Məhkəmə qərarları › İş №2(103)-6381/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6381/2021

15.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6381/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X2 (sonradan Cavabdeh İB) qarşı pul tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-480/2021 saylı 23.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X2 (sonradan Cavabdeh İB) qarşı pul tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, 03.04.1981-ci il tarixdən 13.01.1999-cu il tarixədək ödənilməmiş əmək haqqının 35 faizi olaraq hər ay aylıq manat məbləğində ömürlük ödənişin ödənilməsi nəzərdə alınaraq, 26.08.1980-ci il tarixdən 13.01.1999-cu il tarixədək ödənilməmiş 129708,25 (köhnə pul vahidi) manat məbləğində pulun hazırki pul vahidi üzrə hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh İВ arasında 1969- 2010-cu illər arasında əmək münasibətləri olmuş və o həmin illərdə həmin birliyin “Bakı Neft Emalı Zavodunda” müxtəlif vəzifələrdə, sonuncu isə qurğu rəisi vəzifəsində çalışmışdır. Zavodda çalışdığı zaman 26.08.1980-ci il tarixdə bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Bu barədə 27.08.1980-ci il tarixdə 2 saylı “İstehsalatda bədbəxt hadisə haqqında” akt verilmişdir. Bundan əlavə Cavabdehnə qarşı verdiyi digər bir iddia tələbi üzrə işə məhkəmələr tərəfindən baxılmış və işin bütün faktiki halları həmin məhkəmələr tərəfindən müəyyən edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.06.2020-ci il tarixli qərarında öz əksini tapmışdır. Bu səbəbdən bu hallar məhkəmə tərəfindən artıq müəyyən edilmiş hallar kimi qəbul edilməlidir. İstehsalatda baş vermiş bədbəxt hadisə və bunun nəticəsində aldığı xəsarət 26.08.1980-ci il tarixə aid olsa da, ona yalnız Cavabdeh İВ tərəfindən verilmiş 15.02.1999-cu il tarixli 40 saylı əmrlə 13.01.1999-cu il tarixdən aylıq 74119,92 manat məbləğində ömürlük ödənişin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin 03.04.1981-ci il tarixdən 13.01.1999-cu il tarixədək olan müddətdə dəymiş zərərin əvəzi ona ödənilməmişdir. 15.02.1999-cu il tarixli 40 saylı əmrdə 1981-ci ilin 03 aprel tarixli 179 saylı müayinə aktının çıxarışında da, əmək fəaliyyətini yerinə yetirən zaman aldığı yanıq xəsarəti nəticəsində əmək qabiliyyətinin 35 faizini itirməsi qeyd edilmişdir. Faktiki olaraq zərərin yaranma vaxtı 26.08.1980-ci il tarixə təsadüf etdiyi üçün həmin zərərin ödənilməsinə dair hüquqları da 13.01.1999-cu il tarixdən deyil, komissiyanın aktına əsasən məhz 03.04.1981-ci il tarixdə yaranmışdır. 13.01.1999-cu ildən bu günədək o, zərərin əvəzi olaraq kompensasiyanı alır. Hadisə 26.08.1980-ci ildə baş verib, Azərbaycan Respublikası Travmotoloji həkim əmək komissiyasının müayinə aktı 03.04.1981-ci il tarixdə çıxarılmışdır. 15.02.1999-cu il tarixli əmr məhz 03.04.1981-ci il tarixli həkim komissiyasının aktına əsasən çıxarılmışdır. Hadisənin baş vermə tarixi məlum, hadisə üzrə ödənilməli olan kompensasiyanın verilmə tarixi məlum, 15.02.1999-cu il tarixli 40 saylı akta əsasən 1981-ci ilin 03 aprel tarixinə təsadüf edir. Zərərin ödənilməsi hissəsi məhz 03.04.1981-ci il tarixdə hadisədən sonra tam işə çıxdığı vaxt 1981-ci ilin 03 aprel tarixindən hesablanmalı idi. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Xətai rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması kollegiyadan xahiş edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməməsini və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehl Cavabdeh İB-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib,şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını, onun vəkilini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Xətai rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarına görə iddiaçı 02.12.1969-cu il tarixdən 24.12.2010-cu il tarixədək cavabdeh zavodda (Ə.Qarayev adına Bakı Neftayırma Zavodu və Cavabdeh İB) müxtəlif vəzifələrdə işləmiş və 24.12.2010-cu il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəisinin b) bəndinə əsasən (səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə) əmək müqaviləsi ləğv edilmişdir. 26.08.1980-ci il tarixdə iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət (termiki yanıq) almış, aldığı xəsarətlər nəticəsində əmək qabiliyyətini 35%, 13.01.1999-cu il tarixdən isə 20% ömürlük itirmişdir. Cavabdeh İB-nin 15.02.1999-cu il tarixli, 40 saylı Əmri ilə iddiaçıya 13.01.1999-cu il tarixdən başlayaraq ömürlük olaraq hər ay 74119,92 manat zərərə görə aylıq ödəniş verilir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarını nəzərə alaraq işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının səhhətinə zərər dəyməsi ilə nəticələnmiş hadisə 1980-ci il tarixə təsadüf etdiyindən və iddiaçının tələb hüququ həmin vaxtdan yaranmış olduğundan mübahisəyə 01 sentyabr 2000-cı il tarixdədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı əmək funksiyalarını yerinə yetirərkən 26.08.1980-ci il tarixdə iş yerində sağlamlığına zərər dəyməsi ilə nəticələnmiş xəsarətlər almışdır. İşin qeyd edilən bu halı iş materialında olan istehsalatda bəbəxt hadisə barədə 27.08.1980-ci il tarixdə tərtib edilmiş 2 nömrəli aktla öz təsdiqini tapır. Eyni zamanda, iş materiallarında olan Cavabdeh İB-nin 15.02.1999-cu il tarixli, 40 saylı Əmrindən görünür ki, iddiaçıya 26.08.1980- ci il tarixdə iş yerində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərə görə 13.01.1999-cu il tarixdən başlayaraq ömürlük olaraq hər ay 74119,92 manat zərərə görə aylıq ödəniş verilməsi nəzərdə tutulmuşdur. İddiaçı da 26.08.1980-ci il tarixdə iş yerində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərə görə məhz həmin tarixdən 13.01.1999-cu il tarixədək olan dövr ərzində ödənilməyən ödəncin (kompensasiyanın) ödənilməsini tələb edir. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşklatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Göründüyü kimi, şəxs istənilən müddət deyil, yalnız qanunla verilmiş müddət çərçivəsində pozulmuş hüququnun müdafiəsi məqsədilə məhkəmədə iddia qaldıra bilər. Qanunla iddia müddətinin müəyyən edilməsinin məqsədi bir tərəfdən hüquq münasibətləri iştirakçılarını öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, digər tərəfdən məhkəmələrdə iddialara baxılarkən qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir. İrəli sürülən hər bir iddianının təmin edilməsi onun hansı dərəcədə əsaslı olmasından, iddianın əsaslılığı isə sübutların mötəbərliyindən asılıdır. Lakin üzərindən çox vaxt ötmüş sübutların mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olduğu üçün bu işin obyektiv araşdırılmasına da birbaşa təsir edir. Ona görə də, qanun hər kəsə pozulmuş hüququnun bərpası üçün konkret müddət çərçivəsində iddia qaldırmağı tövsiyə edir. İşin faktiki hallarından da görünür ki, iddiaçı 26.08.1980-ci il tarixdə sağlamlığının pzoulmasına dörə pul kompensasiyasını 13.01.1999-cu il tarixdən almağa başlasa da, 26.08.1980-ci il tarixdən 13.01.1999-cu il tarixədək olan müddətdə ödənilməyən ödənclə bağlı iddia tələbini 21 il keçdikdən sonra məhkəməyə təqdim etmişdir. Halbuki, iddiaçı 13.01.1999-cu il tarixdə ona ödənilməli ödəncin 26.08.1980-ci il tarixdə baş vermiş istehsalatda bədbəxt hadisəyə görə verilməsini bilmişdir. Mülki Məcəllənin 78-ci maddəsində müəyyən edilmişdir ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar