Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-638/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “qohumluq faktının təsdiq olunması” barədə ərizəsinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: hüquqi faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X16 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismind cəlb edilməklə) “qohumluq faktının təsdiq olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5032/2024 saylı 7 oktyabr 2024-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 fevral 2004-cü il tarixli 2-391/2004 nömrəli qətnaməsi ilə ərizəçi X2 - mərhum Əliqulu Sucəddin oğlunun arvadı, Sucəddin Əliqulu oğlunun gəlini olması, eləcə də onun Bakı şəhəri Kürdəxani qəsəbəsi, Ağaverdi küçəsi, 14 nömrəli ev üzrə mirası qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir.
2. xx.xx.1985-ci il tarixdə Bakı şəhəri Kürdəxani qəsəbəsində X11, X5, X9 və bir sıra şəxslərin iştirakı ilə tərtib olunan akta əsasən Ağverdiyev küçəsi 10 nömrəli evdə yaşayan Yasəmən Ruhulla qızı ona məxsus olan evi (bir otaqlı, ¾, 5 m) onun qaynı Sucəddin Əliqulu oğlunun oğlu Əliqulu Sucəddin oğluna qalmasını vəsiyyət etmişdir.
3. 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi cavab məktubundan göründüyü kimi, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 10 nömrəli mənzilin texniki pasportu mövcuddur və həmin texniki pasport mərhum Yasəmən Ruxulla qızının adınadır.
4. Bakı şəhəri 17 saylı Notariat Ofisinin 1 dekabr 2020-ci il tarixli, 546 nömrəli məktubunda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinə müraciət edərək, X7 Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək, xx.xx.1986-cı il tarixdə vəfat etmiş qaynatası X12 qalmış miras əmlaka (Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 14 yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X13 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın X4 və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsini təmin edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri 17 saylı Notariat Ofisinin 13 may 2024-cü il tarixli 255 nömrəli sorğuya cavab məktubunda Ərizəçi ərizədə adı qeyd olunan Yasəmən Ruhulla qızının ölüm haqqında şəhadətnaməsi və qohumluğu təsdiq edən sənədlərin olmadığı bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. Ərizəçi Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb etməklə “qohumluq münasibəti və mirasın qəbul edilməsi faktının təsdiq olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3+4,5 Yasəmən Ruhulla qızından miras qalan əmlakın onun tərəfindən qəbul edilməsi və Yasəmən Ruhulla qızının vəsiyyət etdiyi miras əmlakda qeyd olunan şəxsin Əliqulu Sücəddin oğlunun onun atasının əmisi olması qohumluq faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, o, X2 vərəsəsidir. 6 fevral 2004-cü il tarixdə X8 qohumluq münasibətlərinin və miras əmlakın qəbul edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmiş və 2-391/2004 nömrəli qətnamə ilə ərizəsi təmin edilərək, onun mərhum Əliqulu Sucəddin oğlunun arvadı, Sucəddin Əliqulu oğlunun gəlini olması, eləcə də onun Bakı şəhəri Kürdəxani qəsəbəsi, Ağaverdi küçəsi, 14 nömrəli ev üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. xx.xx.1985-ci il tarixdə Bakı şəhəri Kürdəxani qəsəbəsində X11, X5, X9 və bir sıra şəxslərin iştirakı ilə tərtib olunan aktda Ağverdiyev küçəsi 10 nömrəli evdə yaşayan Yasəmən Ruhulla qızı vəfat etmədən öncə qeyd olunan şəxslərin yanında vəsiyyətnamə etməsi və vəsiyyətnamədə onun qayını Sucəddin Əliqulu oğlunun oğlu Əliqulu Sucəddin oğluna qalması faktı öz əksini tapmışdır. Həmin vaxtdan faktiki miras əmlakı Əliqulu Sucəddin oğlu tərəfindən qəbul edilmiş, mərhum öldükdən sonra miras əmlak X8 tərəfindən idarə olunmuş və onun ölümündən sonra Sədiqə Qurbanovanın vərəsəsi olan onun faktiki idarəçiliklə qəbul olunmuşdur. Yasəmən Ruhulla qızının övladı olmamış və bu əsasla da miras əmlakı həyat yoldaşının qardaşının oğluna vəsiyyət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi cavab məktubundan göründüyü kimi Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 10 nömrəli mənzilin texniki pasportu mövcuddur və həmin texniki pasport mərhum Yasəmən Ruxulla qızının adınadır. Miras əmlakın qəbul edilməsi üçün qohumluq münasibərlərinin təsdiq olunması zərurəti yaranmışdır. Əsası isə məhkəmənn qanuni qüvvəsini almış qətnaməsi nəzərə alınsa, X1 Sucəddin oğlunun vərəsəsidir və ona məxsus olan əmlak tərəfindən qəbul edildikdən sonra miras əmlakı qızı, yəni ona bağışlamışdır. O, xx.xx.2024-cü il tarixdə 17 saylı notariat orqanına ərizə ilə müraciət edərək, Yasəmən Ruhulla qızından qalmış miras əmlaka dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəmiş cavab olaraq ölüm haqqında şəhadətnamə və qohumluğu təsdiq edən sənədin olmaması əsas gətrilməklə bu məsələnin həlli ilə əlaqədar olaraq məhkəməyə müracət olunması bildirilmişdir. Sənədlərin əldə olunması üçün qohumluq faktının təsdiq olunması zərurəti yarandığından məhkəməyə müraciət etməli olmuşdur.
8. Sonradan tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, adları çəkilən şəxslərin ərizəçiyə münasibətdə qohumluq əlaqələri ilə əlaqədar X7 - Əliqulu Sücəddin oğlunun arvadı, Sücəddin Əliqulu oğlunun gəlini olduğu, Əliqulu Sücəddin oğlu xx.xx.1928-ci ildə anadan olaraq, 1989-cü ildə vəfat etdiyi, Sücəddin Əliqulu oğlunun - 1986-cı ildə vəfat etdiyi, X3 - Əliqulu Sücəddin oğlunun arvadı, Sücəddin Əliqulu oğlunun gəlini olması Sabunçu Rayon Məhkəməsinin 2-391/2004 nömrəli, 06 fevral 2004-cü il tarixli qətnaməsi ilə təsdiq olunduğu bildirilmişdir. Yasəmən Ruhulla qızı - Sücəddin Əliqulu oğlunun qardaşı arvadı olmuş, vəfat etməmişdən əvvəl yaşadığı evi Sücəddin Əliqulu oğlunun - oğlu Əliqulu Sücəddin oğluna vəsiyyət etmiş, X7 - Əliqulu Sücəddin oğlunun vərəsəsidir və həmin şəxs öz əmlakını - qızı Ərizəçi bağışlamışdır. Göstərilənlərə əsasən onun Yasəmən Ruhulla qızı ilə qohum olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5032/2024 saylı 7 oktyabr 2024cü il tarixli qətnaməsi ilə ərizənin rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Ərizəçi ərizə ilə müraciət edərək, Yasəmən Ruhulla qızının qohumu olması və ondan qalmış mirasın qəbulu faktının müəyyən edilməsini xahiş etmişdir. Hazırkı mübahisəyə Yasəmən Ruhulla qızının öldüyü zaman qüvvədə olan 1965-ci il Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllə ilə nəzərdə tutulmuş növbəliyə əsasən Ərizəçi, Yasəmən Ruhulla qızının vərəsəsi hesab olunmur və onun Yasəmən Ruhulla qızına münasibətdə vərəsə olması iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin Ərizəçi babasının qardaşı arvadına münasibətdə onun qohumu olmasını, vərəsəsi olmasını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçinin Yasəmən Ruhulla qızı ilə heç bir qohumluq əlaqəsi yoxdur. Yəni ərizəçinin Yasəmən Ruhulla qızına münasibətdə qohumluq faktının müəyyən olunması heç bir hüquqi nəticə törətmir və Ərizəçi onun vərəsəsi hesab edilə bilməz.
11. Eyni zamanda mirası da qəbul etməsi barədə ərizəçi heç bir sübut təqdim etməmiş, yalnız 1985-ci il tarixdə qonşuların iştirakı ilə tərtib olunmuş akt vəsiyyətnamə hesab edilə bilməz. Həmin aktın heç bir hüquqi qüvvəsi yoxdur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2.6 və 308-ci maddələrinə; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 nömrəli plenum qərarının 7-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5032/2024 saylı 7 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən konstitusiyanın bu maddəsinin tələbləri qəsdən pozulmuş və ərizəçinin mənafeyinə laqeyd, yanaşılmışdır. Çox təəssüf ki, məhkəmə tərəfindən qəsdən Bakı şəhəri Sabunçurayon məhkəməsinin bu işə aidiyyatı olan qətnaməsi və Kürdəxanı qəsəbə nümayəndəliyinin təsdiq etdiyi akt nəzərə alınmamışdır. İşə baxan məhkəmə tərəfindən bu maddənin tələbləri pozulub. Sabunçu rayon Məhkəməsinin bu işə aidiyyatı olan 06 fevral 2004-cü il tarixli, 2-391/2004 saylı qətnaməsi işə baxan məhkəmə tərəfindən nəzərə alınmayıb. Qeyd olunduğu kimi məhkəmə tərəfindən təqdim olunan və iş üçün əsas əhəmiyyət kəsb edən sübutlara düzgün, obyektiv qiymət verilməmiş və nəticədə düzgün olmayan bir qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək bildirmişdir ki, Ora 57 ildir ki, onların istifadəsindədir. Həyətin sənədləşdirilməsi üçün qohumluq faktı müəyyən olunmalıdır. O, DƏDRX-yə müraciət etdi, orada ona bildirdilər ki, qohumluq faktı müəyyən olunmalıdır.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin olunması xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
22.4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 23.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
26. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 27.217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 28.218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 29.305.1.1-ci və 307.2.1-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 30.308-ci və 311-ci maddələrinə görə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarında məhkəmələrə tövsiyə olunmşdur ki,
31.Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. ... Qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. .... Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılsa da, mübahisəyə prosessal hüquq normaları düzgün tətbiq edilməmişdir.
33. İş materiallarından görünür ki, ərizəçi qohumluq münasibətlərində olma və mirasın qəbuluna dair hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Sonradan tələblərin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun Yasəmən Ruhulla qızı ilə qohum olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Məhkəmə ərizəçi tərəfindən verilmiş sözügedən ərizəni xx.xx.2024-cü il tarixli məhkəmə iclasında icraatına qəbul etmiş, 2(008)-5032/2024 saylı mülki iş üzrə qəbul etdiyi 7 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə ərizənin rədd edilməsi qənaətinə gəlmişdir.
35. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Ərizəçi ərizə ilə müraciət edərək, Yasəmən Ruhulla qızının qohumu olması və ondan qalmış mirasın qəbulu faktının müəyyən edilməsini xahiş etsə də, araşdırma zamanı ərizəçinin Yasəmən Ruhulla qızı ilə heç bir qohumluq əlaqəsi olmadığı müəyyən olunmuşdur. Məhkəmə eyni zamanda ərizəçinin mirası qəbul etməsi barədə heç bir sübut təqdim etmədiyini qeyd etmişdir.
36. Məhkəmə kollegiyası Ərizəçi Yasəmən Ruhulla qızı ilə qohum olması faktının müəyyən edilməsi üçün əsasların müəyyən edilmədiyi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, miras açıldığı tarixdə qüvvədə olmuş Ailə və Mülki Məcəllələrinin müvafiq normalarının mənasına görə, ərizəçinin miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi müəyyən edilməmişdir, onun müvafiq şəxs ilə qohumluq münasibətlərinin mövcudluğunun müəyyən edilməsi barədə ərizənin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, vəsiyyət üzrə vərəsəlik zamanı şəxs mirasqoyanın qohumu olub-olmadığından asılı olmayaraq, onun vərəsəsi ola bilər. Hazırkı halda da ərizəçinin istinad etdiyi xx.xx.1985-ci il tarixli akta əsasən Yasəmən Ruhulla qızının sahibliyində olan əmlakı qayını Sucəddin Əliqulu oğlunun oğlu - Əliqulu Sucəddin oğluna vəsiyyət etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, ərizəçi nail olmaq istədiyi hüquqi marağının təsdiq edilməsi üçün qanunvericiliklə ona verilən imkanlardan düzgün istifadə etməmişdir. Belə ki, ərizəçinin göstərdiyi şəxslə qohumluq dərəcəsinin müəyyən edilməsi vəsiyyətnamə ilə digər şəxsin sərəncamına keçmiş mirasdan, sonuncunun vərəsəsi olaraq, pay almasına istədiyi hüquqi şərait yaratmayacaqdır. Hazırkı halda vəsiyyət üzrə vərəsənin (Əliqulu Sucəddin oğluna) mirası qəbul edib-etmədiyi araşdırılmalı və ona münasibətdə qohumluq münasibətlərinin mövcudluğu müəyyən edildiyi halda növbəti prosessual hərəkətə keçilməlidir.
38. Bundan başqa birinci instansiya məhkəməsi ərizənin digər hissəsinə münasibət bildirərək, ərizəçinin mirası qəbul etməsi barədə hər hansı sübutu təqdim etmədiyini, tərəfindən yalnız 1985-ci il tarixdə qonşuların iştirakı ilə tərtib olunmuş aktın təqdim edildiyini, bu aktın isə vəsiyyətnamə hesab edilmədiyini qeyd etmişdir.
39. Göründüyü kimi bu tələb üzrə araşdırma aparan məhkəmə iş üzrə nəticəyə gələrkən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında qəbul etdiyi tələblərin azaldılması barədə ərizəni nəzərə almamış, ərizəçinin irəli sürdüyü tələblərdən kənara çıxaraq prosessual pozuntuya yol vermiş, mirasın qəbulu faktı üzrə hüquqi dəyərləndirmə apararaq düzgün olmayan qətnamə qəbul etmişdir.
40. Halbuki Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
41. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirir. Belə hallarda məhkəmə iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir.
42. Məhkəmə mirasın qəbulu faktı üzrə hüquqi dəyərləndirmə apararaq Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini pozmuş, iddia tələblərindən kənara çıxmaq üçün əsas ola bilən müstəsna halın nədən ibarət olmasının qətnamədə göstərməmiş və əsaslandırmamışdır.
43. Beləliklə də, kollegiya birinci instansiya məhkəməsinin yol verdiyi prosessual hüquq normasının pozuntusunu nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5032/2024 saylı 7 oktyabr 2024-cü il tarixli qətnaməsi tamamılə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək Ərizəçi (Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismind cəlb edilməklə) “qohumluq faktının təsdiq olunması” tələbinə dair əizəsi rədd edilməlidir.
44. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5032/2024 saylı 7 oktyabr 2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi (Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismind cəlb edilməklə) “qohumluq faktının təsdiq olunması” tələbinə dair əizəsi rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev