Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6385/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X5rşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək müqaviləsinin müddətli bağlanması, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası X5rşı “əmək müqaviləsinin bərpa edilməsi və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi arasında 09 mart 2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı X4 Reklam İdarəsinin Estetik Nəzarət şöbəsinə böyük müfəttiş vəzifəsinə işə qəbul olunmuş, müqavilənin müddəti qarşılıqlı razılıq əsasında 1 il müəyyənləşdirilmişdir.
2. İddiaçı ilə Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi arasında 09 mart 2018-ci il tarixdə bağlanmış müqaviləyə xx.xx.2019-cu il tarixdə dəyişiklik olunmuş, İddiaçı vəzifəsi “Estetik nəzarət şöbəsinin müfəttişi” vəzifəsi olaraq dəyişdirilmişdir.
3. İddiaçı ilə Azərbaycan Respublikası Dövlət X10 Hüquqi Şəxsi arasında 12 mart 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı X7 İdarəsinin Estetik Nəzarət şöbəsinə aparıcı müfəttiş vəzifəsinə işə qəbul olunmuş, müqavilənin müddəti qarşılıqlı razılıq əsasında 6 ay (12 sentyabr 2020-ci il tarixinədək) müəyyənləşdirilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin 14 sentyabr 2020-ci il tarixli K-96 saylı əmri əsasında İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən xitam verilmişdir.
5. İddiaçı Azərbaycan Respublikası X5rşı “əmək müqaviləsinin müddətinin uzadılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.
6. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, qətnamə ləğv olunaraq yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin olunaraq İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, onun X7 İdarəsinin Estetik Nəzarət şöbəsinə aparıcı müfəttiş vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
7. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinin tələbləri pozularaq İddiaçı üzrlü səbəblərdən, yəni əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xəstə olduğuna görə iş yerində olmadığı müddətdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, buna görə də müddətli əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunsuz hesab olunaraq ləğv edilməlidir.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin 06 iyul 2022-ci il tarixli K-120 saylı əmri ilə icra olunmuş, İddiaçı onunla bağlanmış 12 mart 2020-ci il tarixli 350 nömrəli müddətli əmək müqaviləsinin şərtlərinə əsasən vəzifə maaşı ştat cədvəlinə müvafiq olaraq 06 iyul 2022-ci il tarixdən X4 Reklam İdarəsinin Estetik nəzarət şöbəsinə aparıcı müfəttiş vəzifəsinə işə bərpa edilmişdir.
10. İddiaçı Bakı şəhəri Səbail rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədə göstərmişdir ki, 06 iyul 2022-ci il tarixindən vəzifəsinə bərpa olunmuşdur və hazırda işləyir, məcburi işburaxma müddəti ödənilməli olan əmək haqqının hissə-hissə ödənilməsinə etiraz etmir.
11. 15 iyul 2022-ci il tarixli təhvil-təslim aktına əsasən, 1 ədəd əmək haqqı kartı İddiaçı təhvil verilmişdir.
12. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin 12 sentyabr 2022-ci il tarixli K-157 saylı əmri əsasında İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
13. Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin rəisi, İdarənin Estetik nəzarət şöbəsinin rəisi, İdarənin Rəhbərlik yanında aparatın Baş mühasibi, hüquq və kadr işləri üzrə mütəxəssis tərəfindən tərtib olunmuş 12 sentyabr 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surəti və əmək kitabçası İdarə rəisinin xidməti otağında ona təqdim edilmiş, İddiaçı əmrlə tanış olmamış, əmrin məzmunu İdarə rəisi tərəfindən İddiaçı nəzərinə çatdırılmış, lakin o, əmrin surətini və əmək kitabçasını qəbul etməkdən imtina edərək ünvanına göndərilməsini xahiş etmişdir.
14. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun məzmunundan aydın olur ki, onun, istifadə etmədiyi məzuniyyət illərinə görə pul əvəzi hesablanan zaman əmək stajına görə əlavə məzuniyyətlərin nəzərə alınmaması və məzuniyyət vaxtı üçün orta əmək haqqının düzgün hesablanmaması barədə müraciəti araşdırılmış, həmin məsələlərlə bağlı pozuntuya yol verildiyi müəyyən olunmamışdır. Məktubda həmçinin göstərilmişdir ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında işə bərpa olunduqdan sonra məcburi işburaxma müddəti üçün əmək haqqı ona verilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək funksiyalarını icra etmiş və həmin dövrlərə görə əmək haqqı ödənilmişdir.
15. Həmin məktubda İddiaçı diqqətinə çatdırılmışdır ki, əmək müqaviləsinə xitam verilərkən əmək kitabçasını və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini qəbul etməkdən imtina etməsi halı işəgötürən və aidiyyati xidmət müəssisəsi tərəfindən rəsmiləşdirilmişdir.
16. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarda göstərilmişdir ki, Lənkəran rayonunun Kərgalan kəndində qeydiyyatda olan İddiaçı aid olan məktub kuryer tərəfindən götürülüb 295300 və 245541 nömrəli qaimələr əsasında həmin ünvana aparılmış, birinci dəfə ünvanda qapı bağlı olduğu və şəxs telefona cavab vermədiyi, ikinci dəfə şəxs məktubu qəbul etməkdən yayındığı üçün məktubu çatdırmaq mümkün olmamışdır.
17. İddiaçı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin sədrinə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə teleqramlar ünvanlamış, 2022-ci ilin oktyabr və noyabr ayındakı qəbul günlərində onu qəbul etməsini xahiş etmişdir.
18. İddiaçı Azərbaycan Respublikası X5rşı “əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi, mübahisənin mediasiya qaydasında nizama salınması qaydasına əməl edilmədiyi əsas göstərilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.
19. İddiaçı Azərbaycan Respublikası X5rşı “əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, cavabdehin üzərinə təhqirə görə cavab vermə vəzifəsinin qoyulması” barədə iddia ərizəsi, mübahisənin mediasiya qaydasında nizama salınması qaydasına əməl edilmədiyi, həmçinin iddia tələbinin konkret olmadığı əsas göstərilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.
20. "xxxx" MMC-nin X11 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ona göndərdiyi SS811826156 AZ və SS811822891 AZ nömrəli məktublar xx.xx.2022-ci il tarixində ona çatdırılmışdır.
21. İddiaçı xx.xx.2022-ci il tarixdə mediasiyanın tətbiq olunması barədə Bakı 16 saylı Mediasiya təşkilatına müraciət etmiş, lakin mediasiya baş tutmamışdır.
22. İddiaçı xx.xx.2023-cü il tarixdə növbəti dəfə mediasiyanın tətbiq olunması barədə Bakı 16 saylı Mediasiya təşkilatına müraciət etmiş, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş, bununla bağlı xx.xx.2023-cü il tarixdə müvafiq arayış verilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
23. İddiaçı (iddiaçı) Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin onunla bağlamış olduğu 12 mart 2020-ci il tarixli 350 №-li əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunması və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh Əmək Məcəlləsinin 73-cü və 83.2-ci maddələrinin tələblərini pozaraq onunla bağlanmış 12 mart 2020-ci il tarixli 350 №-li əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir.
25. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz ərizəsi təqdim etmiş, etirazında göstərmişdir ki, iddiaçı 12 mart 2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən X7 İdarəsinin Estetik nəzarət şöbəsinə aparıcı müfəttiş vəzifəsinə işə qəbul edilmiş, müqavilə 12 sentyabr 2020-ci il tarixədək olmaqla 6 ay müddətinə bağlanılmışdır. Cavabdehin 14 sentyabr 2020-ci il tarixli əmri ilə iddiaçı işdən azad edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının əvvəlki işinə bərpa edilməsi qət olunmuşdur. Bundan sonra cavabdehin 06 iyul 2022-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə olan 14 sentyabr 2020-ci il tarixli əmri qüvvədən düşmüş hesab olunmuş və iddiaçı 06 iyul 2022-ci il tarixdən əvəlki vəzifəsinə bərpa edilmişdir. Daha sonra cavabdehin 12 sentyabr 2022-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
26. Cavabdehin nümayəndəsi iddia tələbinə iddia müddətinin tətbiq olunması barədə ərizə də vermişdir.
27. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, onunla cavabdeh arasında bağlanmış 12 mart 2020-ci il tarixli 350 nömrəli əmək müqaviləsinin bərpa olunması və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Birinci instansiya məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
29. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı sonuncu dəfə 06 iyul 2022-ci il tarixdə onunla bağlanmış 12 mart 2020-ci il tarixli əmək müqaviləsinin şərtlərinə əsasən əvvəlki işinə bərpa edilmiş, həmin əmək müqaviləsi müddətli olmaqla 6 ay müddətinə bağlanmışdır. İşçi işə bərpa edilərkən həmin əmək müqaviləsinin şərtlərinə əsasən işə bərpa edildiyindən məcburi işburaxma müddəti üçün əmək haqqını almış və o, əvvəlki vəzifəsinə məhz sözügedən əmək müqaviləsinin şərtlərinə uyğun olaraq 6 ay müddətinə bərpa edilmişdir. Əmək müqaviləsi 12 mart tarixində bağlandığından və müddətli olduğundan, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 6 ay müddət bitdikdən sonra 12 sentyabr 2022-ci il tarixdə xitam verilməsində qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır.
30. İddiaçının iddia müddətini ötürməsinə münasibətdə məhkəmə vurğulamışdır ki, o, xx.xx.2022-ci il tarixdə hüquqlarının pozulmasını aşkar etməsinə baxmayaraq, hüquqlarının müdafiəsi haqqında mediasiya şurasına xx.xx.2023-cü il tarixdə, iddia ərizəsi ilə isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür.
31. Gəldiyi nəticənin hüquqi əsaslandırması üçün məhkəmə, Əmək Məcəlləsinin 42.2-ci, 45.1-ci, 68.2-ci, 296-cı, Mülki Məcəllənin 375.2-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci maddələrinə istinad etmişdir.
32. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamış, işə baxılması ilə bağlı ona bildiriş göndərməmiş, guya əmrin və əmək kitabçasının ona təqdim olunduğuna dair saxta akta istinad etmiş, bununla da guya iddia müddətini ötürmüş olduğu qənaətinə gəlmiş, ona qarşı qərəzli davranaraq ədalətsiz və qanunsuz qərar çıxarmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
33. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar
34. Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
35. Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
36. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
37. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
38. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
39. Maddə 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ...b) əmək müqaviləsinin müddətinin qurtarması.
40. Maddə 73. 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
41. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
42. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
46. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
52. Kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
53. İşin yuxarıda göstərilən hallarından aydın olur ki, iddiaçının əmək müqaviləsinin müddəti 12 sentyabr 2022-ci il tarixində bitmiş, Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi imkanından istifadə edilərək cavabdeh tərəfindən onun əmək müqaviləsinə xx.xx.2022-ci tarixli əmrlə xitam verilmişdir.
54. Kollegiya, iddiaçının iddia müddətini ötürmüş olması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə də razılaşır; belə ki, işin sadalanan hallarından (§ 13-19) onun ən azından 2022-ci ilin oktyabr ayında işdən çıxarılmış olmasından məlumatlı olduğu, lakin iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyi aydın olur – bu isə o deməkdir ki, iddiaçı mübahisələndirdiyi əmrin ləğvi tələbi ilə həmin əmrin verilməsindən 1 aydan artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini buraxmışdır.
55. İddiaçı əmrin və əmək kitabçasının ona verilmədiyini, həmin sənədləri almaqdan imtina etdiyinə dair aktın, habelə poçtla göndərilidyinə dair aktların saxta olduğunu və sonradan tərtib edildiyini irəli sürsə də, X2 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda sözügedən akta istinad olunması onun həmin arqumentini inandırıcı hesab etməyə imkan vermir.
56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-698/2023 saylı iş üzrə 26 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə