Məhkəmə qərarları › İş №2(103)-6380/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6380/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6380/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1747/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. ünvan 1 ünvanında yaşayan İddiaçı yaşadığı mənzillə birlikdə R.V.Qasımovadan aldığı və yaşadığı məhəllədə yerləşən 18 (3.0 x 6.0) kv.metr ölçülü dəmir qaraj Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin xx.xx.2003-cü il tarixli 168/06 saylı sərəncamı ilə onun adına keçirilmiş və o, vergi ödəyicisi kimi qeydə alınmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən, qarajın yerləşdiyi 18.0 kv.m. torpaq sahəsi xx.xx.2002-ci il tarixdən vətəndaş İddiaçı icarəyə verilmişdir. Bununla əlaqədar tərəflər arasında xx.xx.2003-cü il tarixdə 273 saylı bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış və icarədar Bakı şəhər Yasamal rayon Bələdiyyə sədrinin 168/06 saylı xx.xx.2003-cü il tarixli sərəncamı əsasında İnşaatçılar 12/26 ünvanında yerləşən 18.0 kv.m-lik torpaq sahəsini ödəmə haqqı ilə müvəqqəti olaraq icarəçi İddiaçı icarəyə vermiş, icarəçi İddiaçı isə qəbul etmişdir. Əliyeva X3 rayonu Yasamal Bələdiyyəsinə 2003-2015-ci illər ərzində qarajın yerləşdiyi torpaq sahəsi üçün bələdiyyənin hesabına müxtəlif məbləğlərdə ödənişlər etmiş və bu barədə qəbzləri iş materiallarına əlavə edərək məhkəməyə təqdim etmişdir.

2. "xxxx" Şərikli Müəssisəsinin 17.08.98-ci il tarixli 06 saylı məktubu nəzərə alınaraq, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 198 saylı sərəncamı ilə "xxxx" X1 rayonu, İnşaatçılar prospekti, 494 saylı məhəllədə birmərtəbəli yaşayış evlərinin sökülməsi şərti ilə hündürmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikinti sahəsi üçün torpaq sahəsi ayrılmışdır. xx.xx.2000-ci il tarixli 279 saylı istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" Şərikli Müəssisəsinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 198 saylı sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllədə 1,5 hektar sahə hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün verilmişdir. "xxxx" Şərikli Müəssisəsi xx.xx.2015-ci il tarixdə Cavabdeh1 MTK ilə birgə fəaliyyət haqqında müqavilə imzalamış və müqaviləyə əsasən, tərəflər Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 494 saylı məhəllədə yerləşən 0,10 ha torpaq sahəsində layihə üzrə 1 bloklu 16 (on altı) mərtəbəli yaşayış evinin inşa edilməsi və inşa edilmiş obyektdəki mənzillərin və qeyriyaşayış obyektlərinin satılması üzrə birgə fəaliyyət göstərəcəkləri barədə razılığa gəlmiş, müştərək fəaliyyətin həyata keçirilməsindən irəli gələn bütün icraat, məsuliyyət və öhdəliklər Cavabdeh1 MTK-nın üzərinə qoyulmuş, "xxxx" Şərikli Müəssisəsi qeyd olunmuş yaşayış evinin tikilməsi üçün bu müqavilənin imzalanması anına əldə etdiyi layihə sənədlərini və müvafiq dövlət orqanlarından əldə olunmuş tikintiyə icazələri (lisenziya) Cavabdeh1 MTK-ya təqdim etmiş, mülkiyyətində olan və tikinti işlərinin aparılması üçün qeyd olunmuş 0,10 ha torpaq sahəsini Cavabdeh1 MTK-nın tam istifadəsinə vermiş və torpaq sahəsinə aid olan bütün sənədləri müqavilə qüvvədə olan müddətə Cavabdeh1 MTK-ya vermişdir. Müqaviləyə əsasən, Cavabdeh1 MTK sözügedən torpaq sahəsində müvafiq icra orqanları tərəfindən təsdiq olunmuş layihəyə əsasən tikinti işlərini aparmaq hüququna malik olmuşdur. Cavabdeh1 MTK həmin müqavilə üzrə əldə etdiyi hüquq əsasında iddiaçı ilə xx.xx.2015-ci il tarixdə 01 saylı müqavilə bağlamış və müqaviləyə əsasən, satıcı İddiaçı Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, məhəllədə yerləşən ümumi sahəsi 18.0 kv.m olan qaraj sahəsini alıcı Cavabdeh1 MTK-ya satmış, Cavabdeh1 MTK Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26-da yerləşən 37 saylı mənzildə yaşayan İddiaçı məxsus həmin binanın həyətində yerləşən (3.0 x 6.0) 18.0 kv.m sahəli dəmir qarajın alınması və onun əvəzinə Cavabdeh1 MTK tərəfindən yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə verilməsi öhdəliyini öz üzərinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh1 MTK-ya qarşı qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1 saylı müqavilədə nəzərdə tutulmuş qaydada Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən binanın həyətində iddiaçıya məxsus olan 18.0 kv.m dəmir qarajın əvəzinə Cavabdeh1 MTK tərəfindən həmin ərazidə yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə iddiaçıya verilməsi və dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onunla Cavabdeh1 MTK arasında xx.xx.2015-ci il tarixli 1 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən binanın həyətindəki Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin sədrinin xx.xx.2003-cü il tarixli sərəncamı ilə iddiaçının adına olan 18.0 kv.m dəmir qarajı Cavabdeh1 MTK iddiaçıdan alaraq, əvəzində Cavabdeh1 MTK tərəfindən həmin ərazidə tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) kompensasiya yolu ilə iddiaçıya verilməli idi. Müqaviləyə əsasən, qarajın verilməsi tikinti-quraşdırma və tamamlama işlərini layihə-smeta sənədləri və tikinti pasportuna uyğun yerinə yetirdikdən sonra həyata keçirilməli idi. 2018-ci ildən həmin binada tikinti işləri başa çatıb və yaşayış var. Lakin hələ də müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada qaraj iddiaçıya təhvil verilməyib. Göstərilənlərə əsasən, iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

5. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 əlavə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Beləliklə, Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1747/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsi (hakim Günay Abidova) ilə iddia tələbinin qismən təmin edilərək İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2nə qarşı “qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə verilməsi” tələbinə dair iddia ərizəsinin Cavabdeh1 MTK-ya münasibətdə təmin edilməsi; iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı müqavilədə nəzərdə tutulmuş qaydada Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən binanın həyətində iddiaçıya məxsus olan 18.0 kv.m dəmir qarajın əvəzinə Cavabdeh1 MTK tərəfindən həmin ərazidə yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə Cavabdeh1 MTK tərəfindən İddiaçı verilməsi; İddiaçı “qeyriyaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə verilməsi” tələbinə dair iddia ərizəsinin Cavabdeh2nə münasibətdə təmin edilməməsi; iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müxtəlif orqanlara verilmiş sorğulara alınmış cavab məktublarından belə qənaətə gəlinir ki, iddiaçıya məxsus olan qaraj tikintinin aparıldığı sahəyə düşdüyündən, tikinti aparan Cavabdeh1 MTK və ya Cavabdeh2 tərəfindən həmin qaraj sökülərək yerində hündürmərtəbəli bina inşa edilmişdir. Beləliklə, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən də iddiaçı cavabdehə dəfələrlə şifahi və xx.xx.2022-cil il tarixdə rəsmi qaydada müraciət ünvanlasa da, cavabdeh tərəfindən öhdəliyi icra edilməmişdir. İddiaçı ilə Cavabdeh1 MTK arasında müqavilə bağlandıqdan sonra, xx.xx.2016-cı il tarixdə "xxxx" Şərikli Müəssisəsi, Cavabdeh1 MTK və X2 arasında eyni predmetə dair bənzər şərtlərlə birgə fəaliyyət haqqında yeni müqavilə imzalanmışlar. Bundan sonra Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 60A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının xüsusi mülkiyyət hüququ əsasında tam payla Cavabdeh2nə məxsus olması xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 464 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmış və bu barədə hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. 8.İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı müqavilə mülki qanunvericiliyin normaları baxımından dəyişdirmə müqaviləsinə uyğun gəlir və tərəflər arasında mülki qanunvericiliyin öhdəlik hüquq institutundan irəli gələn münasibətlər vardır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı Cavabdeh1 MTK-ya öz mülkiyyətində olan qarajı verməyi, cavabdeh isə bunun müqabilində həmin ərazidə yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə iddiaçıya verməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 MTK iddiaçının 6 illik iddia müddətini ötürməsi (daşınmaz əşyalarla bağlı müqavilə tələbləri), Cavabdeh1 MTK-nın iddiaçının iddia tələbi üzrə əsl cavabdeh olmamasını, belə ki, onun tikinti lisenziyasının olmamasını, binanın mülkiyyətçisinin başqa şirkət olmasını və həmin şirkətlə əlaqəsinin olmamasını əsas gətirərək, müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, Cavabdeh1 MTK kompensasiya yolu ilə iddiaçıya verməyi öhdəsinə götürdüyü qarajın mülkiyyətçisi olmasa da, mülkiyyətçi şirkətlə birgə fəaliyyət haqqında müqavilə imzalamış və müqavilənin predmetindən irəli gələn icraat, öhdəliklər və məsuliyyət onun üzərinə qoyulmuşdur. Bundan sonra o, həmin müqavilədən əldə etdiyi hüquqlar əsasında iddiaçı ilə dəyişdirmə müqaviləsi bağlamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh1 MTK iş üzrə əsl cavabdehdir və iddiaçıya razılaşdırılmış qeyri-yaşayış sahəsini vermək öhdəliyini məhz o daşıyır.

9. İddia müddətinin ötürülməsi məsələsinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0 və 384.0.4-cü maddələrinə uyğun olaraq, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.

10. Hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla, həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir.

11. Beləliklə, iş materiallarında olan sübutlar əsasında müəyyən edilir ki, iddiaçı müqavilə əsasında üzərinə düşən vəzifəsini yerinə yetirərək, mülkiyyətində olan qarajı cavabdehə təhvil vermiş, qaraj cavabdeh tərəfindən sökülmüş, yerində hündürmərtəbəli bina inşa edilmiş, lakin cavabdeh qarşılıqlı öhdəliyi icra etməyərək müqavilə ilə razılaşdırılmış qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməməklə, Mülki Məcəllənin 425.1ci maddəsinin tələblərini pozaraq müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. İddiaçı cavabdehdən aralarında bağlanmış müqavilənin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, tərəflər arasında mövcud olan dəyişdirmə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti bağlanmış müqavilə üzrə iddiaçının ona məxsus qarajı cavabdehə verməsi ilə cavabdehin razılaşdırılmış qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 MTK apellyasiya şikayəti verərək qətnamənin qismən - iddianın təmin edildiyi hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərir ki, iddia ərizəsinə etirazda göstərildiyi kimi tərəflər arasında müqavilənin bağlanmasına və binanın uzun müddət öncə inşa edilməsinə baxmayaraq, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 məhəllədə yerləşən ümumi sahəsi 18 kv metr olan qaraj sahəsini cavabdehə verməmişdir. Tərəflər arasında müqavilə bağlansa da, iddiaçı qarajı təhvil verməmiş və bu səbəbdən də cavabdeh inşa etdiyi binada iddiaçıya qaraj verməmişdir. Hal-hazırda ərazidə 20-dən artıq qaraj mövcuddur. Bina inşa edilərkən iddiaçıya məxsus qaraja cavabdeh tərəfindən toxunulmamışdır. Müqavilənin bağlanmasına səbəb isə iddiaçının özünün sənədlərlə birlikdə şirkətə yaxınlaşması və binanın və onun həyətinin tikiləcəyi ərazidə onun qarajının olmasını bildirməsi olmuşdur. Sonradan, iddiaçı qarajını və onun yerini cavabdehin əməkdaşlarına göstərə bilməmişdir. Mülki işin materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 13 saylı cavab məktubundan görünür ki, 40 saylı MKİS-in inzibati ərazisində olan İnşaatçılar 12/26 saylı binanın həyətindəki İddiaçı məxsus olmuş dəmir qaraj "xxxx" (köhnə Ra İnşaat) MTK tərəfindən sökülmüş və yerində hündürmərtəbəli çoxmənzilli bina inşa edilmişdir. Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022ci il tarixli, 13 saylı məktubuna istinadən verilmiş Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 755/d saylı cavab məktubundan görünür ki, Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 168/06 saylı sərəncamına əsasən, İddiaçı icarəyə verilmiş (3x6) metr ölçüdə dəmir qarajın ünvan 5 ünvanda yerləşməsi barədə, yəni qarajın situasiya planı bələdiyyədə mövcud deyildir və qaraj söküldüyü üçün ərazinin koordinatlarının müəyyən edilməsi mümkün deyildir. Eyni zamanda, qaraja dair müvafiq sənədlər mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına göndərildiyindən qeyd olunan sənədlər Rayon İcra Hakimiyyətində və Yasamal Bələdiyyəsində aşkar edilməmişdir. Bakı şəhəri, ünvan 5 binanın həyətindəki İddiaçı məxsus olmuş dəmir qaraj "xxxx" (Ra-İnşaat MTK) tərəfindən sökülmüş və yerində hündürmərtəbəli çoxmənzilli bina inşa edilmişdir. Məhkəmə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuda qeyd edilmiş 3-cü sual - "Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında yeni bina inşa edildiyi təqdirdə hansı Mənzil-Tikinti Kooperativi tərəfindən və hansı sənədlərə (sərəncama) əsasən inşa edilməsi barədə məlumatların təqdim edilməsi" ilə əlaqədar isə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Vəkil sorğusu əsasında verilmiş və hazırki apellyasiya şikayətinə də əlavə edilmiş, Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 25 saylı cavab məktubundan görünür ki, həqiqətən də Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 saylı bina 40 saylı MKİS-nin inzibati ərazisində yerləşir. Binanın və o binaya aid qarajların idarəçiliyini "xxxx" Mənzil Tikinti Kooperativi həyata keçirir. Vəkil sorğusu verildikdən sonra 40 saylı MKİS-nin əməkdaşları tərəfindən müfəssəl araşdırmalar aparılmış və ərazidə yaşayan sakinlərlə söhbət edilmişdir. Müəyyən olunmuşdur ki, tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış 13 saylı, 12 aprel 2022-ci il tarixli məktubda qeyd edilənlər yanlış məlumatlardır. Həmin məktub təzə işçinin dəqiq yoxlanılmamış sözləri əsasında yazılmışdır. Apardığı araşdırmalardan sonra məlum olmuşdur ki, ərazidə bir sıra qarajlar mövcuddur və indi də bir neçəsi fəaliyyət göstərir. İnşaatçılar prospekti 12/26 saylı binada yaşamış İddiaçı təxminən 5 ildir ki, mənzilini sataraq binadan köçmüşdür. Ona məxsus dəmir qaraj ərazidəki elektrik yarımstansiyası ilə seçki dairəsinin arasında yerləşmişdir. Həmin qaraj İnşaatçılar prospekti 60a ünvanında inşa edilmiş binanın ərazisinə düşməyib və həmin qarajın "xxxx" (köhnə Ra İnşaat) MTK tərəfindən sökülməsi faktı öz təsdiqini tapmamışdır. Qarajın sonradan kim tərəfindən götürülməsi, sökülməsi və ya hər hansı sənədin olması barədə 40 saylı MKİS-də heç bir məlumat olmadı. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan səhv nəticəyə gəlmiş və İddiaçı öz qarajını Ra-İnşaat MTK-ya verməsini işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Halbuki, iş materiallarında olan səlahiyyətli dövlət orqanları tərəfindən də verilmiş sənədlər aşkar şəkildə görünür ki, iddiaçıya məxsus qaraj İnşaatçılar prospekti 60a ünvanında inşa edilmiş yüksəkmərtəbəli binanın ərazisinə düşmür. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Məhkəmə bu maddi hüquq normasını tətbiq etsə də, iddiaçının ona məxsus olan dəmir qarajı cavabdehə təhvil veribvermədiyini araşdırmamış və iddiaçının öz öhdəliklərini icra etmədiyi halda, cavabdehin müqavilə üzrə hər hansı bir öhdəliyini yaranmadığını nəzərə almamışdır. Maddənin tələbinə əsasən, dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir. Məhkəmə bu maddi hüquq normasını tətbiq etsə də, iddiaçının ona məxsus olan dəmir qarajı cavabdehə təhvil verib-vermədiyini araşdırmamış və iddiaçının öz öhdəliklərini icra etmədiyi halda, cavabdehin müqavilə üzrə hər hansı bir öhdəliyini yaranmadığını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

16. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

17. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 12. İİ hissə. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 157.1 və 157.2. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 387.2 və 387.3. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər Maddə 389.1 və 389.3. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Maddə 399.3 və 399.4. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 662. Dəyişdirmə müqaviləsinə görə, tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Maddə 664. Dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:

20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisələndirilən hissədə düzgün olmuşdur.

26. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın təmin edilən hissəsində faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün iddia təmin edilən hissədə haqlı sayılır. 27.Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

28. Tərəflər arasında hazırki mübahisənin yaranmasının səbəbi aralarında bağlanmış 30 mart 2015-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar olmuşdur. Bu müqavilə mahiyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi də qiymətləndirilə bilər.

29. Müqavilənin şərtlərinə əsasən, Bakı şəhəri ünvan 1 də yaşayan İddiaçı həmin binanın həyətində yerləşən (3,0x6,0) 18.0 kv.m sahəli dəmir qarajı Cavabdeh1 MTK tərəfindən alınır və onun əvəzinə Cavabdeh1 MTK tərəfindən yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) kompensasiya yolu ilə ona verilir. Göründüyü kimi, bu cür müqavilə Mülki Məcəllədə konkret nəzərdə tutulmasa belə ona zidd də deyil, hər hansı digər şəxsin hüquqlarını da pozmur. Müqavilə üzrə tərəflər üzərinə öhdəlik götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh öhdəliyini yerinə yetirmək istəmir, müxtəlif bəhanələrlə bundan yayınmağa çalışır.

30. Belə ki, cavabdeh tərəf bəyan edir ki, iddiaçı qaraj sahəsini cavabdehə təhvil vermədiyi üçün sonuncu da inşa etdiyi binada qarajı ona verməmiş, hal-hazırda ərazidə 20-dən artıq qaraj mövcuddur, bina inşa edilərkən iddiaçıya məxsus qaraja cavabdeh tərəfindən toxunulmamış, iddiaçı qarajını və onun yerini cavabdehin əməkdaşlarına göstərə bilməmişdir. Ritorik də olsa sual oluna bilər ki, əgər iddiaçı mübahisəli qarajı cavabdehə verməmişdirsə onda həmin qaraj niyə mövcud deyil. Əgər həmin ərazidə iyirmidən artıq qaraj mövcuddursa, onda iddiaçıya məxsus olmuş qaraj onlardan hansıdır yaxud cavabdeh tərəfindən iddiaçıya məxsus qaraja toxunulmamışdırsa və ya iddiaçı həmin qarajı cavabdehin əməkdaşlarına göstərə bilməmişdirsə onda niyə əvvəldən, yəni qarajın mövcudluğunu müəyyən etməmiş müqavilə bağlanırdı. Müqavilə bağlanmış olsada belə qarajın mövcud olmadığı müəyyən etmişdirsə onda nə üçün bugünədək müqavilədən imtina ilə bağlı iddiaçıya hansısa təklif göndərməmişdir. Göründüyü kimi, cavabdeh tərəf şikayətində həmin dəlilləri qeyd etsə də yarana biləcək bu “sualların” cavabına da şikayətində aydınlıq gətirə bilərdi, ancaq gətirməmiş, apellyasiya baxışı zamanı da nümayəndəsi və vəkili qeyd olunan halları təkzib edə bilməmişdir.

31. Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 13 saylı məktubunda 40 saylı MKİS-in inzibati ərazisində olan İnşaatçılar 12/26 saylı binanın həyətindəki İddiaçı məxsus olmuş dəmir qarajın "xxxx" (köhnə Ra İnşaat) MTK tərəfindən söküldüyü və yerində hündürmərtəbəli çoxmənzilli bina inşa edildiyi göstərilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 755/d saylı məhkəmə sorğusuna cavab məktubunda da Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 168/06 saylı sərəncamına əsasən, İddiaçı icarəyə verilmiş (3x6) metr ölçüdə dəmir qarajın ünvan 5 ünvanda yerləşməsi barədə, yəni qarajın situasiya planının bələdiyyədə mövcud olmadığı və qaraj söküldüyü üçün ərazinin koordinatlarının müəyyən edilməsinin mümkün olmadığı, eyni zamanda, qaraja dair müvafiq sənədlər mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına göndərildiyindən qeyd olunan sənədlərin Rayon İcra Hakimiyyətində və Yasamal Bələdiyyəsində aşkar edilmədiyi, Bakı şəhəri, ünvan 5 binanın həyətindəki İddiaçı məxsus olmuş dəmir qaraj "xxxx" (Ra-İnşaat MTK) tərəfindən söküldüyü və yerində hündürmərtəbəli çoxmənzilli bina inşa edildiyi birbaşa təsdiq olunmuşdur. Bu məlumatlar mötəbər sübut saylır və həqiqətən də iddiaçıya məxsus qarajın cavabdeh tərəfindən sökülərək yerində çoxmənzilli binanın inşa edildiyi açıq-aşkar təsdiq olunur.

32. Buna baxmayaraq, Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 25 saylı məktubu əvvəla qətnamə çıxan gün hazırlanmış və apellyyasiya baxışında təqdim edildiyi üçün gecikmiş sübut sayılır. Bununla yanaşı, dövlət qurumu olan 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 25 saylı məktubunda göstərilənlər xx.xx.2022-ci il tarixli, 13 saylı məktubunda göstərilənlərlə açıq-aşkar ziddiyyət təşkil edir. Əlbətdə ki, bu hal arzuolunmaz bir vəziyyət yaratdığından Mənzil Kommunal İstismar Sahəsinin sonradan mövqeyini dəyişməsinin səbəbi də hər bir halda həqiqətin müəyyən edilməsi naminə olmamışdır. Çünki, Mənzil Kommunal İstismar Sahəsinin sonradan məhz vəkil sorğusu əsasında özünün qeyd etdiyi kimi “müfəssəl araşdırmalar aparması” inandırıcı və ağlabatan olmamaqla, həm də xoş niyyətlə olmadığı da açıq-aşkar bəllidir. Bundan əlavə, sonuncu məktubda göstərilənlərin ən ziddiyyətli hissəsi ondan ibarətdir ki, MKİS həm mübahisəli qarajın "xxxx" (köhnə Ra İnşaat) MTK tərəfindən sökülməsi faktının öz təsdiqini tapmadığını, həm də qarajın sonradan kim tərəfindən götürülməsi, sökülməsi və ya hər hansı sənədin olması barədə 40 saylı MKİS-də heç bir məlumat olmadığını göstərir. Deməli, Mənzil Kommunal İstismar Sahəsi MTK tərəfindən qarajın sökülməsi faktının öz təsdiqini tapmadığını göstərirsə, onda hüquqi məntiqə görə hansısa şəxs tərəfindən sökülməsini görməli və bilməli idi. Əlbətdə ki, Mənzil Kommunal İstismar Sahəsinin bu mövqeyi dövlət qurumuna xas olmayan və yaraşmayan bir haldır.

33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

34. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1747/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh1 MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1747/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar