qarşısında qoyulmuş vəzifələri onların nəzərinə çatdırmaq, işçilərin qoyulmuş vəzifələrin həllinə hazırlığını yoxlamaq; iş sahələrinin işçilər arasında bölgüsündə iştirak etmək; 2) ticarət nümayəndələri komandasının işinə düzəlişlər etmək, planlaşdırılmamış, yaxud qeyristandart vəziyyətlər yarandıqda, işin ümumi qaydası pozulduqda işçiləri müəyyən işlərin icrasına təyin etmək; 3) əmək funksiyasının yerinə yetirərkən işə götürənə özünün istehsal fəaliyyəti ilə bağlı ixtiraları, səmərələşdirici təklifləri haqqında məlumat vermək.

10. Həmin “Əmək müqaviləsinin” şərlərinə görə, müqavilə, müqavilə tərəflərdən birinin təşəbbüsü ilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslara və qaydaya ciddi riayət olunmaqla ləğv oluna bilər.

11. İddiaçı ilə MMC-nin satış üzrə direktor müavini Valeriy Seleznev arasında xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə aparılmış elektron yazışmalarını əks etdirən sənədlərdən görünür ki, V.Seleznev iddiaçı tərəfindən ərazinin optimallaşdırılması üzrə hesabatların düzgün aparılmadığını bildirmişdir. İddiaçı, hesabatın tamamlandığını, sadəcə bəzi addımları - TT-nin düzgün bölmək və hüquqi şəxsləri iki sətrə bölmək, yekunlaşdırmaq gərəkliyini bildirmiş, izahat verməkdən imtina etmişdir.

12. İddiaçı ilə MMC-nin satış üzrə direktor müavini V.Seleznev arasında xx.xx.2022ci il tarixində aparılmış elektron yazışmalarını əks etdirən sənədlərdən görünür ki, V.Seleznev iddiaçının hansı ərazidə və hansı TP-lərlə işlədiyini məruzə etməməklə daxili nizamı pozmasını bildirmiş və bununla bağlı iddiaçıdan izahat verməyi tələb etmişdir. İddiaçı, buna cavab olaraq V.Selezneva məruzə etməyəcəyini bildirmişdir.

13. V.Seleznev tərəfindən cavabdeh MMC-nin müdirinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məruzəsindən görünür ki, xx.xx.2022-ci il SV satış şöbəsi, iddiaçı qarşısında ərazilərin və TP marşrutların optimallaşdırılması tapşırığını vermişdir. tapşırığın icra müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Tapşırıq iddiaçının elektron poçtuna göndərilmiş, lakin iddiaçı tapşırığı icra etməmişdir. Bu səbəbdən o, iddiaçıya tapşırığın icrası üçün əlavə vaxt vermişdir. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək iddiaçı xəstəliklə bağlı işdə olmamışdır. xx.xx.2022-ci il tarixdə iddiaçıya eyni tapşırıq təkrar verilmiş və tapşırığın icra müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmişdir. Tapşırığı icra edilməsi qaydası iddiaçıya izah edilmiş, buna baxmayaraq, iddiaçı vacib olan tapşırığı icra etməmişdir. Göstərilənlərə əsasən o hesab edir ki, iddiaçı, “Əmək müqaviləsi” üzrə üzərinə götürdüyü əmək funksiyalarını icra etmək istəmir və bacarmır, bununla da iddiaçı, ona həvalə edilmiş ərazidə MMC-nin inkişafını ləngidir.

14. MMC-nin müdiri tərəfindən iddiaçıya ünvanlanmış məktubun surətindən görünür ki, həmin məktubla iddiaçıdan tapşırıqların yerinə yetirilməməsinin səbəbləri barədə yazılı izahat vermək tələb edilmişdir.

15. V.Seleznev tərəfindən cavabdeh MMC-nin müdirinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məruzəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə şirkətin Gəncə filialına gətmişdir. Həmin gün onunla satış şöbəsinin supervayzeri olan iddiaçının görüşü təyin edilmişdir. Görüşün mövzusu iddiaçının ona verilmiş tapşırıqların icra edilməməsi ilə bağlı yazılı izahatların alınması olmuşdur. Bu görüş zamanı da, onun tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, əmək funksiyalarını icra etmək istəmir və qərəzli olaraq münaqişə yaradır.

15. MMC-nin müdiri tərəfindən iddiaçıya ünvanlanmış məktubun surətindən görünür ki, sonuncudan tapşırıqların yerinə yetirilməməsi, bu barədə ona ünvanlanmış məktubu qəbul etməməyi və yazılı izahat verməkdən imtina etməyin səbəbləri barədə ümumiləşdirilmiş yazılı izahatın verilməsi tələb edilmişdir.

16. V.Seleznev tərəfindən cavabdeh MMC-nin müdirinə ünvanlandığı xx.xx.2022-ci il tarixli məruzəsindən görünür ki, xx.xx.2022-ci il SV satış şöbəsi, iddiaçı qarşısında ərazilərin və TP marşrutların optimallaşdırılması tapşırığını vermişdir. tapşırığın icra müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Tapşırıq iddiaçının elektron poçtuna göndərilmiş, lakin iddiaçı tapşırığı icra etməmişdir. Bu səbəbdən o, iddiaçıya tapşırığın icrası üçün əlavə vaxt vermişdir. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək iddiaçı xəstəliklə bağlı işdə olmamışdır. xx.xx.2022-ci il tarixdə iddiaçıya eyni tapşırıq təkrar verilmiş və tapşırığın icra müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmişdir. Tapşırığı icra edilməsi qaydası iddiaçıya izah edilmiş, buna baxmayaraq, iddiaçı vacib olan tapşırığı icra etməmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində baş tutmuş görüş zamanı, iddiaçı ilə kompüter qarşısında nəyin və hansı qaydada icra etmək lazım olduğunu izah etmişdir. Tapşırığın icra edilməsi üçün yeni müddət xx.xx.2022-ci il tarixə saat 18:00-dək müəyyən edilmişdir. Müddət bitənə qədər iddiaçı icra etdiyi tapşırığı onun elektron poçtuna göndərmişdir. Onun tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, tapşırığı icrasında bir çox səhvlərə yol vermişdir ki, bu səhvlərə görə tapşırığı icra edilmiş saymaq mümkün deyil. Göstərilənlərə əsasən müəyyən etmək olar ki, iddiaçı, “Əmək müqaviləsi” üzrə üzərinə götürdüyü əmək funksiyalarını icra etmək istəmir və bacarmır, bununla da iddiaçı, ona həvalə edilmiş ərazidə MMC-nin inkişafını ləngidir.

17. MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 001NİT nömrəli əmrdən görünür ki, iddiaçı, ona verilmiş tapşırıqları tam şəkildə yerinə yetirməmiş, yerinə yetirilməməsinin səbəblərini aydınlaşdırmaq üçün yazılı izahat verməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən töhmət elan edilir.

18. MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 012K nömrəli əmrdən görünür ki, cəmiyyətin qərb bölgəsi üzrə supervayzeri olan iddiaçı, xx.xx.2022-ci il tarixdən ona satış üzrə direktor müavini V.Seleznev tərəfindən verilən tapşırıqlar yerinə yetirməmişdir. Bununla bağlı V.Seleznev tərəfindən iddiaçıdan tapşırıqların yerinə yetirilməməsinin səbəbinin izah edilməsi xahiş olunmuş, lakin iddiaçı izahatın verilməsindən imtina etmişdir. xx.xx.2022-ci il tarixdə V.Seleznevun yazılı təqdimatı əsasında MMC tərəfindən iddiaçıya məktub göndərilmiş, həmin məktubda iddiaçıdan əmək funksiyalarının icra edilməməsi ilə bağlı izahatın verilməsi xahiş olunmuş, lakin iddiaçı izahat verməmişdir. Bunu nəzərə alaraq xx.xx.2022-ci il tarixli, 001NİT nömrəli əmrlə iddiaçıya, ona verilmiş tapşırıqların tam yerinə yetirməməsinə görə töhmət verilmişdir. xx.xx.2022-ci il tarixdə V.Seleznev tərəfindən yeni təqdimat daxil olmuşdur. Həmin təqdimatda iddiaçının əmək funksiyalarının yenidən yerinə yetirməməsi göstərilmişdir. MMC tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya izahatın verilməsi ilə bağlı məktub göndərilmiş, lakin cavab məktubunda iddiaçı, ona verilmiş bütün tapşırıqların yerinə yetirilməsini qeyd etmişdir. Buna baxmayaraq, iddiaçı, ona verilmiş tapşırıqları faktiki olaraq yerinə yetirilməmişdir. Beləliklə də, iddiaçı, ona verilmiş töhmətdən nəticə çıxarmayaraq əmək funksiyalarını təkrarən pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, MMC-nin supervayzeri işləyən iddiaçı ilə bağlanmış “Əmək müqaviləsi” xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində sadalanan hal) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (xx.xx.2022-ci il tarixli 001NİT nömrəli əmr) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün ləğv edilir.

g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

19. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir.

20. Belə ki, cavabdeh MMC-nin iddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2022-ci il tarixli əmrlə xitam verməklə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinin pozulmasını qeyd edən Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçının iddiası əsaslıdır.

21. Rayon Məhkəməsi qəbul etdiyi qətnamədə göstərmişdir ki, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından biri də əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozulmasıdır. Cavabdeh MMC, onunla iddiaçı arasında bağlanmış "xxxx" xitam verdikdə bu halı əsas göstərsə də, məhkəmə araşdırması zamanı işçi olan iddiaçı tərəfindən təkrarən əmək funksiyasının pozuntusu halı müəyyən edilməmişdir. Belə ki, işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli 001NİT nömrəli əmrlə iddiaçının ona verilmiş tapşırıqların tam yerinə yetirməməsinə görə töhmət verildikdən əvvəl əmək funksiyalarının yerinə yetirməməsi onun təkrarən (yenidən) əmək funksiyasını pozulması hesab edilə bilməz.

22. Məhkəmə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya verilmiş tapşırıqların tam yerinə yetirməməsinə görə töhmət verilmişdir. İddiaçı ilə V.Seleznev arasında aparılmış elektron məktub yazışmalarından müəyyən olunur ki, töhmət verildikdən sonra da iddiaçının əmək vəzifələrini tam yerinə yetirməməsi ilə bağlı ona çoxsaylı irad bildirilmişdir. Bundan başqa, nəzərə almaq lazımdır ki, işçiyə töhmət verilməsi onun töhmət verilməsinə səbəb olmuş görülməyən tapşırıqlarının icrasından azad etmir. Əmək vəzifələrini tam yerinə yetirmək iddiaçının vəzifəsi olmasına baxmayaraq, o, verilmiş töhmətdən nəticə çıxarmayaq əmək funksiyalarını pozmaqda davam etmişdir.

23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər (maddə 68; hissə 1.). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: "xxxx" tərəflərdən birinin təşəbbüsü; “b” əmək müqaviləsinin müddətinin qurtarması; “c” əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; “ç” müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); “d” tərəflərin iradəsindən asılı olmayan hallar; “e” tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar (maddə 68; hissə 2.). Əmək müqaviləsinin işəgötürən tərəfindən aşağıdakı əsaslar ilə ləğv edilə bilər: "xxxx" müəssisə ləğv edildikdə; “b” işçilərin sayı və ya ştatları ixtisar edildikdə; “c” peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; “ç” işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; “d” sınaq müddəti ərzində işçi özünü doğrultmadaqıda; “e” dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda (maddə 70.). Bu Məcəllənin 70-ci maddəsinin “ç” hissəsində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddə 71; hissə 2.). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71; hissə 3.). Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72; bənd “ə”.). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər (maddə 76; hissə 1.). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz (maddə 76; hissə 2.). əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbehi olmaqla ən ağır tənbeh növüdür. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır (maddə 186.). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir (maddə 187; hissə 1.). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır (maddə 300; hissə 1.).

24. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, göstərilən əmrin ləğv edilməsi və ya etibarsız hesab edilməsi üçün əsaslar, habelə cavabdeh MMC-nin rəhbərliyinin MMC-nin işçisi olan iddiaçıya qarşı qərəzli mövqeyi apellyasiya baxışı ilə müəyyən edilməmişdir. Cavabdeh MMC xx.xx.2022-ci il tarixli əmri qəbul etməkdə haqlı olmuşdur.

25. Buna görə də Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh MMC-yə qarşı irəli sürülmüş “əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdeh MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi barədə” tələbi əsassız olduğundan təmin oluna bilməz. Bu tələb əsassız olduğundan ondan irəli gələn “iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməsi barədə” tələblər də, əsassız hesab edilməli və bu tələblərin əsaslılığı ayrıca müzakirə edilməməlidir.

h) apellyasiya baxışının nəticəsi

26. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Rayon Məhkəməsi işin hallarını səhv müəyyən etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır.

27. MPM-nin 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

28. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 avqust 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və sair tələbləri” barədə iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar