Məhkəmə qərarları › İş №2(103)-6380/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6380/2021

09.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6380/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 12 mart 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən, iş üzrə tərəflərin iştirakları ilə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində (keçmiş Mirzə Davud küçəsində) yerləşən 110 “B” saylı özbaşına tikilinin ona məxsus olan hissədən cavabdehin və cavabdehə məxsus əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən ev özbaşına tikili olmaqla iddiaçının valideynləri tərəfindən 1964-cü ildə inşa edilmişdir. Tikiliyə dair “Texniki pasport” iddiaçının anası X1 adına 1972-ci ildə verilmişdir. A.Qafarova vəfat etsə də, “Texniki pasport” mərhumun adına qalmaqdadır. İddiaçı ilə cavabdeh 02.10.1996-cı il tarixdə nikaha daxil olarkən iddiaçının valideynləri sağ idilər və toy ərəfəsində tikilinin sahəsini genişləndirərək iddiaçı üçün ayrıca sahə ayırmışlar. Cavabdeh də məhz həmin hissəyə gəlin gəlmişdir. Həmin ünvanda 1-ci hissə hesab edilən tikilidən əlavə sahəsi 24,56 kv.m olan istifadəyə yarasız bir otaq olmuşdur. Nikahdan 2 övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdehin nikahı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06.12.2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra iddiaçı, ayrıca yaşamaq üçün sahəsi 24,56 kv.m olan otağa köçmüşdür. Lakin cavabdeh bu otaqda da yaşamağına qoymamış və iddiaçını həmin ünvanda yerləşən mənzildən qovmuşdur. Xətai Rayon Məhkəməsinin 19.01.2016-ci il tarixli qətnaməsi ilə iddiaçı həmin ünvanda yerləşən “2-ci tikili” deyilən hissəyə köçürülmüşdür. Mənzilə köçürüləndən sonra “2-ci hissədə” yerləşən sahəsi 24,6 kv.m olan istifadə üçün yararsız olan otaqda yerləşmişdir. Həmin otaqda yaşamaqda davam edərək keçmiş həyat yoldaşı və onun ailə üzvlərindən tam ayrı şəkildə özünün şəxsi maliyyə vəsaitləri hesabına yaşayış məqsədləri üçün iddiaçı əlavə iki otaq, yəni sahələri 17,63 kv.m və 17,2 kv.m olan otaqları inşa etmişdir. Qeyd edilən ünvanda yerləşən tikilinin cavabdehlərə aid hissəsi kommunal xidmətlərlə təmin edilmişdir. Qeyd edilən ünvana qaz xəttinin girişi cavabdehə aid hissədə olduğundan cavabdeh həyətin özünə aid hissəsindən kommunal xidmət xətlərin istifadəsində olan mənzilə çəkilməsinə etiraz etməklə yanaşı faktiki olaraq buna maneçilik törətmişdir. Bu mübahisənin həlli ilə bağlı 2018-ci il tarixdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin 13.03.2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək evin iddiaçının yaşadığı 3 otaqlı mənzilin kommunal vasitələrlə təmin edilməsi üçün maneələrin aradan qaldırılması hazırki iş üzrə cavabdehə qadağa edilmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuşdur. 2020-ci ilin təxminən iyun ayında cavabdeh yuxarıda qeyd edilən 3 otaqlı mənzilin sahibi kimi qanunsuz olaraq sahəsi 24,26 kv.m olan otağa köçmüşdür. Özü ilə həmin otağa yataq dəsti və tikiş maşını yerləşdirməklə həmin mənzili iddiaçının istifadəsindən çıxarmış, cavabdehi yaşayış yerindən məhrum etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.03.2021-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətini müdafiə etdi və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti (keçmiş Mirzə Davud küçəsində) 110 “B” ünvanda yerləşən ev özbaşına tikili olmaqla iddiaçının valideynləri tərəfindən 1964-cü ildə inşa edilmişdir. Tikiliyə dair “Texniki pasport” 1972-ci ildə iddiaçının anası Ayna Qafarovanın adına verilmişdir. Ayna Qafarova vəfat etsə də, “Texniki pasport” mərhumun adına qalmaqdadır. İddiaçı ilə cavabdeh 02.10.1996-cı il tarixdə nikaha daxil olarkən iddiaçının valideynləri sağ idilər və toy ərəfəsində tikilinin sahəsini genişləndirərək iddiaçı üçün ayrıca sahə ayırmışlar. Tikilinin “1-ci hissəsi” hesab edilən tikili Ayna Qafarovaya məxsus olmuşdur. Mübahisə predmeti olan yaşayış sahəsi isə tikilinin digər hissəsidir ki, cavabdeh də məhz həmin hissəyə gəlin gəlmişdir. Nikahdan 2 övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdehin nikahı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06.12.2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra iddiaçı, ayrıca yaşamaq üçün sahəsi 24,56 kv.m olan otağa köçmüşdür. Lakin cavabdeh bu otaqda da yaşamağına qoymamış və iddiaçını həmin ünvanda yerləşən mənzildən qovmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19.01.2016-cı il tarixli qətnaməsindən (İş № 2(011)-850/2016) görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə iddiaçının mübahisəli evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.04.2016-cı il tarixli qətnaməsindən (İş № 2(103)-3279/2016) görünür ki, həmin qətnamə ilə Xətai Rayon Məhkəməsinin 19.01.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bildirir ki, həmin tikili onun tərəfindən inşa edilmişdir və həmin tikiliyə heç bir hüququ olmayan cavabdeh əşyaları ilə birlikdə oradan çıxarılmalıdır. Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, tərəflərin özbaşına tikili olan mübahisəli evə dair hər hansı hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc və ya sair təsir tətbiq etməklə mənzildən çıxarma, güc və ya sair təsir tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İddiaçının mübahisəli sahə üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəmələrə təqdim edilmədiyindən onun cavabdehə qarşı irəli sürdüyü və məhrumetmə (evdən çıxarma) ilə müşayiət edilən iddia tələb qanunsuzdur. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli evə cavabdehə münasibətdə hər hansı üstün hüququ olmadığı (mülkiyyət hüququ qeydiyyata alınmadığı və s.) üçün cavabdehin əşyaları ilə birlikdə yaşadığı yerdən məhrum edilməsinin qanuni əsası yoxdur. Bundan başqa, Məhkəmə bildirir ki, iddiaçı mübahisəli tikilinin ona məxsus olması barədə dəlili öz təsdiqini tapmır. O, bununla bağlı sübutları (ona məxsus olmasını təsdiq edəcək hər hansı bir hüquq müəyyən edəcək sənədləri) məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda hesab edilməlidir ki, iddia əsassızdır və Rayon Məhkəməsi əsassız iddianı rədd etməkdə haqlı olmuşdur. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 12 mart 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar